Məhkəmə qərarları › İş №2(001)-6147/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6147/2020

19.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6147/2020 19.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdehnə qarşı 324 manat borcun silinməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdehnə qarşı 324 manat borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, 2003cü ildən Bakı şəhəri M.Ə.Rəsulzadə qəsəbəsi C.Cabbarlı küçəsi 142 saylı evdə yaşayır. Həmin vaxtdan onun həyətində qaz sayğacı quraşdırılıb və o, vaxtlı-vaxtında istifadə etdiyi qazın pulunu qaz idarəsinin nəzarətçisinin sayğacı yoxlayıb göstəricinin qəbzini təqdim etdikdən sonra ödəmişdir. Təxminən 2010-cu ildən sonra Cavabdeh İB-nin göstərişinə əsasən qaz sayğacları evdən çıxarılaraq küçə divarına köçürülmüşdür. Bundan sonra nəzarətçi onların iştirakı olmadan sayğacın göstəricisini, sayğacın ümumi vəziyyətini, plombunu yoxladıqdan sonra istehlakçıya istifadə olunan qazın həcmini və pulunu qəbz şəklində təqdim etmiş, onlar isə ödənişi həyata keçirmişlər. xx.xx.2020-ci ildə Cavabdeh İB-nin əməkdaşları ona zəng edərək sayğacın istismar müddəti başa çatdığı üçün sayğacı dəyişmək istədiklərini bildirmiş, o, isə Bakı şəhərindən kənarda olduğunu və pandemiya ilə bağlı bir müddət Bakı şəhərinə gəlməyi planlaşdırmadığını demişdir. Cavabdeh İBnin əməkdaşları onun iştirakı olmadan sayğacı dəyişmiş və akt tərtib edərək onun əvəzinə imzalamışlar. xx.xx.2020-ci ildə yenidən onun iştirakı olmadan akt tərtib olunmuşdur. Aktda sayğaca baxış keçirilərkən sayğacın hesab mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar edildiyi qeyd edilmiş və qaz itkisi baş verdiyi üçün ona 324 manat cərimə yazılmışdır. Həmin akt tərtib olunarkən onun iştirakı təmin olunmadığı halda aktda onun aktı imzalamaqdan imtina etməsi göstərilmişdir. Cavabdeh İB-nin əməkdaşları aktı onun iştirakı ilə tərtib etməli, sayğacın üzərində mənşəyi məlum olmayan plombu şəxsən ona göstərməli olduqları halda, bunu etməmişlər. Cavabdeh İB-nin əməkdaşlarının plombu sonradan dəyişdirmək imkanları vardır. Çünki onlarda köhnə sayğacların üstündən çıxarılmış çoxlu sayda zədələnmiş plomblar ola bilər. Ona görə də Cavabdeh İB tərəfindən hesablanmış 324 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X1 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Cavabdeh qaz sayğacının yoxlanılmasına dair xx.xx.2020-ci il tarixli MSK 29/1710-01470-1 saylı aktından müəyyən olunur ki, Cavabdeh İB-nin Socar**********30991710X01470 saylı xx.xx.2020-ci il tarixli teleqramına əsasən xx.xx.2020-ci il tarixdə BRQS Departamentindən dövlət yoxlamasına gətirilmiş əhalinin diafraqma tipli qaz sayğaclarına xx.xx.2020-ci il tarixdə Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş, ******* saylı sayğaca baxış keçirilərkən sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar edilmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixli ******* saylı aktından müəyyən olunur ki, İddiaçı məxsus yaşayış sahəsində 29/1710-01470-1 saylı akta əsasən sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar edilərək dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmışdır. Cavabdeh İB-nin tərtib etdiyi xx.xx.2020-ci il tarixli abonentin saldosundan müəyyən olunur ki, abonent İddiaçı qalıq və aktlar üzrə 324 manat ziyan hesablanmışdır. İddiaçı vurduğu ziyana görə 324 manatı Cavabdeh İB-yə ödəməlidir. Ona görə də iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktın surətindən müəyyən olunur ki, İddiaçı məxsus yaşayış sahəsində qaz sayğacı yenisi ilə əvəz edilmiş, qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış, heç bir sızma aşkar edilməmiş, quraşdırılan qaz sayğacı texniki qaydalara cavab verir və abonentə təhvil verilmişdir. Akt İddiaçı tərəfindən imzalanmışdır. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunan qaz sayğacının yoxlanılması barədə xx.xx.2020-ci il tarixli MSK 29/1710-01470-1 saylı aktın surətindən müəyyən olunur ki, Cavabdeh İB-nin Socar**********30991710X01470 saylı xx.xx.2020-ci il tarixli teleqramına əsasən xx.xx.2020-ci il tarixdə BRQS Departamentindən dövlət yoxlamasına gətirilmiş əhalinin diafraqma tipli qaz sayğaclarına xx.xx.2020-ci il tarixdə Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş, ******* saylı sayğaca baxış keçirilərkən sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar edildiyi müəyyən edilmişdir. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, İddiaçı məxsus yaşayış sahəsində 29/1710-01470-1 saylı akta əsasən sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar edilərək dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmış, akt İddiaçı tərəfindən imzalanmamışdır. Cavabdeh İB-nin tərtib etdiyi xx.xx.2020-ci il tarixli abonentin saldosundan müəyyən olunur ki, abonent İddiaçı qalıq və aktlar üzrə borcu 324 manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilində quraşdırdığı sayğacın yararsız olmasını müəyyən edən cavabdeh yararsız sayğacı yenisi ilə əvəz edərək iddiaçının təqsirini sübuta yetirmədən qaz sərfiyyatına görə ona 324 manat ziyan hesablamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə borc hesablamışdır. Ona görə də məhkəmə iddia ərizəsini əsaslı hesab edib təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh İddiaçı qaz sərfiyyatına görə tələb etdiyi 324 manat borc silinsin. Cavabdehndən dövlət rüsumuna görə 10 manat İddiaçı xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar