Məhkəmə qərarları › İş №2(001)-5963/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5963/2022

01.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5963/2022 01.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsini qeyd etməklə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.1952-ci il tarixdə Qəbələ rayonunun Vəndam kəndində anadan olmuşdur. Qızlıq soyadı Eyyubova olmuşdur. Ərizəçi xx.xx.1975-ci il tarixdə X3 ilə ailə həyatı quraraq rəsmi nikaha daxil olmuşdur. Nikaha girərkən ərinin soyadını götürdüyü üçün soyadı Qurbanova olmuşdur. Yəni 1975-ci ildən sonra ərizəçi ərinin soyadını daşıyır - Ərizəçidır. Ərizəçi mərhum əri X5 rayonunun Vəndam kəndində yaşamış və birgə təsərrüfat aparmışlar. Əri vəfat etdikdən sonra ərizəçi Qəbələ rayonunun Vəndam kəndində yerləşən və daimi istifadələrində olan torpaq sahəsinə dair Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə onlara verilmiş 0,10 ha torpaq sahəsinin JN-1680A saylı KOD 40600048 olan xx.xx.2005ci il tarixli Şəhadətnaməsini almışdır. Həmin şəhadətnamədə ərizəçinin soyadı əhvən Söhbətova kimi qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verdi və təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, sənəddəki soyadının düzəldilməsi ona çıxarışın alınması üçün lazımdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, maraqlı şəxs tərəfindən məhkəməyə məktub ünvanlanaraq, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz edilmədiyi bildirilmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair JN - 1680A KOD 40600048 nömrəli şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 19 nömrəli qərarı ilə verilmiş 0,10 hektar torpaq sahəsi X1 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli cavab məktubunda aşağıdakılar göstərilmişdir: “ ... Sizin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə ünvanladığınız, 1680 A F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də soyad səhvinin dəyişdirilərək daşınmaz dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəniz araşdırılmışdır. Nəzərinizə çatdırırıq ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarələri, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər əsasında aparır. Torpaq sahələrinə dair hüquq müəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınması Ərazi İdarəsinin səlahiyyətinə aid deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə uyğun olaraq, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktına məhkəmə tərəfindən baxılır. Bununla bağlı Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada aidiyyəti üzrə məhkəməyə şikayət verilə bilər”. Məhkəmə iclasında iştirak edən şahid qismində dindirilmiş X4 ifadəsində məhkəməyə bildirdi ki, ərizəçi onun anasıdır. Torpaq sahəsi onlara dövlət tərəfindən ayrılmışdır. Ata baba-nənəsi tərəf hamısı Söhbətov soyadını daşıdığına görə, ərizəçinin də soyadını səhv olaraq sənəddə Söhbətova kimi göstərmişlər. Anası heç vaxt həmin soyadı daşımamış, atası da Söhbətov deyil, Qurbanov olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə müvafiq olaraq, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Beləliklə, iş materiallarından görünür ki, Torpağın mülkiyyətə verilməsinə dair JN - 1680A KOD 40600048 nömrəli şəhadətnamədə Ərizəçi soyadı düzgün yazılmamış, həmin sənəd hüquqmüəyyənedici sənəddir və səhvin hal-hazırda aradan qaldırılması mümkün deyil və bu səbəbdən ərizəçi torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını həyata keçirə bilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 19 saylı qərarı ilə ayrılmış 0,10 hektar torpaq sahəsinin X1 mülkiyyətinə verilməsinə dair JN - 1680A KOD 40600048 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 19 saylı qərarı ilə ayrılmış 0,10 hektar torpaq sahəsinin X1 mülkiyyətinə verilməsi barədə JN- 1680A KOD 40600048 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar