Məhkəmə qərarları › İş №2(001)-616/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-616/2025

30.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-616/2025 30.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1 Hüseynağa qızının sədrliyi, Hümbətov Cavidan Etibar oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti (ASC) qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə: İddiaçı "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona hesablanmış 1496 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia tələbi onunla əsaslandırılmışdır ki, faktiki olaraq məcburi köçkün kimi məskunlaşıb yaşadığı Bakı şəhəri, Binəqədi rayonu , Azadlıq prospektində yerləşən fərdi yaşayış evinə (abonent kodu **********40040) quraşdırılmış elektrik sayğacı üzrə xx.xx.2016-cı il tarixə 1496 manat hesablanmış borc məbləğinin qaçqın borcu kimi silinməsi nəzərdə tutulsa da silinməmişdir. Həmin vaxtdan borc kimi saxlanılmışdır. Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən silinməyə verilsə də yerinə yetirilməmişdir. O, "xxxx" ASC-yə müraciət edərək borcun silinməsini tələb etsə də heç bir tədbir görülməmişdir. Ona məcburi olaraq xx.xx.2024-cü il tarixdə 236 manat məbləğində "xxxx" ASC-nin hesabına vəsait ödətdirmişlər, əks təqdirdə elektrik enerjisinin dayandırılacağı bildirilmişdir. Həmin vaxtlar güzəştlər, limit və imtiyazlarla bağlı elektrik enerjisi sərfiyyatı məcburi köçkünlər üçün Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən ödənilmişdir və onun qeyd edilən məbləğdə borcunun qalması absurddur. Cavabdehin istehlakçının təqsirini, yaranmış borcun mənbəyini, borcun hansı meyarlarla, hansı əsaslarla yaranması sübuta yetirilmədən borc hesablaması əsassızdır. Abonentin saldosundan da görünür ki, xx.xx.2016-cı il üzrə silinmə qeyd edilmiş və məbləğ mənfi olaraq işarələnmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənləri təsdiq edib, ərizə təqdim etdi, hesabına əsassız saxlanılmış 1496 manatın silinməsini barədə qətnamə çıxarılmasını xahiş etdi. Qalan hissədə isə iddiasının baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi izahatında məhkəməyə bildirdi ki, xx.xx.2024-cü il tarixdə 236 manat məbləğində ödənilmiş məbləğ onların hesabına “Barmek borcu” kimi ödənilmişdir. Lakin Azərışıq həmin şirkətə görə cavabdehlik daşımır, həmin pulun qaytarılması mümkün deyil. O ki, qaldı 1496 manat qaçqın limitinin pozulması nəticəsində yaranmış borca həmin borc yalnız evin alqı-satqısı və addan ada keçirilməsi zamanı abonentin saldosunda görünür, həmin borc hazırda dondurulmuş borc kimi şəxsin hesabında görünür. Sonrakı məhkəmə iclaslarında cavabdehin nümayəndəsi işlərin çoxluğu ilə əlaqədar işə onun iştirakı olmdan baxıb yekunlaşdırılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdeh təşkilatın işə əlavə edilmiş sənədləri hərtərəfli, obyektiv araşdırıb, təqdim olunmuş sübutlara huquqi qiymət verib belə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin olunmalıdır. Əsaslandırıcı hissə İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: AA243909 seriyalı xx.xx.2011-ci il tarixli məcburi köçkün vəsiqəsindən müəyyən olunur ki, İddiaçı 1993-cü il tarixdə Ağdam rayonunda olan yaşayış yerini 1993-cü ildə məcburi şəkildə tərk etmişdir, hal-hazırda Binəqədi rayonunda məskunlaşmışdır. **********240040 abunə kodu olan abunə haqqında məlumatdan görünür ki, abunənin -1.495,61 manat qaşqın borcunun silinməsi kimi qeyd edilmiş məbləğ göstərilmişdir. Lakin borc qrafasında həmin məbləğ borc statusunda göstərilməmişdir. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan müəyyən olunur ki, İddiaçı **********40040 nömrəli abunə kodu üzrə Səhmdar Cəmiyyətə borcu 11,28 manat təşkil edir və həmin borc məbləği cari ilin oktyabr və noyabr ayları ərzində istehlak edilmiş elektrik enerjisinə görə yaranmışdır. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli məktubundan müəyyən olunur ki, iddiaçıya İddiaçı aid olan **********40040 saylı abonent kod üzrə elektrik enerji hesabatı haqqında məlumata əsasən istehlak edilmiş, lakin dəyəri ödənilməmiş elektrik enerjisinə görə xx.xx.2007-ci il tarixinədək ("xxxx"MMC dövrü) - 236,08 manat, xx.xx.2016-cı il tarixinədək (Məcbüri köçkünlər və onlara bərabər tutulan şəxslər üçün ayrılmış limitdən artıq istehlak edilmiş elektrik enerjisinin dəyəri)- 1.495,61 manat borc yaranmışdır. Tətbiq edilən hüquq: “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.9-cu bəndinə əsasən, məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. 7.13-cü bəndinə müvafiq olaraq, məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. 8.2-ci bəndin görə, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.4-cü bəndinə müvafiq olaraq, enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 8.16-cı bəndinə görə, istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Məhkəmənin mövqeyi: Göründüyü kimi, iş materiallarına əlavə edilmiş abunə vərəqəsində qeyd edilən borcun məhz iddiaçının hər hansı bir təqsiri üzündən və ya sayğaca müdaxiləsi nəticəsində yaranmasını təsdiq edə biləcək heç bir sübut cavabdeh tərəfindən təqdim edilməmişdir. Beləliklə, yaranmış borca görə iddiaçının hər hansı bir məsuliyyət daşıması işin məhkəmə baxışı zamanı sübuta yetirilmir. Həmçinin abunə saldosunda mübahisəsi gedən məbləğ yalnız qaçqın borcu silinmə kimi göstərilsə də, borc kimi nə həmin sənədlərdə, nə də ki, məhkəmə tərəfindən borcun yaranması əsaslarına dair sorğulara verilmiş cavablarda qeyd olunmamış, abonentin carı aylara dair istehlak borcunun 11.28 manat olması qeyd olunmuşdur. Həmin məbləğin isə yalnız əmlakın alqı-satqısı zamanı üzə çıxması qeyd olunmuşdur. Beləliklə, məhkəmə hal-hazırda **********40040 abunə kodu üzrə hesablanmış 1495,61 manat borcun yaranma əsaslarına dair müvafiq sənədlərin olmamasını, abunənin təqsirli hərəkətlərinə dair sübutların olmamasını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia həmin hissədə qismən təmin edilməli, **********40040 abunə kodu üzrə hesablanmış 1495,61 manat borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmçinin islehlakçı kimi iddiaçı məhkəmə xərclərindən azad olunduğundan məhkəmə xərcləri təmin olunan tələbə münasibətdə cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi Q Ə T E T D İ: İddia qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 1495,61 manat məbləğ İddiaçı məxsus **********40040 hesabından silinsin. 34,95 manat dövlət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyətindən dövlət hesabına alınsın. Qətnamədən, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Hakim: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar