Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2933/2025 09.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı nümayəndəsi (arvadı) Nümayəndə, Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X1, X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürmə və istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “evə köçürmə və istifadə qaydalarının müəyyən edilməsi” tələbi ilə məhkəməyə müraciət edərək, İddiaçı, X1, X2, X9, X10 və Cavabdeh ilə birgə mülkiyyətində olan Lənkəran rayonu, Aşağı-Nüvədi qəsəbəsində 0,07 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 57.40 kv.m olan 1 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinə köçürülməsi, həmin evdən və digər yardımçı sahələrdən istifadə qaydalarının məhkəmə qaydasında müəyyən edilməsi və cavabdeh tərəfindən ona qarşı törədilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1955-ci il tarixdə Lənkəran rayonu, Aşağı-Nüvədi qəsəbəsində anadan olmuşdur. Hazırda mübahisə predmeti olan və Lənkəran rayonu, Aşağı-Nüvədi qəsəbəsində yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0.07 ha torpaq sahəsi mərhum atası X3 məxsus olmuşdur. Onlar hamı yəni bütün övladlar həmin fərdi yaşayış evində dünyaya göz açmışılar və orada boya-başa çatmışlar. Atası vəfat etdikdən sonra həmin fərdi yaşayış evi vərəsəlik qaydasında onların adına qeydə alınmışdır. Belə ki, Lənkəran rayonu, Aşağı-Nüvədi qəsəbəsində 0.07 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi 1/5 hissədə onun , yəni İddiaçı, 1/3 hissədə X1, 1/3 hissədə X2, 1/5 hissədə X9, 1/30 hissədə Cavabdeh, 1/30 hissədə X10 və 1/30 hissə isə açıq saxlanılmışdır. Beləliklə də hazırda həmin fərdi yaşayış evi onun və yuxarıda adlarını qeyd etdiyi şəxslərin birgə mülkiyyətindədir. Həmin fərdi yaşayış evi onların birgə mülkiyyətində olsa da, cavabdeh olan Cavabdeh onun birgə mülkiyyətində olan fərdi yaşayış evinə buraxmaq istəmir və eyni zamanda öz mülkiyyət hüququndan istifadə etməyə imkan vermir. Baxmayaraq ki, cavabdeh olan Cavabdeh özu həmin evdə yaşamır. İddiaçı ona görə də məhkəmə tərəfindən birgə mülkiyyətində olan Lənkəran rayonu, Aşağı-Nüvədi qəsəbəsində 0.07 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülməyi, həmin evdən istifadə qaydalarının məhkəmə qaydasında müəyyən edilməsi və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbi ilə məhkəməyə müraciət edir. İş üzrə Cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, mübahisəli ev 2 otaqdan ibarətdir. 2 eyvandan ibarətdir. Məhz iddiaçının və göstərilmiş vərəsələrin səhlənkarlığı ucbatından 40-45 il mənzil bölgüsü aparılmamışdır. Hal-hazırda həmin ev qaynatası və qaynanasına və mərhum ərinin zəhməti hesabına əsaslı şəkildə təmir edilmişdir. Həmin evin təmirinə və kosmetik bərpasına iddiaçı nədə ki, başqaları heç bir vəsait xərcləməmişlər və heç bir maddi yardım etməmişlər. Onu da qeyd edir ki, həmin evə iddiaçılar müvəqqəti yaşamaq üçün buraxılmışlar. Onlar qaz, işıq, sanitar qovşaqdan və onun evdə olan məişət əşyalarından istifadə etmişlər. Daha sonra isə qaz və işığın borcu yığıldıqdan sonra ona xəbər vermədən qaçıb Bakı şəhərinə daimi qeydiyyatda olduqları ünvana qaçmışlar. O da iddiaçıdan tələb edir ki, onun payı ayrılarkən öz hissəsinə ayrıca pilləkan qoysun və ayrıca qapı qoysun. İddiaçının həmin evdə olan payı məlum deyil. Yəni ki, naturada onun payı bölünməyib, qeyd edilən iddia təmin edilə bilməz. Belə ki, misal üçün iddiaçı evə köçürüldü, iddiaçı evin hansı tərəfindən istifadə edərsə o, ona deyəcək ki, sənin istifadə etdiyin hissə əslində onun payına düşür çıx burdan, sonra iddiaçı yerinə öz əşyasını qoyarsa o, ona deyəcək ki, həmin hissə ona aiddir. İddiaçı da ona qarşı eyni davrana bilər. Bu isə real olaraq sonunda hətta cinayət hadisəsinə gətirib çıxara bilər. Nə qədər ki, paylar naturada bölünməyibsə hansı hissəsinin iddiaçıya məxsus olduğu bilinmir bu zaman iddiaçının iddiası da təmin edilə bilməz. İddiaçı iddia ərizəsində göstərmişdir ki, həmin ev dörd otaqdan ibarətdir. Halbuki, həmin ev iki otaqdan ibarətdir. Belə ki, evin texniki pasportundan da görünür ki, həmin ev iki otaqdan ibarətdir. Beləliklə də iddiaçı yalan məlumat verməklə məhkəməni yanıltmaq istəyir. Bundan əlavə vərəsəlik şəhadətnaməsindən və çıxarışdan da görünür ki, iddiaçının yalnız evə vərəsəlik qaydasında mülkiyyət hüququ vardır. Evin yerləşdiyi torpaq sahəsinə isə heç bir mülkiyyəti yoxdur. Torpağına mülkiyyəti olanlardan biri də odur. İddiaçı həmin evə gəlmək istəyərkən məcburi qaydada torpaq sahəsindən istifadə etməlidir. Yenə də torpaq sahəsindən keçərkən o, onu torpaq sahəsindən buraxmayacaq. Belə ki, torpaq sahəsi də naturada bölünməmişdir. Torpağın isə naturada bölünməsini iddiaçı iddia edə bilməz. Çünki, iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququ yoxdur. Beləliklə də o, iddiaçıya qanuni şəkildə öz mülkiyət hüquqlarından istifadə edərək hər cürə maneçilik törədə bilər. Nə qədər ki, torpağa mülkiyət hüquqları olan şəxslər torpağın naturada bölünməsini tələb etməmişlər naturada hansı hissəyə düşməsi məlum deyildir. Bundan sonra isə həmin digər iki şəxs özlərinə düşən torpaq hissəsindən iddiaçıya gedib-gəlməyə şərait yaradıbyaratmamayacaqları isə sonrakı məsələdir. Beləliklə də hesab edir ki, nə qədər ki, evin naturada bölgüsü həyata keçirilməmişdir qeyd edilən iddia təmin edilə bilməz. Həmçinin iddiaçının evdən özünə düşən hissəsinə gedib-gələ bilməsi üçün kimin torpaq sahəsindən keçməsini müəyyən etmək üçün torpağın naturada bölgüsü həyata keçirilməsə iddiaçının iddiası təmin edilməməlidir. Məhkəmə tərəfindən X7, X8, X14 və X17 işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qarşı etirazın məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 izahatında bildirdi ki, o, özü də mübahisəli evin birgə mülkiyyətçisi olsa da həmin həyətə gedəndə qapı bağlı olur. O, həmin həyətdən və evdən istifadə etmir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 izahatında bildirdi ki, o, özü də mübahisəli evin birgə mülkiyyətçisidir. Lakin həmin həyətə getmir. Müstəqil tələb irlə sürməyən üçüncü şəxs X14 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən tərtib edilmiş ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışdan görünür ki, Lənkəran rayonu, Aşağı Nüvədi kəndində (Yeni qaydalarla Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsi Romir Əliyev küçəsi giriş 23) yerləşən, ümumi sahəsi 0,07 ha olan və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 57,4 kv.m. olan fərdi yaşayış evi Cavabdeh, X1, X2, İddiaçı, X9 və X10 paylı mülkiyyətindədir. Məhkəmə baxışı zamanı işin faktiki hallarından müəyyən edildi ki, iddiaçı Həsənov X11 rayonu, Aşağı Nüvədi kəndində (Yeni qaydalarla Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsi Romir Əliyev küçəsi giriş 23) yerləşən, ümumi sahəsi 0,07 ha olan və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 57,4 kv.m. olan fərdi yaşayış evinin paylı mülkiyyətçisidir. İddiaçı hal hazırda həmin fərdi yaşayış evinə köçüb yaşamaq istədiyini iddia edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi də müəyyən edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin 4-cü hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqları Əsas Azadlıqların müdafiəsi haqqında X6 1 saylı Protokolun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla Beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsinin “Skollo İtaliyaya qarşı” işində şərh verilərək göstərilmişdir ki, mülkiyyət hüququna istənilən müdaxilə zamanı ədalətli tarazlıq və ağlabatan mütənasiblik təmin edilməli, bu zaman istifadə edilən vasitələr mülkiyyətdən məhrum etmə tədbirinin məqsədinə mütənasib olmalıdır. «Mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edilir ki, razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir.» Avropa Konvensiyasına dair (20 mart 1952-ci il tarixli) 1 saylı Protokolun 1-ci maddəsində hər bir fiziki və hüquqi şəxsin mülkiyyət hüququna təminat verilir. Avropa Məhkəməsinin «Marks Belçikaya qarşı» işində şərh verilərək göstərilmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir». Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir. Qanunun mənasına görə mülkiyyətçi mülkiyyətində olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir və bu hüququn dövlət tərəfindən tanınmaqla yanaşı qorunmasına da təminat verilir. Qanunvericiliyin yuxarıda qeyd edilən müddəaları baxımından məhkəmə belə qənaətə gəlir ki, mübahisəli evin paylı mülkiyyətçisi İddiaçı həmin daşınmaz əmlakdan istifadə hüququ yaranmışdır. Məhkəmə belə qənaətə gəlir ki, İddiaçı hazırki mülki iş üzrə iddia predmeti olan mübahisəli evə köçürülməlidir. İddiaçı iddia tələbində mübahisəli evin və həyətyanı sahənin hansı hissəsindən, hansı qaydada istifadə qaydasının müəyyən edilməsi ilə əlaqədar xüsusatları qeyd etmədiyindən istifadə qaydasının müəyyən edilməsi və maneələrin aradan qaldırılması hissəsində iddia tələbini məhkəmə əsaslı hesab etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi qismən təmin edilsin. İddiaçı Həsənov X11 rayonu, Aşağı Nüvədi kəndində (Yeni qaydalarla Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsi Romir Əliyev küçəsi giriş 23) yerləşən, 0,07 ha olan torpaq sahəsində yerləşən ümumi sahəsi 57,4 kv.m. olan fərdi yaşayış evinə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-2933/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2933/2025
09.10.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver