Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5544/2021 05.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı cərimə borcunun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı cərimə borcunun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əsassız olaraq hesablanmış 457,70 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı "Azəriqaz" İB-nin Bakı X4 Departamentində qeydiyyatda olmaqla təbii qazın alqı-satqı müqaviləsi əsasında istifadəsində olan fərdi yaşayış evində təbii qazdan istifadə edir. İddiaçının istifadəsində olan fərdi yaşayış evinə “Azəriqaz” İB tərəfindən **********00196 nömrəli abonent kodu verilmiş və fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində Smart G4 markalı İtron tipli qaz sayğacı quraşdırılmışdır. 30.03.2018-ci il tarixdə “Azəriqaz” İB-nin nümayəndələri iddiaçıya məxsus fərdi yaşayış evindən bır neçə metr aralıda həyətdə quraşdırılmış Smart 04 markalı İtron tipli qaz sayğacının flyans birləşməsində plombun aşkar olunmaması səbəbindən 58/2250 nömrəli akt və daha sonrasında isə həmin akt əsasında 30.03.2018-ci il tarixində qərar qəbul etmişdir. Qəbul edilmiş Qərarda 2016 m³ qaz itkisinin yaranması səbəbindən abonent hesabına 403,20 manat məbləğində cərimə borcu qeyd edilmişdir. 12.2020-ci il tarixdə isə hansı səbəbdən yaranması bilinməyən 60,70 manat məbləğində cərimə borcu smart qaz sayğacına əlavə edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 izahatında məhkəməyə bildirdi ki, qardaşına məxsus ünvanda qaz sayğacı ümumi istifadədə olan küçədə yerləşir, iddiaçının həmin sayğaca nəzarət etməsi qeyri-mümkündür. Sayğaca nəzarət etmək vəzifəsi cavabdehin üzərinə düşür. İddiaçıya məxsus ünvanda quraşdırılmış sayğaca 2018-ci il ildə akt üzrə 403,20 manat cərimə borcu yazılmış, 2020-ci ildə isə həmin borcun məbləği 457,70 manatadək artmış və bunun əsasları iddiaçıya məlum deyil. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən bu cür əsassız cərimələmələr artıq adət halını alıb. Bunun qarşısı alınmalıdır. Belə ki, hər hüququ pozulmuş vətəndaşın məhkəməyə müraciət etməyə nə imkanı, nə də ki, savadı çata bilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30.03 (ili göstərilməyən) 58/2250 nömrəli aktın surətindən görünür ki, abonetn kodu **********00196 olan İddiaçı məxsus ünvanda quraşdırılmış sayğacın flyans birləşməsində plomb aşkar olunmamışdır. İş materiallarında olan “Azəriqaz” İstehsalat Birliyinin Bakı X4 Departamentinin 30.03.2018-ci il tarixli qərarından görünür ki, cəmi 2016 m³ qaz itkisi hesablanmış və itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan abonetn kodu **********00196 olan İddiaçı hesabından çıxarışdan görünür ki, abonentin ünvanında smart sayğac quraşdırılmış və illər üzrə sərfiyyat ödənilən pula mütənasib olmuşdur. 2018-ci ildə abonentə 403.2 manat məbləğində borc yazılmış, sonra 2018-ci ildən 2020-ci ilədək hər ay yüklənən puldan borca tutulmalar olmuş, 2020-ci ilin dekabr ayında isə yendən 60.7 manat məbləğində borc yazılmış və 2021-ci ilin yanvar ayına abonentin 457.7 manat məbləğində borcu mövcud olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafıəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə görə, mülki hüquqların müdafıəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafıəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə müvafiq olaraq, öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsiüçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən, dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə görə, istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçünnəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə vəistehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiqdövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” 12.05.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə görə, qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə müvafiq olaraq, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəməyə təqdim olunmuş sübutlarda iddiaçının hər hansı hüquq pozuntusuna yol verdiyi halı öz əksini tapmamışdır. Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Göründüyü kimi, qanunvericiliyin tələblərinə görə hazırkı mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, cavabdeh həmin vəzifəni icra etməmiş, hətta məhkəmə tərəfindən ona ünvanlanış sorğu da cavablandırılmamışdır. Beləliklə, qaz sayğacı iddiaçının evində deyil, ümumi istifadədə olan küçədə quraşdırılmış və ona iddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı sübut mövcud deyil. Sayğaca vaxtında baxış keçirilməsi isə birbaşa cavabdeh tərəfin vəzifəsidir və həmin vəzifə lazımi qaydada icra edilmədiyindən baş vermiş nəticələrə görə məsuliyyət də cavabdehə aiddir. İddiaçının mülkiyyətində olan evdə öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə borc hesablamışdır. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı (abonent kodu: **********00196) hesablanmış 457,70 (dörd yüz əlli yeddi manat yetmiş qəpik) manat məbləğində cərimə borcu silinsin. “Azəriqaz” İstehsalat Birliyindən dövlət rüsumuna görə 20 (iyirmi) manat məbləğində pul dövlət nəfinə tutulsun. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-5544/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5544/2021
05.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver