Məhkəmə qərarları › İş №2(001)-578/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-578/2022

13.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-578/2022 13.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh Azərsu ASC-yə qarşı mülkiyyətində olan Bakı şəhəri ünvan 2ndə su sərfiyyatına görə hesablanmış 2452 manat borcun silinməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh Azərsu ASC-yə qarşı mülkiyyətində olan Bakı şəhəri ünvan 2ndə su sərfiyyatına görə hesablanmış 2452 manat borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı mülkiyyətində olan Bakı şəhəri ünvan 2ndə mərhum əri X1 adına quraşdırılmış smart-kart tipli su sayğacının dəyişdirilməsi ilə bağlı Azərsu ASCyə müraciət etmişdir. Belə ki, iddiaçıya məlum olmayan səbəbdən su sayğacı yararsız vəziyyətə düşmüş və davamlı olaraq sayğacdan su axımı baş vermişdir. xx.xx.2021-ci il tarixdə iddiaçının mülkiyyətində olan mənzilə Azərsu ASC-nin əməkdaşı gedərək sayğacda nasazlıq aşkar etmiş və sayğacın ekranının işləmədiyi üçün həmin sayğacı sökərək yerinə yeni sayğac quraşdırıb nasaz sayğacı loborotoriyaya aparacağını iddiaçıya bildirmişdir. Həmin sayğacın nasazlığında iddiaçının heç bir müdaxiləsi olmadığı halda Azərsu ASC-nin əməkdaşı iddiaçıya 2452 manat məbləğində ümumi borcun olmasına dair qəbz təqdim etmişdir. xx.xx.2021-ci il tarixdə yeni quraşdırılmış sayğaca dair təhvil-təslim blankında Azərsu ASC-nin əməkdaşları nasaz olan sayğaca dair möhürlərin mövcud olması, elektron hissənin işləməməsi və kartı qəbul etməməsi kimi qeydlər yazmışlar. Ona görə də Azərsu ASC tərəfindən qanunsuz hesablanmaqla iddiaçıdan tələb olunan su sərfiyyatı üçün 2452 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil iddia ərizəsini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq izahatında göstərmişdir ki, Bakı şəhəri ünvan 2 İddiaçı mülkiyyətindədir. İddiaçı və həmin mənzilə dair sudan istifadəyə görə müqavilə bağlanmış iddiaçının mərhum əri fərdi sahibkar kimi qeydə alınmamış, adlarına VÖEN yoxdur. Mənzil faktiki olaraq qeyri-yaşayış sahəsi kimi istifadə edilir. Mənzildə dərzi fəaliyyəti, ev alqı-satqısı ofisi, turşu və şoraba məhsullarının satışı ilə məşğul olunur. Mənzildə cavabdeh tərəfindən bir ədəd su sayğacı quraşdırılmışdır. İddiaçı mənzildə olan su sayğacının yararsız vəziyyətə düşməsini və davamlı olaraq sayğacdan su axmasını görüb cavabdehə müraciət etmiş, cavabdehin əməkdaşları sayğacı dəyişdikdən sonra iddiaçıya 2452 manat maddi ziyan hesablamışlar. Lakin iddiaçı heç vaxt mənzilində sudan qanunsuz qoşulma nəticəsində istifadə etməmiş, mənzildə faktiki istifadə olunan suyun dəyərini vaxtlı-vaxtında cavabdehə ödəmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Mülki iş üzrə xx.xx.2021-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında cavabdeh Azərsu ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakda sudan Azərsu ASC-nin xəttinə birbaşa qoşulmaqla istifadə edir. Qanunsuz qoşulma nəticəsində iddiaçıya maddi ziyan hesablanmışdır. İddiaçının hazırda yekun borcu 3147 manat təşkil edir. İddiaçının istifadəsində olan sayğac bir neçə obyektdə istifadə olunan suyun qeydiyyatını aparır. İddiaçıdan qanunsuz qoşulma nəticəsində istifadə etdiyi suyun dəyəri və həmin ünvanda işlədilən obyektlərdə istifadə olunan suyun dəyəri hesablanaraq tələb edilir. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Cavabdeh Azərsu ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh Azərsu ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdeh Azərsu ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələblərinə münasibətlərini, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərsu ASC ilə fiziki şəxs X4 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 103159 saylı su təchizatı və kanalizasiya xidmətlərinə dair qeyri-əhali istehlakçıları üçün bağlanan müqavilənin surətindən müəyyən olunur ki, Azərsu ASC Bakı şəhəri ünvan 2 ünvanı üzrə ASC-yə məxsus su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2874-82-li Dövlət Standartlarının tələblərinə uyğun içməli suyun buraxılmasını, tullantı sularının kanalizasiya sisteminə qəbulunu, istehlakçı isə su sayğacının göstəricisinə, sayğac olmadığı halda isə qüvvədə olan normativ hüquqi aktlara əsasən dəyərini ödəməyi öhdələrinə götürmüşlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyesti tərəfindən verilmiş ********** nömrəli xx.xx.2021-ci il tarixli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri ünvan 2 tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AZ-İİ № 103121 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X4 xx.xx.2020-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020ci il tarixdə 330 № ilə qeyd edilmişdir. Azərsu ASC-nin 13 smart-kart tipli su sayğacının laborator yoxlamadan keçirilməsinə dair xx.xx.2019-cu il tarixli aktının surətindən müəyyən olunur ki, abonent kodu 103159S10/917 olan fiziki şəxs X4 ilə bağlanmış 19880354 saylı müqavilə üzrə ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakda quraşdırılan sayğacın ekranı işləmədiyi üçün laboratoriya yoxlamasına aparılmış, sayğacda dövlət plombu yoxdur, Azərsu ASC-yə məxsus plomb yerindədir, su xətti birbaşa birləşdirilmişdir. Azərsu ASC-nin 27 smart-kart tipli su sayğacının dəyişdirilməsinə dair xx.xx.2021-ci il tarixli aktının surətindən müəyyən olunur ki, abonent kodu 103159S10/917 olan fiziki şəxs X4 ilə bağlanmış 19880354 saylı müqavilə üzrə ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakda quraşdırılan sayğacın ekranı işləmədiyi üçün yeni smart tipli su sayğacı quraşdırılmış, sökülən sayğacın laboratoriyaya aparıldığı abonentə izah olunmuş, sayğac açılarkən möhürlərinin mövcud olması, elektron hissəsinin işləməməsi, kartı qəbul etməməsi müəyyən edilmiş, həmin ünvana dair borc 2452 manat təşkil edir. Akt xx.xx.2021-ci il tarixdə müştəri İsmayıl Haxızadə tərəfindən imzalanmışdır. Azərsu ASC Nəzarət ölçü cihazları İdarəsi Su ölçən cihazların kalibrləmə laboratoriyasının xx.xx.2021-ciil tarixli 93560/0108180 saylı rəyinin surətindən müəyyən olunur ki, zavod nömrəsi 50093560 olan sayğacın, laborator avadanlıq üzrə yoxlanması nəticəsinə əsasən, kipliyə davamlılığının pozulması, klapanının işləməməsi, Error.K S C-ın qapaqaltı platform hissəsinin çatlaması, S.C-ın daxilinə su sızması aşkar olunmuş, nisbi xətanın təyini üçün yararlı deyil, batareya işlək deyil və S.C təmirə və istismara yararsızdır. Azərsu ASC-nin fiziki şəxs X4 ilə bağladığı xx.xx.2013-cü il tarixli 19880354 saylı müqavilə üzrə abonent kartından müəyyən olunur ki, Bakı şəhəri ünvan 2 ünvanı üzrə istehlakçının 2013-cü il üzrə 84,5 manat, 2014-cü il üzrə 131,3 manat, 2015-ci il üzrə 104 manat, 2016-cı il üzrə 5,2 manat, 2020-ci il üzrə 2500 manat, 2021-ci il üzrə 322 manat olmaqla yekun borcu 3147 manat təşkil edir. Azərsu ASC-nin xx.xx.2021-ci il tarixli №15 365 saylı hesab fakturasından müəyyən olunur ki, S-6015/21 saylı müqaviləyə əsasən Abşeron ŞSS-20K ön ödənişli smart tipli su sayğacı və onun texniki şərtə uyğun quraşdırılmasının dəyəri 247,23 manat təşkil edir. Azərbaycan Beynəlxalq Bankı ASC-nin xx.xx.2021-ci il tarixli mədaxil qəbzindən müəyyən olunur ki, X3 tərəfindən Azərsu ASC-nin hesabına 247,23 manat ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/6130; 9/6759 saylı ekspert rəyindən müəyyən olunur ki, Bakı şəhəri ünvan 2nə sudan istifadə ilə əlaqədar sayğacdan kənar hər hansı bir qoşulma halı aşkar edilməmişdir. Rəydən daha sonra müəyyən olunur ki, Bakı şəhəri ünvan 2ndə quraşdırılmış su sayğacı bir mənzilin daxilində yerləşən üç obyektin su sərfiyyatının qeydiyyatını aparır. Rəydən daha sonra müəyyən olunur ki, ekspertin iştirakı ilə tədqiqat obyektinə baxış keçirilmişdir. Obyekt 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir. Obyekt binaya məxsus mənzil olsa da, faktiki olaraq qeyri-yaşayış sahəsi, o cümlədən dərzi, ev-alqı satqı ofisi və balonların bağlanması yeri kimi istifadə edilir. Obyektə su xətti ümumi çəkilmiş və 01 ədəd su sayğacı quraşdırılmışdır. Su sayğacı üzərində hər hansı sınma, dağılma izləri müşahidə edilmir, plombu tam olaraq yerindədir. Su xəttinə çıxış hissəsinə birləşdirilmiş boru obyektin daxilinə uzadılmış, budaqlanma verilərək hər bir hissəyə uzadılmışdır. Baxış zamanı Bakı şəhəri ünvan 2nə sudan istifadə ilə əlaqədar sayğacdan kənar hər hansı qoşulma halı aşkar edilmədi. Rəydən daha sonra müəyyən olunur ki, Bakı şəhəri ünvan 2nə sudan istifadə ilə əlaqədar sayğacdan kənar hər hansı qoşulma halı aşkar olunmadığına və əlavə sənədlərin təqdim olunması barədə vəsatət təmin edilmədiyinə görə qərardadın ikinci sualı üzrə tədqiqat aparılmamışdır. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri ünvan 2ndə istifadə olunan su sayğacı yarasız olduğundan cavabdehin əməkdaşları tərəfindən dəyişdirilmiş, bundan sonra cavabdeh iddiaçıya su sərfiyyatına görə 2452 manat borc hesablamışdır. Məhkəmə araşdırması zamanı cavabdehə iddiaçıdan tələb etdiyi 2452 manatın yaranması, hesablanması əsasları və qaydası barədə sübutlarını məhkəməyə təqdim etməsi üçün kifayət qədər vaxt verilsə də, cavabdeh iddiaçının ona 2452 manat borcunun yaranmasına əsas olan hər hansı bir sübutunu məhkəməyə təqdim etməmiş, cavabdehin nümayəndəsi iddiaçının mülkiyyətində olan daşınmaz əmlakda sudan Azərsu ASC-nin xəttinə birbaşa qoşulmaqla istifadə edilməsini, qanunsuz qoşulma nəticəsində iddiaçıya maddi ziyan hesablanmasını bildirsə də, iş üzrə keçirilən ekspertiza tədqiqatı ilə iddiaçının mülkiyyətində olan mənzildə sudan istifadə ilə əlaqədar sayğacdan kənar hər hansı qoşulma halının aşkar edilmədiyi müəyyən edilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə məxsus su xəttindən qanunsuz istifadə etməsi nəticəsində cavabdehə ziyan vurması halı öz təsdiqini tapmadığından, cavabdeh etirazında istinad etdiyi halları sübuta yetirə bilmədiyindən iddia tələbi əsaslıdır, ona görə də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu və iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyəri cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Azərsu ASC-nin İddiaçı tələb etdiyi 2452 manat borc silinsin. Azərsu ASC-dən İddiaçı xeyrinə dövlət rüsumuna görə 50 manat tutulsun. Azərsu ASC-dən ekspertiza tədqiqatının dəyərinə görə 100 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar