Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-578/2021 06.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə İddiaçı Pareks Lizinq və Faktorinq MMC-nin Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 03.07.2018-ci il tarixli 06/18/0209 saylı daxili maliyyə lizinqi müqaviləsinin ləğv edilməsinə və sair tələblərə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Pareks Lizinq və Faktorinq MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 03.07.2018-ci il tarixli 06/18/0209 saylı daxili maliyyə lizinqi müqaviləsinin ləğv edilməsinə və sair tələblərə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki iş üzrə 15.10.2020-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında iddiaçı Pareks Lizinq və Faktorinq MMC-nin nümayəndəsi X1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında 03.07.2018-ci il tarixdə 06/18/0209 saylı daxili maliyyə lizinqi müqaviləsi bağlanmışdır. Lizinq müqaviləsinə əsasən iddiaçının mülkiyyətində olan və müqavilə üzrə lizinq obyekti sayılan 1 ədəd 2008ci il buraxılışlı Audi Q7 markalı minik avtomobilini cavabdehin istifadəsinə və sahibliyinə vermişdir. Hazırda cavabdeh tərəfindən həmin müqaviləyə əlavə olan lizinq ödənişlərinin qrafikinə əsasən 03.06.2020-ci il tarixinədək, lizinq ödənişləri üzrə 13399,40 manat, cərimə üzrə 11846,76 manat, cəmi 25246,16 manat məbləğində borcu yaranmışdır. Lizinq müqaviləsindən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi barədə cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən lizinq müqaviləsi üzrə ödənişlər edilməmiş və beləliklə də, müqavilədən irəli gələn öhdəliklər icra edilməmişdir. Cavabdeh daxili maliyyə lizinqi müqaviləsindən irəli gələn öhdəliyi icra elmədiyinə görə bu, həmin müqavilənin ləğv edilməsi üçün əsas yaradır. Hazırki iş üzrə cavabdeh sayılan Cavabdeh2 03.07.2018-ci il tarixli 06/18/0209-Z1 saylı zaminlik müqaviləsinə əsasən lizinq müqaviləsi üzrə zaminlik qəbul etmişdir. Bu isə o deməkdir ki, Cavabdeh2 oglu həmin müqavilə üzrə mövcud öhdəliklərin icrasının təmin olunmamasına və ya lazımınca icra olunmamasına görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Ona görə də 06/18/0209 saylı 03.07.2018-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsinin ləğv edilməsinə, həmin müqavilə üzrə ödənilməmiş lizinq ödənişlərinə görə 13399,40 manat, cəriməyə görə 2000 manat olmaqla cəmi 15599,40 manat borcun, dövlət rüsumuna görə 30 manatın cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı Pareks Lizinq və Faktorinq MMC-nin baş direktoru M.H.Nəbiyev məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilərək iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclaslarının yeri və vaxtı barədə dəfələrlə məlumat verilsə də cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iddia tələblərinə münasibətini, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi aşağıdakılara görə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 741.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 741-3.2-ci maddəsinə əsasən daxili lizinq həyata keçirildikdə lizinq verən və lizinq alan Azərbaycan Respublikasının rezidentləridir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Lizinq verən Pareks Lizinq və Faktorinq MMC ilə lizinq alan Cavabdeh1 arasında bağlanmış 03.07.2018-ci il tarixli 06/18/0209 saylı daxili maliyyə lizinqi müqaviləsindən müəyyən olunur ki, lizinq verən lizinq alan tərəfindən seçilmiş 2008-ci il buraxılışlı Audi Q7 markalı minik avtomobilini öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürmüşdür. Daxili maliyyə lizinqi müqaviləsinin 1.4-cü bəndindən müəyyən olunur ki, lizinq obyektinin qiyməti 14500 manatdır. Daxili maliyyə lizinqi müqaviləsinin 2-ci bəndindən müəyyən olunur ki, əsas borc üzrə qalığa görə 14500 manat, lizinq verənin mükafatına görə 4957,66 manat, komissiyaya görə 145 manat olmaqla lizinq ödənişlərinin ümumi məbləği 19602,66 manat təşkil edir. Daxili maliyyə lizinqi müqaviləsinin 3-cü bəndindən müəyyən olunur ki, lizinq müqaviləsi imzalandığı tarixdən qüvvəyə minir və tərəflər müqavilə üzrə öhdəliklərini tam icra edənə qədər qüvvədədir. Lizinq müddəti 24 aydır. Daxili maliyyə lizinqi müqaviləsinin 14.1-ci bəndindən müəyyən olunur ki, lizinq alan müəyyən edilmiş müddətlərdə lizinq müqaviləsi ilə nəzərdə tutulmuş hər hansı ödənişləri həyata keçirmədikdə lizinq verən ödənişin gecikdirildiyi hər gün üçün gecikdrilmiş lizinq ödənişinin 0,5 % məbləğində dəbbə pulunu ödənilməsini tələb edə bilər, lizinq alan isə həmin dəbbə pulunu lizinq verən tərəfindən göstərilən müddətlərdə ödəməyi öhdəsinə götürür. 03.07.2018-ci il tarixli 06/18/0209 saylı daxili maliyyə lizinqi müqaviləsinə 1 nömrəli əlavədən müəyyən olunur ki, lizinq obyekti 2012-ci il buraxılışlı ağ rəngli WAUAV54L98D047715 şassi nömrəli Audi universal minik markalı avtomobildir. 03.07.2018-ci il tarixli 06/18/0209 saylı daxili maliyyə lizinqi müqaviləsinə 2 nömrəli əlavədən müəyyən olunur ki, Cavabdeh1 03.08.2018-ci il tarixdən 03.07.2020-ci il tarixədək olan dövr ərzində əsas borca görə 14500 manat, mükafata görə 4957,66 manat olmaqla cəmi 19602,66 manatı hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Təhvil verən Pareks Lizinq və Faktorinq MMC ilə təhvil alan Cavabdeh1 arasında tərtib olunmuş 03.07.2018-ci il tarixli təhvil təslim aktından müəyyən olunur ki, Pareks Lizinq və Faktorinq MMC 2008-ci il buraxılışlı WAUAV54L98D047715 ban nömrəli BAR034142 mühərrik nömrəli ** PT *** dövlət qeydiyyat nişanlı Audi Q7 minik markalı avtomobili texniki cəhətdən saz və xarici qüsurları olmadan Cavabdeh1 təhvil vermişdir. Lizinq verən Pareks Lizinq və Faktorinq MMC ilə zamin Cavabdeh2 arasında bağlanmış 03.07.2018-ci il tarixli 06/18/0209-Z1 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin lizinq alan Cavabdeh1 03.07.2018-ci il tarixli 06/18/0209 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə öhdəliklərinin icrasına görə bu müqavilədə nəzərdə tutulmuş qaydada, həcmdə və şərtlərlə lizinq verən qarşısında məsuliyyət daşıyır. Zaminlik müqaviləsinin 1.2-ci bəndindən müəyyən olunur ki, lizinq alan tərəfindən lizinq müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilmədiyi və ya lazımınca yerinə yetirilmədiyi təqdirdə zamin və lizinq alan lizinq verən qarşısında birgə məsuliyyət daşıyır. Zaminlik müqaviləsinin 3.1-ci bəndindən müəyyən olunur ki, bu müqavilə üzrə zaminlik lizinq alanın lizinq və digər ödənişlərinin lizinq müqaviləsi ilə müəyyən edilmiş qaydada və müddət ərzində ödənilməsi, lizinq müqaviləsinə əsasən dəbbə pulu və cərimələrin ödənilməsi, lizinq müqaviləsi üzrə lizinq alanın öhdəliklərinin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində lizinq verənə borcun və vurulmuş zərər və itkilərin tutulması üzrə məhkəmə xərclərinin ödənilməsi öhdəliklərinin zamin tərəfindən yerinə yetirilməsini təmin edir. Zaminlik müqaviləsinin 4.1-ci bəndindən müəyyən olunur ki, lizinq alan lizinq müqaviləsi üzrə öhdəliklərini icra etmədiyi və ya lazımı qaydada icra etmədiyi təqdirdə lizinq verən öz mülahizəsi ilə lizinq alan və zamindən öhdəliklərin icrasını tələb edə bilər və ya lizinq alanın borclarının ödənilməsi haqqında zaminə yazılı qaydada tələb irəli sürə bilər. Zaminlik müqaviləsinin 4.2-ci bəndindən müəyyən olunur ki, lizinq verənin yazılı bildirişi alındığı gündən etibarən 7 təqvim günü ərzində zamin tərəfindən müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsi lizinq müqaviləsi üzrə lizinq alanın borc məbləğinin zamindən tutulması üçün lizinq verənə məhkəməyə müraciət etməyə əsas verir. Zaminlik müqaviləsinin 7.1-ci bəndindən müəyyən olunur ki, bu müqavilə üzrə zaminliyə zamin tərəfindən lizinq alanın lizinq müqaviləsi üzrə öhdəliklərini tam icra etdikdən sonra, lizinq alan lizinq müqaviləsi üzrə öhdəliklərini tam icra etdikdən sonra xitam verilir. Zaminlik müqaviləsinin 7.2-ci bəndindən müəyyən olunur ki, bu müqavilə tərəflərin imzaladığı tarixdən qüvvəyə minir və bu müqavilənin 7.1-ci bəndində və qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla zaminliyə xitam verilənə qədər qüvvədədir. Pareks Lizinq və Faktorinq MMC-nin 03.06.2020-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 03.07.2018-ci il tarixli 06/18/0209 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə ödənişlər üzrə borc qalığı 13399,40 manat, əsas borcun qalığı 790,87 manat, gələcək fazi üzrə borc qalığı 19,77 manat, cərimə haqqı 11846,76 manat olmaqla ümumi borcu 26056,80 manat borcu vardır. Pareks Lizinq və Faktorinq MMC-nin Cavabdeh1 ünvanladığı 28.02.2020-ci il tarixli 158 saylı tələb məktubundan müəyyən olunur ki, lizinqalana 03.07.2018-ci il tarixli 06/18/0209 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə yaranmış lizinq ödənişləri üzrə borcunu 7 gün ərzində ödəmədiyi halda məhkəmə qaydasında müqavilənin ləğvi, lizinq obyektinin geri alınması və yaranmış borcun ödənilməsinin tələb ediləcəyi bildirilmişdir. Pareks Lizinq və Faktorinq MMC-nin Cavabdeh1 ünvanladığı 09.06.2020-ci il tarixli 290 saylı tələb məktubundan müəyyən olunur ki, lizinqalana 03.07.2018-ci il tarixli 06/18/0209 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə yaranmış lizinq ödənişləri üzrə borcunu 7 gün ərzində ödəmədiyi halda məhkəmə qaydasında müqavilənin ləğvi, lizinq obyektinin geri alınması və yaranmış borcun ödənilməsinin tələb ediləcəyi bildirilmişdir. Pareks Lizinq və Faktorinq MMC-nin Cavabdeh2 ünvanladığı 09.06.2020-ci il tarixli 291 saylı tələb məktubundan müəyyən olunur ki, zaminə 03.07.2018-ci il tarixli 06/18/0209 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə lizinq alanın yaranmış lizinq ödənişləri üzrə borcu 7 gün ərzində ödənilmədiyi halda borcun tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı cavabdehlərin Pareks Lizinq və Faktorinq MMC ilə bağladıqları müqavilələrdən irəli gələn öhdəliklərini icra etməmələri, tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından məhkəmə iddiaçının lizinq ödənişinə görə 13399,40 manat tələbini əsaslı hesab edib təmin edir. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehlərin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, kreditor pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız 07.09.2020-ci il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan cərimənin artmasına rəvac vermişdir. Baxmayaraq ki, kreditor bağladığı müqavilələrin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehlərdən 50 manat tutulmalı, iddia tələbi dəbbə pulu ilə bağlı qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. (MM-nin 421.1.,421.2.,422.2.-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1.-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 399.2.-ci maddəsinə əsasən tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir. Həmin Məcəllənin 399.3.-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Həmin Məcəllənin 399.4.-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Məhkəmə iddiaçının müqaviləyə xitam verilməsi tələbi ilə bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin müddəti 03.07.2020-ci il tarixdə bitdiyindən, müddəti bitmiş müqaviləyə xitam verilməsi mümkün olmadığından iddia tələbi bu hissədə də əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 03.07.2018-ci il tarixli 06/18/0209 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə əsas borca görə 13399,40 manat, cəriməyə görə 50 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 13479,40 manat Pareks Lizinq və Faktorinq MMCnin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-578/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-578/2021
06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver