Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5557/2023 07.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə xx.xx.2023-cü il tarixli, ******* saylı AKT əsasında hesablanmış borcun silinməsinə və Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə silinmiş borc üzrə əlavə ödəniş məbləğindən istifadə edilməyən 280 manat pulun cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, təbii qazdan istifadəyə üzrə **********05070 saylı abonent istifadəçisidir. Təbii qazdan istifadəyə görə ödənişləri vaxtlı-vaxtında edir. 20 aprel 2023-cü il tarixdə "Azəriqaz” İB-nin əməkdaşları yaşadığı ünvandan sayğacı dövlət yoxlamasından keçirilməsi üçün çıxarmış və əvəzində yeni sayğac quraşdırmışlar. "Azəriqaz” İB-nin mənə göndərilmiş MSK № 14-2-2/3-5-4985/Q002 Aktda göstərilmişdir ki, rəyə əsasən sayğacın dövlət yoxlaması nəticəsində yararsız hesab edilməsi (sayğac ilişərək işlədiyindən plomblar açılaraq daxilinə baxış keçirildi, hesablama mexanizmini hərəkətə gətirən dişli çarxın kənar təsir nəticəsində kəsildiyi aşkar olundu. Sayğac istismara yararsızdır) göstərilmişdir. Sayğac yararsız hesab edilə bilər, lakin onda olan zədələrin onun tərəfindən yetirilməsi mümkün deyil. Bəlkə elə "Azəriqaz” İB-nin əməkdaşları sayğacı çıxaran zaman, ya da ki, sonradan həmin qüsurlar meydana gəlmişdir. Çünki həmin qüsurlar əvvəldən mövcud olsa idi, mütəmadi sayğaclara baxış keçirən idarə əməkdaşları bunu aşkar edər və bununla bağlı akt tərtib edərdilər, ya da ki, sayğacı çıxararkən bu barədə tərtib etdikləri aktda həmin qüsurlar göstərilərdi. Həmin Aktda özləri qeyd edirlər ki, plomblar açılaraq daxilinə baxış keçirildi. Müdaxilə onun tərəfimdən edilsəydi plomblar da yerində olmazdı. Əraziyə xidmət edən əməkdaşların işə qeyri-peşəkar yanaşması səbəbindən mən hər dəfə məhkəməyə müraciət etməli oluram bununla yanaşı əlavə olaraq maddi itkilərə məruz qalır. Bundan başqa, 17 noyabr 2019-cu il tarixdə də cavabdeh "Azəriqaz” İB-nin əməkdaşları əsassız olaraq ona borc hesablamış və özləri sayğacı yenisi ilə əvəzləmişdilər. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-6813/2022 saylı qətnaməsinə əsasən iddiam təmin edilərək yazılan 518 manat borcum silinmişdir. Daha sonra "X2"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Odur ki, dövlət yoxlamasını həyata keçirən şəxslər bunu qərəzli şəkildə aparmış və bilərəkdən yanlış səbəblər göstərmişlər. Bundan başqa, təqdim edilmiş abonent saldosunda onun əsassız borcunun 1944 manat olması göstərilmişdir. Həmin borcun hansı əsasla yaranması barədə idarəyə müraciət edib aydınlaşdırmaq istədikdə, idarə əməkdaşları borcun hansı əsasla yaranması səbəblərini ona izah etmədilər. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, evində sayğacı ilk dəfə dəyişdirdiklərində ona mexaniki tipli sayğac qoşmuşlar. Əvvəlki çıxarılan sayğaca görə də, cərimə hesablanmışdır. Həmin cəriməni ödədikdən sonra, onlara qarşı məhkəmədə borcun silinməsi ilə bağlı iddia qaldırmış, iddiası təmin edilmiş və 518 manat borcu silinmişdir. Lakin ödədiyi borc onun balansında saxlanılmışdır. Belə ki, həmin müddətdə istifadə etdiyi qaza görə ödənişləri, onun öz balansından silinmişdir. Silinməni özü də, müşahidə etmişdir. Həmin bu sayğac qoyulandan bir neçə ay sonra evə verilən qaz azalmağa başladı. Özü iddiaçının əməkdaşlarına bildirmişdir ki, evinə qaz az gəlir və demək olar ki, gəlmir. Əməkdaşlar bildirmişdilər ki, ola bilsin ki, qazın təzyiqi aşağı düşüb. Lakin eyni xətt üzərində yerləşən qonşusunun evində bu halı müşahidə etməmişdir. Onun şikayəti ilə sayğacı dəyişsələr də, həmin vaxt o, özü evdə olmamışdır. Quraşdırılan sayğac da, mexaniki olmuşdur. Sayğacın 5 plombu var ki, onlardan 4 ədədi sayğac qutusunun üzərində, 1 dənəsi ilə turbaya birləşən hissədədir. Həmin plomblar yerindədir. Onlara hər hansı müdaxilə etmədən xeyir əldə etmək mümkün deyil. Digər tərəfdən onun öz balansında 500 manat vəsaitdə qalıq 280 manat pul qalmışdır. Balansa pul ola-ola onun sayğaca hər hansı müdaxilə etməsinə belə ehtiyac yoxdur.
4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, keçən ilin sonunda Azəriqaz İB-nin əməkdaşları sayğacın istifadə müddəti bitdiyinə görə çıxarmışlar, əvəzində yeni sayğac quraşdırmışlar. Bu zaman Azəriqaz İB-nin əməkdaşları ona əsassız yerə 518 manat borc yazmışdırlar. Borcun silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iddiaya məhkəmədə baxılan zaman sayğaca 518 manat pul qoymuşdur və nəzarətçiyə iddiaya məhkəmə baxılıb qurtaranadək onu narahat etməməsini bildirmişdir. Çünki nəzarətçi hər dəfə gəlib qazı bağlayırdı. Hətta bir dəfə nəzarətçinin qazı bağlayıb sonrada açması nəticəsində evə qaz dolmuşdur və uşağı qazdan zəhərlənmişdir. Binəqədi Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə iddiası təmin edilərək ona əsassız yerə hesablanmış borc silinmiş, pul vəsaiti balansına qayıtmışdır. Daha sonra evində təbii qazın təzyiqi azaldı və Azəriqaz İB-nə zəng edərək qazın təzyiqin azalması barədə məlumat vermişdir. Bu problemin ümumi problem olduğunu və yaxın vatlarda düzələcəyini bildirdilər. Lakin üstündən 1 ay keçməsinə baxmayaraq yenə də qazın təzyiqi artmamışdır. Bu barədə qonşulardan maraqlandıqda onlarda qazın verilməsində hər hansı bir problemin olmadığını bildirdilər. Əraziyə baxan nəzarətçiyə zəng etmişdir. Azəriqaz İB-nin əməkdaşları sayğaca baxış keçirdilər və sayğacın dəyişdirilməsini bildirdilər. xx.xx.2023-cü il tarixdə yaşadığı ünvandan sayğacı dövlət yoxlamasından keçirilməsi üçün çıxarmışlar və əvəzində yeni sayğac quraşdırmışlar. Azəriqaz İB-nin əməkdaşları sayğacı dəyişən zaman sayğacda 280 manat ola-ola ona bir daha əsassız olaraq 1200 manat cərimə yazmışlar. Hesab edir ki, əraziyə baxan nəzarətçi onunla prinsip aparır. O, təbii qazdan istifadəyə görə ödənişləri vaxtı-vaxtında edir. Evə dair bələdiyyə qərarı var. Komunal müqavilələr onunla bağlanıb. Sonuncu dəfə sayğacı dəyişəndə mexaniki sayğac quraşdırdılar.
5. Cavabdeh tərəfindən xx.xx.2023-ci il tarixində elektron qaydada iddiaya daxil olmuş və etirazda bildirilmişdir ki, İddiaçı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İB-yi tərəfindən qəbul olunmuş təbii X2nın pozulması haqqında ******* saylı aktın etibarsız edilməsi, həmin akt əsasında hesablanmış 1555,20 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bildiririk ki, iddia ərizəsi tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********05070 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış sayğac çıxarılaraq yoxlanılması üçün Cavabdeh İB-nin Metrologiya Departamentinin laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə” MSK -14-2-2/3-5-4985/Q002 saylı Akta əsasən “Sayğaca ümumi baxış keçirildi.Sayğac ilişərək işlədiyindən plomblar açılaraq daxilinə baxış keçirildi ,hesablama mexanizmini hərəkətə gətirən dişli çarxın kənar təsir nəticəsində kəsildiyi aşkar olundu.Sayğac istismara yarasızdır.” barədə rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii X2nın pozulması haqqında” Akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 12960 m3 təşkil etmişdir. Hesablanmış 1550,20 manat məbləğində dəymiş ziyan 2023-cü ilin may ayından abonentin koduna yerləşdirilmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında İddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində itirilmiş qazın bərpasının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “X2”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqı barədə müqavilənin 2.2.6-cı bəndi (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi çıxış etsə də, iddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsaslanan hesablanmış zərərin əvəzi kimi ona yazılmış borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur. Bir daha bildiririk ki, **********05070 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)”. 443.2-ci maddəsinə əsasən “Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir”. 21.1-ci maddəsinə əsasən “Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın”. 1091.1-ci maddəsinə əsasən “Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Göründüyü kimi, iddiaçının sayğaca müdaxilə etməsi Cavabdeh İB-nin əməkdaşları tərəfindən aşkar edilmiş və bu qanunazidd hərəkət nəticəsində dəymiş ziyanın əvəzi olaraq iddiaçının abonent hesabına borc hesablanmışdır. Halbuki, iddiaçı ona müvafiq müqavilə ilə quraşdırılan sayğaca güya müdaxilə etməməsini qeyd edərək, məhkəmədə yalnış təsəvvür yaradaraq, dəymiz ziyanın silinməsinə və uydurma məbləğ əldə edərək əsassız varlanmağa çalışır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar:
6. Cavabdeh İB-nin qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü Mədən, Korpus 124 ünvanında mexaniki tipli, G-4 markalı, **********4 nömrəli sayğac yeni sayğazla əvəz edilmiş, yerinə mexaniki tipli, G-4 markalı, **********6 nömrəli sayğac quraşdırılmışdır. Sayğacın çıxarılma səbəbi kimi “sayğac ilişə-ilişə işləyir” kimi qeyd edilmişdir.
7. Təbii X2nın pozulması haqqında ******* saylı, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, istehlakçı İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü Mədən, Korpus 125-də ünvanında yerləşən abonent kodu **********05070 olan sayğaca ümumi baxış keçirilmiş, sayğacın hesablama mexanizmini hərəkətə gətirən dişli çarxın kənar təsir nəticəsin kəsildiyi qeyd edilməklə, dəymiş ziyanın hesablanmalı olması göstərilmişdir.
8. Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli №MSK-14-2-2/3-5- 4985/Q002 №-li aktına əsasən **********4 №-li sayğaca baxış keçirilmiş, sayğac ilişərək işlədiyindən plomblar açılaraq, daxilinə baxış keçirilmiş, hesablama mexanizmini hərəkətə gətirən dişli çarxın kənar təsir nəticəsində kəsildiyi aşkar olunmuş və sayğac istismara yararsız hesab edilmişdir.
9. Bakı Regional Qazın Satışı Departamenti İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən tərtib edilən 31 may 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı kimi İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-ci Mədən, Korpus 124 ünvanında yerləşən və abonent kodu **********05070 olan sayğacda aşkar edilmiş nöqsan kimi Sənaye və məişət qaz sayğaclarının kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli 14-2-2/3-5-4985/Q002 №-li aktına əsasən G-4 markalı **********4 №-li sayğacın hesablama mexanizmini hərəkətə gətirən dişli çarxın kənar təsir nəticəsində kəsildiyi qeyd edilmiş və nəticədə 31 may 2023-cü il tarixli ******* saylı akta əsaslanmaqla dəymiş ziyan 12960 kub.m məbləğində hesablanmışdır.
10. Abonentin saldosundan görünür ki, İddiaçı abonent hesabına(abonent kodu:**********05070) akta görə 2023-cü ilin may ayında 1555,2 manat borc yazılmışdır.
11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6813/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqindən görünür ki, Cavabdeh İB tərəfindən İddiaçı (abonent kodu: **********05070) əsassız hesablanmış 518,40 manat məbləğində borcun silinməsi və s. qət edilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
12. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-ci Mədən, Korpus 124 ünvanında yerləşən fərdi yaşayış evində qazdan istifadə ilə bağlı Cavabdeh ilə İddiaçı arasında müqavilə münasibətləri vardır. İstehlakçının müraciətindən sonra xx.xx.2023-cü il tarixində Mexaniki tipli, G-4 markalı **********4 №-li sayğac çıxarılmış və yerinə mexaniki tipli, G-4 markalı, **********6 nömrəli sayğac quraşdırılmışdır. Bu barədə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı, xx.xx.2023-cü il tarixli AKT tərtib edilmiş və həmin AKT istehlakçı tərəfindən də imzalanmışdır. Çıxarılan sayğacın qüsurlarının müəyyən edilməsi məqsədilə laboratoriya yoxlanması keçirilmiş və X1 Metrologiya Departamenti tərəfindən 15 may 2023-cü il tarixdə dövlət yoxlaması keçirimişdir. Bu barədə xx.xx.2023-cü il tarixli №MSK-14-2-2/3-5-4985/Q002 №-li akt tərtib edilmiş və akt-da **********4 №-li sayğacın ilişərək işlədiyindən plomblar açılaraq, daxilinə baxış keçirildiyi, hesablama mexanizmini hərəkətə gətirən dişli çarxın kənar təsir nəticəsində kəsildiyi aşkar olunmuş və sayğac istismara yararsız hesab edilmişdir.
13. Həmin yoxlamanın nəticəsinin əsasında Azəriqaz tərəfindən təbii X2nın pozulması haqqında ******* saylı, xx.xx.2023-cü il tarixli AKT tərtib edilmişdir. AKT-da qeyd edilmişdir ki, sayğacın hesablama mexanizmini hərəkətə gətirən dişli çarxın kənar təsir nəticəsində kəsildiyindən, dəymiş ziyan hesablansın. Bundan sonra dəymiş ziyanın bərpasına dair tələbnamə hazırlanmışdır. Həmin tələbnaməyə əsasən qaz sayğacının maksimal qaz sərfi 6 kub.metr orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın həcminin 12960 kub.metr olduğu qiymətləndirilmişdir. Nəticədə abonentin hesabına 2023-cü ilin may ayında 1550,20 manat borc yazılmışdır.
14. Daha əvvəl tərəflər arasında eyni məzmunda məhkəmə mübahisəsi olmuş, bu səfər isə hazırki sayğacdan əvvəlki sayğac çıxarılan zaman iddiaçıya əsassız borc hesablanmış və iddiaçının iddiası Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6813/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, əsasız olaraq hesablanan 518,40 manat borc silinmişdir. Qətnamə qəbul edilənə qədər abonent həmin cəriməni ödədiyindən, qıtnamə icra olunan zaman ödənilmiş vəsait onun balansına qaytarılmış və depozit kimi abonent hesabında saxlanılmışdır. Abonent isə qazdan istifadə etməklə həmin məbləğin müəyyən hissəsini əvəzləşdirmiş və hazırda depozitində 280 manat avans vardır.
15. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia edir ki, qaz sayğacı çıxarılan zaman plombları yerində olduğundan, tərtib edilən aktda bu barədə hər hansı qeyd aparılmamışdır. Plomblar açılmadan ona müdaxilə edilməsi mümkün deyil. Həmçinin onun balansında əvvəli cəriməsinə görə ödədiyi məbləğdən 280 manata yaxın pul vəsaiti qalmışdır. Belə olan halda onun qaz sayğacına hər hansı müdaxil etmək niyyəti belə olmamış, buna ehtiyac da, olmamışdır.
16. Cavabdeh isə iddia tələbini qəbul etməyərək etirazının dəlilərində göstərmişdir ki, qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında İddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir.
17. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
18. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun:
19. 13-cü maddəsinin 8-ci bəndində əsasən bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
20. Həmin maddənin 8-1-ci bəndinə əsasən Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş X2 ilə tənzimlənir.
21. 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin X2nın təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.
23. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
24. Həmin qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
25. Həmin qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
26. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
27. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
28. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
29. Həmin qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.
30. Həmin qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
31. Həmin qaydaların 6.5-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
32. 6.5-1.-ci maddəsinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: - sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; - əvvəlki dövrün orta gündəlik qaz sərfi; - istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası.
33. 6.5-2-ci maddəsinə əsasən İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.
34. 6.5-4-ci maddəsinə əsasən qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.
35. Məhkəmə göstərilən normaları və işin müəyyən edilmiş faktiki hallarını dəyərləndirərək o qənaətə gəlir ki, Cavabdeh vurulmuş zərərin həcmi qismində 1550,20 manat məbləğində vəsaiti abonentdən tələb etməsi qanunsuz və əsassız olmuşdur.
36. Belə ki, 2022-ci il may ayının 1-dən qüvvəyə minən qanuna əsasən “Qaz təchizatı” haqqında qanunun 13-cü maddəsinə əlavə edilən 8-1-ci bəndə əsasən Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilər.
37. Lakin işin müəyyən edilmiş hallarından görünür ki, qaz paylayıcı tərəfindən bununla bağlı hər hansı hərəkət edilməmişdir.
38. Bundan əlavə qeyd edilməlidir ki, ümumiyyətlə istehlakçı tərəfindən sayğaca müdaxilə faktı öz təsdiqini tapmır. Belə ki, istehlakçı şəxsən qaz sayğacının normal işləmədiyi barədə qaz paylayıcıya məlumat vermiş və bundan sonra qaz sayğacı çıxarılaraq laboratoriya yoxlanışına aparılmışdır. Halbuki istehlakçının sayğaca müdaxilə etməklə qanunsuz olaraq qazı talamaq niyyəti olsaydı, onun qaz sayğacının dəyişdirilməsi ilə bağlı təşəbbüs göstərməsi məntiqsiz olardı. Üstəlik abonentin depozitində istifadə edilməyən 280 manat avans məbləği olmuşdur.
39. Beləliklə məhkəmə o qənaətə gəlir ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, ******* saylı AKT-a əsasən abonentə hesablanmış 1555.2 manat borc silinməlidir.
40. Məhkəmə iddia ərizəsinin Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə silinmiş borc üzrə əlavə ödəniş məbləğindən istifadə edilməyən 280 manat pulun cavabdehdən tutulması hissəsində tələbi əsaslı hesab etmir.
41. Belə ki, həmin məbləğ abonent tərəfindən könüllü ödənilmiş və abonentin faktiki razılığı ilə onun hesabına avans kimi mədaxil edilmişdir və abonent həmin vəsaitdən gündəlik olaraq istifadə etməkdədir. İddianın məhkəməyə verildiyi vaxtdan keçən müddət ərzində həmin vəsaitin azalması istisna edilmir. Yəni nəticə etibarı ilə tələbin özü də, icrası da qeyri-müəyyəndir. Tətbiq edilən prosessual normalar
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
43. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
44. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir
45. 112.1.6-cı maddəsinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir
46. 112.1.7.-ci maddəsinə ödəmə ya xitam verilməsi haqqındakı iddialarda—qalan ödəmə və ya vermənin məcmusu ilə, lakin bir ildən artıq olmamaq şərti ilə
47. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir
48. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır
49. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır
50. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticə:
51. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, ******* saylı AKT-a əsasən abonentə hesablanmış 1555.2 manat məbləğində borc İddiaçı abonent hesabından (abonent kodu:**********05070) silinməli, iddia qalan hissədə təmin edilməməli və istehlakçının ödəməkdən azad olduğu 35.5 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
52. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
qətetdi:
İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, ******* saylı AKT-a əsasən abonentə hesablanmış 1555.2 (bir min beş yüz əlli beş manat, iyirmi qəpik) manat məbləğində borc İddiaçı abonent hesabından (abonent kodu:**********05070) silinsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən 35.5(otuz beş manat, əlli qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev