Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5677/2021 12.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması və digər xərclərin tutulması tələbinə dair mülki işə 12 avqust 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahından doğulmuş 04 avqust 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması və uşağın ürək əməlliyatı, ürəyinin, gözünün müalicəsi üçün çəkilən 2100 manat xərcin, dərman üçün ödənilmiş 210 manat pulun, uşağın gələcəkdə müalicəsi üçün hər ilə görə 178 manat pulun cavabdehdən tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 fevral 2012-ci il tarixli 2(001)-188/2012 saylı qətnaməsinə əsasən, İddiaçı Vüsal qızı ilə Cavabdeh Müzəffər oğlu arasında 21 iyun 2009-cu il tarixdə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından olan 04 avqust 2010-cu il təvəllüdlü X5 adlı uşaqlarının anasının yanında saxlanması və uşağın saxlanması üçün Cavabdeh hər ay qazancının və ya başqa gəlirlərinin dörddə-bir hissəsi miqdarında alimentin tutulması qərara alınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 fevral 2014-cü il tarixli, 2(007)-870/2014 saylı qətnaməsinə əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin göstərilən qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği dəyişdirilməklə, X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 103 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı ödənilməsi qərara alınmışdır. Bundan sonra tərəflər yenidən rəsmi nikaha daxil olmaqla evlənmiş, sonradan Bakı şəhər, Binəqədi Rayon Məhkəməsinin 25 yanvar 2019cu il tarixli 2(001)-693/2019 saylı qətnaməsinə əsasən, Cavabdeh ilə İddiaçı arasında 26 mart 2015-ci il tarixdə bağlanmış nikah pozulmuş, birgə nikahlarından olan uşağın anasının yanında saxlanması qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 fevral 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş miqdarda alimentlə hazırki dövrdə uşağın saxlanması mümkün olmadığından iddiaçı alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin, X5 anadangəlmə ürək və göz qüsurludur, bu səbəbdən o, əməliyyat olunmuş, əməliyyat üçün 4209,44 manat, dərmanlar üçün isə 421,2 manat xərc iddia tərəfindən çəkilmişdir. Hazırda iddiaçı cavabdehdən çəkilən xərclərin yarısını, yəni əməliyyat üçün olan xərcin 2100 manatını və dərmanlar üçün olan xərcin 210 manatını tələb edir. Bundan başqa, uşaq ildə 2 dəfə göz müayinəsinə aparılmalıdır ki, bunun qiyməti illik 178 manat təşkil edir. İddiaçı həmin məbləğin də cavabdehdən tutulmasını tələb edir. Sonda Ç.H.Eyubova məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etdiyini bildirərək izahatında göstərdi ki, o, "xxxx" MMC-də işləyir, rəsmi əmək haqqı 400 manat təşkil edir. Alimentin 175 manat kimi müəyyən olunmasına etirazı yoxdur, lakin, uşağın əməliyyatı və müalicəsi üçün çəkilmiş xərclərin yarısının ondan tutulması hissəsində iddianı qəbul etmir. Belə ki, məhkəmə qətnaməsi ilə uşağın anada saxlanması qərara alınsa da, onun xəstəliyi ilə bağlı müalicələrdə, xəstəxana seçimində, xərclənən pullarda əvvəlcədən onun da məlumatının olması mütləq idi. Belə ki, o, uşağın əməliyyat olunması üçün müalicə müəssisəsi ilə 1500 manata razılaşmış, lakin iddiaçı öz istəyi ilə, onun fikrini əvvəlcədən öyrənməməklə daha baha qiymətə özəl xəstəxanada uşağı əməliyyat etdirmişdir. Bununla belə, o, əməliyyat üçün 05 aprel 2019-cu il tarixdə iddiaçıya 1000, 15 aprel 2019-cu il tarixdə isə 3015 manat ödəmişdir. Əməliyyatdan 2 il keçdindən sonra iddiaçının yenidən həmin xərcləri ondan tələb etməsi absurddur. Sonda Cavabdeh məhkəmədən izahatında göstərilənlərin qətnamə çıxarılarkən nəzərə alınmasını xahiş etdi. Mülki iş materiallarında olan: - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 fevral 2012-ci il tarixli 2(001)- 188/2012 saylı qətnaməsinə əsasən, İddiaçı Vüsal qızı ilə Cavabdeh Müzəffər oğlu arasında 21 iyun 2009-cu il tarixdə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından olan X3 anasının yanında qalması və 04 avqust 2010-cu il təvəllüdlü X1 üçün Cavabdeh hər ay qazancın və ya başqa gəlirlərinin dörddə-bir hissəsi miqdarında aliment tutulması qərara alınmışdır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 fevral 2014-cü il tarixli qətnaməsinə əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 fevral 2012-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği dəyişdirilməklə, X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 103 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı ödənilməsi qərara alınmışdır. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 yanvar 2019-cu il tarixli 2(001)-693/2019 saylı qətnaməsinə əsasən, Cavabdeh ilə İddiaçı arasında 26 mart 2015ci il tarixdə bağlanmış nikahın pozulması, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 fevral 2012-ci il tarixli 2(001)-188/2012 saylı qətnaməsinə əsasən tərəflərin birgə nikahlarından doğulmuş 04 avqust 2010-cu il təvəllüdlü X3 yanında qalmasının nəzərə alınması qərara alınmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Hazırki halda cavabdehin maddi vəziyyətində dəyişiklik olmasına dair iddiaçı tərəfdən məhkəməyə heç bir sübut təqdim edilməsə də, məhkəmə hazırkı halda yaşayış minimumu məbləğinin artmasını, yetkinlik yaşına çatmayan uşağın mənafeyini, onun normal, yəni, qida rassionlarına uyğun şəkildə qidalanmasını, fiziki cəhətdən inkişafını, təhsili ilə bağlı xərclərini nəzərə alaraq hesab edir ki, əvvəlki məkhəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməklə 175 manat sabit pul məbləğində müəyyən edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli, 8-2\2016 saylı Qərarının 8-ci maddəsinin 12-ci bəndində göstərilir ki, Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Məhkəmə iddia tələbinin uşağın əməliyyatı və müalicəsi üçün xərclənmiş pul vəsaitinin cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinin tələbinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.2-ci maddəsinə görə, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəlləsinin 81.3-ci maddəsinə görə, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Yuxarıda göstərilənlərdən belə nəticəyə gəlinir ki, uşağı sağlam böyütmək təkcə ananın deyil, hər iki valideynin borcudur və uşağın xəstəliyi ilə bağlı əlavə xərclərin ödənilməsinə bir valideynin müraciəti əsasında digər valideyn də cəlb oluna bilər. İddiaçı uşağın əməliyyatı, alınmış dərmanlar, müalicə üçün çəkilmiş xərclərlə bağlı bir sıra sənədlər məhkəməyə təqdim etsə də, məhkəmə qeyd edir ki, hazırki halda uşağın xəstəliyinin müalicəsi üçün xərclərə cəlb edilməli valideyn, yəni ata gələcəkdə bu pul ondan tələb olunacaqsa, müalicə ilə bağlı əvvəlcədən digər valideyn, yəni ana tərəfindən məlumatlandırılmalı, müalicənin aparılacağı tibb müəssisəsi, eləcə də sonradan yaranacaq zəruri müalicə xərclərinin ödənilməsi ilə bağlı hər iki valideynin fikri nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf məhkəmədə istinad etdiyi halları sübut etməlidir. Hazırki halda iddiaçı tərəfindən uşağın əməliyyatı, müalicəsi üçün cavabdehə daha öncədən müraciət etməsi sübut olunmur. Buna görə də, məhkəmə hesab edir ki, Cavabdeh Müzafər oğlu yalnız uşağın 18 yaşa çatanadək göz müalicəsi-müayinəsi üçün tələb olunan gələcək xərclərə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş arayışda göstərilmişdir ki, X5 17.10.2015-ci il tarixdə ilk dəfə müayinədən keçmiş, ona “Qarışıq astiqmatizm. Refraksion ambliopiya” diaqnozu qoyulmuşdur. Həmin tarixdən etibarən X5 ildə 2 dəfə olmaqla müayinə və terapiya aparatlarında 10 dəfəlik müalicə kursları keçmiş, müayinələrin hər birinə 30 manat xidmət haqqı, hər 10 dəfəlik müalicə kursuna 60 manat xidmət haqqı ödənilmiş, müalicə kursları ildə 2 dəfə olmaq şərti ilə 18 yaşına çatana qədər məsləhət görülmüşdür. Buna görə də, məhkəmə hesab edir ki, həmin müalicənin davam etdirilməsi üçün tələb olunan illik 180 manatın yarısı, yəni 90 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, 1 illik ödəmənin məcmusu 500 manatdan çox olduğuna və iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumunun 10 manat hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin olunsun. İddiaçı ilə Cavabdeh birgə nikahlarından olan 10 avqust 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 fevral 2014-cü il tarixli, 2(007)-870/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmaqla hər ay 175 manat sabit pul məbləğində müəyyən edilsin, həmin məbləğdə aliment qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Həmçinin, uşağın yetkinlik yaşına çatanadək müalicəsi üçün hər il 90 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. 10 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-5677/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5677/2021
12.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver