Məhkəmə qərarları › İş №2(103)-5079/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5079/2025

06.10.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5079/2025 06.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: mənzilə köçürülmə, maneələrin aradan qaldırılması ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X14 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə və cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması” tələbinə dаir mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)-1757/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Cavabdeh1 iddiaçının atasıdır. İddiaçıya xx.xx.2017-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsində onun xx.xx.1992-ci il tarixində Bakı şəhərində doğulduğu, yaşayış yeri olaraq ünvan 1 ünvanı qeyd edilmişdir.

2. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.1995-ci il tarixli, 2-459 nömrəli qətnaməsi ilə Cavabdeh1 və X4 arasında 1989-cu ildə bağlanılmış nikah pozulmuşdur.

3. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli, 2-136 nömrəli qətnaməsi ilə iddiaçı X2 cavabdehlər X15 və başqalarına qarşı mənzilə köçürülmə tələbinə dair ilk iddiası təmin olunmamış, qarşılıqlı iddia isə təmin olunaraq Nümayəndə Bakı səhəri, Naxçıvanski küçəsi 75 saylı evin, 25 saylı mənzilində yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi qət edilmişdir.

4. Bakı şəhəri 24 saylı Dövlət Notariat Kontorun tərəfindən təsdiq edilmiş xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı X20 Bakı şəhəri, Əmircan qəsəbəsində yerləşən 0.015 hektar torpaq sahəsini alıcı X6 (iddiaçının nənəsi) vermişdir. Torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuşdur.

5. Torpaq sahəsi X3 adına xx.xx.2015-ci il tarixində daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır.

6. X7 xx.xx.2014-cü il tarixində vəfat etmiş, xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən miras əmlak - Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.015 ha olan torpaq sahəsindən ibarətdir və onun vərəsəsi - Cavabdeh1 miras əmlakdan 1/1 hissədə pay almalıdır.

7. Torpaq sahəsi Cavabdeh1 adına xx.xx.2016-cı il tarixində, həmin torpaq sahəsinin üzərində inşa edilmiş - Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsi, ev 13A ünvanında yerləşən ümumi sahəsi 69.5 kv.m olan fərdi yaşayış evi isə xx.xx.2018-ci il tarixində daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır.

8. 30.09.2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən sözügedən əmlak Cavabdeh1 tərəfindən arvadı Cavabdeh2 Əhməd qızına bağışlanmış, sonuncunun əmlak üzərində mülkiyyət hüququ xx.xx.2022-ci il tarixində daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır.

9. Daxili İşlər Nazirliyi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, Cavabdeh2 Əhməd qızı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsi, ev 13A ünvanında xx.xx.2018-ci il tarixindən qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər: Cavabdeh1.

10. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(003)- 18/2022 nömrəli hökmü ilə X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 178.2.2, 178.2.4 və 188.1-ci maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hökm əsasən o, özgənin əmlakını ələ keçirmək məqsədilə Cavabdeh1 məxsus ünvan 3 ünvanda olan 0,15 ha torpaq sahəsinin üzərində yerləşən evi X9 inam və etibarından sui-istifadə edərək xx.xx.2020-ci il tarixdə 23.000 manata sataraq pulunu ələ keçirib vədinə əmək etməyərək zərərçəkmiş X9 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə və cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsi, 13 nömrəli evə köçürülməyi, həmin mənzilə köçürülməyinə və yaşamağına cavabdehlər tərəfindən törədilən maneənin aradan qaldırılması və cavabdehlərdən 100 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı, atası Elxanın yaşadığı 8-ci kilometrdə yerləşən evdə dünyaya gəlmişdir. Bir müddət atası ilə anası həmin evdə yaşamışlar. Sonra isə 1995-ci ildə onlar boşanmışlar. Bu zaman o, təbii ki, anası ilə başqa evdə yaşamışdır. O, 8-ci sinifdə oxumağa başladıqda atasına məxsus olan Atamoğlan Rzayev küçəsi 13-də yerləşən evdə yaşamağa başlamış və orada orta məktəbə getmişdir. Həmin vaxt onun atası onu öz evinə qeydiyyata salmışdır. O, bu müddət ərzində Suraxanı rayonunda yerləşən orta məktəblərdə oxumuşdur. Orta məktəbi bitirdikdən sonra atasına məxsus evdən hərbi xidmətə getmişdir. Hərbi xidmətdən də qayıtdıqdan sonra yenə həmin evdə yaşamağa başlamışdır. Lakin, atası 2021-ci il tarixdən başlayaraq müxtəlif bəhanələr gətirərək onun həmin evdə yaşamağına imkan vermir. 2021-ci ildən o, müxtəlif yerlərdə yaşamışdır. Qeyd edir ki, iddia ərizəsində göstərdiyi ünvan kirayə yaşadığı ünvandır. Yəni onun öz evi deyildir. Onun atasına məxsus olan evdən başqa yaşaya biləcəyi ikinci bir evi yoxdur. Həmçinin, onun nənəsi həmin evi onun üçün almış və atası Elxana vəsiyyət etmişdir ki, həmin evi iddiaçının adına keçirsin. O, həmin evin sənədlərini istədikdə isə atası və ögey anası onunla mübahisə etmiş və bundan sonra atası onu evdən qovaraq bir daha həmin evə buraxmamışdır. O, ötən bu 4 il ərzində dəfələrlə evinə gedib orada yaşamaq istəsə də, atası və ögey anası ona maneə törədərək evə daxil olmağına imkan verməmişlər. Ona görə də hesab edir ki, onun hüquqları pozulduğu üçün məhkəməyə müraiət etməkdən başqa çıxış yolu qalmır.

13. Məhkəmə iclasında Şahid6, Şahid5, Şahid4, Şahid3, Şahid2 və Şahid1 şahid qismində dindirilmişlər.

14. Şahid6 izahatında bildirmişdir ki, o, Davudun xalasıdır. Onların Naxçıvanskidə evləri var idi, həmin evi satıb Suraxanıdakı evi aldılar. Davud da uşaq vaxtı orada yaşayırdı, məktəbə, əsgərliyə oradan getmişdi. Ev Suraxanıda, Atəşgahın yanında yerləşir, Davud rayona gəlirdi, Suraxanıda yaşadığını bilirdi. Bacısı tək yaşayıb. Davudun ad gününə gedirdi, o da telefonla əlaqə saxlayırdı. Xalası onlara gəlib gedirdi. Elxanın anası onun xalasıdır. Bacısının 4 uşağı olmuşdu, ancaq Davud sağ qaldı, Şərqiyyə xalası onun üstündə əsirdi. Davudun valideynləri 1995-ci ildə boşandılar, Davudun 3-4 yaşı var idi, boşanandan sonra onlara gəldilər. Davud 4 sinfi onların yanlarında qurtardı, Lənkəranda 1 nömrəli məktəbdə oxuyurdu. Xalası anasına dedi ki, o, Davuda dayaq olacaq. Onun atası 2017-ci ildə rəhmətə getdi, ondan bir az əvvəl xalasının yeni ev aldığını, Davud üçün pul-qızıl saxladığını demişdir. Onun xalası zəng vurdu, xeyir-dua verdi ki, guya Davud üçün qız almışdır. O, Elxana zəng vurub dedi ki, Davudun iki anası və atası var. Elxan Davudla yola getmədiyini dedi. Davudun uşaqları olacaq, bərabər yaşamaq mümkün olmayacaq, onsuz da ev Davudundur. Qeyd edir ki, Davud 13-14 yaşına qədər Lənkəranda onun anasıgildə qalırdı. Onun atası ölən ərəfə idi, Elxan Davudla yaşaya bilmədiyini dedi, həmin ərəfələrdə dava başladı. Onun xalası iki ev almışdı. Birinə Züfiyyə və Davudu buraxmalarını istədilər, başqa adamın orada yaşadığını gördülər, ev əldən çıxdı. Davidla Elxan arasında birinci dəfə kompyüteri satdığına görə, ikinci dəfə çörəyin qırağını yediyinə görə mübahisə düşmüşdü. Elxanın atası ölən ərəfələrdə Davud evdən çıxdı, xalasının yası həmin evdə keçirilmişdi. Şərqiyyə xalası öz zəhməti ilə iki ev almışdı, başqa adamın puluna baxacaq qadın deyildi. Şərqiyyə xalası yaşadığı müddətdə Davud dünyanın xoşbəxti idi, qızılları da sonra Elizaya verdilər. Eliza qeydiyyata da Şərqiyyə xalasının ölümündən sonra düşdü. Bildirir ki, o evdə olmamışdır. Davud deyib ki, məktəbə oradan gedib. Bildirir ki, yas mərasiminə gedənlər bilər, o, xalası ilə bacısını boşayıb, ev-aliment verməməsi səbəbindən qanlı düşman olmuşdur, onun yasına getməmişdir.

15. Şahid5 izahatında bildirmişdir ki, Elxanın dayısıdır. Davud sakit oğlan idi, əsgərliyə Suraxanıdakı evdən getmişdi. Onun rəhmətlik bacısı 8-ci km-dəki evi satıb buradan və başqa yerdən ev almışdı. Amma sonuncu ev əldən getdi. O, vəkil tutub evi qaytarmağı təklif etmişdi, həmin evi oğlana versə idi belə problem olmazdı. Eşitdi ki, orada bacısının zəhməti olmayıb. Bacısı Davud üçün qızıl da almışdı. Qeyd edir ki, o, Lənkəranda yaşayır, valideynləri ilə bir yerdə qalırdı. Davud onlarla yaşamayıb, Bakıda dünyaya gəlmişdi. O, hərdən bura gəlirdi, Lənkəranda olmayıb, hərdən ata-babasıgilə gəlirdi. Davud burada qalırdı. Elxan kompüterlə çox məşğul olduğunu deyirdi, buna görə mübahisələri olurdu, ara bir Lənkərana gəlirdi. Qeyd edir ki, özü sanatoriyada idi, 2016- 2017-ci illər idi, bacısının rəhmətə getdiyini dedilər, o da təcili gəldi. Arada 1-2 dəfə gəlmişdir. 5-6 il öncə Elxan zəng vurdu, Davudu evləndirmək lazım olduğunu dedi, Elxan isə uşaqları kimin saxlayacağını dedi, o isə Davudun yavaş-yavaş işə cəlb ediləcəyini dedi. Evdə Davud, Elxan, onun yoldaşı və Eldar yaşayırdı. Eşitdilər ki, ata-oğul arasında söz olub, Davudu bıçaqla cıraram deyib. Davud evin sənədini istəyib deyə mübahisə düşüb. Bildirir ki, özü evə gəlirdi, amma qalmırdı. Bacısının ölümündən sonra 2-3 dəfə olmuşdur.

16. Şahid4 izahatında bildirmişdir ki, o, Davudun dostudur, onu 2006-2007-ci ildən tanıyır, məhəllədə tanış olmuşdu. Qeyd edir ki, özü A.Rzayev küçəsi, ev 104 ünvanında yaşayır. Davud Əmircandakı 226 saylı məktəbdə oxuyurdu, o da o vaxt texnikumda oxuyurdu, 8-ci km-dən ya da Neftçilərdən köçmüşdülər, son 2-3 il orada yaşamır, qalan vaxtı orada yaşayıb. Bildirir ki, o evdə olmuşdur, çıxmamışdan öncə getmişdi, şəxsi əşyalarının orada olub-olmaması barədə məlumatı yoxdur, sadəcə nənəsinin ona qızıl aldığını demişdi.

17. Şahid3 izahatında bildirmişdir ki, iddiaçı və cavabdeh onun dayısı nəvəsi və oğludur. Bildirir ki, o, həmin evə həmişə gedib-gəlmişdir, anası rəhmətə gedəndən orada yaşamışdır, əvvəl isə Naxçıvanskidə yaşamışdır. Suraxanıdakı evə qonaq kimi gedib gəlmişdir. Davudu ayda 1 dəfə görürdü, təxmini 2021-ci ildə Davud mağazada işləyirdi, o ərəfələrdə görmüşdür, 2021-ci ildən sonra görməmişdir. Bildirir ki, Davud orada qalmırdı, elə olub ki, 2-3 ay heç evə gəlməyib. Onlar boşananda o, Rusiyada yaşamışdır, 2018-ci ildən bu yana mütəmadi olaraq evlərinə gedir. Şərqiyyə xanımın və Eldarın dəfnində iştirak etmişdir, o, onların övladları kimi olmuşdur, Elxanı da ona tapşırmışdılar. Şərqiyyə xanımın vaxtında Davud evə gəlib-gedirdi. Amma tam bir gün orada olduğunu görməmişdir. Davudun o evdə əşyası olmayıb, ancaq dəyişəyi olub, xırdalıqları isə deyə bilmir. Evdə olanda gecə 5-də gəlirdi, günorta 2-də gedirdi.

18. Şahid2 izahatında bildirmişdir ki, o, onların qonşularıdır, özü Naxçıvanski 79da, onlar isə 75-də qalırdı. Davudu uşaqlıqda həyətdə görürdü, sonra Suraxanıya köçdülər, nə vaxt evi satdıqlarını xatırlamır. Davudu arada Naxçıvanskidə görürdü, boşanmaları barədə məlumatı var idi, uşaq Elxanın yoldaşı-xanımın yanında qalırdı. Qeyd edir ki, Şərqiyyə xanımın yasında iştirak etmişdir, Davudu orada görməmişdir. Həftənin 2 günü orada olurdu, amma heç vaxt Davudu görmürdü.

19. Şahid1 izahatında bildirmişdir ki, o, Elizanın əmisi oğludur. Həmin evə gedib gələn adamdır, 8-ci km-də yaşayırdı, təzəlikcə Yeni Suraxanıya köçmüşdür. Qeyd edir ki, Davudu evdə bəzən görürdü, elə vaxt olurdu görmürdü, 5-6 il olar ki, görmür. Axırıncı dəfə atası ilə mübahisədən 2-3 ay qabaq görmüşdü, 2021-ci il olardı, əşyalarını, çarpayısını görməmişdir. Əmi qızı-əmi oğludurlar, bir evli kimidirlər.

20. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)- 1757/2025 nömrəli qətnaməsi ilə (hakim F.F.Mirzəyeva) iddia təmin edilməmişdir.

21. Məhkəmədə müəyyən edilmişdir ki, iddiaçının atası və anası – Cavabdeh1 və Əhmədova (Qasımova) Zülfiyyə Mirzağa qızı arasında bağlanılmış nikah xx.xx.1995-ci il tarixdə pozulmuş, qətnamədə qeyd edilməməsinə baxmayaraq, İddiaçı həmin tarixdən faktiki olaraq anası Nümayəndə ilə birlikdə yaşamışdır. İşin mübahisələndirilməyən halıdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi mülkiyyət hüququ ilə iddiaçının nənəsi – X5 məxsus olmuş, o, nəvəsini – iddiaçını həmin torpaq sahəsi üzərində olan özbaşına tikilidə (qeydiyyat ünvanı: ünvan 4tkinlik yaşına çatmadan qeydiyyata alındırmışdır. X7 vəfat etdikdən sonra Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi vərəsəlik şəhadətnaməsi üzrə iddiaçının atası – iş üzrə Cavabdeh1 tam pay olmaqla miras qalmış, daha sonra həmin torpaq sahəsinin üzərində o, tikili ucaldaraq dövlət qeydiyyatına alındırmış və həmin torpaq sahəsi və evin dövlət reyestrində ünvanı “ünvan 5 qeyd edilərək xx.xx.2018-ci il tarixdə çıxarış əldə etmişdir. Cavabdeh1 tərəfindən həmin ünvanda yerləşən ev və torpaq sahəsi 2022-ci ildə onun arvadı və ikinci cavabdeh olan – Cavabdeh2 Əhməd qızına bağışlanmışdır. Hazırda ev və torpaq sahəsi Cavabdeh2 Əhməd qızının mülkiyyətindədir. İddiaçı iddia tələbi Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi Atamoğlan Rzayev küçəsi, 13 nömrəli evə köçürülməyi, həmin mənzilə köçürülməyinə və yaşamağına Cavabdeh1 və Hacıyeva (Əhmədova) Eliza Əhməd qızı tərəfindən törədilən maneənin aradan qaldırılması və Cavabdeh1 və Haciyeva (Əhmədova) Eliza Əhməd qızından 100 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçıya verilməsindən ibarətdir.

22. Məhkəmə qeyd etmişdir ki, İddiaçı özbaşına tikili üzrə qeydiyyata alınmış olsa da, tikili özbaşına tikili olduqdan, qanunvericiliyin tələblərinə müvafiq olaraq, yaşayış sahəsi hesab edilmirdi. Belə ki, yuxarıda qeyd olunan mənzil qanunvericiliyinə əsasən, tikilinin yaşayış sahəsi hesab edilməsi üçün o, AR Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilməli və vətəndaşların daimi yaşaması üçün yararlı olan müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verməli idi. Bununla yanaşı, nəzərə alınmalıdır ki, yuxarıda qeyd edilmiş Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarına əsasən, iddiaçının həmin ünvanda yerləşən tikilidə qeydiyyata alınması – onun həmin tikilidən istifadə hüququnun mövcud olması demək deyildir. Həmçinin, iddiaçının nənəsinin sağlığında həmin ünvanda daimi əsaslarla yaşaması iş materialları ilə sübut edilmir.

23. Qeyd edildiyi kimi, iddiaçının nənəsi X7 vəfat etdikdən sonra ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi iddiaçının atası - Cavabdeh1 miras olaraq keçmiş və Cavabdeh1 torpağın mülkiyyətçisi olmaqla, qanunvericiliyin tələblərinə müvafiq olaraq, evi daşınmaz əmlak kimi dövlət qeydiyyatına alındıraraq evin mülkiyyətçisi olmuşdur. Bununla da, həmin ev artıq yaşayış sahəsi kimi nəzərə alına bilər.

24. Hazırki mübahisənin həlli üçün, Cavabdeh1 tərəfindən dövlət reyestrində rəsmiləşdirilərək yaşayış sahəsi olan evin qeydə alındığı vaxtdan İddiaçı orada atası Cavabdeh1 ilə birlikdə daimi yaşayıb yaşamamasının müəyyənləşdirilməsi vacibdir. Belə ki, iddiaçı həmin evdə atası ilə birlikdə yaşadığı və onun həmin evə istifadə hüququnun mövcud olduğu təqdirdə, bu zaman o, AR Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri baxımından, həmin evə köçürülmə ilə bağlı tələb irəli sürməkdə haqlı ola bilərdi. Lakin, iddiaçının həmin evdə daimi yaşaması iş materialları və iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla sübut edilməmişdir. Belə ki, işə şahid qismində cəlb edilərək dindirilən şahidlərin ifadələri arasında ziddiyətlər mövcud olmuş və uyğunsuzluq yaranmışdır. Nəticədə, iddiaçının həmin ünvanda atası ilə birlikdə daimi yaşamasını şahid ifadələri və digər mötəbər sübutlarla (qaz, işıq və ya digər kommunal ödənişlərin iddiaçı tərəfindən ödənilməsinə dair qəbzlər və s. təqdim edilmədikdən, yəni yaşayış sahəsi ilə bağlı vəzifələrin icrasını təsdiq edən sübutlar) müəyyən etmək mümkün olmamışdır.

25. Beləliklə, “Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsi, ev 13A” ünvanı dövlət reyestrində qeydiyyata alındığı vaxtdan – xx.xx.2018-ci il tarixdən iddiaçının həmin ünvanda yerləşən evdə yaşaması iş materialları və şahid ifadələri ilə sübuta yetirilməmişdir. İddiaçının mübahisəli evə istifadə hüququ olmadığından, onun həmin evə köçürülməsi üçün əsaslar mövcud deyildir. Belə olan halda, iddia tələbi bu hissədə əsassızdır.

26. Bundan başqa, qeyd edildiyi kimi, ünvan 6 ünvanında yerləşən ev və torpaq sahəsi bağışlama müqaviləsi əsasında Cavabdeh2 Əhməd qızına bağışlanılmış, hazırda da onun mülkiyyətindədir. İddiaçı ünvan 7 ünvanında yerləşən evdən istifadə hüququ müəyyən edilmədikdən, həmin ev Cavabdeh2 Əhməd qızına, üzərində hər hansı bir yüklülük olmadan bağışlanılmışdır. Bu səbəbdən, iddiaçının Cavabdeh2 Əhməd qızından həmin evə köçürülməsini tələb etməklə bağlı subyektiv hüququ olmamışdır. İddia tələbinin – iddaçının həmin mənzilə köçürülməyinə və yaşamağına Cavabdeh1 və Cavabdeh2 Əhməd qızı tərəfindən törədilən maneənin aradan qaldırılması hissəsində məhkəmə qeyd edir ki, idiaçının evdən istifadə hüququnun olmadığı halda, həmin evdə yaşamasına (evdən istifadə etməsinə) maneənin aradan qaldırılmasına dair iddia tələbi də əsassızdır.

27. Tələbin Cavabdeh1 və Cavabdeh2 Əhməd qızından 100 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçıya verilməsi hissəsinə gəldikdə məhkəmə qeyd edir ki, iddia tələbi yuxarıda qeyd edilən hissədə təmin edilmədikdən, bu hissədə də əsassızdır və təmin edilməməlidir. Məhkəmə hesab etmişdir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia rədd edildikdən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddiaçıya aid edilməlidir.

28. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.2, 30.1, 30.2, 30.3-cü, Mülki Məcəllənin 135.4, 139.1, 139.3, 139.4, 152.1, 180.1-ci maddələrinə, M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 124.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

29. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

30. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vəkili tərəfindən hakimə dəfələrlə bildirilmişdir ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, A.Rzayev küçəsi, 13-də qeydiyyatdadır. Lakin cavabdeh tərəf İddiaçı xəbəri və xüsusən də razılığı olmadan həmin evi ikinci arvadı olan Elizaya bağışlamışdır. Halbuki, Davud Elxanın oğlu olmaqla uzun illər həmin evdə yaşamışdır. Bunu məhkəmə iclasında dindirilmiş şahidlər də bildirmişlər. Belə ki, həm onun tərəfindən, həmçinin də qarşı tərəfdən təqdim edilmiş şahidlər məhkəmə iclasında bildirmişlər ki, İddiaçı həmin evdə yaşamış və onun əşyaları həmin evdə olmuşdur. Məhkəmədən A.Rzayev küçəsi, 13 ünvanının kimin adına olması, Davudun atası Elxanın 13A ünvanında qeydiyyatda olmasına baxmayaarq hansı səbəbdən Davudun 13 ünvanına qeydiyyata düşməsi məsələsini araşdırmalı olduğu tələb edilmiş, lakin məhkəmə bu vəsatətləri təmin etməmişdir. Maraqlıdır ki, şəxsin atası 13A ünvanında qeydiyyatda olmasına baxmayaraq, şəxs nə üçün tanımadığı və bilmədiyi şəxsin evində qeydiyyatda olmalıdır. Onu da qeyd edir ki, məhz cavabdehin vəkilinin təqdim etdiyi sənədlərdən (məsələn vərəsəlik şəhadətnaməsindən) görünür ki, həmin evin qeydiyyat nömrəsi əvvəllər 13 olmuşdur. Lakin hansısa səbəblərdən (yəqin ki, sonradan dövlət tərəfindən) həmin evin qeydiyyat nömrəsi 13-dən 13A-ya dəyişdirilmişdir. Lakin bu edilərkən bilərəkdən və ya bilməyərəkdən Davudun qeydiyyat ünvanı 13 ünvanında saxlanılmış, lakin Cavabdeh1 qeydiyyat ünvanı da 13A-ya dəyişdirilmişdir. Çox böyük ehtimalla bu Elxanın ikinci arvadı Elizanın hansısa vasitələrlə etdiyi əməldir. Belə ki, Elizanın məqsədi əvvəldən Elxanın yeganə varisi olan Davudu bütün əmlaklardan məhrum qoymaq olmuşdur. Ona görə də bunun ən asan yolu Elxanın ünvanının ünvan dəyişdirilərkən 13-dən 13A-ya dəyişdirilməsinə baxmayaraq Davudun ünvanı 13 kimi saxlanılmıasıdır. Bundan əlavə onu da qeyd edir ki, məhkəmədən Davudun necə 13A ünvanına qeydiyyata düşməsini öyrənmək, bağışlama müqaviləsinin və çıxarışın ləğv edilməsi üçün Bakı İnzibati Məhkəməsinə müraciət edildiyi üçün iş üzrə icraatın həmin iş üzrə yekun məhkəmə qərarı çıxana qədər dayandırılması xahiş olunsa da, məhkəmə buna əhəmiyyət verməyərək işə baxmaqda davam etmişdir. Lakin sonradan görür ki, qətnaməsini onunla əsaslandırmışdır ki, həmin ev Elizanın adınadır. Elizanın çıxarışı vardır. Eliza isə Davudun yaxın qohumu deyildir. Elə həmin çıxarışı və bağışlama müqaviləsini ona görə mübahisələndirmişlər ki, həmin ev Elizanın adınadır və nə qədər ki, Elizanın adına olan çıxarış və bağışlama müqaviləsi qüvvədədir, bu işə baxıla bilməzdi. Lakin hakim məhkəmə zalında işin icraatının dayandırılması ilə bağlı verilmiş vəsatəti rədd edərkən onunla əsaslandırmışdır ki, tələblər arasında heç bir əlaqə yoxdur və çıxarışın olması Davudun istifadə hüququna xələl gətirmir. Lakin buna baxmayaraq da, iddianı ona görə təmin etmir ki, çıxarış Elizanın adınadır. Bu ikili yanaşma çox, amma çox maraqlı və müəmmalı məsələdir. Görəsən hakim necə oldu ki, iş üzrə icraatı dayandırmadı ki, bunlar bir-biri ilə əlaqəli hallar deyil. Lakin sonradan iddianı ona görə rədd etdi ki, Elizanın çıxarışı vardır. Burdan da görünür ki, hakim iş üzrə ədalətli və obyektiv araşdırma aparılması, obyektiv həqiqətin üzə çıxmasında qəti şəkildə maraqlı olmamış, tez-tələsik olaraq qətnamə qəbuletməyə yönəlmişdir. Halbuki, söhbət bir gəncin talehindən və bir gəncin göz görə-görə necə bütün mirasdan məhrum edilməsindən gedirdi. Hakimlər həmçinin ağsaqqal və bir ağbirçək kimi cəmiyyətdə olan neqativ halların aradan qalxmasına, cəmiyyətdə olan pis adətlərin və xoşagəlməz halların aradan qalxmasına çalışmaqla bununla bağlı lazımi məsləhətlər verməyi və lazımi addımlar ataraq mənəvi cəhətdən haqlı olan şəxslərin yanında durmalıdırlar. Lakin işə baxan hakim nə mənəvi cəhətdən bunu bacarmamış, həmçinin də qanuni cəhətdən də araşdırma aparmaq niyyətində qəti şəkildə olmamışdır. Məhkəmə işə baxarkən həmin evin ünvanının əvvəllər 13 olmasına baxmayaraq sonradan 13A ünvanına necə çevrilməsini araşdırmamış, iddiaçının Cavabdeh1 yeganə varisi kimi həmin evə mülkiyyət hüququmun olmasını nəzərə almamış, Cavabdeh1 övladı kimi bağışlama müqaviləsi imzalanarkən onun da buna razılığı tələb edildiyi halda qanunsuz olaraq bu edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Cavabdehlərin nümayəndəsi və vəkili apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, birinci instansiya məhkəməsində mülki işə baxılan zaman iş üzrə icraatın dayandırması üçün qanunvericilikdə qeyd edilən halların heç biri mövcud olmamışdır. Qeyd edir ki, əvvəla bağışlama müqaviləsinin etibarsızlığı barədə iddianın aidiyyəti Bakı İnzibati Məhkəməsi deyildir, daha sonra isə çıxarışın verilməsinə əsas olmuş sənəd qüvvədə olduğu halda çıxarışın ləğv edilməsi də mümkün deyildir, bu səbəbdən elə iddiadan göründüyü kimi iddia mümkünsüz bir iddia idi və Bakı İnzibati Məhkəməsi də həmin iddianı mümkün saymadı. Daha sonra, əgər iddiaçının evdən istifadə hüququ mülki işə mövcud idisə, o zaman bu bağışlama müqaviləsinin və mənzilin çıxarışın etibarlılığı ilə bağlı olan bir məsələ deyildir. İddiaçının digər arqumenti isə ondan ibarətdir ki, məhkəmə iddiaçının Cavabdeh1 yeganə varisi kimi həmin evə mülkiyyət hüququnun olmasını nəzərə almamış, Cavabdeh1 övladı kimi bağışlama müqaviləsi imzalanarkən iddiaçının da buna razılığı tələb edildiyi halda qanunsuz olaraq bu edilməmişdir, beləliklə də hakim onun mülkiyyət hüququnu və yaşayış və istifadə hüquqlarını pozmaqla qətnamə qəbul etmişdir. Apellyatorun bu dəlilinin də heç bir əsas yoxdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. İddiaçının atası Cavabdeh1 sağdır və miras əmlakla bağlı ümumiyyətlə mübahisə mövcud ola bilməz. Vərəsəlik məsələsi mirasa qoyan vəfat etdikdən sonra həll olunur və miras qoyan vəfat edənə qədər mülkiyyətindəki əmlaka öz mülahizəsinə əsasən sərəncam verə bilər. Ev iddiaçının mülkiyyətində deyildir. Hal-hazırda isə iddiaçı ümumiyyətlə mənzilin mülkiyyətçisinin varisi deyildir. Mənzilin mülkiyyətçisi Cavabdeh2 ilə iddiaçı arasında ümumiyyətlə qohumluq əlaqələri mövcud deyildir, o, iddiaçının atası Cavabdeh1 ikinci rəsmi nikaha daxil olduğu arvadıdır. Cavabdeh1 tərəfindən həmin ünvanda yerləşən ev və torpaq sahəsi 2022-ci ildə onun arvadı və ikinci cavabdeh olan – Cavabdeh2 Əhməd qızına bağışlanmışdır. Hazırda ev və torpaq sahəsi Cavabdeh2 Əhməd qızının mülkiyyətindədir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarı. 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir..... 2000-ci ilin sentyabrın 1-dən qüvvədə olan MM-in 228.1 və 228.2-ci maddələri mülkiyyətçinin hüquqlarını daha çox müdafiə edərək yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə istifadə hüququ arzulayan şəxs arasında notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur və eyni zamanda bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb edir. Maddənin əsas dispozitiv şərtindən də göründüyü kimi, hər hansı yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün orada yaşayan şəxslə mənzilin mülkiyyətçisi arasında razılaşma əldə edilməli və bu razılaşma notariat qaydasında təsdiqlənməlidir. Lakin iddiaçı ilə evin mülkiyyətçisi Cavabdeh2 arasında belə bir razılaşma mövcud deyildir. İddiaçının nənəsinin sağlığında və son illərdə mübahisəli evdə daimi əsaslarla yaşamasına dair iddiaçı heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, onun təqdim etdiyi 3 şahidin ifadələri bir-birinə ziddiyyətli olmuşdur. İddiaçının doğma xalası olan Şahid6 bildirmişdir ki, o, Suraxanı qəsəbəsində yerləşən evdə olmamışdır, hətta iddiaçının nənəsi olan xalası həmin evdə yaşayıb vəfat etdiyi halda belə yasda da iştirak etməmişdir. Belə olan halda həmin şəxsin iddiaçının mübahisəli evdə yaşayıb-yaşamaması barədə məlumatlı ola bilməzdi. İddiaçının doğma dayısı olan Şahid5 bildirmişdir ki, iddiaçı Lənkəranda olmayıb, hərdən ata babasıgilə gəlirdi (şahid Nigər Kəlbiyevanın ifadəsi ilə kəskin ziddiyyət), 2016- 2017-ci illər idi, bacısının rəhmətə getdiyini dedilər, o da təcili gəldi. Arada 1-2 dəfə gəlmişdir. Mübahisəli evdə 1-2 dəfə olan Şahid5 də iddiaçının mübahisəli evdə daimi yaşayıb yaşamaması barədə məlumatlı ola bilməzdi. Bir-birinə kəskin ziddiyyətli ifadə verən iddiaçının şahidlərinin ifadələri mötəbər sübut hesab edilə bilməz. Üçüncü şahid isə iddiaçının yaxın dostudur və təbiidir ki, o, iddiaçı ilə dost münasibətləri olduğuna görə onun maraqlarına uyğun ifadə verəcəkdir. Bir şahidin ifadəsi isə digər şahidin ifadələri ilə ziddiyyət təşkil etdikdə hesab edir ki, mötəbər sübut hesab edilə bilməz. Cavabdehlərin şahidlərinin ifadələrində isə ziddiyyət yoxdur, həmin ifadələr bir-birlərini tamamlayır və mötəbərdir. Həmin şahidlər qeyd edirlər ki, mübahisəli ev iddiaçının yaşayış yeri olmamışdır. Onu da qeyd edir ki, iddiaçının valideynlərin arasında bağlanılmış nikah xx.xx.1995-ci il tarixdə pozulmuşdur. Həmin qətnamə mülki işin materiallarında mövcuddur. Qətnamədə qeyd edilməməsinə baxmayaraq, İddiaçı həmin tarixdən faktiki olaraq anası Nümayəndə ilə birlikdə yaşamışdır. İddiaçının özünün təqdim etdiyi Şahid6 (iddiaçının doğma xalası) bildirmişdir ki ”Davudun ana və atası 1995-ci ildə boşandılar, Davudun 3- 4 yaşı var idi, boşanandan sonra onlara gəldilər. Davud 4 sinfi onların yanlarında qurtardı, Lənkəranda 1 nömrəli məktəbdə oxuyurdu. ...Davud 13-14 yaşına qədər Lənkəranda şahidin anasıgildə qalırdı. Yeganə övlad olan iddiaçının doğma anası olduğu halda və anasının yeni ailəsi olmadığı halda anasından ayrı - Cavabdeh2 yanında daimi əsaslarla yaşaması da ağlabatan və inandırıcı deyildir. Onu da qeyd edir ki, iddiaçı üçün Bakı şəhərinin Binə qəsəbəsində yaşayış üçün tam yararlı həyət evi alınmışdır, lakin o, həmin yaşayış evinə getmədiyi üçün ev də sənədi olmadığı üçün başqa şəxslər tərəfindən zəbt edilmiş və əldən çıxmışdır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

32. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, xalası Şərqiyyə o evi alanda ora hazır idi. Oğlu yeganə varis olduğu üçün onu Suraxanıdakı evə qeydiyyata saldırıb. Xalası dünyasını dəyişdikdən sonra bütün bu hadisələr başladı. Xalası cavabdehə başqa bir ev almışdı. Ancaq o evə illərlə buraxmadılar. O, 30 ildən çoxdur ki, hələ də kirayədə yaşayır. Əgər ona ev təklif edilsəydi, oğlu ilə birlikdə həmin evə gedərdi. O evə onları əvvəl xalası buraxmamışdır. Onlar ayrıldıqdan sonra oğlu yanında idi. X1 inanmırdı. Xalası öldükdən sonra Cavabdeh1 X11 qeydiyyata saldırıb. Oğlu orada qeydiyyatda olub və yaşayıb. Oğlu 4-cü sinifə qədər Lənkəran şəhərində təhsil alıb. 4-cü sinifdən sonra oğlu ilə birlikdə Bakı şəhərinə gəlmişlər. O, yeganə varis olduğu üçün nənəsi onu çox istəyirdi. Xalası demişdi ki, iddiaçını göndərsin onlarla yaşamağa. Özü kirayədə yaşadığı üçün xalası istəmədi nəvəsi başqa şəxslərin evində yaşasın. Oğlu orada yaşayıb, oradan məktəbə, hərbi xidmətə gedib. Xalası ilə münasibətləri yaxşı idi, ona qarşı xəyanət olduğu üçün acıq edib getmişdir. Oğlu yeganə varis idi. Oğlu orada yaşayanda onun yanına həftədə iki-üç dəfə gedirdi, ona paltar alırdı, ad günlərini qeyd edirdi. Suraxanıdakı evi 2005-2006-cı ildə aldıqdan sonra oğlu oraya köçüb və daimi orada yaşayıb. 7-ci və ya 8-ci sinifdə oxuyanda qeydiyyata düşmüşdür. 2021-ci ildə oğlunu evdən qovdular. Dörd ildir ki, cavabdeh Elxan ilə o və bacısı danışıqlar aparmağa çalışır və xahiş edirdilər ki, oğlunu evə buraxsın. Elxan onun xalası oğludur. Onunla bacısı arasında səs yazısı var. O, həmin səs yazısında bildirir ki, evi anası alıb və o öldükdən sonra ev iddiaçınındır. Məhkəmə sübutları qəbul etmədi. Oğlu qeydiyyatdan çıxarıldığını məhkəmədə bilib. Onlara yaxın olan qohumlara oğlunun orada yaşamaması ilə bağlı sənəd imzaladıblar. Oğlunu qeydiyyatdan çıxartdıqdan sonra 2022-ci ildə evi X10 bağışlayıb. Ev üç otaqlıdır və bi otaq iddiaçının olmuşdur.

33. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, Nümayəndə dayısı şahid olaraq bildirir ki, Şərqiyə xanımın sağlığı dövründə və dünyasını dəyişdikdən sonra da həmin ev mövcud olmuşdur. Hökm üzrə zərərçəkən şəxs Cavabdeh1dur. Əgər həqiqətən də həmin ev iddiaçı tərəfə verilmişdirsə, mülki iddia qaldırsın və pulu onlara təqdim etsin. Onlar birinci instansiya məhkəməsi icraatı zamanı 13 və 13A ünvanları ilə bağlı sorğu ilə müraciət etmişlər. Lakin cavab verilməmişdir. Vərəsəlik şəhadətnaməsində 13 olaraq qeyd edildiyini gördükdən sonra yenidən geniş məzmunlu sorğu tərtib etmişdir. Sorğuya cavabda qeyd edilmişdir ki, 13 ünvanı rekvizitdə təkrarlandığı üçün 13A ilə dəyişdirilmişdir. Belə başa düşülür ki, əvvəllər ünvan 13 olmuşdur və iddiaçının da qeydiyyat ünvanı həmin ünvandır. Ev orda var idi, 2015-ci ildə torpaq sahəsi alqı-satqı olmuşdur, ola bilsin başqa şəxsin adında olub alqı-satqı etməyiblər, sonradan rəsmiləşdiriblər. Lakin mərhumun qardaşı şahid olaraq bildirir ki, 2005-ci ildən oraya gedibgəlmişdir.

34. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Həmçinin bildirdi ki, torpaq iddiaçının nənəsinin adına alqı-satqı olmuşdur. O, dünyasını dəyişdikdən sonra vərəsəliklə oğlunun adına keçib. Daha sonra X8 atası da maddi kömək etmiş və orada ev inşa etmişdirlər və orada yaşamışdırlar. Reyestr Xidmətində qeydiyyata alındıqdan sonra bağışlama qaydasında X8 adına keçmişdir. Rekvizitin təkrarlanması ilə bağlı məktuba münasibətdə bildirir ki, küçədə olan evlərin sənədləri olmamış və icra nümayəndəliyində 15 ev 13 ünvanı kimi qeydiyyata alınmışdır. İddiaçının hansı evə qeydiyyata alındığı barədə məlumatı yoxdur. Ancaq evin ünvan olaraq nömrəsi 13A–dır. Orada 13 nömrəli bir neçə ev var. İddiaçının təqdim etdiyi şahidlərdən Nigar xanım iddiaçının 13-14 yaşına qədər Lənkəranda yaşadığını bildirir, həmin şahid evdə olmadığı halda iddiaçının həmin evdə yaşadığını necə deyə bilər? Bundan başqa, digər şahid iddiaçının dayısı Şahid5 bildirib ki, iddiaçı Ləkəranda olmayıb və hərdən nənə-babasıgilə gedib. Şahidlərin ifadələri ziddiyyətlidir. Üçüncü şahid isə iddiaçının yaxın dostudur. Hesab edir ki, bu mötəbər sübut hesab oluna bilməz. Tərəfindən təqdim olunan şahidlər isə hər iki tərəfə qohum olan şəxslərdir. İddiaçı əgər orada yaşayırdısa, nənəsinin dəfn mərasimində iştirak edərdi. O, nənəsinin dəfn mərasimində iştirak etməmişdir. Evi 2017-ci ildən tikməyə başlayıblar. Ora əvvəllər yarımçıq tikili olmuşdur, yaşayış üçün şərait olmamışdır.

Tətbiq edilən hüquq

35. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

36. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər.

37. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.09. 2020-ci il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

38. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.09. 2020-ci il tarixli Qərarı Qeyd olunduğu kimi, cavabdeh M.Bəylərov münasibətlərin yarandığı 2001-ci ildə mübahisəli evin mülkiyyətçisi olmamış, ev onun yalnız sahibliyində və istifadəsində olmuşdur. Bu baxımdan, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, dövlət qeydiyyatından keçməmiş mübahisəli evə iddiaçının istifadə hüququnun yaranması ilə bağlı mübahisə tərəfləri arasında notariat qaydasında təsdiqlənmiş razılaşmanın (müqavilənin) olmamasına apellyasiya instansiyası məhkəməsi tərəfindən istinad edilməsi iş üzrə maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə nəticələnmişdir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, mübahisəli yaşayış evi 2 iyul 2011-ci il tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə Ərazi İdarəsi tərəfindən xüsusi mülkiyyət hüququ əsasında cavabdeh M.Bəylərovun adına dövlət qeydiyyatına alınmışdır. Daşınmaz əmlakın dövlət qeydiyyatına alınması M.Bəylərovun mübahisəli evə məhz bu andan sərəncam vermək hüququnun həyata keçirilməsinin hüquqi faktı kimi qəbul edilməklə, həmin daşınmaz əmlaka dair onunla digər ailə üzvləri arasında yaranan mülki və mənzil münasibətlərinə təsir göstərir. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin müddəalarına görə tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir.

39. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

41. Hazırkı işdə iddia rədd olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən qətnamə tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Belə ki, iddiaçının tələbi qeydiyyatda olduğu Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsi ünvanında yerləşən 13 nömrəli evə köçürülmə və cavabdehlər tərəfindən törədilən maneənin aradan qaldırılması ilə bağlıdır.

44. İşdən müəyyən olunur ki, sözügedən ünvanda olan torpaq sahəsi iddiaçının nənəsi X12 tərəfindən xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən əldə edilmiş, həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evi mövcud olmuş və iddiaçı həmin ünvanda yaşayış yeri üzrə qeydiyyata alınmışdır.

45. X12 vəfat etdikdən sonra sözügedən torpaq sahəsi onun vərəsəsi olan oğlu – Cavabdeh1 mülkiyyətinə keçmiş, üzərində olan fərdi yaşayış evi isə xx.xx.2018-ci il tarixində dövlət reyestrində qeydiyyata alınmış və ünvan “ünvan 8yd edilmişdir.

46. Yuxarıda istinad olunan Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə olunan hüquqi mövqeyə görə şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

47. Həmçinin, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır.

48. Mənzil Məcəlləsinin yuxarıda istinad olunan normalarına əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər.

49. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının atası - Cavabdeh1 ilə birlikdə sözügedən fərdi yaşayış evində yaşaması mötəbər sübutlarla, o cümlədən iş üzrə iddiaçı tərəfin təqdim etdiyi şahidlərin ifadələri ilə təsdiq edilmir. Belə ki, şahidlərin bildirdikləri iddiaçının daimi olaraq sözügedən ünvanda yaşaması barədə qənaətə gəlməyə əsas vermir.

50. Bundan başqa, iddiaçının doğma anası uzun müddət Bakı şəhərində yaşadığı təqdirdə onunla deyil, atasının hazırda nikahda olduğu arvadı ilə bir evdə daimi olaraq yaşaması ağlabatan və inandırıcı deyil.

51. Həmçinin, iddiaçının anası (nümayəndəsi) məhkəmə iclasında bildirmişdir ki, həmin evə oğlunun yanına həftədə iki-üç dəfə getmiş, ad günlərini qeyd etmişdir. Kollegiya qeyd edir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli, 2-136 nömrəli qətnaməsi ilə iddiaçının anasının cavabdehlər X15 və başqalarına qarşı mənzilə köçürülmə tələbinə dair iddiası təmin olunmamış, qarşılıqlı iddia isə təmin olunaraq onun Bakı səhəri, Naxçıvanski küçəsi 75 saylı evin, 25 saylı mənzilində yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi qət edilmişdir. İddiaçının valideynləri arasında daha əvvəl mənzil mübahisəsinin olması, X13 yenidən nikaha daxil olması nəzərə alındıqda iddiaçının anasının mütəmadi olaraq həmin evə oğlunun yanına gedib-gəlməsi inandırıcı deyil.

52. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının köçmək istədiyi fərdi yaşayış evi hazırda Cavabdeh2 Əhməd qızının mülkiyyətindədir. İddiaçı isə onun ailə üzvü deyil, mülki qanunvericiliyin tələblərinə əsasən onunla istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı barədə notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlanmamışdır.

53. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının sözügedən fərdi yaşayış evindən istifadə hüququ olmadığına görə onun həmin evə köçürülməsi, yaşamağına cavabdehlər tərəfindən törədilən maneənin aradan qaldırılması barədə tələbi təmin edilə bilməz.

54. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, hazırki iş üzrə icraatın dayandırılması üçün mülki-prosessual qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olmamışdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, məhkəmə iş üzrə icraatı dayandırmalıdır. Həmin maddədə nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın.

55. İddiaçının Cavabdeh1 yeganə varisi kimi həmin evə mülkiyyət hüququnun olmasının nəzərə alınmaması, Cavabdeh1 övladı kimi bağışlama müqaviləsi imzalanarkən onun da buna razılığının tələb olunduğu barədə dəlillərlə bağlı kollegiya qeyd edir ki, fərdi yaşayış evinin mülkiyyətçisi cavabdeh olmuş, mülkiyyətində olan evə dair sərəncam verərkən iddiaçının razılığının alınması isə mülki qanunvericilikdə nəzərdə tutulmamışdır.

56. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)- 1757/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar