Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6267/2022 13.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Binəqədi rayon X3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Yeni yol küçəsi, fərdi yaşayış evində quraşdırılmış elektron sayğac istismar müddəti bitdiyinə görə mexaniki sayğacla əvəz edilmişdir. Sayğacın iddiaçının xəbəri olmadan dəyişdirilməsinə görə, o, qaz istismar birliyinə bu barədə şikayət edərək mexaniki sayğacın yenidən elektron sayğaca keçməsi üçün müraciət etmişdir. Yenidən elektron sayğaca keçdikdə isə onun hesabında borc pulun olmasını və hal-hazırda 1262 manat borcunun olduğu ona bildirilmişdir. Bundan 2 ay əvvəl Binəqədi raoyn X1 əməkdaşları Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu barədə akt tərtib edilərək sayğaclar əvəz edilmiş və iddiaçının borcu olmadığına görə göstəricilər sıfırlanmış və bu barədə həmin aktda qeydiyyat aparılmışdır. Daha sonra qaz idarəsi xx.xx.2022-ci il tarixdə ******* saylı akt çıxarmışdır. Həmin akta əsasən sayğacın klapanı işlək vəziyyətdə deyil və yivli birləşmələr korroziyaya uğramış və sayğacda sızıntılar mövcud olduğundan sayğacda 1262 manat borc yaranmışdır. Həmin akt qanunsuz tərtib edilib. Belə ki, iddiaçı sayğaca hər hansı müdaxilə etməyib. Hətta 26 aprel 2022-ci il tarixində sayğac yenidən quraşdırdıqda sayğacın işlək vəziyyətdə olması üstəlik köpük vasitəsi ilə yoxlanılaraq heç bir sızmanın olmadığı aşkar edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı aktın etibarsız hesab edilməsini və hesablanmış 1262 manat borcun silinməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, məhkəmə tərəfindən Cavabdehnə iki dəfə (xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə) hazırkı mübahisə üzrə sorğular verilmiş, lakin sorğular cavablandırılmamış, tələb olunan sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, abonent kodu **********00012 olan İddiaçı məxsus ünvanda quraşdırılmış sayğacın klapanı işlək deyil, yivli birləşmələri korroziyaya uğrayıb. İş materiallarında olan Cavabdeh Bakı X2 Departamentinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, sayğacın çıxış plastmas borusu sınıq olduğuna görə cəmi 4320 m³ qaz itkisi hesablanmış və itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan Cavabdeh Bakı X2 Departamentinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, sayğacın çıxış platası sınıq olduğuna görə cəmi 8640 m³ qaz itkisi hesablanmış və itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Yuxarıda qeyd olunmuş hər iki qərardad xx.xx.2022-ci il tarixli, ******* nömrəli akta istinad edilmiş, halbuki, belə tarixli akt mövcud deyil, akt xx.xx.2022-ci il tarixdə tərtib edilmişdir. İş materiallarında olan abonent kodu **********00012 olan İddiaçı saldosundan görünür ki, abonentin ünvanında xx.xx.2022-ci il tarixdə smart sayğac quraşdırılmış və 04.2022-ci il tarixdən 11.2022-ci il tarixədək onun “qalıq və aktlar” üzrə 1036,80 manat borcu yaranmışdır. Göründüyü kimi, iddiaçı iddia ərizəsində 1262 manat borcun silinməsini xahiş etsə də, özünün məhkəməyə təqdim etdiyi abonentin saldosundan görünür ki, 2022-ci ilin iyun ayında ona 1262 manat deyil, 1036,80 manat borc hesablanmışdır. Eyni zamanda iddiaçı iddia ərizəsində aktın etibarsız hesab edilməsini xahiş etsə də, ərizəni bu hissədə ümumiyyətlə əsaslandırmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafıəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə görə, mülki hüquqların müdafıəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafıəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə müvafiq olaraq, öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsiüçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə görə, qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə müvafiq olaraq, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəməyə təqdim olunmuş sübutlarda iddiaçının hər hansı hüquq pozuntusuna yol verdiyi halı öz əksini tapmamışdır. Beləliklə, qaz sayğacı iddiaçının evində deyil, ümumi istifadədə olan küçədə quraşdırılmış və ona iddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı sübut iş materiallarında mövcud deyil. Sayğaca vaxtlı-vaxtında baxış keçirilməsi isə birbaşa cavabdeh tərəfin vəzifəsidir və həmin vəzifə lazımi qaydada icra edilmədiyindən baş vermiş nəticələrə görə məsuliyyət də cavabdehə aiddir. İddiaçının mülkiyyətində olan evdə öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə borc hesablamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı (abonent kodu: **********00012) əsassız hesablanmış 1036,80 manat məbləğində borc silinməlidir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı (abonent kodu: **********00012) əsassız hesablanmış 1036,80 (min otuz altı manat səksən qəpik) manat məbləğində borc silinsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. 30,36 (otuz manat otuz altı qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-6267/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6267/2022
13.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver