Məhkəmə qərarları › İş №2(001)-630/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-630/2021

14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-630/2021 14.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı “xxxx” BOKT MMC-nin etibarnamə əsasında nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “xxxx” Bank Olmayan Kredit Təşkilatı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “lizinq müqaviləsinə xitam verilməsi, lizinq məbləğinin, dəbbə pullarının və lizinq obyektinin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Bank Olmayan Kredit Təşkilatı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “lizinq müqaviləsinə xitam verilməsi, lizinq məbləğinin, dəbbə pullarının və lizinq obyektinin qaytarılması” tələbinə dair iddia ərizəsi və Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış xx xxxxxx 2018-ci il tarixli BAKU1- 38001-15802 saylı X4 Müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada “xxxx” BOKT MMC-nin xeyrinə 2174,52 manat cari əsas borc və 1704,24 manat dəbbə borcu, cəmi isə 3878,76 manat məbləğində lizinq ödənişlərinin və işə məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınması və lizinq obyekti olan universal tipli, ban VF1KMSFB539682875, M.İ.H 1461 sm3, ağ rəngli, buraxılış ili 2008-ci il, qeydiyyat nişanı ** PZ *** olan “Renault Megane” minik markalı nəqliyyat vasitəsinin cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (Lizinq Verən) ilə Cavabdeh1 (Lizinq Alan) arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli BAKU1-38001-15802 saylı X4 Müqaviləsinə əsasən Cavabdeh1 istifadəsinə universal tipli, ban VF1KMSFB539682875, M.İ.H. 1461 sm3, ağ rəngli, buraxılış ili 2008-ci il, X6 markalı nəqliyyat vasitəsi verilmişdir. Lizinq müqaviləsinin ümumi məbləği 14079,44 (on dörd min yetmiş doqquz manat 44 qəpik) manat, onlardan 8000 (səkkiz min) manat lizinqin məbləği, 2000 (iki min) manat avans məbləği və 4079,44 (dörd min yetmiş doqquz manat 44 qəpik) manat lizinq verənin mükafatı təşkil etmişdir və tərəflər arasında imzalanmış xx xxxxxx 2018-ci il tarixli ödəniş qrafikinə əsasən 36 (otuz altı) ay ərzində Cavabdeh1 tərəfindən aylıq 335 (üç yüz otuz beş) manat ödənilməsi müəyyən olunmuşdur. Həmçinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 və Cavabdeh2 arasında xx xxxxxx 2018-ci il tarixdə BAKU1-38001-15802 saylı Zaminlik müqaviləsi imzalanmışdır. Cavabdeh1 tərəfindən qeyd olunan ödəniş qrafiki ilə lizinq ödənişlərinin qaytarılması günləri dəfələrlə pozulmuş, ödəniş qrafiki ilə müəyyən edilmiş ödənilməli məbləğ ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, “TBC Kredir” BOKT ilə aralarında lizinq müqaviləsi bağlanmışdır. Əvvəl müəyyən ödənişlər etmiş, sonra pandemiya ilə əlaqədar işləri dayandığından borcu ödəyə bilməmişdir. Lakin, borc iddiaçı tərəfindən şişirdilmişdir. Məhkəmədən qeyd edilən halların nəzərə alınmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 da Cavabdeh1 izahatına uyğun izahat vermişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli, BAKU1-38001-15802 saylı Lizinq obyektinin alqı-satqı müqaviləsindən görünür ki, X5 (Satıcı) ilə “xxxx” BOKT MMC (Alıcı - Lizinq verən) arasında bağlanmış həmin müqavilənin şərtlərinə əsasən Alıcı - Lizinq verən Satıcıya məxsus X6 markalı, ** XX *** dövlət qeydiyyat nişanlı (universal tipli, ban VF1KMSFB539682875, M.İ.H. 1461 sm3, ağ rəngli, buraxılış ili 2008-ci il) avtomobili Lizinq alana lizinqə vermək üçün əldə edir və avtomobilin razılaşdırılmış haqqını (10000 (on min) manat) Satıcıya ödəyir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, BAKU1-38001-15802 saylı X4 müqaviləsindən görünür ki, Cavabdeh1 (Lizinq alan) ilə “xxxx” BOKT MMC (Lizinq verən) arasında bağlanmış həmin müqavilənin şərtlərinə əsasən Lizinq verən lizinq obyekti olan X6 markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı (universal tipli, ban VF1KMSFB539682875, M.İ.H. 1461 sm3, ağ rəngli, buraxılış ili 2008-ci il) avtomobili öz mülkiyyətinə əldə edərək müəyyən edilmiş haqq müqabilində Lizinq alanın sahiblik və istifadəsinə verməyi, Lizinq alan isə həmin müqavilənin şərtləri əsasında lizinq obyektini lizinqə qəbul etməyi öhdəsinə götürmüşdür; lizinq obyektinin qiyməti 10000 (on min) manat, avans məbləği 2000 (iki min) manat, lizinqin məbləği 8000 (səkkiz min) manat, lizina verənin mükafatı 4079,44 manat, lizinq müqaviləsinin ümumi dəyəri isə 14079,44 manat (on dörd min yetmiş doqquz manat 44 qəpik) kimi müəyyən edilmiş, lizinq müddəti 36 ay nəzərdə tutulmuşdur. İşdə olan xx.xx.2018-ci il tarixli, BAKU1-38001-15802 saylı X4 müqaviləsinin əlavəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2021-ci il tarixədək hər ay 335 manat (sonuncu ödəniş 354,44 manat) sabit məbləğdə lizinq ödənişi etməyə razılaşmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli təhvil təslim aktından görünür ki, **-PZ- *** dövlət qeydiyyat nişanlı (universal tipli, ban VF1KMSFB539682875, M.İ.H. 1461 sm3, ağ rəngli, buraxılış ili 2008-ci il) avtomobil Cavabdeh1 təhvil verilmiş, alıcı-lizinqverən təhvil təslimin baş tutumasın imza və möhürü ilə təsdiq etmişdir. İşdə olan xx.xx.2018-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 ilə “xxxx” BOKT MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, BAKU1-38001-15802 saylı X4 müqaviləsi əsasında lizinq alana verilmiş lizinq müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi “xxxx” BOKT MMC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış və zamin lizinq alanın öhdəliklərinin yerinə yetirilməsinə görə lizinq verən qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İşdə olan “xxxx” BOKT MMC tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2020-ci il tarixli bildirişin surətindən və həmin bildirişin ünvan sahiblərinə çatdırılmasını təsdiq edən qəbzlərdən görünür ki, cavabdehlər xx.xx.2018-ci il tarixli, BAKU1-38001-15802 X4 Müqaviləsinə əsasən götürülmüş öhdəliklərin icra edilməməsi və onun nəticələri barədə xəbərdarlıq edilmişlər. İş üzrə əldə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli 9/5727 saylı rəyindən görünür ki, iddiaçı “xxxx” BOKT MMC ilə Cavabdeh1 arasında bağlanılmış xx xxxxxx 2018-ci il tarixli BAKU-38001-15802 saylı X4 müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 iddiaçı “xxxx” BOKT MMC-yə xx.xx.2020-ci il tarixinə 5757,62 manat əsas borcu və 170,33 manat faiz borcunun olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 747.1-ci maddəsinə görə lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə almaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Mülki Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Məcəllənin 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Həmin Məcəllənin 472.1-ci və 472.2-ci maddələrinə görə isə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 424.5-ci maddəsinə görə əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə qəbul edir. İşin materiallarından göründüyü kimi, Cavabdeh1 lizinq obyektini istifadəsinə qəbul edərək, iddiaçıya müvafiq ödənişləri həyata keçirməyi öz üzərinə öhdəlik götürmüş, lakin müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, ödənişləri gecikdirmiş və beləliklə də iddiaçı ilə bağladığı müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə işin müəyyən edilən hallarını və yuxarıda istinad edilən normaları nəzərdən keçirərək hesab edir ki, iddiaçı xx.xx.2018-ci il tarixli, BAKU1-38001-15802 saylı X4 müqaviləsinin ləğv edilməsini, həmin müqaviləyə əsasən 2174,52 manat cari əsas borcun cavabdehlərdən tutulmasını, habelə lizinq obyekti olan universal tipli, ban VF1KMSFB539682875, M.İ.H 1461 sm3, ağ rəngli, buraxılış ili 2008-ci il, qeydiyyat nişanı ** PZ *** olan “Renault Megane” minik markalı nəqliyyat vasitəsinin cavabdehdən alınaraq özünə qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Bununla belə məhkəmə, iddiaçının “dəbbə pulunun tutulması” tələbini qismən əsaslı hesab edir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə, borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından isə görünür ki, iddiaçı cavabdehlərdən 1704,24 manat məbləğində dəbbə pulu tələb etmişdir. Məhkəmənin qənaətinə görə, həmin məbləğ əsas borca mütənasib hesab oluna bilməz və cavabdehlərdən tutulmalı dəbbə pulunun məbləğinin 200 (iki yüz) manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilərək xx.xx.2018-ci il tarixli, BAKU1-38001-15802 saylı X4 müqaviləsi ləğv edilməli, 2174,52 manat əsas borc və 200 manat cərimə borcu olmaqla cəmi 2374,52 manat lizinq borcu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, iddiaçının mülkiyyətində olan və cavabdehin istifadəsində verilmiş “Renault Megane” minik markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı (universal tipli, ban VF1KMSFB539682875, M.İ.H. 1461 sm3, ağ rəngli, buraxılış ili 2008-ci il) avtomobil Cavabdeh1 alınaraq iddiaçı “xxxx” BOKT MMC-yə qaytarılmalıdır. Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddia qismən təmin edildiyindən iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 18 manatı cavabdehlərdən alınaraq iddiaçıya ödənilməli, dövlət rüsumunun 12 manatı iddiaçıya aid edilməli, o cümlədən 100 (bir yüz) manat ekspertiza xərcinin 61 manatı cavabdehlərdən 39 manatə isə iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1.-ci maddəsinə müvafiq olaraq isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh1 ilə “xxxx” BOKT MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, BAKU1-38001-15802 saylı X4 müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2174,52 manat əsas və 200 manat cərimə borcu olmaqla, cəmi 2374,52 (iki min üç yüz yetmiş dörd manat 52 qəpik) manat və dövlət rüsumuna görə ödənilmiş 18 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “xxxx” BOKT MMC-yə ödənilsin. İddiaçı “xxxx” BOKT MMC-nin mülkiyyətində olmaqla Cavabdeh1 istifadəsinə verilmiş “Renault Megane” minik markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı (universal tipli, ban VF1KMSFB539682875, M.İ.H. 1461 sm3, ağ rəngli, buraxılış ili 2008-ci il) avtomobil Cavabdeh1 alınaraq iddiaçı “xxxx” BOKT MMC-yə qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 61 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 39 manatı isə iddiaçı “xxxx” BOKT MMC-də tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 ) köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar