Məhkəmə qərarları › İş №2(001)-5780/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5780/2021

30.08.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5780/2021 30.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X9 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə 30 avqust 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar hissəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək öz balansında olan “Binəqədi-1” qapalı hərbi şəhərcikdə ləğv olmuş 25 nömrəli hərbi ticarət mağazası binasının bir otağında yaşayan Cavabdeh yaşadığı ünvanın həyətində qeyri-qanuni apardığı tikililərin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, Azərbaycan SSR-i Nazirlər Sovetini İcraiyyə Komitəsinin 1983-cü il tarixli, 139 saylı qərarı əsasında Binəqədi qəsəbəsi, “Binəqədi-1” hərbi şəhərciyindəki 12,77 ha. ümumi torpaq sahəsi Müdafiə Nazirliyinin daimi istifadəsinə verilmiş və mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsində qeyd edildiyi kimi, Azərbaycan Respublikasında mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin balansında olan “Binəqədi-1” qapalı hərbi şəhərcikdə ləğv olmuş 25 nömrəli hərbi ticarət mağazası binasının 1 otağında Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin 8 nömrəli Mənzil-İstismar sahəsində nasos qurğusunun maşinisti vəzifəsində çalışan Cavabdeh 2000-ci il tarixdən 3 nəfər ailə üzvü ilə birlikdə məskunlaşmışdır. Cavabdeh yaşadığı ünvanın həyətində qeyriqanuni olaraq 2009-cu ildə sahəsi 20 kv.metr olan 1 otaq, 2020-ci ildə isə əlavə hamamtualet və həyətdə toyuqların saxlanması üçün yer tikmişdir. Cavabdeh apardığı bu tikinti işləri ilə bağlı heç bir hüquqmüəyyənedici sənədi yoxdur. Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin balansında olan “Binəqədi-1” qapalı hərbi şəhərciyi Azərbaycan Respublikası Müdafiə Nazirinin 25 iyul 2019-cu il tarixli müvafiq əmrinə əsasən “Binəqədi-1” hərbi şəhərciyi açıq hərbi şəhərcik kimi ləğv edilərək qapalı hərbi şəhərcik olmuşdur. Sonda M.A.Əliyev məhkəmədən göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh müvəqqəti məskunlaşdığı yer üzrə məhkəmə iclaslarının vaxtı və yeri barədə müvafiq bildirişlər göndərilməsinə baxmayaraq, məhkəmə bildirişləri Cavabdeh çatırılmadan geri qaytarılmış, beləliklə, Cavabdeh məhkəmə iclaslarında iştirakını təmin etmək mümkün olmamışdır. İş materiallarında olan: - “Binəqədi-1” hərbi şəhərciyində yaşayış fondunun yerləşdiyi əraziyə baxışa dair 16 mart 2021-ci il tarixli aktda göstərilmişdir ki, Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin 8 nömrəli Mənzil-İstismar sahəsinin balansında olan yaşayış fondu “Binəqədi-1” hərbi şəhərciyində təxminən 1,7 ha. torpaq sahəsini əhatə edir. Hərbi şəhərciyin yaşayış fondu yerləşən ərazisində hasar ətrafı və tikililərin ətrafında sakinlər tərəfindən dəmir tor və digər əlalrı vasitələrdən istifadə edilməklə hasarlanmış ərazilər mövcuddur. Bu ərazilər bağ sahəsi və təsərrüfat xarakterli məqsədlər üçün istifadə olunur...Ərazidə yerləşən 1 mərtəbəli 3 nömrəli binada (25 nömrəli hərbi mağaza, fəaliyyət göstərmir) 42 kv.metr hissəsində Zəngilan rayonundan məcburi köçkün X5 və Ermənistandan qaçqın düşmüş Cavabdeh yaşayır... - Müvəqqəti məskunlaşma haqqında arayışdan görünür ki, Cavabdeh 2000-ci il tarixdən “Binəqədi-1” hərbi şəhərcikdə fəaliyyəti dayandırılmış 25 nömrəli hərbi ticarət mağazasının bir otağında yaşamış, 2009-cu il tarixdən isə iki nəfər ailə üzvü ilə birlikdə mağazanın arxasında qanunsuz inşa etdiyi bir otaqlı tikilidə qeydiyyatsız yaşayırlar. Ailə üzvləri arvadı – X4, qızı – X1 ibarətdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 92-ci maddəsinə əsasən, xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunu keçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmət keçmə, həmçinin dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericilikdə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Müfadiə Nazirliyinin balansında olan torpaq sahələrində fərdi yaşayış evləri, kooperativ yaşayış binaları, qarajlar, qeyri-yaşayış sahələri və digər təsərrüfat obyektlərinin tikilməsi, eləcə də istifadə edilməsi, Müfadiə Nazirliyi ilə əmək münasibətləri olmayan şəxslərə verilməsi qadağandır. Azərbaycan Respublikası Müdafiə nazirinin 06 sentyabr 2014-cü il tarixli, 55 nömrəli qərarının 2.14-cü maddəsinə əsasən, hərbi hissənin yerləşdirilməsi üçün ayrılmış kazarma, yaşayış fondu (hərbi şəhərcik) öz təyinatı üzrə istifadə olunmalıdır. Mənzil- İstismar xidməti orqanlarının icazəsi olmadan otaqların yenidən qurulması, hərbi şəhərcik ərazisində tikinti və söküntü işlərinin aparılması qadağandır. Həmçinin, həmin qərarın 2.18-ci maddəsinə əsasən, hərbi şəhərcik ərazisində Mənzil-İstismar və yanğından mühafizə xidmətlərinin razılığı olmadan, təsdiq olunmuş baş plan üzrə nəzərdə tutulmamış bina və qurğularının tikintisi qadağandır. O cümlədən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddəsinə əsasən, bu məcəllənin 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektlərinin sökülməsi barədə məhkəməyə müraciət edir və həmin məcəllənin 95.7-ci maddəsinə uyğun olaraq, tikinti obyektlərinin sökülməsi qaydaları müvafiq icra haqkimiyyəti orqanları tərəfindən müəyyən edilir. Məhkəmə hesab edir ki, iddianın təmin olunması üçün əsaslar mövcud olduğundan iddia təmin olunmalı, Cavabdeh yaşadığı ünvanın həyətində qeyri-qanuni apardığı tikintilər sökülməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.4.11-ci maddəsinə əsasən yaşayış binalarının (mənzillərin) icarə müqavilələrinin dəyişdirilməsi və ya ləğv edilməsi, vərəsəliyin qəbul edilməsi müddətinin uzadılması, əmlak üzrə həbsin götürülməsi barədə iddia ərizələrindən, qeyri-əmlak xarakterli və ya qiymət qoyulmayan digər iddia ərizələri üzrə 10 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə və iddia təmin olunduğuna görə məhkəmə hesab edir ki, 10 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin balansında olan “Binəqədi-1” qapalı hərbi şəhərcikdə ləğv olmuş 25 nömrəli hərbi ticarət mağazası binasının bir otağında yaşayan Cavabdeh yaşadığı ünvanın həyətində qeyri-qanuni apardığı tikililər sökülsün. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 (on) manat məbləğində pul Cavabdeh dövlət nəfinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar