Məhkəmə qərarları › İş №2(001)-5908/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5908/2021

17.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5908/2021 17.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə 17 avqust 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli, 2(001)- 4219/2019 saylı qətnaməsinə əsasən, Cavabdeh ilə İddiaçı arasında 18 oktyabr 2008-ci il tarixdə bağlanmış nikah pozulmuş, birgə nikahlarından olan 01 may 2009-cu il təvəllüdlü X2 anasının yanında saxlanması və uşağın yetkinlik yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay 110 manat sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Tərəflər arasında nikah pozulduqdan təxminən 3 ay sonra 10 dekabr 2019-cu il tarixdə X5 adlı uşaqları doğulmuşdur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahlarından doğulmuş 01 may 2009-cu il təvəllüdlü Reyhanə adlı uşaqlarının saxlanması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay 175 manat müəyyən edilməsi, habelə, cavabdehlə birgə nikahlarından doğulmuş 10 dekabr 2019-cu il təvəllüdlü Mehri adlı uşaqlarının yetkinlik yaşa çatanadək saxlanması üçün cavabdehdən hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənləri təsdiq edərək iddianı müdafiə etdiyini bildirib izahatında göstərdi ki, əvvəlki məhkəmə qətnaməsi ilə cavabdehlə birgə nikahlarından olan 1 uşağın saxılanması üçün hər ay 110 manat sabit pul məbləğində alimentin tutulması qərara alınmış, nikahları pozulduqdan 3 ay sonra ikinci uşaqları doğulmuşdur. 110 manat alimentlə nəinki 2, heç 1 uşağın saxlanması da mümkün deyil. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, onun iddia tələbində göstərilən miqdarda aliment ödəməyə maddi imkanı yoxdur. Sonda Cavabdeh məhkəmədən izahatında göstərilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 75.1-ci maddəsinin məzmunundan görünür ki, uşağı saxlamaq yalnız atanın və ya ananın deyil, hər iki valideynin öhdəliyi kimi müəyyən edilmişdir. Belə olan halda, məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, normal, yəni, qida rassionlarına uyğun şəkildə qidalanmalarını, habelə Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahlarından olan 01 may 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşa çatanadək saxlanması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 130 manat sabit pul məbləğində müəyyən edilməli, habelə, tərəflərin birgə nikahlarından olan 10 dekabr 2019-cu il təvəllüdlü X5 adlı uşaqlarının yetkinlik yaşa çatanadək saxlanlası üçün Cavabdeh hər ay 130 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İddiaçı 10 dekabr 2019-cu il təvəllüdlü uşağının saxlanması üçün aliment tələbi ilə 16 iyul 2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyinə görə məhkəmə hesab edir ki, həmin uşağın saxlanması üçün alimentin tutulması 16 iyul 2021-ci il tarixdən başlanmalıdır. Digər tərəfdən, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli, 8-2\2016 saylı Qərarının 8-ci maddəsinin 12-ci bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Buna görə də, məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından olan 01 may 2009-cu il təvəllüdlü uşaqlarının saxlanması üçün hazırki qətnamə ilə müəyyən edilmiş miqdarda aliment qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. İddia qalan hissədə rədd edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2 – ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, 1 illik ödəmənin məcmusu 500 manatdan çox olduğuna və iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumunun 20 manat hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh birgə nikahlarından olan 01 may 2009-cu il təvəllüdlü uşaqları X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli, 2(001)-4219/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmaqla Cavabdeh hər ay 130 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və həmin məbləğdə alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddiaçı ilə Cavabdeh birgə nikahlarından olan 10 dekabr 2019-cu il təvəllüdlü uşaqları X4 yetkinlik yaşına çatanadək saxlanması üçün X3 hər ay 130 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin, bu hissədə qətnamə dərhal icra edilsin. İddia qalan hissədə rədd edilsin. 20 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar