Məhkəmə qərarları › İş №2(001)-64/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-64/2023

09.03.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-64/2023 09.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin Cavabdeh Cavanşir qızına qarşı Neft Kəmərləri İdarəsinin istismarında olan Binəqədi-Bakı Dş-200 mm-lik yerüstü neft kəmərinin 1,2-ci km-də, kəmərdən təqribən 47,6 metr aralı məsafədə, 39T ******* 4480187 kordinatlar üzrə neft kəmərinin mühafizə zonasında, ünvan 1 ünvanında cavabdeh tərəfindən qanunsuz inşa edilmiş ev və digər yardımçı tikililərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsi Cavabdeh Cavanşir qızına qarşı Neft Kəmərləri İdarəsinin istismarında olan Binəqədi-Bakı Dş-200 mm-lik yerüstü neft kəmərinin 1,2-ci km-də, kəmərdən təqribən 47,6 metr aralı məsafədə, 39T ******* 4480187 kordinatlar üzrə neft kəmərinin mühafizə zonasında, ünvan 1 ünvanında cavabdeh tərəfindən qanunsuz inşa edilmiş ev və digər yardımçı tikililərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Neft Kəmərləri İdarəsinin nümayəndəsi X6 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, X12 İdarəsinin istismarında olan Binəqədi-Bakı Dş-200 mm-lik yerüstü neft kəmərinin 1,2-ci km-də, kəmərdən təqribən 47,6 metr aralı məsafədə, 39T ******* 4480187 kordinatlar üzrə neft kəmərinin mühafizə zonasında, ünvan 1 ünvanında Cavabdeh Cavanşir qızı tərəfindən fərdi yaşayış evi və digər yardımçı tikililər inşa edilmişdir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın, partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirə, ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. Ona görə də X12 İdarəsinin istismarında olan Binəqədi-Bakı Dş-200 mm-lik yerüstü neft kəmərinin 1,2-ci km-də, kəmərdən təqribən 47,6 metr aralı məsafədə, 39T ******* 4480187 kordinatlar üzrə neft kəmərinin mühafizə zonasında, ünvan 1 ünvanında cavabdeh tərəfindən inşa edilmiş ev və digər yardımçı tikililərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Mülki iş üzrə xx.xx.2021-ci il tarixinə təyin edilmiş məhkəmə iclasında Cavabdeh Cavanşir qızı iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, ünvan 1 ünvanında ev inşa etmiş, həmin ünvanla bağlı heç bir sənədi yoxdur. O, iddiaçıya məxsus mühafizə zonasına daxil olmamışdır. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Cavabdeh Cavanşir qızına məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh Cavanşir qızı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh Cavanşir qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələblərinə münasibətlərini, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; Maddə 43. İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz; Maddə 71. İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur; Maddə 71. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir; Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması 1.Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur; 2.Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır; 3.Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydalarına əsasən: Bənd 6.2. Boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə “Magistral neft boru kəmərlərinin təhlükəsizlik qaydaları”nın tələblərinə cavab verən mühafizə zonası təyin edilir. Bənd 6.3. Boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Çoxlu sayda qarışıq boru kəmərləri boyunca, kənar kəmərlərin orta oxundan hər tərəfə, şərti xətlərlə 50 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; Bənd 6.4. Boru kəmərlərinin mühafizə zonasına daxil olan, torpaq sahəsi, torpaq istifadəçilərindən, mülkiyyətçilərdən və icraçılardan alınmır, bu Qaydaların tələblərinə məcburi əməl edilməklə, kənd təsərrüfatı və s. işlər üçün istifadə edilir. Bənd 6.7. Boru kəmərlərinin mühafizə zonasında onu istismar edən hüquqi və fiziki şəxslər Magistral boru kəmərləri idarəsi və onun yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarının tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması; d) hər növ dağ, quraşdırma, partlayış və torpaq səthinin düzləndirmə işləri; e) quyuların quraşdırılması, şurf açılması və yerin təkindən nümunə götürülməsi məqsədi ilə geolociseysmik, geodeziya və başqa axtarış işləri. Boru kəmərlərinin mühafizə zonasında iş aparılmasına, yazılı şəkildə icazə almış hüquqi və fiziki şəxslər, boru kəmərinin mühafizəsini təmin edən şərtlərə əməl etməyə borcludurlar. Boru kəmərlərinin mühafizə zonasında iş aparılması şərtləri magistral boru kəmərlərini istismar edən təşkilatın yerli orqanları tərəfindən təyin edilir və müvafiq yerli icra hakimiyyəti və Dövdağtexnəzarət Komitəsi orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir. Neft Kəmərləri İdarəsinin X5 əməkdaşları R.Ə.Məhərrəmov, Z.U.Quliyev, E.N.Cavadov, R.P.Məmmədov tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli aktdan müəyyən olunur ki, X5 istismarında olan Binəqədi-Bakı Dş-200 mm-lik yerüstü neft kəmərinin 1,2-ci km-də, kəmərdən 47,6 metr aralı məsafədə, kəmərin mühafizə zonasının təxminən 47,6 metr aralı məsafədə, 8 metr enində, 10 metr uzunluğunda və 2 metr hündürlüyündə ev üçün nəzərdə tutulmuş tikinti işlərinin aparıldığı aşkarlanmış, baxış zamanı tikinti sahibi ilə fərdi söhbət aparılaraq kəmərin mühafizə zonası daxilində apardığı tikinti işlərinin qanunazidd olduğu izah edilərək sökülməsi tələb olunsa da, lakin həmin şəxs sökməkdən imtina etmişdir. Cavabdeh Cavanşir qızı ilə izahedici söhbətlər apararaq ona aid olduğunu iddia edən sahənin qanunvericilikdə nəzərdə tutulmuş huquqi sənədlərinin olmadığı bildirilmiş və bunu nəzərə alaraq həmin sahənin qanunsuz zəbt oİunduğu izah edildikdən sonra sözügedən şəxs mühafizə zonasına düşən hissədə heç bir yeni iş aparmayacağını bildirmiş və mühafizə zonasında aparılan tikinti işləri dayandırılmışdır. SOCAR Təhlükəsizlik idarəsinin 35 saylı komandasının qarovul rəisi X8, atıcılar X3 və X4 tərtib etdikləri xx.xx.2021-ci il tarixli aktdan müəyyən olunur ki, 17.07 2021-ci il tarixdə 2 saylı qarovulun 1-ci iş növbəsində saat 11:00-da 13-14 saylı postların ərazisində ünvan 1 Binəqədi-Bakı DŞ-200 mm-lik yerüstü neft kəmərinin 1,2-ci km-də 1-ci sırada kəmərə perpendikulyar uzaqlaşmaqla kəmərdən təqribən 49-50 metr aralı məsafədə boş torpaq sahəsində vətəndaş X1 aid olduğu iddia edilən ərazidə 8 metr enində, 10 metr uzunluğunda yalnız künc hissələrində 10 daş digər hissələrdə isə 6 daş hündürlüyündə yeni hörgü işlərinin aparılması aşkar edilmişdir. Sözügedən tikili ilə kəmərin arasındakı məsafəni dəqiqləşdirmək üçün NKİ-nin X5 NBKXS-nin EKM üzrə böyük mühəndisi X13 əraziyə dəvət edilmiş və kəmərlə tikilinin arasındakı məsafə ölçülərək tikilinin sol küncünün 47,60 metr məsafədə olduğu və mühafizə zolağına düşdüyü məlum olmuşdur. Mühafizə zonası daxilində aparılan tikinti işlərinin qanunazidd olduğu vətəndaş X1 izah edilərək iş dayandırılmış və əlavə işlərin görülməməsinə dair yazılı səkildə xəbərdarlıq təqdim edilərək ərazi nəzarətə götürülmüşdür. Neft Kəmərləri İdarəsinin xx.xx.2021-ci il tarixli xəbərdarlığından müəyyən olunur ki, Cavabdeh Cavanşir qızına Neft Kəmərləri İdarəsinin istismarında olan Binəqədi-Bakı Dş- 200 mm-lik yerüstü neft kəmərinin 1,2-ci km-də, kəmərdən 47,6 metr aralı məsafədə, kəmərin mühafizə zonasının təxminən 47,6 metrliyində, tikinti işlərinin aparılmasının yolverilməzliyi barədə xəbərdarlıq edilmiş, B.C.Məxmərrzəyeva xəbərdarlığı imza etməklə tanış olmasını təsdiq etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/1016 saylı rəyindən müəyyən olunur ki, Binəqədi-Bakı Dş 200 mm-lik yerüstü magistral neft kəməri ilə baxış zamanı təqdim olunan Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən fərdi yaşayış evinin bir hissəsi arasındakı məsafənin 50,30 metr, digər hissəsi ilə olan məsafənin 49,70 metr olduğu, sanitar qovşağı və yaşayış otağının birlikdə uzunluğu 5 metr, eni 0,70 metr olmaqla 3,5 kv.metr hissəsinin Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin xx.xx.2002-ci il tarixli 45 №li əmri ilə təsdiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində isə xx.xx.2003-cü il tarixdə 2951 nömrəsi ilə qeydə alınmış Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik qaydalarının 6.3-cü bəndində göstərilən 50 m-lik mühafizə zonasına düşdüyü müəyyən edilmişdir. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 1817 saylı qərarından müəyyən olunur ki, Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 200 m2 torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş Cavabdeh Cavanşir qızının alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır. Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2005-ci il tarixli AİT seriyalı 674331 saylı mədaxil orderinin təsdiq olunmuş surətndən müəyyən olunur ki, Cavabdeh Cavanşir qızı tərəfindən torpağn dəyərinə görə 800000 AZM ödəniş edilmişdir. Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş ÖM seriyalı 008773 saylı xx.xx.1991-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 1-ci Mədən küçəsi 148\2 saylı evin 8 saylı mənzilinə dair Cavabdeh Cavanşir qızının mülkiyyət hüquqları qeydə alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, Cavabdeh Cavanşir qızına Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2005ci il tarixli 1817 saylı qərarına əsasən ayrılmış 200 m2 torpaq sahəsinə dair təqdim edilmiş planda miqyas, koordinatlar, hər hansı istinad nöqtələrindən məsafənin göstərilməməsi səbəbindən sözügedən qərarla ayrılmış torpaq sahəsinin coğrafi yerləşmə yerini dəqiqliklə müəyyən etmək və tikililərin ayrılmış torpaq sahəsinin daxilində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmamış və iddiaçının nümayəndəsinin iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən torpaq sahəsi ARDNŞ-nin kontrakt ərazisidir. Torpaq sahəsinin və tikilinin bir hissəsi neft kəmərinin mühafizə zonasında yerləşir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/8461 saylı rəyindən müəyyən olunur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********74 nömrəli mütəxəssis rəyinə əsasən, Cavabdeh Cavanşir qızına Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 1817 saylı qərarına əsasən ayrılmış 200 m2 torpaq sahəsinə dair təqdim edilmiş planda miqyas, koordinatlar, hər hansı istinad nöqtəsindən məsafənin göstərilməməsi səbəbindən sözügedən qərarla ayrılmış torpaq sahəsinin coğrafi yerləşmə yerini dəqiqliklə müəyyən etmək mümkün olmadığı, iddiaçının nümayəndəsinin iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən torpaq sahəsinin ARDNŞ-nin kontrakt ərazisi olduğu, torpaq sahəsinin və tikilinin bir hissəsinin neft kəmərinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən inşa edilən fərdi yaşayış evinin bir hissəsi Neft Kəmərləri İdarəsinin istismarında olan Binəqədi-Bakı Dş-200 mm-lik yerüstü magistral neft kəmərindən 50,30 metr, digər hissəsi isə 49,70 metr aralıda yerləşir. Əhmədovanın Azərbaycana qarşı işi üzrə 18 noyabr 2021-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçi 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusunu yalnız o halda iddia edə bilər ki, mübahisələndirilən qərarlar həmin müddəanın mənasında onun “mülkiyyətinə” aid olsun. “Mülkiyyət” anlayışı “mövcud sahiblik”lə məhdudlaşmır, həm də iddiaçının ən azı ondan səmərəli istifadə etmək üçün ağlabatan və “qanuni gözləntisi” olduğunu iddia edə biləcəyi aktivləri, o cümlədən iddiaları əhatə edə bilər. “Gözlənti” ya qanunvericilik müddəasına, ya da sözügedən əmlak marağına aidiyyəti olan hüquqi akta əsaslanırsa, “qanunidir”. Hər bir halda araşdırılmalı olan məsələ bütövlükdə baxılan işin hallarının ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan hüquqları verməməsidir (baxın: Saqinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il, və Keriman Tekin və başqaları Türkiyəyə qarşı, № 22035/10, § 41, 15 noyabr 2016-cı il). İstinad olunan işdə Məhkəmə qeyd etmişdir ki, sözügedən ev daxili məhkəmələr tərəfindən icazəsiz tikinti elan edilmişdir. Belə görünür ki, Azərbaycan qanunvericiliyinə görə icazəsiz tikililər mülkiyyət hüququnun predmetini təşkil edə bilməz (müqayisə üçün baxın: İvanova və Çerkezov, Bolqarıstana qarşı, № 46577/15, § 68, 21 aprel 2016-cı il və Kotumanova Rusiyaya qarşı (dek.), № 57964/08, § 52, 11 sentyabr 2018-ci il). Hazırkı işdə ərizəçi evi özü tikməmişdir, başqa şəxsdən almışdır. Daxili qanunlar daşınmaz əmlakla bağlı əqdlərin notarius tərəfindən təsdiqini açıq şəkildə tələb edir. Mübahisəli tikili ilə bağlı Mülki Məcəllənin 139.1 və 139.3-cü maddələrinə uyğun olaraq Dövlət reyestrinə heç bir qeyd daxil olmamışdır. Ərizəçinin alqı-satqı müqaviləsinin notarius tərəfindən təsdiq edilməməsi və dövlət reyestrində qeyd edilməməsi Hökumətin iddia etdiyi kimi, evə dair müvafiq tikinti və mülkiyyət sənədlərinin olmaması ilə izah edilə bilər. Buna görə də ərizəçi evi alarkən onun icazəsiz tikinti olduğunu bilirmiş və ya bilməli imiş. Məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 180-ci maddəsinin və Torpaq Məcəlləsinin 111-ci maddəsinin tətbiqi ilə bağlı heç bir qeyri-müəyyənlik olmamışdır. Ərizəçiyə SOCAR-ın nəzdindəki Mənzil İstismar İdarəsi tərəfindən sənəd verilmişdir və ev kommunal xidmətlərə qoşulmuşdur. Ərizəçi iddia etmişdir ki, dövlət orqanları buna görə də evdən xəbərdardırlar və onun mövcudluğuna münasibət bildirmirlər. Bununla belə, iş materiallarından göründüyü kimi, yuxarıda qeyd olunan sənədin özü ərizəçiyə ev üzərində heç bir mülkiyyət hüququ verməmişdir və ona kommunal ödənişləri almaq və ödəmək üçün verilmişdir. Ərizəçinin sözügedən evə görə hər hansı vergi ödədiyini müəyyən etmək mümkün deyil (Yuxarıda göstərilən Öneryıldız, § 105 və Barahona Guachamin və Digərləri İtaliyaya qarşı kk. № 33295/15, § 67, 4 dekabr 2018, ilə müqayisə edin). Məhkəmə əvvəllər dövlət orqanlarının icazəsiz tikililərin mövcudluğuna münasibətini araşdırarkən kommunal xidmətlərin göstərilməsini müvafiq element kimi nəzərə almasına baxmayaraq (məsələn, yuxarıda qeyd olunan Öneryıldız, §§ 105 və 127, Hamer Belçikaya qarşı, № 21861/03, § 83, AİHM 2007 V (çıxarışlar)), hazırkı işdə söküntü haqqında qərar ev ərizəçi tərəfindən satın alındıqdan sonra ağlabatan müddət ərzində verilmişdir (hamısı yuxarıda göstərilmiş Saqinadze, §§ 106-07; Öneryıldız, §§ 105-06; və Hamer, §76 və İvanova və Cherkezov, § 75-i müqayisə edin). Müəyyən müddət ərzində dövlət orqanları tərəfindən hər hansı reaksiyanın olmaması ərizəçidə belə bir təsəvvür yaratmamalı idi ki, ona qarşı evin sökülməsi ilə bağlı icraat qaldırıla bilməz və bu, özlüyündə evin sökülməməsinə səbəb olmaq üçün kifayət deyil. Ərizəçinin evə olan mülkiyyət marağı 1 nömrəli Protokolun 1-ci maddəsinin birinci cümləsində ifadə edilmiş qaydanın mənasına uyğun olaraq “sahibi” olmaq üçün kifayət qədər müəyyən edilmiş və əhəmiyyətli olmuşdur (yuxarıda göstərilən Baqdonaviçius və başqaları Rusiyaya qarşı, № 19841/06, §§ 117-18, 11 oktyabr 2016-cı il, və Barahona Quachamin və başqaları, §§ 67-68 baxın) Məhkəmə qeyd etmişdir ki, iş materiallarından ərizəçinin evi aldıqdan sonra təmir etdirdiyi görünsə də, evin qanuni sahibi olmayan ərizəçi bilməli idi ki, evdə abadlıq işləri aparmaqla ona məxsus olmayan daşınmaz əmlaka investisiya etmişdir. Bundan əlavə, ərizəçi söküntü qərarının onun daşınan şəxsi əşyalarına təhlükə yaradacaq şəkildə icra olunacağını iddia etməmişdir. Ona görə məhkəmə belə qənaətə gəlmişdir ki, şikayətin bu hissəsi (1 saylı Protokolun 1-ci maddəsi) 35-ci maddənin 3-cü bəndinin (a) yarımbəndinin mənasında Konvensiyanın müddəaları ilə bir araya sığmır və 35-ci maddənin 4-cü bəndinə uyğun olaraq rədd edilməlidir. Avropa Məhkəməsi ərizəçinin onun əmlakının sökülməsi ilə bağlı ona pul ödənilməli olması ilə əlaqədar şikayəti ilə bağlı qeyd etmişdir ki, ərizəçiyə sözügedən evi onun hesabına sökmək barədə qərar verilmişdir. Ərizəçinin üzərinə qoyulan belə bir öhdəlik onun mülkiyyətindən dinc istifadə etmək hüququna müdaxilədir. Buna görə də söküntü sifarişinin həmin hissəsinə 1 saylı Protokolun 1-ci maddəsi tətbiq edilir. Bununla belə, ərizəçi şikayətin bu hissəsini sözügedən müdaxilənin qanuniliyi və ya mütənasibliyi məsələsinin olduğunu sübut edən dəlillərlə əsaslandırmamışdır. Ona görə şikayətin həmin hissəsi də açıq-aydın əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin (a) yarımbəndinə və 4-cü bəndinə uyğun olaraq rədd edilməlidir. İstinad olunan qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ərizəçinin evinə müdaxilənin Konvensiyanın 8-ci maddəsinin pozuntusu kimi tanımışdır. Məhkəmə qeyd etmişdir ki, bu şikayət nə açıq-aşkar əsassızdır, nə də Konvensiyanın 35-ci maddəsində sadalanan hər hansı digər əsaslara görə qəbuledilməzdir. Buna görə də o, məqbul elan edilməlidir. Bununla bağlı məhkəmənin əsaslandırması belə olmuşdur: Ərizəçi bildirmişdir ki, çıxarılma qərarı icra olunarsa, onun evinə hörmət hüququna müdaxilə təşkil edəcək və belə müdaxilə qanuni məqsəd güdməyəcək. O, iddia etmişdir ki, evin yerləşdiyi torpaq sahəsi 1962-ci ildən ARDNŞ tərəfindən işlənməmişdir və Hökumət bunun təcili olaraq dövlət ehtiyacı olduğunu göstərə bilməmişdir. O, daha sonra şikayət etmişdir ki, daxili etiraz edilən tədbirin (evin sökülməsi və oradan çıxarma) mütənasibliyi məhkəmə tərəfindən araşdırılmamış, onun və qızının evdən çıxarılacağı təqdirdə evsiz qalacaqları nəzərə alınmamışdır. Hökumət iddia etmişdir ki, dövlət orqanlarının ərizəçinin evinə hörmət hüququna müdaxiləsi demokratik cəmiyyətdə ölkənin iqtisadi rifahı naminə zəruri olmuşdur və bu, daxili qanunvericiliyə uyğun olmuşdur. Məhkəmə qeyd etmişdir ki, 8-ci maddənin mənasında “ev” anlayışı qanuni şəkildə zəbt olunmuş və ya qanuni əsaslarla qurulmuş binalarla məhdudlaşmamışdır. Bu, daxili qanunvericiliyə əsasən təsnifatdan asılı olmayan muxtar anlayışdır. Xüsusi binaların 8-ci maddənin müdafiəsini cəlb edən “ev” olub-olmaması faktiki hallardan, yəni konkret yerlə kifayət qədər və davamlı əlaqələrin mövcudluğundan asılı olacaq (baxın: X7rşı, № 66610/10, § 30, 14 mart 2017). Ərizəçi sözügedən evi 2007-ci ilin iyul ayında aldıqdan sonra qızı ilə birlikdə bu evdə yaşamışdır. Buna görə də ev Konvensiyanın 8-ci maddəsinin mənasına görə ərizəçinin evi olmuşdur. Ərizəçinin evdən çıxarılması yerli məhkəmələr tərəfindən icazəsiz tikililəri tənzimləyən hüquqi normalarına uyğun olaraq qərara alınmışdır. Yerli məhkəmələr, o cümlədən Mülki Məcəllənin 180-ci maddəsinə və Torpaq Məcəlləsinin 111-ci maddəsinə istinad etmişlər. Məhkəmənin daxili qanunvericiliyə riayət olunmasını yoxlamaq səlahiyyətinin məhdud olduğunu qeyd edərək yerli məhkəmələrin ərizəçinin çıxarılmasına dair qərarları daxili qanunvericiliyə uyğun olduğunu demək mümkündür. Lakin, hökumət sözügedən müdaxilənin “ölkənin iqtisadi rifahının maraqları naminə... zəruri olduğunu” iddia etsə də, hazırki işin vəziyyətində Məhkəmə bu müdaxilənin “Azneft”in hüquqlarını qorumaq üçün qanuni məqsəd güddüyünü saymağı daha məqsədəuyğun hesab etmişdir. Məhkəmənin qərarlaşmış presedent hüququna əsasən, evin itirilməsi evə hörmət hüququna müdaxilənin ən ifrat formasıdır, bu baxımdan risk altında olan istənilən şəxs həmin şəxsin həssas qrupa aid olub-olmamasından asılı olmayaraq Konvensiyanın 8-ci maddəsinə əsasən müvafiq prinsiplər işığında müstəqil tribunal tərəfindən müəyyən edilən tədbirin mütənasibliyinə malik olmalıdır. Bu baxımdan qeyri-qanuni tikintidən söhbət gedəndə ön plana çıxa biləcək amillər evin qanunsuz tikilməməsi, aidiyyəti şəxslərin qanunsuz olduğunu bilə-bilə evi tikməməsi, qanunsuz tikilinin kim tərəfindən inşa edilməsi, müvafiq orqanların buna icazə vermələri, sözügedən qanunsuzluğun xarakteri və dərəcəsinin nədən ibarət olması, söküntü ilə qorunmaq istənilən marağın dəqiq mahiyyəti və söküntüdən təsirlənən şəxslər üçün uyğun alternativ yaşayış yerinin olub-olmaması kimi hallar araşdırılmalıdır. Buna görə də, əgər aidiyyəti şəxs bu cür arqumentlər əsasında müdaxilənin mütənasibliyinə etiraz edərsə, məhkəmələr onları diqqətlə araşdırmalı və onlarla bağlı adekvat səbəblər göstərməlidirlər (baxın: McCann Birləşmiş Krallıqa qarşı, № 19009/04, § 50., AİHM 2008; Yordanova və başqaları Bolqarıstana qarşı, № 25446/06, § 118 (iv) cərimə, 24 aprel 2012-ci il və yuxarıda adı çəkilən İvanova və Çerkezov, § 53). Məhkəmə qeyd etmişdir ki, hazırkı işdə evin sökülməsinə və ərizəçinin çıxarılmasına qərar verərkən yerli məhkəmələr yalnız onun dövlətə məxsus torpaqda tikilmiş icazəsiz tikinti olduğuna diqqət yetirmişlər (yuxarıda adı çəkilən Bagdonavicius və digərləri § 102 ilə müqayisə edin). Ərizəçi apellyasiya şikayətlərində sözügedən evin onun yeganə evi olduğunu və başqa ev almaq üçün imkanları olmadığı üçün evdən çıxarılacağı təqdirdə qızı ilə birlikdə evsiz qalacağını iddia etsə də, yerli məhkəmələr bu məqama məhəl qoymamış və gəlişən maraqları qarşılaşdıra bilməmişlər (Kaminskas Litvaya qarşı, № 44817/18, § 64, 4 avqust 2020-ci il ilə müqayisə edin). Bundan əlavə, indiki kimi hallarda mütənasiblik hakimiyyətin torpağı geri almağa çalışdığı istifadə etmək hüququ ilə ayrılmaz şəkildə bağlıdır. Hazırkı işdə nə “Azneft” yerli məhkəmələrə təqdim etdiyi iddiasında, nə də Hökumət öz təqdimatlarında torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğunu iddia etməmişdirlər (Yordanova § 127 və yuxarıda adı çəkilən digərləri). Hökumət ərizəçinin daxili qanunvericiliyə uyğun olaraq digər hüquqi müdafiə vasitələrindən istifadə etməklə onun çıxarılmasının mütənasibliyinə dair lazımi ekspertiza əldə edə biləcəyini iddia etməmişdir. Düzdür, daxili qanunvericilik ümumilikdə məhkəmələrdən qanuni qüvvəyə minmiş qərarın icrasının təxirə salınmasını və ya məhkəmə icraçılarının qərarın icrasının təxirə salınmasını tələb etmək imkanını nəzərdə tutmuşdur. Bununla belə, müvafiq presedent hüququna istinadlarla dəstəklənən bu ehtimalın münasibliyinə aid inandırıcı dəlillər olmadığına görə Məhkəmə belə nəticəyə gəlməlidir ki, ərizəçi bu yoldan istifadə etsə belə, onun əldə edə biləcəyi yeganə şey evdən çıxarılması qərarının mütənasibliyinin hərtərəfli yoxlanılmasının təsirlərindən daha çox müvəqqəti möhlət olarmış. (yuxarıda adı çəkilən İvanova və Çerkezovla müqayisə edin, § 57). Nəhayət, alternativ mənzilin ərizəçi üçün əlçatan olduğunu hesab etmək üçün prosedurun olması da iddia edilməmişdir. Bundan əlavə, ərizəçi dövlət orqanları tərəfindən pulsuz və ya münasib qiymətə mənzil verilməsi üçün müraciət etmək hüququna malik olan şəxslərin hər hansı konkret kateqoriyasına aid edilməmişdir. Hökumət sosial sığınacaqda müvəqqəti qalmağın alternativ yaşayış imkanlarının araşdırılması üçün hər hansı prosedur olmadığı halda, hazırki şəraitdə mütənasiblik tələbini ödəyən həll yolu kimi onların sığınacaqda yerləşdirilməsinin qəbul edilən olacağını da iddia etməmişdir. Belə şəraitdə ərizəçiyə müdaxilənin mütənasibliyinə, yəni şəxsi şəraiti nəzərə alınmaqla onun sözügedən evdən çıxarılmasına adekvat baxış əldə etməyə imkan verən prosedur təmin edilməmişdir. İstinad olunan qərardan daha sonra müəyyən olunur ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərara almışdır ki, ərizəçinin şəxsi şəraiti nəzərə alınmaqla onun mütənasibliyi lazımi qaydada yoxlanılmadan evdə çıxarılma qərarı icra ediləcəyi təqdirdə Konvensiyanın 8-ci maddəsi pozulacaqdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının sökülməsini tələb etdiyi özbaşına tikilinin bir hissəsi Neft Kəmərləri İdarəsinin istismarında olan Binəqədi-Bakı Dş-200 mm-lik yerüstü magistral neft kəmərindən 49,70 metr aralıda yerləşməklə cavabdeh faktiki olaraq 0,30 metr mühafizə zonasına daxil olduğundan, mübahisə predmeti olan tikililərin sökülməsi və cavabdehin həmin ərazidən çıxarılmasına dair iddia tələbləri cavabdehə müvafiq məbləğdə kompensasiya verilməklə təmin edilə bilər. Ona görə də məhkəmə iddia ərizəsinin cavabdehə kompensasiya təklif edilmədən təmin edilməsini qeyri-mümkün hesab edir. Belə ki, iddia ərizəsinin hazırkı vəziyyətdə təmin edilməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda istinad olunan Azərbaycana qarşı qərarına əsasən Konvensiyanın 8-ci maddəsinin tələblərinin pozulması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilmədiyi üçün məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin Cavabdeh Cavanşir qızına qarşı Neft Kəmərləri İdarəsinin istismarında olan Binəqədi-Bakı Dş-200 mm-lik yerüstü neft kəmərinin 1,2-ci km-də, kəmərdən təqribən 47,6 metr aralı məsafədə, 39T ******* 4480187 kordinatlar üzrə neft kəmərinin mühafizə zonasında, ünvan 1 ünvanında cavabdeh tərəfindən qanunsuz inşa edilmiş ev və digər yardımçı tikililərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılmasına dair iddia ərizəsi təmin edilməsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsindən ekspertiza tədqiqatının dəyərinə görə 100 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar