Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-629/2025 16.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun adına hesablanmış 933,12 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Binəqədi rayonu DYP-nin alt hissəsi ünvanında yerləşən fərdi evdə yaşayır. Qeyd edilən yaşayış evi ona məxsus olmaqla, ünvanda mexaniki tipli sayğac quraşdırılmışdır. Cavabdeh İB əməkdaşları tərəfindən evdə əlavə xətdən istifadə edilməsi ilə bağlı 933,12 manat cərimə yazılıb. Bundan xəbəri olmayıb. Qaz idarəsindən aktı və şəkili tələb etsə də, ona aktlar verilmiş lakin, şəkil təqdim edilməmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, tərəfindən qaz xəttinə qanunsuz qoşulma halı olmamışdır. Evə köçdükdən sonra qoşulan sayğacın göstəricilərinə uyğun ödəniş etmişdir. Evə kombi qoyulsa da, qaz olmadığından qoşulmamışdır. Evin təmiri zamanı isə yalnız elektrikdən istifadə edilmişdir. Cavabdehin təqdim etdiyi fotoşəkillərin isə onun evinə aid olduğu müəyyən edilmir.
4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, sayğaca əlavə xətt əsla quraşdırılmamışdır. Cavabdeh tərəfindən akt evin tikintisi zamanı tərtib edilmişdir. O, təbii qazdan istifadəyə görə hər ay vaxtı-vaxtında ödənişlərini etmişdir. Heç vaxt evində təbii qazdan sayğacdan kənar istifadə etməmişdir. Bundan başqa Cavabdeh İB- tərəfindən ona borc hesablanan zaman evdə yaşayış olmamışdır. Həmin dövrdə evdə təmir işləri gedirdi. Cavabdeh tərəfindən akt evin tikintisi zamanı tərtib edilmişdir. Ev 3 mərtəbəli evdir. Evin tikintisi zamanı yalnız elektrikdən istifadə etmişlər. 2023-ci ildən orada təmir getmiş və həmin müddətdə evdə qazdan istifadə olunmayıb. Bu halı evdə işləyən ustalar da təsdiq edə bilərlər. Təmir bitdikdən sonra isə 2024-cü ildən orada yaşamağa başlamışlar. O, sayğac üçün lap əvvəldən Asan xidmətə müraciət etsə də, sayğac 2024-cü ilin yanvar ayında quraşdırılmışdır.
5. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməsə də, xx.xx.2024-cü il tarixində elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, iş üzrə iddia tələbinin əsasını təşkil edən sübutlar məhkəməyə təqdim edilmişdir. İddiaçı tərəf olaraq əlavə ediləcək başqa sübutları yoxdur.
6. Cavabdehin nümayəndəsi iddiaya etirazında göstərir: İddia tələbinin əsasını iddiaçının (**********00012 istehlakçı hesabı üzrə) qaz xəttinə qanunsuz qoşulması nəticəsində hesablanmış 983,12 borcun silinməsi təşkil edir. Belə ki, "Azəriqaz” İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********00012 saylı abonent kodu verilmiş ünvanda təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyətinin yoxlnanılmasına baxış keçirilən zaman sayğacdan kənar sayğacsız qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar edilmişdir. Aşkar olunmuş qanunazidd fakt dərhal Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır (foto qoşma olunub). Eyni zamanda iddia ərizəsində qeyd edildiyi kimi fotoşəkillərdə də qaz xəttlərinin boru vasitəsi ilə birləşdirildiyi aşkar görünür (şəkillər X1 (GPS) vasitəsi ilə çəkilmiş, yəni həmin qəbuledicilərlə yer səthindəki obyektin yerini yüksək dəqiqliklə müəyyən etmək olur). Bu qanunazidd hərəkət nəticəsində "Azəriqaz” İstehsalat Birliyinə böyük məbləğdə ziyan dəymişdir. Yuxarıda qeyd olunmuş qanunazidd faktla bağlı xx.xx.2023-cü il tarixli, ******* saylı "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" Akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 7776 m³ təşkil etmişdir. Hesablanmış 933,12 manat məbləğində dəymiş ziyan 2023cü ilin dekabr ayından abonentin koduna yerləşdirilmişdir. Beləliklə müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində Cavabdeh İB-yə vurulmuş maddi zərərlə bağlı borcun silinməsi barədə iddia tələbi əsassızdır.
7. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində bildirmişdir ki, iddiaçı həm onun əmisi, həmdə qonşusudur. Atasının, əmisinin və onun evi yanbayandır. Öz evində 2022-ci ildən ailəsi ilə birlikdə yaşayır. 6 sot torpaq olmuşdur ki, 3 sot əmisində, 3 sot özündə olmuşdur. Onun evinə qaz xətti 2022-ci ildə çəkilmişdir. Əmisi isə 2024-cü ilin fevral ayından evinə köçmüşdür. Sayğac da, o köçəndən sonra qoyulmuşdur. Həmin ərəfələr yadındadır. Çünki əmisi oğlu ona zəng vurub, tabeliyində olan ustalarla birlikdə evə köç üçün ondan kömək istəmişdir. Təmir vaxtı ustalar tərəfindən qazdan istifadə olunmayıb, ən çox elektrik enerjisindən istifadə olunub. Amma tam dəqiq ustaların müdaxiləsinin olub-olmaması barədə məlumatı yoxdur. Fotoşəkilin isə iddiaçının evinə aid olması qeyri-müəyyəndir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
8. Cavabdeh İB əməkdaşları tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı məxsus ünvanda (abonent kodu: **********00012) sayğacsız təbii qazdan istifadə ləğv edilmişdir.
9. Bunun əsasında Cavabdeh İB-nin BRQSD-nın rəis müavini tərəfindən xx.xx.2023cü il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı AKT tərtib edilmişdir. Həmin akt-da qeyd edilmişdir ki, mənzilə baxış keçirilərkən abonentin sayğacsız təbii qazdan istifadə edildiyi aşkar olunmuşdur. Akt istehlakçı tərəfindən imzalanmamışdır.
10. Həmin AKT-a əsaslanaraq BRQSD-nin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının sədri tərəfindən 30 dekabr 2023-cü il tarixdə “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə tərtib edilmişdir. Həmin tələbnaməyə əsasən itirilmiş qazın həcminin 7776 kub.m olduğu ehtimal edilmişdir.
11. Abonentin saldosuna 2023-cü ilin dekabr ayında 933,12 manat borc daxil edilmişdir.
12. İddiaçı sayğacdan kənar qazdan istifadə etmədiyini, aktdan məlumatının olmadığını bildirərək, əsassız olaraq abonent hesabına yazılmış 933,12 manat borcun silinməsini tələb edir.
13. Cavabdeh tərəf isə etirazını onunla əsaslandırır ki, iddiaçının sayğacdan kənar qazdan istifadə etdiyi GPS proqramlı çəkilən fotoşəkillə və iddiaçının elektrik sayğacından istifadəsi ilə sübut olunur. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
14. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun:
15. 13-cü maddəsinin 8-ci bəndində əsasən bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
16. Həmin maddənin 8-1-ci bəndinə əsasən Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 6.5-ci bəndində qeyd edilmişdir ki, Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
18. 6.5-3-cü bəndində qeyd edilmişdir ki, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.
19. Həmin qaydaların 6.5-4-cü bəndində qeyd edilmişdir ki, qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
21. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
22. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
23. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
24. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
25. İşin halları ilə müəyyən edilir ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir. Həmin akt-da qeyd edilmişdir ki, mənzilə baxış keçirilən zaman abonentin sayğacsız təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. Akt istehlakçıya təqdim edilməmiş və 1 nüsxəsi müvafiq quruma göndərilməmişdir. Həmin aktın əsasında istehlakçının vurduğu zərərin həcminin 6 ay üçün pq2 və kombi qaz işlədicilərinə görə 7776 kub.m olduğu müəyyən edilmiş və abonentin hesabına 933.12 manat borc yazılmışdır. Halbuki, yuxarıda göstərilən qanuna və qaydalara görə tərtib edilmiş akt istehlakçıya təqdim edilməli, istehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılmaqla, yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınmalı və eyni zamanda dəymiş zərərin həcmindən asılı olaraq tərtib edilmiş aktın bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməli, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə o zaman qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməli idi. Lakin tədqiq edilmiş sübutlardan qaz paylayıcının qanunla üzərinə qoyulmuş vəzifələri icra etməsi müəyyən edilmədiyi kimi, tərtib edilən aktın da mötəbərliyi şübhə yaradır. Belə ki, aşkar etdiyi pozuntunu rəsmiləşdirməkdə maraqlı olan qaz paylayıcı qeyri-müəyyən şəraitdə, qeyri-müəyyən fotoçəkiliş aparmaqla kifayətlənmişdir.
26. Bu səbəbdən də məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, hesablanmış borc əsassız olduğundan silinməlidir. Tətbiq edilən prosessual normalar
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
28. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
29. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir
30. 112.1.6-cı maddəsinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir
31. 112.1.7.-ci maddəsinə ödəmə ya xitam verilməsi haqqındakı iddialarda—qalan ödəmə və ya vermənin məcmusu ilə, lakin bir ildən artıq olmamaq şərti ilə
32. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir
33. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır
34. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır
35. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticə:
36. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən hesablanmış 933,12 manat məbləğində borc İddiaçı abonent hesabından (abonent kodu: **********00012) silinməli və istehlakçının ödəməkdən azad olduğu 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
37. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
qətetdi:
İddia təmin edilsin. Cavabdeh tərəfindən hesablanmış 933,12 (doqquz yüz otuz üç manat, on iki qəpik) manat məbləğində borc İddiaçı abonent hesabından (abonent kodu: **********00012) silinsin. İddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev