Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-585/2024 01.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sucayev Orxan Adıgözəl oğlunun katibliyi ilə Ərizəçi (maraqlı şəxs qismində Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 28 sentyabr 2004-cü il tarixində Qazaxıstan Respublikasında doğulmuş X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, 28 sentyabr 2004-cü il təvəllüdlü X7 (FİN 6P7XVJG) onun qızıdır. X14 baş beynin üzvi xəstəliyi (epilepsiya mənşəli) nəticəsində ağır ağıl zəifliyi, kobud nitq və davranış pozuntuları anamnezində qıcolma tutmaları xəstəliyindən əziyyət çəkir. Bu günə kimi qizimi müalicə etdirmişik, ölkə daxili və xarici həkimlərə aparmışıq, lakin heç bir xeyri olmamışdır. Qızı qeyd olunan xəstəliklə əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 21 saylı uşaq poliklinkasında hal-hazırda da qeydiyyatdadır. (Bu barədə xəstəlik tarixindən çıxarış iş materiallarına əlavə olunur) Ümid edirdi ki, X14 sağalıb normal uşaq olar. Bunun üçün biz bütün əmlaklarını satıb qızının müalicəsi üçün xərcləmişlər, lakin qızlarının yaşı artdıqca daha da aqressivləşmiş və artıq özünü idarə edə bilmir. Məhkəməyə hazırki ərizə ilə müraciət etməsinin səbəbi, qızının sənədləşmə işləri ilə əlaqədar imza edə bilməməsi və sair səbəblərdir. O nəinki imza edə bilmir, hətta yaşını və adını soruşanda belə deyə bilmir. Sanki körpə uşaqdır, onsuz qala bilmir, daim qızının yanındadır və ona qulluq edir. X12 köməkçi təyin edilməyi üçün Bakı Şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etmişdir. İcra Hakimiyyəti tərəfindən cavab olaraq qanunvericiliyə uyğun şəkildə məhkəmə orqanları tərəfindən xəstəliyə uyğun olaraq fəaliyyət qabiliyyətsiz hesab olunması barədə qətnamə qəbul edildiyi halda qəyyumluq məsələsinə baxıla biləcəyi bildirilmişdir. Bununla yanaşı onu da qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 X13 Xəstəxanasının həkim psixiatr komissiyası tərəfindən verilmiş 27 may 2023-cü il tarixli, 2202 saylı rəylə də bir daha müəyyən edilir ki, 28 sentyabr 2004-cü il təvəllüdlü qızım X4 baş beynin üzvi xəstəliyi (epilepsiya mənşəli) nəticəsində ağır ağıl zəifliyi, kobud nitq və davranış pozuntuları anamnezində qıcolma tutmaları xəstəliyindən əziyyət çəkir. X1 şəxslərin himayəsinə ehtiyacı vardır. İş üzrə əsaslandırılmış rəyin mövcud olması səbəbindən iş üzrə hər hansı ekspertizanın da məhkəmə tərəfindən təyin edilməsi zərurəti aradan qalxmışdır. Göstərilənlərə əsasən 28 sentyabr 2004-cü il təvəllüdlü qızım X5 fəaliyyət qabiliyyət olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsi zəruridir.Göstərilənlərə əsasən ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları və ərizəyə münasibəti:
3. Əvvəlki məhkəmə iclasında iştirak edən ərizəçi izahatında bildirmişdir ki, növbəti məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini və ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, qızı 28 sentyabr 2004-cü il təvəllüdlü X4 epilepsiya mənşəli xəstəliyin nəticəsində ağır ağıl zəifliyi, kobud nitq və davranış pozuntuları anamnezində qıcolma tutmalarından əziyyət çəkir. Öz hərəkətlərinin mənasını anlaya və özünü idarə bilmir.
4. Məhkəmə iclasının yeri və vaxtı barədə maraqlı şəxsə lazımi qaydada dəfələrlə məlumat verilməsinə, onların nümayəndəsinin məcburi iştirakının tələb olunmasının bildirilməsinə baxmayaraq, maraqlı şəxs hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan (xəstəlik tarixindən) olan çıxarışdan görünür ki, 28 sentyabr 2004-cü il təvəllüdlü X6 “Epilepsiya nəticəsində ağıl zəifliyi, davranış pozuntuları, epileptik qıcolma tutumaları diqanozu qoyulub.
6. Azərbaycan Respublikası 2 nömrəli X2 ambulator kitabçadan olan çıxarışdan görünür ki, 28 sentyabr 2004-cü il təvəllüdlü X6 baş beyinin üzvi xəstəliyi (epilepsiya) nəticəsində ağır ağıl zəifliyi, kobud nitq və davranış pozuntuları ilə tez-tez təkrarlanan qıcolma tutulmaları diaqnozu qoyulmuşdur.
7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X9 X16 tərəfindən verilən xx.xx.2023-cü il tarixli, 6494 saylı ekspertiza rəyindən görünür ki, 28 sentyabr 2004-cü il təvəllüdlü X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək qabiliyyətində deyil. Onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmək üçün ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
9. Azərbaycan Respublikası Mülki-Məcəlləsinin:
10. 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir.
11. 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər.
12. 28.9-cu maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir.
13. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
14. 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır;
15. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər;
16. 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir;
17. 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir;
18. 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər;
19. 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabilyyəti olmayan şəxs hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır;
20. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.
21. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi fəaliyyət qabiliyyətsizliyi mübahisələndirilən 28 sentyabr 2004-cü il təvəllüdlü X3 anasıdır. 28 sentyabr 2004-cü il təvəllüdlü X3 psixi qüsurları haqqında kifayət qədər məlumat olduğundan onların psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir.
22. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X9 X15 təqdim etdiyi məhkəmə psixiatrik ekspertizasının rəyindən isə müəyyən edilmişdir ki, 28 sentyabr 2004-cü il təvəllüdlü X4 qeyd olunan psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək qabiliyyətində deyil. Onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. Tətbiq edilən prosessual normalar:
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
24. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
25. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
26. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir;
27. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
28. Beləliklə, məhkəmə mülki iş materiallarına, ekspertiza rəyinə əsaslanaraq hesab edir ki, şəxsin öz hərəkətlərini dərk etmək və idarə etmək baxımından fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə əsas olduğundan ərizə təmin edilməli, 28 sentyabr 2004-cü il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir.
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216- 220-ci, 305-ci, 317-321-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizəçi ərizəsi təmin edilsin. 28 sentyabr 2004-cü il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev