Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6320/2021 14.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azərişıq ASC tərəfindən əsassız və qanunsuz olaraq hesablanmış 1559,65 manat məbləğində cərimə borcunun hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu MKR, Rezervuar küçəsi, bina 160, mənzil 94 ünvanında yaşayır. Hamı kimi elektrik enerjisindən istifadə edir və hər ay mütəmadi olaraq enerji sərfiyyatına görə olan borcunu vaxtı-vaxtında ödəmişdir. Elektrik sayğacı həyət qapısından bayırda yerləşir. 28 fevral 2021-ci il tarixində evdən çıxarkən elektrik sayğacıının alışdığını görmüşdür. Dərhal "xxxx" ASC-nin çağrı mərkəzinin 199 nömrəsi ilə əlaqə saxlayaraq məlumat vermişdir. Ona hadisədən 2-3 saat sonra "xxxx" ASC-nin əməkdaşları tərəfindən zəng vurulmuş və əməkdaşlar evinə gəlmişlər. Sayğaca baxış keçirdikdən sonra bildirmişlər ki, sayğac yararsız hala düşmüşdür. Sayğacın giriş-çıxış naqillərini kəsərək, yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 9-cu MKR, Rezervuar küçəsi, bina 160, 94 saylı mənzili birbaşa işıqla təchiz edərək birldirmişdirlər ki, sabah gəlib sayğacı yenisi ilə əvəz edəcəklər. 02 mart 2021-ci il tarixdə əməkdaşlar gələrək, yanmış sayğacı yenisi ilə əvəz etmişlər. Əməkdaşlardan Rizvan adlı biri bildirmişdir ki, yanlarında hər hansı akt gətirməmişlər. Aktı ona sonradan təqdim edəcəklərini bildirsələr də, 2 ay keçdikdən sonra ona işıq sayğacının dəyişdirilməsi barədə aktı təqdim etmişlər. Sayğac dəyişildiyi gündən bir nüçə gün sonra "xxxx" ASC-nin sahə rəisi Kamran adlı şəxs gələrək onun sayğacına baxış keçirmişdir. Baxış nəticəsində ona bildirmişdir ki, ASC tərəfindən ona 1559,65 manat məbləğində sərfiyyat yazılmışdır. O isə mütəmadi olaraq borcunu ödəmişdir. Sonuncu ödənişi isə 2021-ci ilin 28 fevral ayında olmuşdur. Belə olduğu halda bu qədər borcunun yaranması əsassız olduğundan o, ASC-nin laboratoriyasına müraciət etmişdir. Orada ona bildirmişdirlər ki, sayğacın mexanizmi yanmışdır. Bu səbəbdən sayğacın son 10-15 gün ərzində sərfiyyatını müəyyə etmək mümkün deyil. Belə ki sayğac oxunmur. Lakin sayğacın quraşdırıldığı vaxtdan bu günə kimi olan sərfiyyatı müəyyən etmək mümkündür. Ona abunə haqqında cədvəl təqdim edilmişdir. Cədvəl üzrə müəyyən etmişdir ki, ona ASC tərəfindən 1559,65 manat məbləğində sərfiyyata görə yazılmış cərimə, onun sayğacı quraşdırıldığı gündən bu günə kimi istifadə etdiyi elektrik enerji sərfiyyatıdır ki, onu yenidən öz hesabına cərimə kimi tətbiq etmişlər. Bir daha qeyd edir ki, onun elektrik enerjisinə görə bu günə kimi borcu olmamışdır. Mütəmadi olaraq borcunu ödəmişdir. Dəfələrlə "xxxx" ASC-yə şifahi müraciət etməsinə, zəng etməsinə baxmayaraq ona bildirmişlər ki, məsələ öz həllini tapacaq. Lakin bu günə qədər də, əsassız yazılmış cərimə hesabında qalmışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini məhkəmədən xahiş edir. İlk dəfə sayğac 2017-ci il 22 fevral tarixində quraşdırılmışdır. Sayğac üzrə mart ayından etibarən ödənişlər etmişdir. Sayğac 2021-ci ilin fevral ayının sonunda yenisi ilə əvəz edilmişdir. 2021-ci ilin mart ayından etibarən isə ödəniş etmir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi yoxlanılması və quraşdırılması haqqında 423358 saylı protokoldan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sayğac quraşdırma və uçota nəzarət idarəsi tərəfindən İddiaçı məxsus ünvana (abunə kodu **********00094 olan) 22.02.2017-ci il tarixdə 03255962 №-li Viko tipli sayğac quraşdırılmışdır. Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi yoxlanılması və quraşdırılması haqqında ******* saylı protokoldan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sayğac quraşdırma və uçota nəzarət idarəsi tərəfindən İddiaçı məxsus ünvanda (abunə kodu **********00094 olan) 02.03.2021-ci il tarixdə 205677 saylı akt əsasənda sayğac yeni sayğacla əvəz olunmuşdur. Sayğacın kleması yanmış və mənzilə xəttlər birbaşa birləşdirilmişdir. "xxxx" ASC tərəfindən verilən qəbzdən görünür ki, İddiaçı məxsus ünvana (abunə kodu **********00094 olan) 1559,65 manat borc hesablanmışdır. "xxxx" ASC tərəfindən Məhərrəmova Rahiləyə ünvanlanan 19.04.2021-ci il tarixli məktubdan görünür ki, abunə kodu **********00094 olan kod üzrə mənzilin elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunmuş, 10.04.2021-ci il tarixə sərf olunan elektrik enerjisi sərfiyyatına görə yaranmış 1559,65 manat borcun mənzildə istehlak edilmiş, lakin ödənişi aparılmamış elektrik enerjisinin dəyəri olduğu müəyyənləşdirilmişdir. Qeyd edilmişdir ki, Sayğac quraşdırma və uçota nəzarət idarəsinin 02.04.2021-ci il tarixli, 214055 nömrəli protokolunda ******* nömrəli hesabat sayğacının artıq sərfiyyat qeyd etməsi təsdiqini tapmamışdır. Abunə haqqında sənəddən görünür ki, İddiaçı məxsus ünvana (abunə kodu **********00094 olan) sayğac oxunmasına uyğun 1842,05 manat, aktlar üzrə 591,60 manat hesablanmışdır. İddiaçı tərəfindən 874 manat ödəniş etmiş, nəticədə abonentə 1559,65 manat borc hesablanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu MKR, Rezervuar küçəsi, bina 160, 94 saylı mənzildə abonent kodu **********00094 olan və İddiaçı adına rəsmiləşdirilən abonent hesabına işıqdan istifadə edilməsinə görə həm sayğac oxunmasına, həmdə tərtib olunmuş aktlar üzrə borc hesablanmışdır. Həmin sayğac 22.02.2017-ci il tarixində quraşdırılmış və 02.03.2021-ci il tarixində dəyişdirilmişdir. İddiaçı iddia edir ki, yaşadığı həmin mənzilə yeni sayğac quraşdırıldıqdan sonra sayğac oxunması üzrə ona əsassız manat borc hesablanmışdır. Abunə haqqında vərəqdən görünür ki, sayğac dəyişdirildikdən sonra sayğac oxunması üzrə 1842,05 manat, aktlar üzrə 591,60 manat borc hesablanmış, 874 manat ödəniş edilmiş nəticədə 1559,65 manat borc hesablanmışdır. Hazırda iddiaçı həmin borcun əsassız olaraq hesablandığını, ona hesablanan 1559,65 manat borcun abonent hesabından silinməsini tələb edir. Məhkəmə mübahisənin həlli ilə bağlı aşağıdakı normalara istinad edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Nazirlər Kabinentinin “Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qaydalarının 1.1-ci bəndinə əsasən, elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxs, məişət abonenti (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən, enerji təchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən istehlakçılar, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş elektrik enerjisi istehlakının göstəricilərinə və məhdudiyyət rejimlərinə əməl etməli, elektrik enerjisindən səmərəsiz istifadə olunmasına, israfçılığa və təsərrüfatsızlığa yol verməməlidirlər. Həmin Qaydaların 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.8-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsinin təqsiri olmadan, dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasındakı hesablaşma elektrik sayğacının işi pozulduqda, elektrik enerjisinə görə hesablaşma tərəflərin razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğacının normal işi dövlət elektroenergetika müəssisəsi tərəfindən bərpa olunmalıdır. Həmin Qaydaların 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Həmin Qaydaların 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Məhkəmə təqdim olunmuş abonentin saldosunu təhlil edərək müəyyən edir ki, iddiaçıya qaz sərfiyyatına görə 1842.05 manat borc hesablanmışdır. Həmin məbləğin 992.53 manat hissəsi 13.03.2021-ci ildə yaranmışdır, hansı ki, həmin ayda sayğacın yanmasından sonra yeni sayğac quraşdırılmış və bu barədə 02.03.2021-ci ildə ******* nömrəli protokol tərtib edilmişdir. Bu məqamda məhkəmə 992.53 manat sərfiyyata görə hesablanmış borc məbləğinin sayğacın çıxarıldığı gündən onun yenisi ilə əvəz edildiyi günədək hesablanması barədə iddiaçının dəlilini inandırıcı hesab edir. Yəni istehsalçı elektrik enerjisindən istifadəyə görə istehlakçıya 1 aydan az müddət üçün 992.53 manat borc hesablamışdır. Lakin həmin borc məbləğinin mövcud olmayan göstəriciyə əsasən hansı qaydada hesablanması müəyyən edilmir. Halbuki istehlakçı ondan əvvəlki illər, aylar ərzində hər ay orta hesabla 20-25 manat ödənişlər həyata keçirmişdir. Bundan başqa sayğacların və cərəyan transformatorlarının labarotiya yoxlaması barədə 02 aprel 2021-ci il tarixli protokoldan da müəyyən edilir ki, yoxlama zamanı sayğac göstəriciləri müəyyən edilməmişdir. Bir sözlə cavabdeh 13.03.2021-ci il tarixə ehtimallardan çıxış edərək sərfiyyata görə borc hesablamışdır. Məhkəmə eyni zamanda aktlara əsasən hesablanmış 591.6 manat məbləğində borc məbləğini də əsassız hesab edir. Belə ki, istehsalçı tərəfindən eyni tarixdə, yəni 13.03.2021-ci il tarixdə 555.16 manat məbləğində limitdən artıq sərfiyyata görə borc hesablanmışdır. Yəni cavabdeh 13.03.2021-ci il tarixə cavabdehə həm sərfiyyata görə 992.53 manat, həm limitdən artıq istifadə ilə bağlı tərtib edilmiş akta əsasən 555.16 manat məbləğ hesablamışdır. Yəni cavabdehin qənaətinə görə istehlakçı 1 aydan az müddət üçün yaşayış evində 1547.69 manat dəyərində elektrik enerjisindən istifadə etmişdir. Bu isə inandırıcı deyil və tərtib edilmiş aktların da həqiqiliyini şübhə altına alır. Yekun olaraq hesablama aparıldıqda müəyyən edilir ki, iddiaçıdan tələb edilən borc məbləği təqribən 13.03.2021-ci ildə sərfiyyata görə hesablanmış 992.53 manat və limitdən artıq sərfiyyata görə 591.6 manatdan ibarətdir. Məhkəmə isə o qənaətə gəlir ki, sərfiyyata görə hesablanmış məbləğ orta gündəlik normativə uyğun hesablanmadığından və tərtib edilmiş aktların mötəbərliliyi şübhə doğurduğundan və bunun əksini sübut etmə vəzifəsi cavabdehin üzərinə düşdüyündən, cavabdeh isə həmin hallara dair hər hansı sübut təqdim etmədiyindən hesablanmış borc məbləği əsassız hesab edilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçıdan elektrik enerjisindən istifadəyə görə hesablanmış 1559.65 manat borc məbləği əsassız olduğundan abonentin hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür; 112.1.6-cı maddəsinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir; 112.1.7.-ci maddəsinə ödəmə ya xitam verilməsi haqqındakı iddialarda—qalan ödəmə və ya vermənin məcmusu ilə, lakin bir ildən artıq olmamaq şərti ilə; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə, məhkəmə istinad edilən maddi hüquq normalarının tələblərini rəhbər tutub, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verib hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu MKR, Rezervuar küçəsi, bina 160 saylı binanın, 94 saylı mənzilinə (abonent kodu: **********00094) "xxxx" ASC tərəfindən hesablanmış 1559,65 manat məbləğində borc silinməlidir. İddianın qiyməti nəzərə alınmaqla (qalan ödəmənin 1 illik məcmusu 500 manatdan çox olduğuna görə) hazırki mülki iş üzrə ödənilməli olan dövlət rüsumu 30 manat məbləğində müəyyən edilməli və iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə 30 manat məbləğdə dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, 9-cu MKR, Rezervuar küçəsi, bina 160 saylı binanın, 94 saylı mənzilinə (abonent kodu: **********00094) "xxxx" ASC tərəfindən hesablanmış 1559,65(bir min beş yez əlli doqquz manat altmış beş qəpik) manat borc məbləği silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-6320/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6320/2021
14.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver