Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5753/2021 14.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdehin etibarnamə əsasında nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış cərimə məbləğinin silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış cərimə məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi ilə, daha sonra Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına dair tərtib edilmiş 25 mart 2021-ci il tarixli R 206267 saylı aktın qanunsuz hesab edilməklə akt üzrə hesablanmış 146,3 manat və 637,67 manat borc məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2007-ci il tarixdən ünvan 1 ünvanında fərdi yaşayış evi tikdirməklə yaşayır. Ona aid fərdi yaşayış evinə 2007-ci il tarixdən işıq sayğacı quraşdırılmış və o, sayğacın göstəricisinə uyğun olaraq işıq pulu ödənişlərini vaxtı vaxtında etmişdir. 29 yanvar 2021-ci il tarixdə heç bir xəbərdarlıq olmadan cavabdehin əməkdaşları gələrək fərdi yaşayış evinə qoyulmuş sayğaca dair ona bildirmədən heç bir hal şahidinin iştirakını təmin etmədən akt tərtib etmişlər. Bundan sonra ona 206267 nömrəli “yoxlama zamanı müəyyən olunmuşdur ki, abonentə məxsus sayğacın ekranı oxunmur, elektrik sayğacı xətdən axan yükü hiss etmir, xətdən axan yük tərəflərindən ampermasa vasitəsi ilə ölçüldü və sayğac laboratoriyaya göndərilsin” məzmununda akt tərtib edilmişdir. O, "xxxx" ASC-yə gedərək hər ay yoxlamalar zamanı belə bir irad bildirilmədiyini və əvvəlki qayda da işıq sərfıyyatına görə ödənişləri eyni qaydada etdiyini və onun tərəfindən sayğaca müdaxilə edilmədiyi bildirilmişdir. Bundan başqa işıq sayğacında hər hansısa qüsur aşkar edildiyi zaman onun və 2 hal şahidinin iştirakı ilə aktın tərtib edilməli olmasını da onlara bildirmişdir. Həmçinin, sayğaca nəzarəti özlərinin etdiyini və sayğacın evin içində olmamasını və küçədə hər bir müdaxilənin özləri tərəfındən edildiyini iradla onlara bildirmişdir. "xxxx" ASC tərəfindən 29 yanvar 2021-ci il tarixdə tətib edilmiş 206267 saylı akt əsasında qeyd olunan borcun ödənilməsi üçün elektrik enerjisindən istifadəsini qanunsuz olaraq dayandırmışlar. Belə ki, yeni sayğac quraşdırılmış, lakin sayğacın kartı verilmədiyindən elektrik enerjisindən istifadəsi məhdudlaşdırılmışdır. Onu da qeyd edir ki, əvvəlki qaydada işıq sərfiyyatı ilə sayğacının göstəricisi ilə müəyyən edilmiş borcunu vaxtı-vaxtında ödəmiş və bu barədə ona heç bir irad bildirilməmişdir. Dəfələrlə sayğaca baxış keçirilmiş lakin sayğacın düzgün işləməməsi barədə ona hər hansı bir xəbərdarlıq və ya məlumat bildirilməmişdir. Sayğac küçədə yerləşdiyindən nəzarəti də "xxxx" ASC-nin əməkdaşları etmişdir. O, heç vaxt sayğaca müdaxilə etməmişdir. Əgər müdaxilə olunmuş olsa belə bunu edə biləcək şəxslər "xxxx" ASC-nin əməkdaşları ola bilər. O cümlədən o, abonent olaraq "xxxx" ASCdən hər hansısa qanunsuz yolla enerji oğurlamamış, sayğacın möhür və plombuna müdaxilə etməmiş və elektrik sayğacından kənar elektrik enerjisindən istifadə etməmişdir. Sayğac Binəqədi rayon enerji idarəsi tərəfindən qoyulmuşdur və ona abonent olaraq onun tərəfindən əl dəyilməmişdir. Bu cərimənin yaranması səbəbləri şübhəlidir. O, mütəmadi olaraq istifadə etdiyi elektrik enerjisinin pulunu ödəmişdir. Bunu təsdiq edən çoxsaylı ödəniş sənədləri mövcuddur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Həmçinin ona verilmiş suala cavab olaraq bildirdi ki, sayğac onun evinin çöl divarında quraşdırılmışdır. Məhkəmə iclasında cavabdehin etibarnamə əsasında nümayəndəsi iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı tərəfindən sayğaca müdaxilə edilmiş, bu da "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən aşkar edilmiş, nəticə etibarı ilə sayğaca qanunsuz müdaxilə edilməsi faktı ilə əlaqədar R 206267 nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən isə iddiaçıya cəmi 783,97 manat məbləğində borc hesablanmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 12 sentyabr 2007ci il tarixli Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqının birtipli müqaviləsinin surətindən görünür ki, iddiaçı cavabdehi elektrik enerjisi ilə təchiz etməyi, cavabdeh isə iddiaçı tərəfindən ona ötürülən elektrik enerjisinin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. 29 yanvar 2021-ci il tarixli, R 206267 nömrəli aktın surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyətinin yoxlanılması üçün baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, abonentə məxsus elektrik sayğacının ekranı oxunmur, elektrik sayğacı xətdən axan yükü hiss etmir. Xətdən axan yük tərəflərindən ampermasa vasitəsilə ölçülmüşdür. Akt "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları R.Quliyev, S.Novruzov və A.Həsənzadə tərəfindən imzalanmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 25 mart 2021-ci il tarixli satış və texniki sahələr üzrə tələblərinin surətindən görünür ki, İddiaçı məxsus ünvanda **********8A000 abunə kodlu elektrik sayğacında axan yükün hiss edilməməsi və ekranın oxunmaması müəyyən edilmişdir. İstehlakçıya itirilmiş enerji sərfiyyatına görə 783,96 manat cərimə hesablanması qərara alınmışdır. Abunə kodu **********8A000 olan abunə haqqında sənədin surətindən görünür ki, R 206267 nömrəli akta əsasən İddiaçı 146,3 manat və 637,67 manat olmaqla cəmi 783,97 manat məbləğində cərimə hesablanmışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinentinin “Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarının 1.1-ci bəndinə əsasən, elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxs, məişət abonenti (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qərarın 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Həmin Qərarın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. Həmin Qərarın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Həmin Qərarın 8.32-ci bəndinə əsasən məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Həmin Qərarın 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikası 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, 29 yanvar 2021-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda (abunə kodu **********8A000) elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, həmin ünvanda sayğaca müdaxilə edilməsi faktı aşkar edilmiş, bununla əlaqədar R 206267 nömrəli akt tərtib edilmiş və akta əsasən iddiaçıya 783,97 manat borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, akt tərtib edilərkən cavabdehin əməkdaşları tərəfindən “Elektrik enerjisindən istifadə qaydaları”nın tələbləri pozulmuşdur. Belə ki, akt yalnız cavabdehin əməkdaşları tərəfindən imzalanmış, aktın tərtib edilməsi zamanı iddiaçının (abonentin), eləcə də hal şahidlərinin iştirakı təmin edilməmiş, mənzil sahibinin izahatı və mülahizələri akta əlavə edilməmişdir. Eyni zamanda iddiaçının Aktı imza etməkdən imtina etməsi barədə qeydin aparılması da aktdan müəyyən edilməmişdir. Həmçinin, iş materialları ilə sayğacın iddiaçının evin çöl divarında quraşdırılması müəyyən edilmişdir. «Elektrik enerjisindən istifadə Qaydaları»nın yuxarıda qeyd edilən bəndlərinin tələblərinə görə evin daxilində quraşdırılmamış sayğaclarda aşkar edilmiş qüsurlara görə abonent məsuliyyət daşımamalıdır. Bundan başqa iddiaçıya məxsus sayğacda aşkar edilmiş qüsurların məhz iddiaçı tərəfindən yol verilmiş qanun pozuntuları nəticəsində baş verməsinə dair hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan Qaydaların tələblərinə riayət edilmədən tərtib edilmiş R 206267 akt etibarlı deyildir və beləliklə də onun əsasında hesablanmış 783,97 manat məbləğində borc silinməlidir. Həmçinin, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti də 500 manatadan çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunan Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş R 206267 saylı akt etibarsız hesab edilməli və həmin akta əsasən hesablanmış 783,97 manat məbləğində borc İddiaçı məxsus **********8A000 saylı abunə hesabından silinməli, habelə "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş R 206267 saylı akt etibarsız hesab edilsin və həmin akta əsasən hesablanmış 783,97 manat məbləğində borc İddiaçı məxsus **********8A000 saylı abunə hesabından silinsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-5753/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5753/2021
14.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver