Məhkəmə qərarları › İş №2(016)-733/2025

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-733/2025

01.09.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-733/2025 01.09.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X16 Natiq oğlunun sədrliyi, Cəbrayılova Könül Alov qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış evinə köçürülmə, həmin evin həyətyanı torpağından və birgə mülkiyyətdə olan pay torpağından istifadə etməyinə hər cür maneənin aradan qaldırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Ağsu rayonu, Zərqava kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsini, evin yardımçı və həyətyanı sahəsindən, kommunal xidmətindən istifadəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən hər cür maneələrin aradan qaldırılmasını, DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********38, qeydiyyat nömrəsi ********** olan çıxarışdan Ağsu rayonu, Zərqava kəndində İddiaçı da daxil olmaqla 6 nəfərdən ibarət ailə üzvlərinin 1,1808 ha birgə paylı mülkiyyətləri və reyestr nömrəsi **********37, qeydiyyat nömrəsi ********** olan çıxarışda isə 0,5979 ha birgə paylı mülkiyyətləri olan torpaq sahələrindən ona düşən paydan maneəsiz olaraq istifadə hüquqlarının tanınmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun atası X6 öləndən sonra aşağıdakı ailə üzvləri qalmışdır: 1. Anası: Cavabdeh1; 2. Özü: İddiaçı, 3. Qardaşı: Cavabdeh2, 4. Bacısı: X9, 5. Bacısı: X8. O və qardaş-bacılarının hamısı Ağsu rayonunun Zərqava kəndində doğulmuşlar və uşaqlıqları orada keçmişdir. Bacıları Ağsu şəhərinə və Sumqayıt şəhərlərinə ərə gedib orada yaşayırlar. X17 şəhərində X18 küçəsində fərdi həyət evində yaşayır, sonradan ona dövlət yaxşı ev tikdiyindən anasını da gətirib öz yanında saxlayır. O da gəlib Ağsu şəhərində qardaşı Fəyazla qonşuluqda koma kimi tikdiyi şəraitsiz bir damxada yaşayır. Oranın heç bir sənədi yoxdur, istənilən vaxtı dövlət nümayəndəsi onu oradan çıxara bilər. Qardaşı qonşuluqda onu yaşamağa qoymur, söz atır, mübahisə yaradır, buna görə dəfələrlə polis orqanına düşmüşlər. Onu da göstərir ki, şəraiti olsa anasını özü saxlayar. O, subaydır, 2 dəfə nikahsız evli olmuşdur. Yaşadığı iki qadından 2 həddi-buluğa çatmış iki övladı və biri 15 yaşında olan nənəsinin yanında qalan qızı var. O biri qızları da ərə gedib, uşaqları var. Odur ki, o hazırda tənha olaraq şəraitsiz damxada yaşayır, hamamı yox, ayaqyolusu, su quyusu yoxdur. İşsiz olduğundan qeydiyyata alınıb dövlətdən xırda buynuzlu heyvanlar almışdır. Ağsu rayonunun Zərqava kəndində əvvəl yaşadıqları ev boşdur. İstəyir ki, kəndə köçüb həmin evin bir otağında yaşasın və orada heyvanları saxlayıb, heyvan-qara işi ilə məşğul olsun. Lakin qardaşı Fəyyazın təsiri ilə anası izacə vermir və bildirir ki, heç cür oraya gedə bilməz. Baxmayaraq ki, bütün bacı və qardaşı həmin evə gedib-gələ bilir. Onu da göstərir ki, onu kənddən qardaşı arvad-uşağı ilə 7-8 il əvvəl oradan döyüb qovmuşlar, gəlib Ağsu şəhərində çayın qırağında palatkada qalmışdır. Qardaşı Fəyyaz isə 2 il sonra kənddən köçüb Ağsu şəhərində məskən salmış qonşuluğunda, orada da ona yaşamağa aman vermir. Bütün əmlakları istəyir ki, özü ələ keçirsin. Kənddəki evin torpaq sahəsinin sənədində onun da adı vardır, kənddəki paylı birgə mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində onun də payı vardır, lakin qardaşı Fəyyaz həmin paylı torpaq sahəsinin mülkiyyət hüquqna dair Çıxarışını alıb və onun da həmin torpaqlardan payını razılığı olmadan sənədsiz olaraq başqasına -kiməsə satmışdır. Kənddəki ev iki mərtəbəli, 5 otaqdan ibarətdir. Həyətdəki quruluğu da o, özü tikmiş, mal-qara saxlamış, tövlənin tikintisinin əsas işini o görmüşdür. Kənddəki evin və həyətyanı torpaq sahəsinin mülkiyyət hüququna aid sənədi aşağıdakıdır: Ağsu rayonu Aqrar İslahat komisiyasınm 25 dekabr 1998-ci il tarixli və 15 saylı qərarı əsasında mülkiyyətlərinə verilmiş J№ -012A KOD 40913028 olan Şəhadətnamədə o da daxil olmaqla 6 nəfərdən ibarət ailə üzvləri 0.08 h. həyətyanı torpaq sahəsi və üzərində 54,9 kv.m yaşayış evi vardır. Onun tələbi odur ki, həmin evin bir otağına köçürülüb orada yaşasın və həyətyanı torpaq sahəsindən öz payına düşən hissəsindən istifadə etsin. Onu da göstərir ki, Zərqava kəndində əvvəllər 100-ə qədər ev-ailə yaşayıb, sonradan çoxu başqa-başqa şəhərlərə köçdüyündən hazırda orada cəmi 10-a yaxın ailə yaşayır. O da kənddəki evə köçüb orada təsərrüfatla məşğul olmaq istəyir. O, kəndə gedəndə qardaşı Fəyyaz ona şər atır, polis vasitəsi ilə gətizdirir. Kənddəki evdən o bir çöp də olsun ona verilməmiş-götürməmiş, orada mal-qara saxlamış, malların hamısını atası satıb pulunu evə qoymuşdur, öləndən sonra hamısını Fəyyaz ələ keçirtmişdir. Evdə olan bibisindən qalmış 2 samovar, teşt və s. ev əşyalarının hamısını Fəyyaz yığışdırıb özünə götürüb aparmışdır. DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reestrindən reyestr nömrəsi **********38 qeydiyyat nömrəsi ********** olan Çıxarışda Ağsu rayonunun Zərqava kəndində o da daxil olmaqla 6 nəfərdən ibarət ailə üzvlərinin 1.1808 ha. birgə paylı mülkiyyətləri və reyestr nömrəsi **********37 qeydiyyat nömrəsi ********** olan Çıxarışda isə 0.5979 ha. birgə paylı mülkiyyətləri olan torpaq sahələrinin olması göstərilmişdir. Həmin torpaq sahələrindən isə öz payından maneəsiz istifadənin yaradılmasını tələb edir. İddiaçı məhkəmə iclaslarında iddia ərizəsində göstərilənləri müdafiə edərək tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında bildirmişdir ki, ev ərindən qalmışdır. Hazırda yay olduğu üçün oğlunun yanında qalır, qışda yenidən öz evinə qayıdacaq. İddiaçı olan oğlu onu incitdiyi üçün onunla birgə yaşamaq istəmir. İddianın təmin edilməməsini xahiş edir. Cavabdeh1 həmçinin xx.xx.2025-ci il tarixdə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq qeyd etmişdir ki, oğlu İddiaçı onu döyür, söyür, etdikləri xuliqan hərəkətlərinə artıq dözə bilmir. Bu insan onun sol qolunu sındırıb. Dəfələrlə polisə müraciət etmiş, 10-15 gün şöbədə həbsdə yatıb, yenə də öz hərəkətlərindən əl çəkmir. O, Zərqava kəndində evində qala bilmir, hal-hazırda oğlunun Ağsuda evində gizlənir, nə vaxta kimi belə yaşayacaq? Yaşlı qadındır, dərdini kimə desə oğlu daha da quduzlaşır. Oğlu dəfələrlə onu öldürməsi, yandırması ilə hədələyib. Odur ki, oğlunun həbs edilməsini xahiş edir, əks halda oğlu onu öldürə bilər. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında müstəqil tələb irəli sürməyən 3-cü şəxs X8 izahat verərək bildirmişdir ki, ev anasına məxsusdur, qardaşına verilməsini istəmir. Qardaşının özünün ayrı evi var. Onlar o evdə yaşamırlar. İddianın təmin edilməməsini xahiş edir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında müstəqil tələb irəli sürməyən 3-cü şəxs X9 izahat verərək bildirmişdir ki, ev anasına məxsusdur, qardaşına verilməsini istəmir. Qardaşının özünün ayrı evi var. Onlar o evdə yaşamırlar. İddianın təmin edilməməsini xahiş edir. Cavabdeh2 xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə məhkəməyə ərizə ünvanlayaraq qeyd etmişdir ki, qardaşı İddiaçı həmin kənddə Səbinə Qasımova adlı şəxsdən yaşayış evi alıb vermişdirlər. Seymur kənddə spirtli içki içərək nalayiq söyüşlər söydüyü üçün kənd camaatının gözündən düşmüş və kənddə qaçaraq Ağsu şəhəri, M.Əliyev küçəsində çay qırağında məskunlaşmışdır. Bununla belə Seymura ailəvi köməklik etmişlər. Hazırda 2 otaqlı, 1 hektardan çox həyətyanı sahəsi olan evdə yaşayır. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və iddianın təmin eilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Ağsu rayon İcra Hakimiyyəti Başçısının Nuran kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş, xx.xx.2025-ci il tarixli, 5-34- 24/2-3-23/2025 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən Ağsu rayonunun Zərqava kəndində qeydiyyatda olmaqla, Ağsu rayonunda yaşayır. - Azərbaycan Respublikası Ağsu rayon İcra Hakimiyyəti Başçısının Nuran kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş, xx.xx.2025-ci il tarixli, 5-34- 24/2-3-25/2025 nömrəli arayışdan görünür ki, İddiaçı mərhum atası X6 xx.xx.2021-ci ildə vəfat etmişdir və vəfat etdiyi günə kimi Ağsu rayonunun Zərqava kəndində qeydiyyatda olmuş və yaşamışdır. Mərhumun vəfatından sonra aşağıdakı varisləri qalmışdır: 1. Arvadı -Cavabdeh1; 2. Oğlu - İddiaçı; 3. Oğlu - Cavabdeh2; 4. Qızı - X9; 5. Bacısı - X8. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, qeydiyyat nömrəsi ********** nömrəli, qeydiyyat tarixi xx.xx.2022-ci il tarixli, daşınmaz əmlakın reyestr nömrəsi **********38 olan, ümumi sahəsi 1,1808 ha olan, Ağsu rayonu, Zərqava kəndində yerləşən torpaq sahəsi Cavabdeh1, İddiaçı, Cavabdeh2, X9, X8 və X2 ümumi birgə mülkiyyətindədir. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, qeydiyyat nömrəsi ********** nömrəli, qeydiyyat tarixi xx.xx.2022-ci il tarixli, daşınmaz əmlakın reyestr nömrəsi **********37 olan, ümumi sahəsi 0,5979 ha olan, Ağsu rayonu, Zərqava kəndində yerləşən torpaq sahəsi Cavabdeh1, İddiaçı, Cavabdeh2, X9, X8 və X2 ümumi birgə mülkiyyətindədir. - JN - 012A KOD 40913028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Ağsu rayonu Aqrar İslahat komisiyasının 25 dekabr 1998-ci il tarixli və 15 saylı qərarı əsasında Ağsu rayonu, Zərqava kəndində 0,08 hektar həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi (tikinti altı 83,5 kv/m, yaşayış evi 54,9 kv/m, başqa tikililər 28,6 kv/m) X1, Cavabdeh1, İddiaçı Adıgözəl oğlunun, Cavabdeh2 Adıgözəl oğlunun, X5, X3 mülkiyyətlərinə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı anası və qardaşı tərəfindən mülkiyyət hüququna malik ata evindən və torpaq sahəsindən istifadə edilməsinə imkan vermirlər. Bu səbəbdən iddiaçı məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. JN - 012A KOD 40913028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə Ağsu rayonu Aqrar İslahat komisiyasının 25 dekabr 1998-ci il tarixli və 15 saylı qərarı əsasında Ağsu rayonu, Zərqava kəndində 0,08 hektar həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi (tikinti altı 83,5 kv/m, yaşayış evi 54,9 kv/m, başqa tikililər 28,6 kv/m) X1, Cavabdeh1, İddiaçı Adıgözəl oğlunun, Cavabdeh2 Adıgözəl oğlunun, X5, X3, Dövlət reyestrindən çıxarışa əsasən qeydiyyat nömrəsi ********** nömrəli, qeydiyyat tarixi xx.xx.2022-ci il tarixli, daşınmaz əmlakın reyestr nömrəsi **********38 olan, ümumi sahəsi 1,1808 ha olan torpaq sahəsi və qeydiyyat nömrəsi ********** nömrəli, qeydiyyat tarixi xx.xx.2022-ci il tarixli, daşınmaz əmlakın reyestr nömrəsi **********37 olan, ümumi sahəsi 0,5979 ha olan, Ağsu rayonu, Zərqava kəndində yerləşən torpaq sahəsi Cavabdeh1, İddiaçı, Cavabdeh2, X7, X4 və X2 ümumi birgə mülkiyyətindədir. Göründüyü kimi İddiaçı iddiada qeyd olunan ev və torpaq sahələri üzrə mülkiyyət hüququ vardır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı mülkiyyətçisi olduğu ev və torpaq sahəsindən istifadə edilməsinə yaradılan maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətində maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM): 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinin 3-cü bəndinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı paylı mülkiyyətçi olmaqla fərdi yaşayış evində yaşamağa, eyni zamanda torpaq sahəsindən istifadəyə faktiki maneələrlə üzləşmişdir. Halbuki qanunvericiliyin sadalanan müddəalarına əsasən paylı mülkiyyətçilər mülkiyyət obyekti üzərində bərabər hüquqlara malikdirlər və əmlakdan istifadə qaydaları onların razılığı ilə müəyyən olunur. Razılıq əldə edilə bilmədikdə isə, hazırki halda mübahisə məhkəmə qaydasında həll edilir. İddia tələbinin İddiaçı JN-012A, KOD 40913028 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Ağsu rayonu, Zərqava kəndində yerləşən fərdi yaşayış evinin bir otağına köçürülmə hissəsi ilə bağlı məhkəmə hesab edir ki, İddiaçı JN-012A, KOD 40913028 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən o, Ağsu rayonu, Zərqava kəndində yerləşən fərdi yaşayış evi üzrə birgə mülkiyyətçi olduğundan bu hissədə iddia qismən təmin edilməli, o, JN-012A, KOD 40913028 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Ağsu rayonu, Zərqava kəndində yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı JN-012A, KOD 40913028 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Ağsu rayonu, Zərqava kəndində yerləşən fərdi yaşayış evinə köçürülməli, evin yardımçı və həyətyanı sahəsindən, kommunal xidmətindən istifadəsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən hər cür maneələr aradan qaldırılmalı, Ağsu rayonu, Zərqava kəndində DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********38, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən 1,1808 hektar birgə paylı mülkiyyətləri və reyestr nömrəsi **********37, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən 0,5979 hektar birgə paylı mülkiyyətləri olan torpaq sahələrindən İddiaçı düşən paydan istifadəsinə hər cür maneələr aradan qaldırılmalı, iddia qalan hissədə təmin edilməməlidır. Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı JN-012A, KOD 40913028 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Ağsu rayonu, Zərqava kəndində yerləşən fərdi yaşayış evinə köçürülsün, evin yardımçı və həyətyanı sahəsindən, kommunal xidmətindən istifadəsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən hər cür maneələr aradan qaldırılsın, Ağsu rayonu, Zərqava kəndində DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********38, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən 1,1808 hektar birgə paylı mülkiyyətləri və reyestr nömrəsi **********37, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən 0,5979 hektar birgə paylı mülkiyyətləri olan torpaq sahələrindən İddiaçı düşən paydan istifadəsinə hər cür maneələr aradan qaldırılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar