Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6238/2022 06.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 1-ci Sad Park küçəsində yerləşən (keçmiş ünvan ünvan 2 kodu **********00040) qazla bağlı əsassız hesablanmış 4934,25 (dörd min doqquz yüz otuz dörd manat 25 qəpik) manat borc məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, faktiki olaraq ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 1-ci Sad Park küçəsində (keçmiş ünvan ünvan 4 (abonent kodu **********00040) quraşdırılmış qaz sayğacı xx.xx.2022-ci il tarixdə çıxarılmışdır və yeni qaz sayğacı quraşdırılmışdır. Bu barədə akt tərtib edilmişdir. Ona 4934,25 manat məbləğində borc hesablanmışdır, hansı ki, onun qeyd edilən məbləğdə borcu olmamışdır, ödənişlər vaxtlı-vaxtında yerinə yetirilmişdir. Qaz sayğacına heç bir kənar müdaxilə olmamışdır, yəni qaz sayğacına və xəttinə onun tərəfindən müdaxilə olmamışdır. Əsassız olaraq itirilmiş qaz sərfiyyatı hesablanmışdır. O, hesab edir ki, formal olaraq belə bir akt tərtib edilmişdir və itirilmiş qaz sərfiyyatı hesablanmışdır. Cavabdehin istehlakçının təqsirini, yaranmış borcun mənbəyini, borcun hansı meyarlarla, hansı əsaslarla yaranması sübuta yetirilmədən borc hesablanması qanunsuz və əsassızdır. Belə ki sayğac küçədə yerləşir, onun tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi absurddur. Sayğacda texniki səbəbdən baş vermiş nasazlıqların aradan qaldırılması birbaşa cavabdeh tərəfin öhdəliyindədir və vətəndaş bununla bağlı məsuliyyət daşımır. Hər hansı bir problem yarandığı təqdirdə cavabdeh müqavilə şərtlərinə uyğun olaraq istehlakçını qabaqcadan xəbərdar etməli və qaz qurğusuna texniki baxış keçirməli idi. Həmçinin sayğaca texniki cəhətdən nəzarət etmək vətəndaşa aid deyildir, baş vermiş hər hansı bir hadisə nəticəsində istehlakçı məsuliyyət daşımır, sayğac küçədə, hasarın divarında yerləşirdi və qazpaylayıcı tərəfindən sayğaca ümumiyyətlə əvvəllər baxış keçirilməmişdir. Sayğaca müdaxilə edilməsi barədə cavabdehdə hər hansı bir sübut da yoxdur. Heç bir araşdırma aparılmadan qaz itkisi hesablanmışdır, tərəfindən qeyri-qanuni qazdan istifadəyə yol verilməmişdir və bu amili 3 ay müddətində yoxlamaqla ödənişləri tutuşdurub müəyyən etmək mümkün olardı. Bununla da onun bir istehlakçı kimi hüquqları kobud şəkildə pozulmuşdur. Cavabdehin nümayəndəsi məhkəməyə iddiaya yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, iddia ərizəsi tam əsassızdır. İddia ərizəsində hesablanmış borcun silinməsi tələb olunan məbləğ konkret olaraq sayğac göstəricisi əsasında hesablanmış borc məbləğidir. Bu GasRep abonent saldosunda görsünür. İllər üzrə ödənişlərə nəzərə saldıqda görünür ki, abonentin aylar üzrə ödənişinin il ərzində azaldığı görünür. Bu səbəbdən iddia ərizəsinin rədd olunmasını məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində qeyd edilən məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin əlavə olaraq bildirdi ki, o, kart vasitəsilə qazdan istifadə etmiş, yəni pulu karta köçürdükdən sonra qazdan istifadə edə bilmişdir. Bu səbəbdən ona 4934,25 manat borcun hesablanması əsassızdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etmədiyini bildirərək, etiraza uyğun izahat verdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş 15 sentyabr 2022-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında aktın surətindən görünür ki, ünvan 5 ünvanına məxsus itron tipli qaz sayğacı yeni Zenner tipli qaz sayğacı ilə əvəz edilmişdir. Aktın tərtib edilməsində İddiaçı iştirakı təmin edilmişdir; **********00040 nömrəli abonent İddiaçı məxsus abonentin saldosundan görünür ki, onun 2022-ci ilin oktyabr ayının sonuna borc 4.960,25 manat təşkil edir; “Gasrep” adlı sənəddən görünür ki, 6-cı mkr, Zeytunluq sahəsi, bina 1, mənzil 4 ünvanda 2011-2022-ci illər üzrə ümumi sərfiyyat 69571 m3, ödəniş isə 9349,1 manat olmuşdur; “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat(hesab) təqdim etməlidir(göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Həmin Qaydaların 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; Həmin Qaydaların 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir; Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Göründüyü kimi iddiaçının evinə quraşdırılmış qaz sayğacı yenisi ilə əvəz edildikdə, təbii qazdan istifadəyə görə iddiaçının 4960,25 manat məbləğində borcu olduğu cavabdeh tərəfindən müəyyən edilmişdir. Halbuki, öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın qüsurlarına görə istehlakçının təqsirini, yəni borcun qanuni əsaslarla yarandığını sübuta yetirmədən ona 4960,25 manat məbləğində borc hesablanmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, İddiaçı (Abonent kodu: **********00040) hesablanmış 4934,25 manat məbləğində borc Cavabdeh tərəfindən silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddia qiyməti 4934,25 manat olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 69,34 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı (Abonent kodu: **********00040) hesablanmış 4934,25 (dörd min doqquz yüz otuz dörd manat 25 qəpik) manat məbləğində borc Cavabdeh tərəfindən silinsin. Cavabdehndən 69,34 (altmış doqquz manat 34 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-6238/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6238/2022
06.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver