Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5607/2021 17.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Şöbəsinə qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Şöbəsinə qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, 11.12.2002-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, X4 onun oğludur və o, daun sindromu ilə dünyaya gəlmişdir və kənar şəxslərin qulluğuna ehtiyac var. TSEK tərəfindən ona müddətsiz 1-ci dərəcəli əlillik verilmişdir. Bu səbəbdən də X2 maraqlarının və mənafeyinin müdafiə edilməsi üçün mülki hüquqi fəaliyyət qabiliyyətinin əldə edilməsi və həyata keçirilməsi zəruri olduğundan ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X3 “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Ağır ifadəli kəmağıllıq, nitq və davranış pozuntuları ilə Hiperkinetik pozğunluqlar, Nitq və dilin inkişafının spesifik pozğunluqları, Hipermetropiya, OU-hipermetropiya, Daun sindromu” aşkar edilir və kənar şəxslərin qulluğuna ehtiyacı var. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X1 Məhkəmə Psixiatrik Ekspertizasından göndərilən 24.09.2021-ci il tarixli 2236 saylı rəyindən görünür ki, X3 “Daun sindromu nəticəsində ağır dərəcəli əqli gerilik” aşkar olunur, o öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə edə bilmir və T.Quluyev fəaliyyət qabiliyyəti olmayan hesab olunmalıdır. Məhkəmə iş üzrə toplanmış yuxarıda göstərilən sübutlara müqayisəli şəkildə hüquqi qiymət verərək, aşağıdakıları qeyd etməyi zəruri heab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Qeyd edilən Məcəllənin 35.1-ci maddəsinə əsasən qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, X2 ağır dərəcəli əqli geriliyə səbəb olan Daun sindromu nəticəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmaması ərizəçinin izahatı ilə, tibb müəssisəsinin arayışı ilə tam sübuta yetirildi. Buna görə də məhkəmə hesab edir ki, X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Məhkəmə hesab edir ki, məhkəməyə ərizə verilərkən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosssesual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 11.12.2002-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-5607/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5607/2021
17.11.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver