Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-586/2024 17.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi (maraqlı şəxs Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2005-ci il tarixdə anadan olmuş Bayramova Mədinə Nizami qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qızı Bayramova Mədinə Nizami qızı 31 avqust 2005-ci il tarixdə anadan olmuşdur. Qızının keçirdiyi xəstəlikləri ilə əlaqədar olaraq hazırda TSEK rəyinə əsasən nitq və hərəkət-dayaq aparatının pozulması ilə imbesillik dərəcəsində ağıl zəifliyi mövcud olmaqdadır və öz hərəkətlərini idarə edə bilmir. Beləliklə barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi istənilən qızı Bayramova Mədinə Nizami qızı öz hərəkətlərininin mənasını başa düşmür, kənar şəxsin köməyi olmadan sərbəst yaşaması mümkün deyil,öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik deyildir, həmçinin öz hüquqlarını sərbəst şəkildə həyata keçirə bilmir. Belə ki, ailədə qızına maddi və mənəvi köməklik göstərən şəxs odur, qızının bütün ehtiyaclarını o qarşılayır və ona baxır. Qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi gələcəkdə onun hüquqlarının həyata keçirilməsi və üzərində qəyyum təyin edilməsi üçün vacibdir. Qeyd olunanlara əsasən ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizədə yazılanlara uyğun izahat verib, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Nümayəndə Ərizəçi 31 avqust 2005-ci il təvəllüdlü qızı Bayramova Mədinə Nizami qızının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizəsinin təmin edilib-edilməsinin məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı, 683688 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 31 avqust 2005ci il təvəllüdlü Bayramova Mədinə Nizami qızının atası X1, anası Ərizəçidır. İş materiallarında olan ərizəçi tərəfindən elektron qaydada əldə edilmiş Forma-88dən görünür ki, 31 avqust 2005-ci il təvəllüdlü Bayramova Mədinə Nizami qızı sağlamlıq imkanları məhdud uşaqdır və xəstəliyin diaqnozu “nitq və hərəkət-dayaq aparatının pozulması ilə imbesillik dərəcəsində ağıl zəifliyi” dir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X3 28 noybr 2023-cü il tarixli 3310 saylı rəyindən görünür ki, Bayramova Mədinə Nizami qızında “ uşaq serebral iflicinin qalıq əlamətləri, ağır dərəcəli əqli gerilik” müəyyən olunur. Bayramova Mədinə Nizami qızı öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də Bayramova Mədinə Nizami qızı tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Bayramova Mədinə Nizami qızında müəyyən edilən uşaq serebral iflicinin qalıq əlamətləri, ağır dərəcəli əqli gerilik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, Bayramova Mədinə Nizami qızı öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etməyən və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarına malik olmayan şəxsdir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Beləliklə, məhkəmə hesab edir ki, 31 avqust 2005-ci il təvəllüdlü Bayramova Mədinə Nizami qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. 31 avqust 2005-ci il təvəllüdlü Bayramova Mədinə Nizami qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-586/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-586/2024
17.01.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver