Məhkəmə qərarları › İş №2(001)-6094/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6094/2021

25.11.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6094/2021 25.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı şirkətinin Cavabdeh qarşı “cavabdehin 3 saylı mədənin 6-cı sahəsində və Şirkətin Saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı şirkəti Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlunun 3 saylı mədənin 6-cı sahəsində və Şirkətin Saziş ərazisi hüdudları daxilində Binəqədi/Sulutəpə/ R.Allahverdiyev 0320/ mənzil 0270 ünvanında inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən Şirkətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən İddiaçı Şirkətinin saziş əsasında istifadəsinə verilmiş kontrakt sahəsinin ərazisində lazımi icazələr almadan, şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikili inşa edilmişdir. Hesab edilmişdir ki, cavabdehin inşa etdiyi özbaşına tikili şirkətin həmin ərazidə neft-qaz əməliyyatlarını həyata keçirməsinə ciddi maneələr yaratdığından, İddiaçı Şirkətinin qanunla qorunan hüquqları və Dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozulmuşdur. Məlum olduğu kimi, 29.09.2004-cü il tarixdə "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandag və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, X5 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti arasında saziş imzalanmış və 29.04.2005-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə etdiyini bildirərək, Cavabdeh oğlunun 3 saylı mədənin 6-cı sahəsində və Şirkətin Saziş ərazisi hüdudları daxilində Binəqədi/Sulutəpə/ R.Allahverdiyev 0320/ mənzil 0270 ünvanında inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin iş materiallarına əlavə sübut kimi cavabdehin faktiki olaraq həmin mənzildə yaşamasını və elektrik enerjisindən istifadə etməsini təsdiq edən çıxarışın surətini məhkəməyə təqdim edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Cavabdeh 01.09.2021-ci il tarixində elektron qaydada məhkəməyə etirazını təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddianın cavabdeh olaraq ona heç bir aidiyyatı olmasa da, əvvəllər həmin ünvanda yaşamışdır. Hazırda qanunsuz tikiliyə heç bir aidiyyəti yoxdur. Onun ümumiyyətlə qanunsuz tikilisi yoxdur. Qeyd edilən ünvanda 35 il bundan əvvəl yaşamağa başlamışdır. Hələ onda ilk baxışdan “elmi işə” oxşayan qanunsuz iddiada qeyd edilən tərcüməsini bilmədiyi X4 adlı iddiaçı ümumiyyətlə yox idi. Kompaninin adından müxtəlif vaxtlarda ona qarşı qanunsuz iddia verərək, qanunsuz ev adı altında 35 il əvvəl tikilən evin sökülməsi barədə iddia verilmişdir. Lakin cavabdeh cənab Prezidentin sənədsi evlərin sənədləşdirilməsinə dair müxtəlif dövrlərdə verdiyi sərəncamlardan nəticə çıxaran Kompani adlı iddiaçı dəfələrlə iddiasını baxılmamış saxlamışdır. Buna görə də, ondan və digər yüzlərlə həmin ərazidə yaşayan Azərbaycan millətindən ibarət vətəndaşlardan rüsum tələb etmişdir. Hər dəfə bu rüsumlar ödənilmədikdə Kompani məhkəməyə müraciət edərək, qanunsuz iddia verərək 10 illərdir ki, tikilmiş qanuni mənzilləri qanunsuzlaşdırır. İddiaları və iddialardakı ünvanlar təhlil edilərsə mənzillərin seçmə üsulu ilə şəxsi maraq qarşılığında seçildiyini müəyyən etmək asandır. Qanunsuzdursa hamısı qanunsuzdur. Qanunsuz deyilsə, heç biri qanunsuz deyil. Maraq nədir ki, seçmə üsulu ilə iddialar verilir. Kompani növbəti dəfə onu seçmişdir. Hazırda Estoniya dövlətinin Tallin şəhərində yaşayır və ona məxsus qanunsuz tikili yoxdur. İddiada göstərilən qanunsuz tikilinin ona aidiyyəti yoxdur. Sikopulli küçəsində yaşadığı qonşular Azərbaycan Dövlətinin qanunlarına görə 35 il əvvəl tikilmiş mənzilə kompaninin qanunsuz tikili statusunu verilməsinə hüququnun olmadığını bildirirlər. Bu əsəri məhkəməyə təqdim edən şəxsin maraqları nədir ki, özündən əvvəl tikilmiş mənzili bu gün qanunsuz sayır. Sikupili küçəsində yaşadığı qonşuları həmçinin ona bildirirlər ki, şirkətə bildirməlidir ki, qanunsuz iddiasında nədənsə Azərbaycan dövlətinin də qoşulduğu Avropa Məhkəməsinin Qərarlarına istinad etməyi yaddan çıxarmışdır. Həmin qərarlarda kifayət qədər nümunələr var ki, 35 il əvvəl tikilən mənzil 35 il sonra qanunsuz tikili sayılmır. Belə iddianın özü qanunsuz sayılır. Qanuni iddia olmuş olsa idi, o kompaninin yazdığı qanunsuz tikilidə yaşayarkən iddia təmin olunardı. İki ildən bir qanunsuz olduğu iddia edilən tikili barədə iddia verilir, sonra geri götürülür və beləliklə 35 il keçmişdir. Kompani qanunsuz iddiasında cavabdeh olaraq onun məhz həmin qanunsuz tikilidə yaşaması barədə heç bir sübut təqdim etməmişdir. Özü artıq uzun müddətdir Estoniyada qanuni tikililərdə yaşayır. Ona məxsus qanunsuz tikili yoxdur. Bundan başqa o, ümumiyyətlə qeyd edilən ünvanda yaşamır. Yalandan faktiki ünvan kimi qeyd edilən ünvanda yaşamır. Onun faktiki ünvanı Estoniya dövlətinin, Tallin şəhərinin Sikupilli küçəsi 9-54 ünvanıdır. Orada yaşadığı mənzillərin də sənədləri qanunidir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan “Kontrakt sahəsinin coğrafi koordinatlarının xəritə üzərində düzgün göstərilməsini təsdiq edən” Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xəritəsindən və mübahisəli torpaq sahəsinin həmin ərazidə yerləşməsini təsdiq edən xəritədən çıxarışdan görünür ki, sökülməsi tələb edilən mübahisəli tikili İddiaçı şirkətinin kontraktla istifadəsinə ayrılmış torpaq sahəsində, eləcə də tikinti aparılan torpaq sahəsinin Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901-İİQD saylı 29.04.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 01.07.2004-cü il tarixli, 296 saylı Sərəncamında göstərilən saziş blokunun kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşdiyi müəyyən olunur. Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, X5 Bi.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sian-şor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" 2004-cü il 1 iyul tarixli 296 nömrəli Sərəncamına uyğun olaraq, 2004-cü il sentyabrın 29-da Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ("ARDNŞ") ilə X5 Bi. Vi. ("xxxx") və ARDNŞ-nin Ortaq Neft Şirkəti ("ONŞ") arasında Saziş bağlanmışdır. Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktına və Azərbaycan Respublikasının Konstitusiyasına əsasən qərara alır: Bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. 6. Bu Qanun qüvvəyə mindikdən sonra Podratçının (və ya onun hüquq varislərinin) Saziş, Hökumət təminatı və Əlavələr üzrə əldə etdiyi hüquqlar və mənafelər Podratçının qabaqcadan razılığı olmadan dəyişdirilə, düzəldilə və ya azaldıla bilməz. 7. Sazişdən irəli gələn hüquq və öhdəliklərin yerinə yetirilməsi üçün Sazişin iştirakçılarına bütün lazımi lisenziyalar, gömrük icazələri, vizalar, başqa səlahiyyətlər və sanksiyalar verilir. 8. Sazişə və ya Əlavələrə hər hansı əlavələr, düzəlişlər, dəyişikliklər yalnız Sazişin və Əlavələrin tərəflərinin yazılı razılığı ilə edilir. İş materiallarında olan “ASAN ödəniş” sistemindən olan çıxarışdan görünür ki, Cavabdeh oğlu Binəqədi/Sulutəpə/ R.Allahverdiyev 0320/ mənzil 0270 ünvanında istifadə etdiyi enerjiyə görə sonucu dəfə 07.05.2021-ci il tarixinə "xxxx" ASC-yə 1,11 manat borcludur. İşin faktiki halları ilə müəyyən edilir ki, mübahisəli torpaq sahəsi şirkətin (iddiaçının) 3 saylı mədənin 6-cı sahəsində və Şirkətin Saziş ərazisi hüdudları daxilində yerləşir, Binəqədi/Sulutəpə/ R.Allahverdiyev 0320/ mənzil 0270 ünvanında tikilinin yerləşdiyi torpaq sahəsi zəbt olunmuş və müvafiq icazələr olmadan orada tikinti işləri həyata keçirilmişdir. Cavabdeh sözügedən tikilinin ona məxsus olmadığını bildirsə də, Azərişıq” ASC-yə olan borcu göstərən qəbzin surəti təsdiq edir ki, özbaşına tikiliyə faktiki olaraq Cavabdeh sahiblik edir. Aydın məsələdir ki, özbaşına tikiliyə münasibətdə heç bir hüquq qeydə alına bilmədiyindən və dolayısı ilə özbaşına tikiliyə sahiblik və ya istifadə faktı müəyyən sübutetmə(xidmət, istehlakçı müqavilələri və.s) vasitələri ilə təsdiq edilə bildiyindən cavabdehin etirazındakı dəlillər iddianın rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. O cümlədən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin maddənin 3-cü hissəsinə görə isə torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Göstərilən qanunvericilik normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, mübahisə predmetini təşkil edilən ev özbaşına tikilidir və evin sökülməsi üçün iddiaçı maraqlı tərəfdir, bu baxımdan iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddianı həmçinin ona görə əsaslı hesab edir ki, tikinti aparılmış torpaq sahəsi cavabdehin mülkiyyətində və ya qanuni sahibliyində deyil, Şirkətin saziş ərazisi hüdudlarındadır və buna görə də özbaşına tutulmuş (zəbt edilmiş) hesab edilir, orada aparılmış tikili isə qanunvericiliyə əsasən qanunsuz tikilidir. Hazırkı iddianın təmin edilməsini istisna edən yeganə hal tikilinin və ya torpaq sahəsinin cavabdehin qanuni mülkiyyətində və ya sahibliyində olması və bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsidir. Hazırkı vəziyyətdə məhkəmədə belə bir sübutlar müəyyən edilmir. Əksinə sübut edilir ki, torpaq cavabdehin mülkiyyətində deyil, ona görə də iş üzrə mövcud olan sübutlar əsasında iddianın təmin edilməsini istisna edən hallar yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh oğlu 3 saylı mədənin 6-cı sahəsində və Şirkətin Saziş ərazisi hüdudları daxilində ünvan 1 ünvanında inşa edilmiş özbaşına tikilidən çıxarılmalı, özbaşına tikili cavabdehin hesabına sökülməli və torpaq sahəsi boşaldılaraq İddiaçı Şirkətinin qanuni istifadəsinə qaytarılmalıdır. Həmiçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh oğlu 3 saylı mədənin 6-cı sahəsində və Şirkətin Saziş ərazisi hüdudları daxilində ünvan 2 ünvanında inşa edilmiş özbaşına tikilidən çıxarılsın, özbaşına tikili cavabdehin hesabına sökülsün və torpaq sahəsi boşaldılaraq İddiaçı Şirkətinin qanuni istifadəsinə qaytarılsın. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 10(on) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh oğlundan İddiaçı Şirkətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar