Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-576/2024 15.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hesablanmış 7720 manat borcun silinməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir. Buna baxmayaraq sözügedən həmin ünvanda yaşamır. Hazırda ünvan 2 ünvanında yerləşən mənzildə uzun müddətdir ki yaşamır və həmin ünvanda yaxın qohumları yaşamışdır. Buna baxmayaraq xx.xx.2022-ci il tarixdə Binəqədi Rayon Qaz İstismar Sahəsinin əməkdaşları tərəfindən ******* nömrəli AKT tərtib edilmişdir. Həmin akt tərtib edilən zaman o, evdə olmamışdır. Yaranan borcun tam məbləğini öyrənmək üçün ASAN xidmət mərkəzinə müraciət etmiş və verilən abonent saldosundan göründüyü kimi guya həmin borc qanunsuz sənədlə noyabr ayından etibarən başlamış və noyabr ayı üçün 1049 manat, dekabr ayı üçün isə ümumilikdə cəmi 7730 azn borc müəyyən edilmişdir. Hesablanmış məbləğ heç bir halda ağlabatan deyildir. Çünki hər ay üçün ortalama qaz sərfiyyatı 15 azn məbləğində müəyyən edilmişdir.Bundan başqa müəyyən olunmuş borc üçün ayrıca heç bir AKT ona verilməmişdir, yəni bir növ qanunsuz akt tərtib olunmağı açıqaydın görünür. Yaranan mübahisə ilə özlərinə bu haqda bildirməyinə baxmayaraq, məsələnin məhkəmə qaydasında həll olunmasını ona bildirmişlər. Qaz xəttini də borcu ödəmədiyinə görə kəsmişlər. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və bundan əlavə bildirmişdir ki, onun əri ilə nikahı pozulmuşdur və nikah pozulduqdan sonra Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsi, 5 saylı evini əri ilə arasında olan razılığa əsasən bölmüşlər. Onlar hər ikisi evləri kirayəyə vermişlər. Evin ona aid hissəsində ikinci sayğac quraşdırmaq üçün Azəriqaza müraciət etmişdir və Azəriqaz ikinci sayğacı quraşdırmaq üçün qaz xətti çəkmişlər, lakin ikinci sayğacı quraşdırmamış və xətti açıq saxlamışlar. Evdə qaz zəif gəldiyi üçün onun xəbəri olmadan, eyni zamanda evdə qalanlar kirayəçilər kənd adamları olduğundan etdikləri hərəkətin məsuliyyətini dərk etmədən axşam vaxtı sayğacdan kənar qazdan istifadə etmişlər. Səhərisi gün Azəriqazın əməkdaşları evdə kirayə qalanların sayğacdan kənar qazdan istifadə etdiyini aşkar etmişlər və ona 7720 manat məbləğində borc yazmışlar. Hesab edir ki, yazılan məbləğ yüksəkdir və sayğacdan kənar qazdan az bir müddət istifadə edilmişdir. Hazırda evdə ikinci sayğac quraşdırılıb və kirayə qalan yoxdur. Evdə bir ədəd kalonkadan, bir ədəd qaz peçindən və kombidən istifadə edilir. Hazırda mexaniki sayğacdan istifadə edir, çünki təzə quraşdırılan sayğacdan istifadə zamanı ödənişlər borca çıxılır.
4. Lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etməmiş və nümayəndəsi məzuniyyətdə olduğu üçün məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Bununla belə əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməmiş və etirazını qanunsuz qoşulmanın tərtib edilmiş aktla və videogörüntü ilə təsdiq olunduğu ilə əsaslandırmışdır. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
5. ünvan 4 ünvanında yerləşən evə Azəriqaz tərəfindən **********00000 abonent kodu verilməklə təbii qazın alqı-satqısı barədə İddiaçı ilə müqavilə bağlanılmışdır. Müqaviləyə əsasən abonentin cihazları (4 gözlü qaz piltələri(pQ-4)(1/1), Samovar(1Ə1), qızıdırıcı radiator peçi(2/2)) qeydə alınmışdır.
6. “Azəriqaz“ İB-nin nümayəndələri tərəfindən xx.xx.2022-cü il tarixdə ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında AKT tərtib edilmişdir. Həmin AKT-da qeyd edilmişdir ki, baxış keçirilən zaman abonentin təbii qazdan sayğacdan kənar qeyriqanuni istifadə etdiyi, kənar xəttin ümumi dövriyyəyə qoşulduğu aşkar edilmişdir. Həmin AKT-ın abonent tərəfindən imzalandığı müəyyən edilmir və abonentin imtina etdiyi qeyd edilmişdir.
7. “Həmin AKT-a əsaslanaraq BRQSD-nin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının sədri tərəfindən xx.xx.2022-cü il tarixdə “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə tərtib edilmişdir. Həmin tələbnaməyə əsasən qaz işlədicilərindən PQ2-in maksimal saatlıq qaz sərfi 0.6 kub.m/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün, PQ3-ün maksimal saatlıq qaz sərfi 0.8 kub.m/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün, PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 kub.m/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün, Kombinin maksimal saatlıq qaz sərfi 2.6 kub.m/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün, dəmir sobanın maksimal saatlı qaz sərfi 1.4 kub.m/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyanın həcmi 55728 kub.m hesablanmışdır.
8. Bundan sonra itirilmiş qazın həcminin dəyəri olaraq 6687.36 manat borc kimi 2022ciilin noyabr ayında abonentə akt üzrə borc hesablanmışdır.
9. Tədqiq edilən abonentin saldosu məlumatlarından görünür ki, abonentə 2022-ci ilin oktyabr ayında 4605 kub. m qaz sərfinə görə 552.6 manat və həmin ay üçün yeni tarifə keçid olaraq 486.98 manat borc hesablanmış və əvvəlki ayın 10.14 manat borcu toplanmaqla 2022-ci ilin noyabr ayınadək 1049.72 manat borc hesablanmışdır. Nəticədə noyabr ayının 3.75 manatlıq qaz sərfi və akta əsasən hesablanmış borc və 20 manat ödəniş nəzərə alınmaqla abonentin 7720.83 manat borcu vardır.
10. İddiaçı həmin borcun silinməsini tələb etsə də, tələbini yalnız tərtib edilən AKT-ın əsassızlığı hissəsində əsaslandırmış, borcun digər hissəsi barədə hər hansı əsaslandırma aparmamış və bununla bağlı hər hansı sübut təqdim etməmişdir.
11. Cavabdeh isə qanunsuz qoşulmanın mövcudluğunu sübut etməyə çalışmış, hesablanmış borcun məbləği ilə bağlı hər hansı əsaslandırma təqdim etməmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
12. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun(xx.xx.2022-ci il tarixdə edilmiş dəyişikliklərlə):
13. 13-cü maddəsinin 8-ci bəndində əsasən bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
14. Həmin maddənin 8-1-ci bəndinə əsasən Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
15. 9-cu maddəsinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
16. 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının(xx.xx.2023-cü il tarixli dəyişikliklərlə) 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.
18. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
19. Həmin qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
20. Həmin qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
21. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
22. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
23. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
24. Həmin qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.
25. Həmin qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
26. Həmin qaydaların 6.5-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
27. 6.5-1.-ci maddəsinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: - sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; - əvvəlki dövrün orta gündəlik qaz sərfi; - istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası.
28. 6.5-2-ci maddəsinə əsasən İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.
29. 6.5-4-ci maddəsinə əsasən qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.
30. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
31. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
32. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
33. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
34. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
35. İşin halları ilə müəyyən edilir ki, abonentə xx.xx.2022-ci il tarixdə Zenner tipli mexaniki qaz sayğacı quraşdırılmışdır. xx.xx.2022-ci il tarixdə isə Zenner tipli smart sayğac quraşdırılmışdır. Yəni iddiaçının da bildirdiyi kimi xx.xx.2022-ci il tarixdə quraşdırılan mexaniki sayğacdan iddiaçı və digər şəxs istifadə etmiş, daha sonra iddiaçının istifadəsi üçün smart sayğac quraşdırılmışdır.Göründüyü kimi xx.xx.2022-ci il tarixdən 2022-ci il noyabr ayınadək abonentə qaz sərfinə görə 1049.72 manat borc hesablanmışdır. Odur ki, abonentin 2022-ci ilin noyabr ayının əvvəlinə hesablanmamış borcu olmamışdır. Bu səbəbdən də hesab edirəm ki, abonentə noyabr ayının 4 günü üçün 6687.36 manat borc əsassız hesablanmışdır.
36. Məhkəmə iddiaçının qanunsuz qoşulma barədə etirafını nəzərə alaraq və işin müəyyən edilmiş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır.
37. Belə ki, qaz təchizatı haqqında qanunda və qazdan istifadə qaydalarının əvvəlki redaksiyasında qanunsuz qoşulma hallarının aşkar edildiyi halda qaz təchizatçının görməli olduğu tədbirlər tənzimlənməsə də, qanuna və qaydalara edilmiş yeni dəyişikliklərdə həmin məsələlər ətraflı tənzimlənmişdir. Bununla belə yeni qaydalarda öz əksini tapan zərərin həcminin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan meyarları ağlabatan mühakimə əsasında dəyərləndirildikə əvvəlki mübahisələrə də şamil edilməsini istisna edən hal yoxdur. Bu baxımdan da məhkəmə hesab edir ki, hazırki mübahisədə də sayğacdan kənar istifadə zamanı vurulmuş zərərin həcmini müəyyən edərkən həmin meyarlar nəzərə alınmalıdır. Bunlara sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; - əvvəlki dövrün orta gündəlik qaz sərfi; - istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası aiddir.
38. Beləliklə məhkəmə o qənaətə gəlir ki, qaz paylayıcı tərəfindən abonentə 2022-ci ilin 6 ayı üçün(noyabradək) kifayət qədər yüksək məbləğdə borc hesablandığından və həmin borcun(1049.72) əsassızlığı ilə bağlı hər hansı sübut təqdim edilmədiyindən iddia AKT-a əsasən hesablanmış 6687.36 manat borcun silinməsi hissəsində əsaslı hesab edilməlidir. Tətbiq edilən prosessual normalar
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
40. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
41. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir
42. 112.1.6-cı maddəsinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir
43. 112.1.7.-ci maddəsinə ödəmə ya xitam verilməsi haqqındakı iddialarda—qalan ödəmə və ya vermənin məcmusu ilə, lakin bir ildən artıq olmamaq şərti ilə
44. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir
45. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır
46. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır
47. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticə:
48. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, ******* nömrəli AKT-a əsasən abonent İddiaçı(abonent kodu: **********00000) hesablanmış 6687.36 manat məbləğində borc silinməli, iddia qalan hissədə təmin edilməməli və istehlakçının ödəməkdən azad olunduğu 86.87 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
49. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, ******* nömrəli AKT-a əsasən abonent İddiaçı(abonent kodu: **********00000) hesablanmış 6687.36(altı min altı yüz səksən yeddi manat, otuz altı qəpik) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən 86.87 (səksən altı manat, səksən yeddi qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev