Məhkəmə qərarları › İş №2(105)-1124/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1124/2025

17.09.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1124/2025 17.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı evə köçürmə və evdən sərbəst istifadə edilməsinə maneələr törədilməsinin qadağan edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzilə köçürülmə) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X20 (sədrlik edən və məruzəçi), X21 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X7 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-832/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı şəhəri Sabunçu rayon Ramana qəsəbə icra nümayəndəliyi tərəfindən verilmiş AZ-T № 179234 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Cəbraıl (Cəbrayıl) oğlu xx xxxxxx 1958-ci ildə Bakı şəhərində doğulmuşdur. X1, anası isə X2r.

2. Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZİİ № 220522 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.2021-ci ildə vəfat etmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi və həmin fərdi yaşayış evindən onun sərbəst istifadə etməsinə maneələr törədilməsinin Cavabdeh qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı X1 21 noyabr 2021-ci il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra İddiaçı qeyd olunan ünvana daxil olmasına bacısı Cavabdeh icazə verməyərək iddiaçının konstitusion hüquqlarını pozmuşdur. Buna görə də İddiaçı X1ndan miras qalmış ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini miras kimi qəbul etmək üçün ərizə ilə Sumqayıt Regional “ASAN xidmət” mərkəzi xüsusi notariat ofisinə müraciət etmiş, hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyinə görə müraciəti təmin edilməmişdir. Bundan sonra iddiaçı X19 və Ekspertiza Mərkəzinə 06 iyul 2022-ci il tarixdə müraciət etmişdir. Qeyd olunan müraciət ilə bağlı mütəxəssis rəy vermiş, rəydə “Xırdalan şəhəri, Xəlil Rza küçəsi, 98A” ünvanında qeydiyyatda olan İddiaçı mərhum X1ndan miras qalmış fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin 0,03 ha təşkil etdiyi, döngə nöqtələrinin koordinatlarının rəyə əlavə edilmiş sxemdə qeyd edildiyi bildirilmişdir. Göründüyü kimi İddiaçı atasından miras qalmış əmlakdan sərbəst istifadə etmək, həmin əmlaka faktiki sahiblik etmək hüququ olduğu halda cavabdeh olan bacısı Cavabdeh tərəfindən iddiaçıya müxtəlif maneələr yaradılır. Cavabdeh evin açarı dəyişdirilməklə iddiaçının mülkiyyət hüququnu pozulmuşdur. Hesab edir ki, iddiaçının mülkiyyət hüququndan istifadə etməsinə maneə törətməməlidir. Mübahisə predmeti olan ev özbaşına tikilidir və evin çox hissəsi iddiaçının maddi vəsaiti hesabına tikilmişdir. Hesab edir ki, özbaşına tikililər üçün birbaşa vərəsəlik münasibətləri üzrə analogiya tətbiq edilməlidir, evin özbaşına tikili olması həmin şəxslərin hüquqlarını məhdudlaşdırmamalıdır və bu barədə qətnamələr də qəbul edilmişdir. Qeyd edir ki, sözügedən fərdi yaşayış evi təqribən 20 il bundan əvvəl tikilmişdir və iddiaçının həmin evə dair hüquqlarının olması ilə bağlı şahidlərin ifadəsindən başqa sübut təqdim edə bilmirlər. Hesab edirlər ki, mübahisəli evin İddiaçı ilə onun atası tərəfindən tikilməsi tam olaraq sübut edilmişdir. Belə ki, məhkəməyə şahid qismində cəlb edilmiş X13 da ifadəsində bildirmişdir ki, evi vaxtilə iddiaçının atası Cəbrayıl Zəkiyev tikmiş, İddiaçı sözügedən evin pulunu vermişdir. Qeyd edirlər ki, şahidlər cavabdeh tərəfindən öyrədilmişdir, bu səbəbdən də şahidlərin ifadəsi mötəbər deyildir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. İddiaçı vəkili-nümayəndəsi Vəkil izahatında qeyd edilənləri təsdiq edərək izahatında bildirdi ki, evin böyük övladı olduğu üçün atası vaxtilə ev ilə bağlı məsələ barədə onunla danışmışdır. Bu ev təqribən 2000-ci ildə tikilmişdir. O, əvvəl qanunsuz inşa edildiyinə görə evin tikilməsinə razı olmamış, lakin evin bir hissəsi artıq tikildiyi üçün evin xərcini ödəməkdə köməklik etmişdir. Belə ki, o, həmin vaxt ailədə yeganə işləyən adam olmuşdur. Bildirir ki, o, ümumiyyətlə, sözügedən evdə yaşamamışdır və onun valideynləri sağlığında həmin evdə yaşamışdır. İlk olaraq onun anası, daha sonra atası 2021-ci ildə vəfat etmişdir. Atası sağ ikən evdə kirayəçilər yaşamışdır və hazırda da həmin evdə kirayəçilər qalırlar. Əvvəllər onların bina evi də olmuş, atası ona həmin evi satıb qızlarına verəcəyini bildirmiş və həqiqətən də bunu etmişdir. Əvvəllər atasına məxsus evlərdən birində isə onun qardaşı yaşamışdır. Mübahisəli evin yerləşdiyi torpaq sahəsi üçün 20 il əvvəl qonşulara pul verilmiş, daha sonra həmin torpaq sahəsində ev tikilmişdir. Binadakı ev bacısına verildiyi üçün o, evdən çıxmışdır, belə ki, sözügedən binada əvvəllər o, qardaşı və atası yaşayırdı. Həyət evi isə həmin vaxt tam tikilməmişdi. Qeyd edir ki, atasının evinin qonşuluğunda onun da evi vardır. Belə ki, onun özünə məxsus 7 sot torpaq sahəsi olmuşdur və o, həmin həyət yerində bir otaq tikib orada yaşamış, daha sonra torpaq sahəsində ev tikdirmişdir. Həmçinin onun və bacısı olan cavabdehin də Bayılda evi vardır. Atası isə öz evini 2005-ci ilə kimi tikdirmiş və birinci mərtəbəni kirayə olaraq vermişdir. Əlavə olaraq bildirir ki, bacısı sözügedən fərdi yaşayış evinə dair kommunal xidmətləri öz adına keçirmişdir. O, fərdi yaşayış evini həmin evin yerləşdiyi ərazidən yüksək gərginlikli xətlər keçməsi səbəbindən sənədləşdirə bilməmişdir. Onlar ailədə 1 övladlığa götürülən olmaqla 2 bacı və 2 qardaşdırlar, qardaş və bacıları onunla danışmır. Bildiyi qədəri ilə qardaşının köçmək istədiyi fərdi yaşayış evinə qarşı heç bir iddiası yoxdur. Odur ki, qeyd edilənlər əsasında o, iddianın təmin edilməsini xahiş etdi.

6. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X9 izahat verərək bildirdi ki, o, Cavabdeh qızıdır. Onlar hazırda İddiaçı köçmək istədiyi fərdi yaşayış evində yaşayırlar. Babası və nənəsinə vaxtilə onlar baxmışdırlar. Onun nənəsi 2016-cı ildə vəfat etmişdir. Daha sonra onlar koronavirusa yoluxmuş və babası 2021-ci ildə xəstəxanada vəfat etmişdir. Qeyd edir ki, babası sağlığında mülkiyyətində olan bina evini sataraq onun hər iki dayısı üçün ev tikib onlara vermişdir, babasıgil isə onun kiçik dayısı ilə qalmışdır. Lakin sonralar onun kiçik dayısı babasını evdən çıxartdığından onun atası babasını evlərinə çağırmış və onlar baba və nənəsinin qayğısına qalmışdırlar. Qeyd edir ki, onun adına torpaq sahəsi və fərdi yaşayış evinə dair çıxarış vardır. Mübahisəli fərdi yaşayış evi atasının vəsaiti hesabına tikdirilmişdir və sözügedən evə quraşdırılmış sayğaclar onun adınadır. O, ailəlidir və 2013-cü ildən indiyədək həmin evdə yaşayır. Babası isə vaxtilə mübahisəli evi tikdirmişdir. Onlara aid evin ikinci mərtəbəsində televizor, divan, kreslo, stolstul və digər mebellər, həmçinin iddiaçıya məxsus xalça və soyuducu vardır. Babası xəstəxanada olarkən, həmçinin vəfat etdikdən sonra İddiaçı mübahisəli ev barədə onlarla mübahisə etmiş və dava salmışdır. Onun anası daimi olaraq 10 ildən artıq müddətə həmin evdə yaşamışdır. Bir daha bildirir ki, İddiaçı onun babası və nənəsi ilə danışmamış, hətta onları çöldə qoymuşdur. Onun atası nənə və babasını himayə etmiş, atası isə sözügedən fərdi yaşayış evini tikdirmişdir. Hesab edir ki, qarşı tərəfin iddiası əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə əsasən o, iddianın təmin edilməməsini xahiş etdi.

7. Məhkəməyə şahid qismində cəlb edilmiş X17 ifadəsində bildirdi ki, o, İddiaçı həyat yoldaşının qardaşıdır, həmçinin iddiaçı ilə Ukrayna Respublikasında bir yerdə oxumuşdur. Onlar bir-birlərinə qonaq gedib-gəlmişdirlər. O, iddiaçının özünün evini, həmçinin mübahisəli evi tanıyır. Həm öz evində, həm də mübahisəli fərdi yaşayış evində görülən tikinti işləri İddiaçı tərəfindən edilmişdir. 1988-ci ildə Ukrayna Respublikasından qayıtdıqdan sonra iddiaçı 1988-1990-cı illərdən etibarən həmin evin tikinti işlərini aparmışdır. İddiaçı qeyd edilən evlərdə, o cümlədən sözügedən fərdi yaşayış evində tikinti işlərinin aparılması üçün materiallar və avadanlıqlar gətirmiş və evlərin tikintisi ilə məşğul olmuşdur. Hətta İddiaçı vaxtilə həmin evdə yaşamışdır, lakin iddiaçının neçə il müddətinə orada yaşadığını bilmir.

8. Məhkəməyə şahid qismində cəlb edilmiş X10 ifadəsində bildirdi ki, o, İddiaçı uzaq qohumudur və eyni zonadandırlar. 1996-cı ildən etibarən o, iddiaçını tanıyır, həmçinin bir yerdə də işləmişdirlər. O, heç vaxt iddiaçının atası Cəbrayıl Zəkiyevə məxsus olmuş mübahisəli evdə olmamış, iddiaçı həmişə ona atasına baxdığını bildirmişdir. O, yalnız iddiaçının evində olmuş və atasının yasında iştirak etmişdir. Qeyd edir ki, o, iddiaçının atası Cəbrayıl Zəkiyevin vəfat etdiyi evi tanıyır. İddiaçının və onun atasının evi tikilərkən həmin evlərdə olmasa da iddiaçı ilə evlərin tikintisi barədə söhbət olmuşdur. Belə ki, iddiaçı ona tikinti üçün materiallar aldığını demişdir.

9. Məhkəməyə şahid qismində cəlb edilmiş X6 ifadəsində bildirdi ki, o, vaxtilə İddiaçı ilə Cavabdeh atası Cəbrayıl Zəkiyev və anası Səburə xanım ilə qonşu olmuşdurlar. X11 və anası Səburə xanımı evdən qovmuş, daha sonra onlar 1000 manata torpaq sahəsi almış, Cəbrayıl Zəkiyev isə evi özü tikdirmişdir. Evin tikintisi üçün Cavabdeh pul vermişdir, iddiaçını isə o, tanımır. Əvvəl tərəflərin anası Səburə xanım, xeyli sonra isə atası Cəbrayıl Zəkiyev xəstəxanada vəfat etmişdir. Safurə xanımın yas mərasimi Xırdalan şəhərində olmuşdur. Rəfiqə xanım qonşuluğunda cümə axşamında yas mərasimi təşkil etmişdir. Onunla mübahisəli ev arasında hasar vardır, bu hasarı tərəflərin atası inşa etmişdir. Evin tikintisi illərlə çəkmişdir, cavabdeh isə qaz xəttinin çəkilməsi və s. üçün atasına pul verirdi. Cəbrayıl Zəkiyev ondan borca pul götürəndə qızı gəldikdən sonra pulu ona qaytaracağını deyirdi.

10. Məhkəməyə şahid qismində cəlb edilmiş X14 ifadəsində bildirdi ki, o, Cavabdeh ilə, 2003-cü ildəndir ki, qonşudurlar. Belə ki, cavabdehin 2003-cü ildən Mərdəkan qəsəbəsində evi vardır və onlar qonşuluqda yaşayırlar. O, taksi fəaliyyəti ilə məşğul olmuşdur və vaxtilə X12 şəhərindəki evdən götürüb aparmışdır. Bildirir ki, o, mübahisəli evin içində olmuş və Cəbrayıl Zəkiyevin həyat yoldaşını da görmüşdür. Qeyd edir ki, sözügedən fərdi yaşayış evi 2 mərtəbəlidir. Cəbrayıl Zəkiyevi oğulları dəfn etməmiş və baş daşını Cavabdeh özü düzəltdirmişdir. Cavabdeh mübahisəli evin tikintisi üçün lazım olan materialları özü almış, o isə tikinti materiallarını gətirmişdir. Lakin kim tərəfindən sözügedən fərdi yaşayış evində tikinti işləri aparıldığını bilmir.

11. Məhkəməyə şahid qismində cəlb edilmiş X18 ifadəsində bildirdi ki, o, X4 bibisidir. İddiaçı ilə qardaşının həyat yoldaşı olan Cavabdeh əvvəllər mehriban olmuşdurlar. Həyət evinin tikilməsi üçün onun qardaşı pul xərcləmişdir. Oğulları nə Cəbrayıl Zəkiyevə, nə də onun həyat yoldaşı Səburə xanıma baxmamışdırlar. O, İddiaçı uşaqlığından tanıyır. Qardaşı övladlarını heç vaxt atmamış, daim onlara pul göndərmişdir. O, vaxtilə tərəflərin anası Səburə xanımın yas mərasimində iştirak etməmiş, Cəbrayıl Zəkiyevin dəfnində isə onun əvəzinə həyat yoldaşı iştirak etmişdir. Qeyd edir ki, mübahisəli evin tikintisində cavabdeh maddi cəhətdən köməklik etmişdir. Mübahisəli ev tikiləndə o, Cəlilabad rayonunda yaşayırdı. Neçə il bundan əvvəl o, Mərdəkan qəsəbəsində yerləşən evə getdikdə görmüşdür ki, Cəbrayıl Zəkiyev və onun həyat yoldaşı Səburə xanım oradadırlar. Belə ki, ev tikilən zaman tərəflərin valideynləri Mərdəkan qəsəbəsində yaşasalar da evləri Xırdalan şəhərində yerləşmişdir.Həmin vaxtlar Qardaşı telefon vasitəsilə onunla əlaqə saxlamış və evin tikilməsi üçün pul göndərdiyini demişdir. İddiaçı ilə atasının münasibətləri yaxşı olmamışdır.

12. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-832/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir (hakim Elman Məmmədov).

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli, İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli, “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli Qərarlarındakı hüquqi mövqeyinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 119.1, 217.4, 14.2 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli 2(012)-832/2025 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mübahisəli ev də özbaşına tikili statusu daşımaqla, onun üzərində nə iddiaçının, nə cavabdehin, nə də hər hansı üçüncü şəxsin hüquqları qeydə alınmamışdır. Bu səbəbdən də özbaşına tikililərə münasibətdə köçürülmə, çıxarılma, istifadə qaydasının müəyyən edilməsi və s. mübahisələri tənzimləyən konkret hüquq norması olmadığından mövcud məhkəmə təcrübəsinə əsasən hazırki mübahisə Mülki Məcəllənin 11.1-ci maddəsi nəzərə alınaraq qanunun analogiyası tətbiq edilməklə həll edilməlidir.

16. Eyni zamanda Mülki Məcəllənin 180-ci maddəsi özbaşına tikili hesab edilən yaşayış sahəsindən istifadəni qadağan etmir. Sözügedən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə belə, yaşayış ehtiyacını qarşılayan tikili kimi hal-hazırda mövcuddur və ona vəsait qoyan şəxsin əmlak hüquqlarının bir hissəsidir. Belə olan halda evə vəsait qoyan şəxsin evlə bağlı sahib olduğu əmlak hüquqları mülkiyyət kimi qiymətləndirilə bilər. 17.Məhkəmə qərarında iddiaçının mübahisəli evin atasından ona miras qaldığına, evin onun vəsaiti hesabına tikildiyinə dair sübut təqdim etmədiyinə, evə dair hüquqmüəyyənedici sənədlər olmadığına və mübahisəli evdə yaşamadığına görə müvafiq iddia tələbini irəli sürməyə subyektiv hüququ olmadığını qeyd edilmişdir. Halbuki iddiaçının atasının mübahisəli evdə yaşadığı və evin atası tərəfindən və iddiaçının maddi vəsaitləri hesabına inşa edildiyi danılmaz faktdır və belə olduğu halda iddiaçının sözügedən evə gözlənilən mülkiyyət hüququ mövcuddur. Eyni zamanda iddiaçı evin tikildiyi dövrdə və daha əvvəl əldə etdiyi gəlirlərə dair məlumatları məhkəməyə təqdim etmişdir. Həmin məlumatlara nəzər yetirdikdə iddiaçının gəlirlərinin kifayət qədər yüksək olduğunu görmək mümkündür ki, bu da mübahisəli evin onun vəsaiti hesabına tikilməsini qəbul etməyə əsas verir. Cavabdeh isə ömür boyu heç yerdə işləməmiş, evdar qadın olmuş, heç bir gəlir yeri olmamışdır. Belə olduğu halda sözügedən evin ona məxsus hər hansı vəsait hesabına tikilməsi mümkünsüzdür.

18. Digər tərəfdən evin tikilməsində cavabdehin həyat yoldaşı Arzunun xərc çəkməsi və Cəbrayıl Zəkiyevi və onun həyat yoldaşını iddiaçı onları evindən qovduğuna görə gətirərək öz evində yerləşdirməsi məsələsinə münasibətdə isə bildirmək istəyir ki, Arzu 25 ildən çoxdur ki, xarici ölkədə yaşayır və cavabdehlə olan nikah münasibətləri formal xarakter daşımaqdadır ki, onun da mübahisəli evin tikintisinə xərc çəkməsi və Cəbrayıl Zəkiyevi və onun həyat yoldaşını öz evində yerləşdirməsi həqiqətdən tamamilə uzaqdır. Sadəcə olaraq iddianın təmin edilməsinin qarşısını almaq məqsədi daşıyan uydurma ifadələrdir. İddiaçı məhkəmə iclasları zamanı mübahisəli evdə yaşamadığını ona görə bildirmişdir ki, onun sözügedən evin yaxınlığında mülkiyyətində olan evi vardır (İddiaçının mülkiyyətində bir ev var və o, bu evdə yaşayır, lakin iddiaçının nümayəndə-vəkili tərəfindən məhkəmə iclasında verdiyi ifadə təhrif edilmiş və qətnamədə guya iddiaçının Bayılda evi olduğu dediyi qeyd edilmişdir.) və o, hər gün atasına baş çəkmiş, lakin gecə özünə məxsus evdə qalmışdır. Çünki atası kiminsə onunla qalmasını istəməmişdir. ancaq cavabdehin nümayəndəsi və eyni zamanda qızı həm cavabdehin, həm də özünün 10 ildən artıq müddətdir ki, həmin evdə qaldıqlarına dair həqiqətə uyğun olmayan ifadələr vermişdir. Halbuki sözügedən evdə onlar heç bir zaman qalmamış, iddiaçının atası ilə yanaşı ancaq kirayənişinlər yaşamışdır və hal-hazırda da kirayənişinlər qalmaqdadırlar. Çünki cavabdehin Mərdəkanda evi var. Cavabdeh tərəf mübahisəli evdə onlara məxsus məişət əşyalarının olduğunu bildirir. Bu, tamamilə təbiidir. Belə ki, Zəkiyev Cəbrayıl vəfat etdikdən sonra onlar qapının kilidini dəyişmiş və iddiaçının evə daxil olmaqlarına maneə yaratmışlar. Bu hal 3 ildən artıqdır ki, davam edir. Bu müddət ərzində cavabdehin özünəməxsus məişət və digər əşyaları həmin evə daşıması tamamilə mümkündür. Ona görə də sözügedən evdə cavabdehə məxsus əşyaların olması onun uzun illərdir o evdə yaşamasını sübut edən hal kimi qiymətləndirilməməlidir.

19. Qeyd edilənlərdən də göründüyü kimi, mübahisəli evin yerləşdiyi torpaq sahəsi cavabdehin mülkiyyətində deyil, həmçinin mübahisəli ev cavabdeh və ya onun ailəsi tərəfindən və ona məxsus vəsait hesabına əldə edilməsinə dair hər hansı sübut təqdim etməmiş, həmçinin cavabdeh sözügedən evdə deyil, Mərdəkan qəsəbəsində yerləşən evində yaşayır. Belə olduğu halda, cavabdehin mübahisəli evə iddiaçıya münasibətdə hər hansı üstün hüququ olmadığından iddaçının sözügedən evə daxil olmasına maneə yaratmaq üçün qanuni əsası da mövcud deyildir. Buna görə iddiaçının həmin evdən istifadə hüququ olduğu halda iddianın rədd edilməsi barədə məhkəmə tərəfindən qəbul edilmiş qətnamə qanunsuz və əsassızdır.

20. İddiaçı mərhum X1ndan miras qalmış və özünün maddi vəsati hesabına tikilmiş mübahisəli evi miras kimi qəbul etmək üçün Sumqayıt Regional “Asan Xidmət” mərkəzinin xüsusi notariat ofisinə ərizə ilə müraciət etməsi onun sözügedən evi miras kimi qəbul etmək niyyətinin olmasına dair iradə ifadəsini aydın şəkildə əks etdirir. Lakin evin özbaşına tikili olması səbəbilə müraciət təmin edilməmişdir. İddiaçının sözügedən evə sahiblik etməsinə və faktiki idarə etməsinə isə cavabdeh maneə yaratmışdır. İddiaçının da sözügedən evə köçürülməsinə dair məhkəmədə iddia qaldırması onun həqiqətən də mübahisəli evə dair maraqlarının olduğunu açıq-aşkar sübut edir.

21. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Lakin iş üzrə müəyyən edilən hallar nəzərə alınmadan qətnamə qəbul edilmişdir.

22. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının sözügedən mübahisəli evə dair gözlənilən mülkiyyət hüququnun olmasına dair kifayət qədər sübut təqdim etməyinə baxmayaraq məhkəmə mövcud vəziyyəti nəzərə almadan iddianı rədd etməklə yanlış qərar qəbul etmişdir.

23. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli evin heç kimin mülkiyyətində olmamasını, tərəflərin heç birinin mübahisəli evdə yaşamamasını, evin iddiaçının vəsaiti hesabına tikilməsini və cavabdehin mübahisəli evə iddiaçıya münasibətdə hər hansı üstün hüququ olmamasını nəzərə almadan, iş üzrə halları araşdırmadan yanlış nəticəyə gəlmiş, ədalətsiz və qanunsuz qətnamə qəbul edərək, iddianı rədd etmiş və nəticədə iddiaçının mülkiyyət hüququ pozmuşdur.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

24. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya icraatı iştirakçılarının izahatları

25. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.

26. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X9 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

27. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

28. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

33. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

37. Apellyasiya şikayətindən görünür ki, iddiaçı Zəkiyev X5 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-832/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddiasının təmin edilməsini xahiş etmişdir.

38. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddiaçının sözügedən fərdi yaşayış evinə köçürülməsi və həmin fərdi yaşayış evindən onun sərbəst istifadə etməsinə maneələr törədilməsinin qadağan edilməsi ilə bağlı iddia qaldırmaq üçün subyektiv hüququ mövcud deyildir.

41. Qeyd olunmalıdır ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

42. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmır. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 3 iyul 2015-ci il tarixli Qərarında deyilir ki, “...Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır

43. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.

44. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

45. İddianı təmin etməyən birinci instansiya məhkəməsi iddiaçının subyektiv hüququnun olmaması qənaətinə gəlməklə yanaşı həm də qeyd etmişdir ki, iddiaçı tərəf ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ona atasından miras qaldığını, sözügedən evin onun vəsaiti hesabına tikildiyini və ona məxsus olmasını bildirsə də məhkəməyə bununla bağlı hər hansı bir təsdiq edən sənəd təqdim etməmişdir. Həmçinin məhkəmə iclasında sübutların tədqiqatı zamanı iddiaçının başqa yaşayış sahəsinin olduğu, mübahisə predmeti olan fərdi yaşayış evində heç vaxt yaşamadığı müəyyən edilmiş, bu hal iddiaçının özünün və cavabdehin nümayəndəsinin izahatı ilə bərabər, şahid ifadələri ilə də təsdiqini tapmışdır. Bundan əlavə məhkəmə prosesi zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan fərdi yaşayış evi və onun inşa edildiyi torpaq sahəsi ilə bağlı hər hansı hüquqmüəyyənedici sənəd mövcud olmaması ilə yanaşı, iddiaçının mübahisə predmeti olan fərdi yaşayış evinə köçürülməsinə hüquqi əsas verən hər hansı bir digər hallar da müəyyən edilmir. Beləliklə, iddia tələbinin əsaslı olmasına dair iddiaçı tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmiş, halbuki Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə həmin sübutları təqdim etmək vəzifəsi iddiaçının üzərində olmuşdur.

46. İddiaçı isə apellyasiya şikayətinin dəlillərində göstərmişdir ki, mübahisəli evin heç kimin mülkiyyətində olmamasını, tərəflərin heç birinin mübahisəli evdə yaşamamasını, evin iddiaçının vəsaiti hesabına tikilməsini və cavabdehin mübahisəli evə iddiaçıya münasibətdə hər hansı üstün hüququ olmamasını nəzərə almadan, iş üzrə halları araşdırmadan yanlış nəticəyə gəlmiş, ədalətsiz və qanunsuz qətnamə qəbul edərək, iddianı rədd etmiş və nəticədə onun mülkiyyət hüququnu pozmuşdur. İddiaçı məhkəmə iclasları zamanı mübahisəli evdə yaşamadığını ona görə bildirmişdir ki, onun sözügedən evin yaxınlığında mülkiyyətində olan evi vardır və o, hər gün atasına baş çəkmiş, lakin gecə özünə məxsus evdə qalmışdır. Çünki atası kiminsə onunla qalmasını istəməmişdir, ancaq cavabdehin nümayəndəsi və eyni zamanda qızı həm cavabdehin, həm də özünün 10 ildən artıq müddətdir ki, həmin evdə qaldıqlarına dair həqiqətə uyğun olmayan ifadələr vermişdir. Halbuki sözügedən evdə onlar heç bir zaman qalmamış, iddiaçının atası ilə yanaşı ancaq kirayənişinlər yaşamışdır və hal-hazırda da kirayənişinlər qalmaqdadırlar. Çünki cavabdehin Mərdəkanda evi var. Cavabdeh tərəf mübahisəli evdə onlara məxsus məişət əşyalarının olduğunu bildirir. Bu, tamamilə təbiidir. Belə ki, Zəkiyev Cəbrayıl vəfat etdikdən sonra onlar qapının kilidini dəyişmiş və iddiaçının evə daxil olmaqlarına maneə yaratmışlar. Bu hal 3 ildən artıqdır ki, davam edir. Bu müddət ərzində cavabdehin özünəməxsus məişət və digər əşyaları həmin evə daşıması tamamilə mümkündür. Ona görə də sözügedən evdə cavabdehə məxsus əşyaların olması onun uzun illərdir o evdə yaşamasını sübut edən hal kimi qiymətləndirilməməlidir. İddiaçının atasının mübahisəli evdə yaşadığı və evin atası tərəfindən və iddiaçının maddi vəsaitləri hesabına inşa edildiyi danılmaz faktdır və belə olduğu halda iddiaçının sözügedən evə gözlənilən mülkiyyət hüququ mövcuddur. Eyni zamanda iddiaçı evin tikildiyi dövrdə və daha əvvəl əldə etdiyi gəlirlərə dair məlumatları məhkəməyə təqdim etmişdir. Həmin məlumatlara nəzər yetirdikdə iddiaçının gəlirlərinin kifayət qədər yüksək olduğunu görmək mümkündür ki, bu da mübahisəli evin onun vəsaiti hesabına tikilməsini qəbul etməyə əsas verir. Cavabdeh isə ömür boyu heç yerdə işləməmiş, evdar qadın olmuş, heç bir gəlir yeri olmamışdır. Belə olduğu halda sözügedən evin ona məxsus hər hansı vəsait hesabına tikilməsi mümkünsüzdür.

47. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

48. Mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri).

49. Məhkəmə kollegiyası nəzərə alır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

50. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qeyd edilən evdən istifadə hüququ olmadığından, birinci instansiya məhkəməsi iddiaçının evə köçürülməsinə dair iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir.

51. Beləliklə, apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olduğundan, İddiaçı apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas kimi çıxış edə bilməz.

52. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-832/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-832/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar