Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6430/2025 13.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1 Məhyəddin sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilənin etibarsızlığı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilənin etibarsızlığı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, özü savadsız olmaqla, xadimə işləyir, himayəsində İ qrup əlil, azyaşlı qızı var. Kiçik qızının müalicəsi üçün ciddi vəsait tələb edildiyindən yaxından tanımadığı Taleh adlı şəxsin təşviqatına uymuşdur. "xxxx" MMC-dən 4000 manat qarşılığında komputer götürüb Talehə verməli idi. xx.xx.2025-ci il tarixində mağazanın Bakıxanov filialına getmişlər. O, məhsulu alması haqqında heç bir sənədə qol çəkməmişdir. Sonradan bilmişdir ki, dəyəri 10865 manat olan 2 ədəd 2024-cü il buraxılışlı komputer alınmışdır. Həmin komputerlərdən xəbəri olmamış, ona çatdırılmamışdır. Hazırda ondan 18 ay aylıq 570 manat ödəniş tələb edilir.
Tərəflərin izahatları və iddiaya münasibəti:
3. İddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Eləcə də bildrmişdir ki, Taleh adlı şəxsin ona 5000 manat pul verməsi təklifinə əsasən cavabdehlə müqavilə bağlayaraq elektron avadanlıqlar götürərək ona vermişdir. Taleh isə ona bunun müqabilində 3800 manat pul vermişdir. Hazırda isə həmin məbləği ödəmək onun üçün çətindir. Əlavə olaraq bildirmişdir ki, bağlanmış müqavilə üzrə ödəniş məbləğlərinin azaldılmasını xahiş edir.
4. Cavabdeh məhkəməyə ünvanladığı etirazında göstərir: İddiaçı özü də iddia ərizəsində etiraf edir ki, başqa şəxsin ona nağd pul verəcəyi vədi ilə müqavilə bağlamışdır. İddiaçı ilə bağlanmış müqavilə işə əlavə olunur. Müqavilənin iddiaçı tərəfindən imzalanmış səhifələrindən görünür ki, bütün imzalar eynidir və ona məxsusdur. Müqavilədə iddiaçıya məxsus yazı və imza nümunələri mövcuddur. Müqavilənin əlavə səhifələrindən birində məhz iddiaçı malları saz vəziyyətdə təhvil aldığını imzası ilə təsdiq edir. Mallar iddiaçı tərəfindən təhvil alınmışdır, bu hissədə iddiaçının iddiasının əsası yoxdur.
Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
5. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2025-ci il tarixli, №36753 saylı nisyə alğı-satqı müqaviləsindən və ona əlavədən görünür ki, satıcı 2 ədəd qiyməti 3899,99 manat olan ASUS markalı komputeri iki il zəmanət və proqram təminatı ilə birlikdə İddiaçı istifadəsinə vermiş, müqavilədə (ümumi məbləğ 10765,93 manat) 989,99 manat ilkin ödəniş müqabilində 18 ay müddətinə 543,11 manat aylıq ödəniş edilməsi nəzərdə tutulmuşdur.
6. xx.xx.2025-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, İddiaçı №36753 saylı müqaviləyə əsasən 2 ədəd qiyməti 3899,99 manat olan ASUS markalı komputer iki il zəmanət və proqram təminatı ilə birlikdə qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır.
Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
7. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir;
8. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir;
9. 337.1-ci maddəinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər;
10. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir;
11. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır;
12. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
13. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
14. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır;
15. 402.3-ci maddəsinə əsasən ilkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir.
16. Məhkəmə əvvəla qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
17. İddiaçı bağlanmış xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsinin ilk öncə tərəfindən imzalanmadığını, daha sonra məhsulların ona təhvil verilmədiyini, sonuncu məhkəmə iclasında isə müqavilə üzrə aylıq ödənişlərin azaldılmasını arzu etdiyini bildirmişdir. Faktiki olaraq iddiaçı müqaviləni subyekt və məzmun baxımından mübahisələndirir.
18. Göstərilənlərlə bağlı məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşmış aşağıdakı hüquqi mövqelərə nəzərə yetirilməsini zəruri hesab edir.
19. Əqdin etibarlılığı dedikdə onun arzu olunan hüquqi nəticəyə səbəb olması başa düşülür. Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Yəni əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
20. Nəticə etibarı ilə əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır:1) əqdin subyekt tərkibinə dair şərtlər; 2) əqdin məzmununa dair şərtlər; 3) əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; 4) əqdin formasına dair şərtlər.
21. Məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən təqdim olunmuş sübutlar əsasında tərəflərin həqiqi hüquqi niyyətləri və iradə ifadələrinin əsl məzmunu dəqiqləşdirilməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsi müəyyən edilməlidir. Belə ki, məlum olduğu kimi, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.1 və 324.4-cü maddələri). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır.
22. Lakin mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilən hüquqi mövqeyini mülki qanunvericiliyin müvafiq normalarına əsaslanmaqla formalaşdırmışdır. Belə ki, Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasının deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasının, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir.
23. Mülki qanunvericiliyə müvafiq olaraq, müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Belə ki, Mülki Məcəllənin 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 14 iyul tarixli Qərarı).
24. Mülki hüquq subyektləri öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Bu hüquqa yalnız qanunla dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduğu həddə məhdudiyyət qoyula bilər (Mülki Məcəllənin 6.3-cü maddəsi).
25. Əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarı).
26. İddiaçı müqavilənin tərəfindən imzalanmadığını, məhsulların ona təhvil verilmədiyini iddia etsə də bununla bağlı kifayət qədər sübut təqdim etməmişdir. Əksinə cavabdeh tərəfindən təqdim edilən təhvil-təslim aktına görə sözügedən məhsullar cavabdeh tərəfindən təhvil alınmışdır. Bundan başqa iddiaçı qeyd edilən məhsulları Taleh adlı şəxs üçün aldığını qeyd etsə də buna dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir.
27. Göstərilənlərə əsasən məhkəmə o qənaətə gəlir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2025-ci il tarixli, №36753 saylı nisyə alğı-satqı müqaviləsinin etibarsızlığı üçün hər hansı əsas müəyyən edilmədiyindən iddia tələbi əsassızdır.
Tətbiq edilən prosessual normalar:
28. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
29. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
30. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
31. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə:
32. Beləliklə, məhkəmə toplanmış sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilənin etibarsızlığı” tələbinə dair iddiası təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilənin etibarsızlığı” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
X2