Məhkəmə qərarları › İş №2(001)-623/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-623/2022

01.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-623/2022 01.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Dəyirman yolu, 882 nömrəli fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı ilə bağlı əsassız hesablanmış 396 manat borc məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Dəyirman yolu, 882 nömrəli fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı ilə bağlı kartla ödəniş edərkən ona məlum olmuşdur ki, etdiyi ödənişlərdən əlavə pul məbləği çıxılır və bununla bağlı olaraq o, Bakı Regional Qazın Satışı Departamentinə ərizə ilə müraciət etmiş və ona cavab verilərkən məlum olmuşdur ki, 30 mart 2018-ci il tarixdə "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" 58/1063 saylı akt tərtib edilmişdir və dəymiş ziyan Bakı Regional Qazın Satışı Departamentinin qərarına əsasən 396 manat borc kimi hesablanmışdır. Qeyd olunmalıdır ki, sayğac küçədə yerləşir, sayğaca baxış keçirilməsi və akt tərtib edilməsindən məlumatı olmamışdır, bu barədə ona heç bir xəbərdarlıq edilməmişdir, sayğaca baxış keçirilərkən iştirakı təmin edilməmişdir. Tərtib edilmiş aktda guya imza etməkdən imtina etməyi göstərilmişdir, halbuki akt onun iştirakı ilə tərtib edilməmişdir, ümumiyyətlə məlumatı olmamışdır. Sayğacda plomb aşkar edilmədiyi təqdirdə və akt tərtib edilərkən şahidlər belə dəvət edilməmişdir. Aktda sayğacın fyans birləşmələrinə vurulmuş plombun aşkar edilmədiyi qeyd edilmişdir. Akt tərtib edilməsi və borc hesablanması barədə məlumat cavabdeh tərəfindən cavab verilərkən məlumat almış və aktın surəti bu yaxınlarda ona verilmişdir. Belə ki, sayğac küçədə yerləşir, tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi absurddur. Onun tərəfindən qaz sayğacına heç bir kənar müdaxilə olmamışdır. Sayğacda texniki səbəbdən baş vermiş nasazlıqların aradan qaldırılması birbaşa cavabdeh tərəfin öhdəliyindədir və vətəndaş bununla bağlı məsuliyyət daşımır. Hər hansı bir problem yarandığı təqdirdə cavabdeh müqavilə şərtlərinə uyğun olaraq istehlakçını qabaqcadan xəbərdar etməli və qaz qurğusuna texniki baxış keçirməli idi. Həmçinin sayğaca texniki cəhətdən nəzarət etmək vətəndaşa aid deyil, baş vermiş hər hansı bir hadisə nəticəsində istehlakçı məsuliyyət daşımar sayğac küçədə, hasarın divarında yerləşirdi və qazpaylayıcı tərəfindən sayğaca ümumiyyətlə əvvəllər baxış keçirilməmişdir. Qeyd olunmalıdır ki, heç bir araşdırma aparılmadan qaz itkisi hesablanmışdır, tərəfindən qeyri-qanuni qazdan istifadəyə yol verilməmişdir. Hesab edir ki, formal olaraq belə bir akt tərtib edilmişdir və itirilmiş qaz sərfiyyatı hesablanmışdır. Sayğacda, baş vermiş nasazlıqların və digər halların aradan qaldırılması birbaşa cavabdeh tərəfin öhdəliyindədir. Hər hansı bir problem yarandığı təqdirdə cavabdeh müqavilə şərtlərinə uyğun olaraq istehlakçını qabaqcadan xəbərdar etməli və qaz qurğusuna texniki, baxış keçirməli idi. Bununla da onun bir istehlakçı kimi hüquqları kobud şəkildə pozulmuşdur. Qeyd olunmalıdır ki, qaz sayğacına müdaxilə əlavə qazdan istifadəni nəzərdə tutur, lakin bu amil cavabdeh tərəfindən araşdırılmamışdır, belə ki, tərəfindən istifadə edilmiş qaz sərfiyyatına hər hansı bir müdaxiləyə şübhə doğurmur və 3 ay müddətində ödənişlərə nəzarət etməklə bunu müəyyənləşdirmək mümkündür. Onun sayğacdan qeyri-qanuni istifadə etməyi ilə və plombun olmaması ilə bağlı, həmçinin plombun onun tərəfindən çıxarılması ilə bağlı hər hansı bir sübut da yoxdur, əsassız hesablanmış borc məbləği də qanunsuz olaraq hesablanmışdır. Ona görə də cavabdeh tərəfindən hesablanmış əsassız borc məbləği silinməlidir. Cavabdehin nümayəndəsi məhkəməyə iddiaya etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, hazırki iş üzə iddiaçının 396 manat borcun silinməsi nəzərdə tutulmuş tələbi qanunsuz və əsassız hesab edir. Belə ki, 12 dekabr 2011-ci il tarixdə quraşdırılmış 1102AQ**********7 saylı, smart tipli sayğaca baxış keçirilərkən sayğacın flyans plombu aşkar edilməmiş, bu barədə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29 mart 2018-ci il tarixli 58/1063 saylı akt tərtib edilmişdir. Həmin akt əsasında itirilmiş qazın bərpa edilməsi üçün hesablama aparılmış və 396 manat məbləğində itki olması müəyyən edilmişdir. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Abonentin smart sayğac üzrə ödəniş cədvəlindən də göründüyü kimi 2016-cı ilin dekabr ayından 2018-ci ilin dekabr ayına qədər istehlakçının ödənişi olmamışdır. Bu isə həqiqiətən istehlakçının qaz sayğacına müdaxilə edərək aldığı qazın dəyərini ödəmədən, qazdan istifadə etməsini sübut edən bir faktdır. İşə əlavə edilən sayğacın fotoşəklindən də göründüyü kimi sayğacda 1679 m3 mənfiyə getmə qeyd edilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi xahiş edilmişdir. Həmçinin cavabdehin nümayəndəsi digər ərizə ilə müraciət edərək bildirmişdir ki, İddiaçı (**********08810) mübahisəli dövrdən əvvəl, yəni 2016-cı ilin dekabr ауına qədər ödəniş edən zaman məcburi köçkünlər üçün müəyyən edilmiş güzəştdən istifadə etmişdir. 2016-cı ilin dekabr ayından sonrakı ilk ödəniş 2018-ci ilin dekabr ayında həyata keçirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində qeyd edilən məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin qeyd etdi ki, onun tərəfindən təqdim edilmiş gasrep adlı sənəddən də görünür ki, onun tərəfindən 2016- 2018-ci illərdə enerji sərfiyyatına görə cəmi 52 manat pul ödənilmişdir. Belə ki, o, qonşuluqda yerləşən nənəsinə məxsus evdə hamamdan istifadə etmiş, öz evində qazdan demək olar ki, istifadə etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz ərizəsini müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, iddiaçı tərəfindən təqdim edilən “Azərişıq” və “Azərsu” tərəfindən verilmiş sənədlərdən görünür ki, iddiaçı ona məxsus evdə 2016-2018-ci illərdə elektrik enerjisindən və sudan istifadə etmiş və buna görə ödənişlər etmiş, yəni evdə yaşayış olmuşdur. Ola bilməz ki, iddiaçı təbii qazdan iki il ərzində cəmi 52 manat məbləğində istifadə etsin. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş 30 mart 2018-ci il tarixli, 58/1063 nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, İddiaçı məxsus evdə quraşdırılmış G-4 1102HQ**********7 zavod saylı sayğacın flyans plombunun olmaması aşkar edilmişdir. Tələb: sayğaca baxış edilərkən plomblansın; Cavabdeh itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 30 mart 2018-ci il tarixli tələblərindən görünür ki, istehlakçı İddiaçı aid ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 1980 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur; **********08810 nömrəli abonent İddiaçı məxsus abonentin saldosundan görünür ki, onun 2018-ci ili üçün akt üzrə olan borcu 396 manat təşkil edir; Bakı Regional Qazın Satışı Departamentinin İddiaçı ünvanladığı 17 mart 2021-ci il tarixli məktubun surətindən görünür ki, sonuncunun müraciətinə baxılmış və bildirilmişdir ki, 12 dekabr 2011-ci il tarixdə quraşdırılmış əvvəlcədən ödənişli G-4 markalı 1102AQ**********7 nömrəli qaz sayğacına texniki baxış (xüsusi nömrəli plomb aşkar olunmadığı) keçirilərək, xüsusi nömrəli plombun vurulması təmin edilmişdir. Plomb aşkar olunmadığı üçün “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 mart 2018-ci il tarixli 58/1063 saylı akt tərtib olunaraq 396 manat dəymiş ziyan hesablanaraq istehlakçı hesabına daxil edilmiş və etdiyi ödənişlərdən hissə-hissə tutulması üçün smart payment kartına yönləndirilmişdir. Qeyd edilmişdir ki, istehlakçı hesabına mövcud olan 313.40 manat borc məbləği sonuncudan tərəfindən ödənilməlidir. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Gasrep adlı sənədindən müəyyən olunur ki, 2016-cı ilin sonundan 2018-cilin sonunadək İddiaçı enerji sərfiyyatına görə cəmi 52 manat məbləğində vəsait sərf edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın qüsurlarına görə istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə 396 manat məbləğində borc hesablamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı qazdan istifadəyə görə hesablanmış həmin borc Cavabdeh tərəfindən silinməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, istehlakçı tərəfindən təbii qazdan az istifadə etməsi, lakin elektrik enerjisindən və sudan daha çox istifadə etməsi onun tərəfindən qaz sayğacına müdaxilə edilməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddia qiyməti 1.000 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı (Abonent kodu: **********08810) təbii qazdan istifadəyə görə hesablanmış 396 (üç yüz doxsan altı) manat məbləğində borc Cavabdeh tərəfindən silinsin. Cavabdehndən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar