Məhkəmə qərarları › İş №2(001)-5839/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5839/2021

17.11.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5839/2021 17.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Ərizəçi Ziyaddin qızının iştirakı ilə, 03 sentyabr 2001-ci il tarixdə anadan olmuş X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə Ərizəçi Ziyaddin qızının ərizəsinə dair mülki işə 17 noyabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Ziyaddin qızı ərizə ilə məhkəməyə müraciət edərək övladı – 03 sentyabr 2001-ci il tarixdə anadan olmuş X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi Ziyaddin qızı ərizəni müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, oğlunun uşaqlıqdan göz xəstəliyi olmaqla görmə imkanları məhduddur. Həmçinin, epilepsiya xəstəliyindən əziyyət çəkir, sidiyini saxlaya bilmir. Əmək qabiliyyətsizdir, öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik deyildir və kənar şəxsin köməyi olmadan sərbəst yaşamaq imkanı yoxdur. Həmçinin, öz hüquqlarını sərbəst şəkildə həyata keçirmək imkanlarına malik deyildir. X3 öz hərəkətlərinin nəticəsini dərk etmək qabiliyyətinə malik deyil. Buna görə də, o, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə maraqlı şəxs qismində cəlb olunmuş Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada bildiriş göndərilsə də, maraqlı şəxs öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə ərizəni və əlavə olunmuş sənədləri nəzərdən keçirib, ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 319-cu maddəsinin tələbinə müvafiq olaraq S.V.Mişakovanın psixi vəziyyətini müəyyən etmək üçün iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Ambulator məhkəmə - psixatrik ekspertizasının 13 oktyabr 2021-ci il tarixli, 2367 saylı rəyində qeyd olunmuşdur ki, X2 müəyyən edilən üzvi şəxsiyyət pozuntusu halhazırda kompensasiya (yaxşılaşma) vəziyyətində olduğundan onu öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmir. X3 öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. X3 halhazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olduğundan onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: 03 sentyabr 2001-ci il tarixdə anadan olmuş X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə Ərizəçi Ziyaddin qızının ərizəsi təmin edilməsin, ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar