Məhkəmə qərarları › İş №2(001)-5906/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5906/2024

31.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5906/2024 31.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Ərizəçi və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra isə tələbini dəqiqləşdirməklə, məhkəmədən 020529 saylı qeydiyyat vəsiqəsinin mərhum əri X23(Müğbil) oğluna məxsus olma faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Q.Məmmədov küçəsi ev 14-də yerləşən mənzil ½ hissəsi payla mərhum həyat yoldaşı X6 məxsusdur. Onun adı 02059 saylı qeydiyyat vəsiqəsində qeyd olunmuşdur. Həmin qeydiyyat vəsiqəsində yoldaşının adı X1 qeyd olunmuşdur. Mərhum yoldaşının adı xx.xx.1978-ci il tarixli, 272 saylı nikah haqqında şəhadətnamədə X13, AZ-İN559280 saylı ölüm haqqında şəhadətnamədə X13, Hərbi biletində X14, xx.xx.1948-ci il tarixli 206 saylı doğum haqqında akt qeydində X3 qeyd olunmuşdur. Bildirir ki, o, mərhum yoldaşının qeydiyyat vəsiqəsində göstərilən ½ hissədəki payı öz adına sənədləşdirmək istəyir. Lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi həmin sənədləşməni etmir ki, qeydiyyat vəsiqəsində mərhum yoldaşının adı digər sənədlərdə olduğu kimi Cangir deyil, Cahangir kimi qeyd olunmuşdur. Bildirir ki, ərinin vərəsəsidir və mirası faktiki qəbul edərək, idarə edir. Mərhumun başqa vərəsəsi yoxdur. Vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri Dövlət Notariat Kontoruna müraciət etmişdir. Lakin qeydiyyat vəsiqəsində olan adla digər sənədlərdə mərhum yoldaşının adı eyni deyil. Qeydiyyat vəsiqəsinə düzəliş edilməsi üçün Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, düzəliş edilməsindən imtina edilmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən ərizəçi və ərizəçinin nümayəndəsi və vəkili ərizədə göstərilən məzmunda izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər.Bundan əlavə 3 dəfə Əmlak Komitəsinə getdiklərini və müraciətlərinə cavab vermədiklərini bildirdilər.

4. Məhkəmə iclasının yeri və vaxtı barədə digər maraqlı şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə iclasında şahid qismində dindirilən X10 izahatında bildirmişdir ki, babasının adı Müqbil, atasının adı isə Cahangir olmuşdur. Lakin sənədlərdə rus dilində qeydiyyat aparılanda Cangir kimi qeyd edilmişdir. Atası xx.xx.1948-ci il tarixində doğulmuşdur. Hazırda sənədləşməsi tələb edilən evlə bağlı anası ilə aralarında mübahisə yoxdur. Hazırda həmin evdə özü yaşayır.

6. Məhkəmə iclasında şahid qismində dindirilən X16 izahatında bildirmişdir ki, atasının qırmızı pasportunu görmüşdür. Atasının adı Cahangir olsa da, sənədlərdə Cangir qeyd edilib. Atası xx.xx.1948-ci il tarixində doğulmuş, xx.xx.2001-ci il tarixində ölmüşdür. Ölümündən sonra Biləcəri qəsəbəsində dəfn edilmişdir. Hazırda sənədləşməsi tələb edilən evdə qeydiyyatda olsa da, orada yaşamır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

7. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilən FM seriyalı, 020529 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Q.Məmmədov küçəsindəki 6 otaqlı, 97,5 kv.m yaşayış sahəsi, 191,64 kv.m ümumi sahədən ibarət 14 saylı fərdi yaşayış evinə X5 ½ hissədə pay hüququ xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir.

8. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli doğum haqqında arayışın surətindən görünür ki, X15 xx.xx.1948-ci il tarixində doğulmuşdur. X2, anası ---- Rəhimə Hənifə qızıdır.

9. Xİ-ЖГ seriyalı, 358324 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.1986-cı il tarixində Bakı şəhərində doğulmuş, atası X15, anası Ərizəçidır.

10. Vİ-ЖГ seriyalı, 428385 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.1979-cu il tarixində Bakı şəhərində doğulmuş, atası X15, anası Ərizəçidır.

11. Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 559280 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2001-ci il tarixində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2001-ci il tarixində 689 № ilə qeyd edilmişdir.

12. Bakı şəhəri Binəqədi rayonu “Leyla “ nikah evi tərəfindən xx.xx.2001-ci il tarixdə verilən ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2001-ci il tarixdə uzun sürən ağ ciyər və ürək xəstəliyindən Bakı şəhərində vəfat etmişdir, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2001-ci il tarixdə 689 nömrə ilə qeyd edilmişdir.

13. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilən İ-JQ 480993 saylı nikah haqqında arayışdan görünür ki, X18 ilə X12 nikahı Binəqədi Rayon qeydiyyat şöbəsində qeydə alınmış və bu barədə xx.xx.1978-ci il tarixində 272 №-li akt qeydi tərtib edilmişdir.

14. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilən fərdi yaşayış evinin texniki pasportuna görə evin sahibi kimi X9 göstərilmişdir.

15. Ərizəçi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinə ünvanlanan məktubdan görünür ki, qeydiyyat vəsiqəsində mərhum yoldaşının adında düzəliş edilməsi xahiş edilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

16. Ərizəçi xx.xx.2001-ci il tarixində ölmüş X7 arvadıdır. (Tərəflər xx.xx.1978-ci il tarixində rəsmi nikaha daxil olmuşlar.) Ərizəçinin mərhum ərinin adı mübahisə predmeti olan 020529 saylı qeydiyyat vəsiqəsində X1, doğum haqqında arayışda X3, ölüm haqqında şəhadətnamədə X4, nikah haqqında şəhadətnamədə isə X19, nikah haqqında arayışda isə X4, uşaqlarının doğum haqqında şəhadətnamələrində isə X3 qeyd edilmişdir.

17. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilən qeydiyyat vəsiqəsinə görə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Q.Məmmədov küçəsindəki 6 otaqlı, 97,5 kv.m yaşayış sahəsi, 191,64 kv.m ümumi sahədən ibarət 14 saylı fərdi yaşayış evinə X5 ½ hissədə pay hüququ xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Həmin mənzilə dair təsdiq edilmiş texniki pasportda da ev sahibinin adının X9 olduğu göstərilmişdir.

18. Ərizəçi fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün ilk olaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş və mərhum ərinin adının qeydiyyat vəsiqəsində düzəliş edilməklə Cahangir kimi yox, Cangir kimi qeyd edilməsini xahiş etmişdir. Lakin xahişin məhkəmədən kənar təmin edilməsi mümkün olmamışdır.

19. Hazırda ərizəçi həmin hüquqmüəyyənedici sənədlərdə mərhum ərinin adının və ata adının səhv göstərildiyini və bu səbəbdən həmin sənədlərin mərhum ərinə məxsus olması faktının müəyyən edilməsini xahiş edir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

21. 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır;

22. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır;

23. 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

24. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

25. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.

26. Həmin qərarın 6.1-ci bəndində qeyd edilmişdir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər.

27. Həmin qərarın 6.2-ci bəndində qeyd edilmişdir ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur.

28. Qeyd olunan Plenum qərarının 6.3-cü maddəsində göstərilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir.

29. Yuxarıda sadalanan normalardan göründüyü kimi belə faktın müəyyən edilməsi imkanı prosessual qanunvericilikdə təsbit olunmuşdur, lakin bu faktın müəyyən edilməsi üçün müəyyən şərtlərin olması zəruridir. Hansı ki hazırki mübahisədə həmin şərtlərin hamısı mövcuddur. Əvvəla qeydiyyat vəsiqəsində qeyd edilən şəxsin adı və ata adı mərhumun doğum haqqında arayışında qeyd edilən ad və ata adı ilə düz gəlmir. (həmçınin yuxarıda sadalanan digər sənədlərlə) İkincisi həmin sənədlər hüquqmüəyyənedici sənədlərdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Üçüncüsü sənədləri verən təşkilatın hüququ varisi tərəfindən sənəddəki səhv aradan qaldırılmamışdır.

30. Bu səbəbdən həmin hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəyə baxılması mümkündür və həmin faktın müəyyən edilməsi məhz sübutetmə ilə bağlı olan məsələdir.

31. Ərizəçi isə mərhum ərinin adının və ata adının X15 olmasını mərhumun doğum haqqında arayışı və uşaqlarının doğum haqqında şəhadətnamələri ilə sübut edir. Həmin sənədlərdə mərhumun adı həqiqətən X3 qeyd edilmişdir. Bu hal şahid ifadələri ilə də, öz təsdiqini tapır. Odur ki, ərizəçinin dəlilləri öz təsdiqini tapdığından ərizə əsaslı hesab edilməli və hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Tətbiq edilən prosessual normalar:

32. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin:

33. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

36. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

37. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilən FM seriyalı, 020529 saylı qeydiyyat vəsiqəsinin xx.xx.2001-ci il tarixdə vəfat edən xx.xx.1948-ci il təvəllüdlü X23(Muğbil) oğluna məxsus olması faktı müəyyən edilməlidir.

38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilən FM seriyalı, 020529 saylı qeydiyyat vəsiqəsinin xx.xx.2001-ci il tarixdə vəfat edən xx.xx.1948-ci il təvəllüdlü X23(Muğbil) oğluna məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar