Məhkəmə qərarları › İş №2(001)-6074/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6074/2021

02.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6074/2021 02.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “06/18/0165 saylı 15 may 2018-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06/18/0165 saylı, 15 may 2018-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə ödənilməmiş lizinq ödənişləri üzrə 1574,16 manat, dəbbə pulu üzrə 5276,41 manat, cəmi 6850,57 manat məbləğində borcun, dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 oğlu arasında 15 may 2018-ci il tarixdə 06/18/0165 saylı daxili maliyyə lizinqi müqaviləsi bağlanmışdır. Lizinq müqaviləsinə əsasən iddiaçı 3000 manat ödəyərək mülkiyyətinə əldə etdiyi və müqavilə üzrə lizinq obyekti sayılan 1 ədəd 2017-ci il buraxılışı olan divardan asılan məişət qaz-qazanı sənəd və ləvazimatları ilə birlikdə cavabdehin istifadəsinə və sahibliyinə verilmişdir. Hazırda cavabdeh tərəfindən həmin müqaviləyə əlavə olan lizinq ödənişlərinin qrafikinə əsasən 01.06.2021-ci il tarixinədək cavabdehin ödədiyi məbləğ 2188,02 manat təşkil edir. Onun cari borcu 1574,16 manat, dəbbə pulu üzrə borcu 5276,41 manat olmaqla, cəmi borcu 6850,57 manatdır. Lizinq müqaviləsindən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi barədə cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Lakin buna baxmayaraq , cavabdeh tərəfindən lizinq müqaviləsi üzrə ödənişlər edilməmiş və beləliklə də, lizinq müqaviləsindən irəli gələn öhdəliklər icra edilməmişdir. Cavabdeh daxili maliyyə lizinqi müqaviləsindən irəli gələn öhdəliyi icra etmədiyinə görə, bu həmin müqavilənin ləğv edilməsi üçün əsas yaradır. Hazırda lizinq müqaviləsinin müddəti bitib. Hazırki iş üzrə cavabdeh sayılan Cavabdeh2 Mahir oğlu 15 may 2018-ci il tarixli, 06/18/0165-Z1 saylı zaminlik müqaviləsinə əsasən lizinq müqaviləsi üzrə zaminliyi qəbul etmişdir. Bu isə o deməkdir ki, Cavabdeh2 həmin müqavilə üzrə mövcud öhdəliklərin icrasının təmin olunmamasına və ya lazımınca icra olunmamasına görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Məhkəmə iclasının yeri və və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı 09.08.2021-ci il tarixində elektron informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və mülki iş üzrə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 15 may 2018-ci il tarixli, 06/18/0165 saylı daxili maliyyə lizinqi müqaviləsinə və ona 1 saylı əlavəyə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş 1 ədəd 2017-ci il buraxılışlı divardan asılan məişət qaz qazanını öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini lizinq müqaviləsinin şərtləri əsasında yəni 18 ay müddətinə, aylıq ödəniş 209,01 manat olmaqla lizinqə qəbul etməyi öhdəsinə götürmüşdür. İlkin ödəniş tarixi 15.06.2018-ci il, sonuncu ödəniş tarixi 15.11.2019-cu il olaraq müəyyən edilmişdir. Müqavilənin 3.2-ci bəndinə əsasən müqavilənin müddəti 18 ay olaraq müəyyən edilmişdir. 04 iyul 2018-ci il tarixli Lizinq obyektinin təhvil-təslim aktından görünür ki, lizinq alan 06/18/0165 saylı daxili maliyyə lizinqi müqaviləsinə əsasən lizinq obyektini təhvil almışdır. İddiaçı MMC ilə zamin Cavabdeh1 arasında bağlanan 15 may 2018-ci il tarixli, 06/18/0165-Z1 saylı zaminlik müqaviləsinə əsasən zamin lizinq alan tərəfindən lizinq müqaviləsi üzrə öhdəliklərinin icrasına görə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada, həcmdə və şərtlərlə lizinq verən qarşısında lizinq alanla birlikdə birgə məsuliyyət daşıyır. Müqavilənin 7.2-ci bəndinə əsasən bu müqavilə tərəflərin imzaladığı vaxtdan qüvvəyə minir və bu müqavilənin 7.1-ci bəndində və ya qüvvədə olan Azərbaycan Respublikasının qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla zaminliyə xitam verilənə qədər qüvvədədir. İddiaçı MMC tərəfindən Cavabdeh1 ünvanlanan 07.10.2020-ci il tarixli daxili maliyyə lizinq müqaviləsi üzrə öhdəliklərin icra edilməsi barədə tələb məktubundan görünür ki, cavabdehə 18 may 2015-ci il tarixli, 06/18/0165 saylı daxili maliyyə lizinq müqaviləsi üzrə lizinq ödənişlərinin gecikdirməsi səbəbindən 1574,16 manat cari borc, 3639,45 manat dəbbə borcu hesablanması barədə məlumat verilmiş, yaranmış borc məbləğini 7 gün ərzində ödənilmədiyi təqdirdə, borc məbləğinin və lizinq obyektinin geri qaytarılmasının məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. 08 iyul 2021-ci il tarixli mədaxil qəbzinə əsasən iddiaçı Binəqədi Rayon Məhkəməsində iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında 15 may 2018-ci il tarixli, 06/18/0165 saylı daxili maliyyə lizinqi müqaviləsi bağlanmış və həmin müqavilə üzrə lizinqverən İddiaçı MMC lizinq obyekti olan buraxılış ili 2017-ci il, dəyəri 3000 manat olan divardan asılan qazqazan dəstini lizinq alan Cavabdeh1 18 ay müddətinə lizinqə vermiş, lizinq alan Cavabdeh1 isə lizinq müqaviləsi ilə müəyyən edilmiş ödənişləri ödəniş cədvəlinə uyğun olaraq müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödəməsi, habelə lizinq ödənişlərinin müqavilədə göstərilən müddətlərdə ödəmədiyinə görə hesablanacaq dəbbə pulu ödəməyi barədə öhdəlik götürmüşdür. Lizinq müqaviləsinin təminatı kimi həmin tarixdə İddiaçı MMC ilə Cavabdeh2 arasında 06/18/0165-Z1 saylı zaminlik müqaviləsi bağlanmış və zamin, lizinq verən qarşısında lizinq alanla birlikdə birgə məsuliyyət daşıyacağı barəsində öhdəlik götürmüşdür. Cavabdeh1 15 may 2018-ci il tarixli, 06/18/0165 saylı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 1574,16 manat məbləğində əsas, 5276,41 manat məbləğində cərimə, cəmi 6850,57 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; 748-1.9-cu maddəsinə əsasən Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır; 748-1.12-ci maddəsinə əsasən lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır; 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir; Tədqiq edilmiş sübutlar əsasında müəyyən edilir ki, tərəflər arasında bağlanan 15 may 2018-ci il tarixli, 06/18/0165 saylı daxili maliyyə lizinq müqaviləsinin müddəti bitmişdir. 01.06.2021-ci il tarixə verilən maliyyə arayışından görünür ki, lizinq alan Cavabdeh1 lizinq müqaviləsi üzə 1574,16 manat əsas borcu, 5276, 41 manat cərimə borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, əsas borcla bağlı tələb olunan məbləğ təqdim edilmiş maliyyə arayışı ilə sübut olunur. Belə ki, bu tip mübahisələrdə maliyyə arayışı mötəbər sübut kimi qəbul olunur və onun mötəbərliyi şübhə altına alındıqda müvafiq ekspertiza tədqiqatı aparıla bilər. Lakin hazırki mübahisədə əsas borcla bağlı maliyyə arayışının mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilmir. Odur ki, məhkəmənin gəldiyi qənaətə görə, 15 may 2018-ci il tarixli, 06/18/0165 saylı daxili maliyyə lizinq müqaviləsi üzrə əsas borca görə qalıq məbləğ 1574.16 manat məbləğində müəyyən edilməlidir. Lakin tələb olunan cərimə borcu ilə bağlı isə məhkəmə hesab edir ki, tənasüblük qorunmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını, tələb olunan əsas borc məbləğini əsas götürərək belə qənaətə gəlir ki, 1574,16 manat əsas borca görə tələb olunan 5276, 41 manat cərimə borcu qeyri-mütənasib olduğundan azaldılmalı və 150 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə müəyyən edilmiş borcun eyni zamanda cavabdeh-zamin Cavabdeh2 tutulması hissəsində də iddianı əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 367.2-ci maddəsinə əsasən əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. 367.3-cü maddəsinə görə müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Zaminlik müqaviləsində isə onun verilmə müddəti təqvim tarixi, illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxt, habelə hökmən baş verməli olan (yəni insan iradəsindən asılı olmayan) hadisə nəzərdə tutulmamışdır. İş materiallarından göründüyü kimi, zaminlik müqaviləsinin 7.2-ci bəndində qeyd olunmuşdur ki, “bu müqavilə tərəflərin imzaladığı vaxtdan qüvvəyə minir və bu müqavilənin 7.1-ci bəndində və ya qüvvədə olan Azərbaycan Respublikasının qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla zaminliyə xitam verilənə qədər qüvvədədir”. Lakin belə məzmunda şərt “müddət” anlayışına uyğun deyil və zaminliyin müddəti kimi qəbul edilə bilməz. Beləliklə, zaminlik müqaviləsində zaminliyin verilmə müddəti təyin edilmədiyindən zaminliyə onun təmin etdiyi öhdəliyin (kredit öhdəliyinin) icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Kredit öhdəliyinin icrası vaxtı 15 noyabr 2019-cu il tarixində başa çatmış və həmin tarixdən bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürməmiş, iddia tələbi ilə 23 iyul 2021-ci ildə məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, zaminliyə xitam verilməli və zaminə qarşı yönəlmiş iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 15 may 2018-ci il tarixli, 06/18/0165 saylı lizinq müqaviləsi üzrə 1574,16 manat məbləğində əsas, 150 manat məbləğində dəbbə pulu, ümumilikdə 1724,16 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 10 manat məbləğində hissəsi Cavabdeh1 tutularaq İddiaçı MMC-yə ödənilməli, qalan hissəsi iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh1 15 may 2018-ci il tarixli, 06/18/0165 saylı lizinq müqaviləsi üzrə əsas borca görə 1574,16 (bir min beş yüz yetmiş dörd manat, on altı qəpik) manat, dəbbə puluna görə 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 1724,16 (bir min yeddi yüz iyirmi dörd manat, on altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10(on) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar