Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5679/2021 09.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi ilə İddiaçı "xxxx" ASC-yə qarşı əsassız hesablanmış cərimənin silinməsi tələbi barədə mülki işə Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız hesablanmış 4580 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirərək iddia ərizəsinə uyğun olaraq izahatında göstərdi ki, o, Qarabağ müharibəsi iştirakçısı, 2-ci qrup əlil və şəhid ailəsidir. 2002-ci ilə qədər dövlətin verdiyi güzəştə əsasən heç bir ödəniş etmirmiş. Mərhum prezident Heydər Əliyevin "Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” 26 dekabr 2001-ci il tarixli Fərmanından sonra işıq idarəsi tərəfindən 4 dəfə akt tərtib olunaraq cərimələnmişdir.Həmin cərimədən onun xəbəri olmayıb.Evində işlətdiyi 220 volt dəyərində cərayan ancaq evin cihazları üçün istifadə olunub və pulu ödənilib. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız hesablanmış 4580 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada bildiriş göndərilməsinə baxmayaraq, Cəmiyyətin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iddia ərizəsinə münasibət bildirilməmişdir. İş materiallarında olan: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Abunə Haqqında” məlumatına əsasən İddiaçı ünvan 1 ünvanında yaşadığı ev üzrə (kod **********92127) borc 4563 manat təşkil edir. Məhkəmə iddiaçının izahatını dinləyib mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmalıdır. Belə ki, “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.6-cı maddəsinə əsasən, icraçı (iş görən, yaxud xidmət göstərən müəssisə, idarə, təşkilat və ya sahibkar) görülmüş işlərdə və göstərilmiş xidmətlərdə qüsurların istehlakçının (şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs) təqsiri ucbatından əmələ gəldiyini sübut edərsə, buna görə məsuliyyət daşımır. Qanunun həmin maddəsinin məzmunundan belə nəticəyə gəlinir ki, bu tip mübahisələrdə sübutetmə vəzifəsi icraçının, yəni "xxxx" ASC-nin üzərinə düşür ki, hazırki işdə ASC tərəfindən məhkəməyə həmin borcun yaranma səbəbləri barədə heç bir sübut təqdim edilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, İddiaçı yaşadığı ünvan 2 ünvanında yerləşən evi üzrə "xxxx" ASC tərəfindən hesablanmış 4580 manatdan 4563 manat məbləğində borc silinməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5 – ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, iddia qiyməti 500 manatdan çox olduğuna və iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, 29 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı yaşadığı ünvan 2 ünvanında yerləşən yaşayış evi üzrə hesablanmış 4563 manat məbləğində borc silinsin. Dövlət rüsumu kimi 29 manat məbləğində pul vəsaiti "xxxx" ASC-dən tutularaq dövlət nəfinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-5679/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5679/2021
09.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver