Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6325/2021 01.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “ödənilməmiş əmək haqqının və digər ödənclərin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci ilin iyul, avqust, sentyabr (ödənilməmiş hissə), noyabr, dekabr aylarının, 2021-ci ilin yanvar, fevral, mart, aprel, may və iyun aylarının əmək haqlarının və İddiaçı 02.09.2019-cu il tarixdən 16.06.2021-ci il tarixədək işlədiyi dövr üçün istifadə edilməmiş əmək məzuniyyətlərinə görə pul əvəzinin (kompensasiyanın), 2020-ci ilin iyul ayının əmək haqqının gecikdirilməsinə görə 06.08.2020-ci il tarixdən, 2020-ci ilin avqust ayının əmək haqqının gecikdirilməsinə görə 06.09.2020-ci il tarixdən, 2020-ci ilin sentyabr ayının əmək haqqının ödənilməmiş hissəsinin gecikdirilməsinə görə 06.10.2020-ci il tarixdən, 2020-ci il noyabr ayının əmək haqqının gecikdirilməsinə görə 06.12.2020-ci il tarixdən, 2020-ci il dekabr ayının əmək haqqının gecikdirilməsinə görə 06.01.2021-ci il tarixdən, 2021-ci il yanvar ayının əmək haqqının gecikdirilməsinə görə 06.02.2021-ci il tarixdən, 2021-ci il fevral ayının əmək haqqının gecikdirilməsinə görə 06.03.2021-ci il tarixdən, 2021-ci il mart ayının əmək haqqının gecikdirilməsinə görə 06.04.2021-ci il tarixdən, 2021-ci il aprel ayının əmək haqqının gecikdirilməsinə görə 06.05.2021-ci il tarixdən, 2021-ci il may ayının əmək haqqının gecikdirilməsinə görə 06.06.2021-ci il tarixdən, 2021-ci il iyun ayının əmək haqqının gecikdirilməsinə görə 17.06.2021-ci il tarixdən İddiaçı 02.09.2019-16.06.2021-ci illərdə işlədiyi dövr üçün istifadə edilməmiş əmək məzuniyyətlərinə görə pul əvəzinin (kompensasiyanın) gecikdirilməsinə görə 17.06.2021-ci il tarixdən başlayaraq həmin məbləğlərin ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün 1% hesablanmaqla müvafiq ödənclərin Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi X4 19.10.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş və həmin məhkəmə iclası tərəflərə mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün şəraitin yaradılması məqsədi ilə təxirə salınmışdır. Lakin növbəti məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclaslarında iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclaslarında iştirakını təmin etməmişdir. Məhkəmə, işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında 02.09.2019-cu il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə əsasən iddiaçı hər ay 490 manat əmək haqqı ödənilməklə sinifdən xaric departmentində assistent vəzifəsinə işə qəbul edilmişdir. Daha sonra əmək müqaviləsi 16.06.2020-ci il tarixində 1 il müddətinə, yəni 16.06.2021-ci il tarixinədək uzadılmışdır. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə 14.06.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "b" bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) 16.06.2021-ci il tarixdən xitam verilmişdir. Hazırda iddiaçı 2020-ci ilin iyul, avqust, sentyabr (ödənilməmiş hissəsi), noyabr, dekabr, 2021-ci ilin yanvar-iyun ayları üçün cavabdeh tərəfindən ona əmək haqqının, habelə işlədiyi dövr üçün istifadə edilməmiş əmək məzuniyyətlərinə görə pul əvəzinin (kompensasiyanın) ödənilmədiyini bildirir və həmin dövr üçün ödənilməmiş əmək haqqı və məzuniyyət pulunun tutulmasını tələb edir. İddiaçıya məxsus olan ödəniş kartı üzrə hesabdan çıxarışa əsasən iddiaçıya 2020-ci ilin iyul, avqust, sentyabr, noyabr, dekabr və 2021-ci ilin yanvariyun ayları üçün əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdə əmək haqqı ödənilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 9-cu maddənin “d” bəndinə əsasən qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarına aid edilmişdir; 43-cü maddəsinin “ə” bəndinə əsasən əmək müqaviləsində işçinin əmək şəraitinin şərtləri - iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, sosial və digər sığorta olunması əsas şərt və məlumat kimi mütləq göstərilməlidir; 172-ci maddəsinin 1-ci bəndinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir; 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir; 172-ci maddənin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir; 174-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək haqqı işçinin istəyi ilə onun bankdakı hesabına köçürülə və ya müvafiq ünvana göndərilə bilər. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Bununla belə, iddiaçıya Cavabdeh MMC-də sinifdən xaric departmentində assistent vəzifəsində işlədiyi dövrdə 2020-ci ilin iyul, avqust, sentyabr (qismən ödəniş), noyabr, dekabr, 2021-ci ilin yanvar-iyun ayları üçün əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdə əmək haqqının ödənilmədiyi iş materiallarında olan sübutlarla öz təsdiqini tapır. Həmin hesabın iddiaçıya məxsus olmadığı, habelə cavabdeh tərəfindən ona hər hansı fərqli əmək haqqı hesabı açıldığı və ya əmək haqqının hər hansı başqa hesaba köçürüldüyü müəyyən edilməmişdir. Bununla belə, məhkəmə hesab edir ki, qeyd edilən müddət ərzində cavabdeh tərəfindən iddiaçıya tələb olunan məbləğdə əmək haqqı ödənilməmişdir. Bu səbəbdən həmin müddət üçün cavabdehdən iddiaçının xeyrinə ödənilməli olan, lakin ödənilməmiş əmək haqqı məbləği tutulmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; 131-ci maddənin 1-ci hissəsinə əsasən işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir; 135-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır; 135-ci maddəsinin 2-ci hissəsinə əsasən İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir; 140-cı maddənin 1-ci hissəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir; 140-cı maddənin 2-ci hissəsinə əsasən 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məhkəmə yuxarıda göstərilən müddəaların tələblərinə istinadən iddia tələbinin “istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi kompensasiyanın ödənilməsi” barədə tələbi ilə bağlı qeyd edir ki, iddiaçının istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzini tələb etmək hüququ əmələ gəlmişdir və cavabdeh iddiaçıya istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzini (kompensasiyanı) ödəməlidir. Məhkəmə iddia tələbinin “əmək haqqı və əmək məzuniyyətlərinə görə pul əvəzinin (kompensasiyanın) ödənilməsinin gecikdirilməsinə görə ödəncin verilməsi” hissəsində əsassız hesab edir və belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin bu hissəsi ilə bağlı onu da qeyd edir ki, əmək haqqının ödənilmədiyi dövrün bir hissəsi Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə tədbirlərin həyata keçirildiyi (sərt karantin rejiminin tətbiq edildiyi) dövrə təsadüf edir. Bu da öz növbəsində cavabdeh tərəfindən əldə edilən gəlirin məbləğinə və buna uyğun olaraq, müxtəlif ödənişlərin həyata keçirilməsinə, o cümlədən əmək haqqının ödənilməsinə mənfi təsir göstərir, bu işdə sistemliyin pozulmasına səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun: 8.1.2-ci maddəsinə əsasən (əvvəlki redaksiyada) iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar; Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, 2020-ci ilin iyul, avqust, sentyabr, noyabr, dekabr, 2021-ci ilin yanvar, fevral, mart, aprel, may və iyun ayları üzrə ödənilməmiş əmək haqqı məbləği və 02.09.2019-cu il tarixdən 16.06.2021-ci il tarixədək dövr üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi (kompensasiya məbləği) Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. İddianın qiyməti nəzərə alınmaqla hazırki mülki iş üzrə ödənilməli olan dövlət rüsumu 30 manat məbləğində müəyyən edilməli və İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən həmin məbləğdə dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq dövlət mədaxilinə alınmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 2020-ci ilin iyul, avqust, sentyabr, noyabr, dekabr, 2021-ci ilin yanvar, fevral, mart, aprel, may və iyun ayları üzrə ödənilməmiş əmək haqqı məbləği və 02.09.2019-cu il tarixdən 16.06.2021-ci il tarixədək dövr üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi (kompensasiya məbləği) Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. İddiaçı ödəməkdən azad edildiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq dövlət mədaxilinə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-6325/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6325/2021
01.11.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver