Məhkəmə qərarları › İş №2(001)-6506/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6506/2021

04.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6506/2021 04.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 iştirakı ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (Bakı şəhəri 9 saylı notariat ofisi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və torpaq sahəsinin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 9 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş 12 avqust 2015-ci il tarixli, 3M-1880 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi və torpaq sahəsinin İddiaçı MMC-nin əməli istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin təşəbbüsü ilə Bakı şəhəri 9 saylı notariat ofisi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək, iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək və iddiaya qarşı yazılı etiraz təqdim edərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, mübahisələndirilən müqavilənin bağlanması zamanı əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblərə dair tərəflərin hər hansı razılaşması olmamışdır. Müqavilənin onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə, həmin növ müqavilə üçün qanunla nəzərdə tutulan yazılı notarial formada bağlanmış və tərəflər üçün məcburi şərtlərə və qaydalara uyğun gəlmişdir. Başqa sözlə, mübahisə predmetini təşkil edən müqavilə bağlanarkən qanunvericiliklə müəyyən edilmiş forma tələblərinə və şərtlərinə riayət edilmiş və hər hansı pozuntuya yol verilməmişdir. Digər tərəfdən iddiaçının dövlət qeydiyyatına alındığı 11.12.2009-cu il tarixdə, habelə mübahisələndirilən müqavilənin bağlandığı 12.08.2015-ci il tarixdə onun təkbaşına təsisçisi Cavabdeh3, direktoru, yəni qanuni təmsilçisi isə onun qardaşı X9 olmuş və Cavabdeh3 13.11.2020-ci il tarixdə cəmiyyətdə olan payını onun hazırki təsisçisi Yafəs Səmədova satmışdır. Mübahisələndirilən müqavilənin bağlanması zamanı Cavabdeh3 cəmiyyətin təkbaşına təsisçisi kimi cəmiyyətin ali idarəetmə orqanı olan ümumi yığıncağın səlahiyyətlərini də özü həyata keçirmişdir. Qüvvədə olan qanunvericiliyin və iddiaçının nizamnaməsinin aidiyyəti müddəalarının tələblərinə əsasən ümumi yığıncağın səlahiyyətlərinə müstəsna səlahiyyətlərdən başqa, digər məsələlər də aid edilə və nizamnamədə müəyyən edilib-edilməməsindən asılı olmayaraq, ümumi yığıncaq cəmiyyətin fəaliyyəti ilə əlaqədar istənilən məsələni müzakirə ediə bilərdi. Həmçinin, hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsi ilə də mülki hüquqlar əldə edə və öhdəsinə mülki vəzifələr götürə bilər. Belə olan halda, onun MMC-nin icarəsində olan torpaq sahəsinin icarə hüquqları üzərində sərəncam verməsi qanun pozuntusu kimi qiymətləndirilə bilməz. Bu baxımdan həmin müqavilə hətta cəmiyyətin direktoru tərəfindən imzalandığı halda belə bunun təsisçi kimi Cavabdeh3 razılığı olmadan reallaşması mümkün deyildi. Digər tərəfdən Cavabdeh3 bu müqaviləni bağlamağa səlahiyyətli olmadığı halda belə, həmin müqavilənin digər tərəfi olan Cavabdeh1 bunu bilmədiyi və ya bilməli olmadığı üçün etibarsız sayıla bilməz. Mülki Məcəllənin 144.1-ci və 144.2-ci maddələrinə əsasən notarial qaydada təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir və müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Belə olan halda, Cavabdeh1 Cavabdeh3 bu müqaviləni bağlamağa səlahiyyəti olub-olmadığını bilməmiş və bilməli də deyildi. Bundan başqa, müqavilə, onun bağlandığı tarixdən ötən 6 il ərzində iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Bu da həmin müqavilənin hazırda iddia edilən kimi səlahiyyətsiz şəxs tərəfindən bağlanmış olsa belə, sonradan iddiaçının bu müqavilənin bəyənilməsinə dəlalət edir. Həmçinin, iddiaçı hazırki iddia ərizəsinin predmetini təşkil edən alqı-satqı müqaviləsini mübahisələndirmək hüququnu da itirmişdir. Belə ki, müqavilə 12.08.2015-ci il tarixdə bağlanmasına baxmayaraq, iddiaçı onun etibarsızlığı barədə hazırki iddia ilə məhkəməyə 05.08.2021-ci il tarixdə müraciət etməklə, müqaviləni onun bağlanması tarixindən 6 il keçdikdən sonra mübahisələndirmişdir. Halbuki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisələndirə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun02.04.2021-ci il tarixli qərarında da eyni hüquqi mövqey nümayiş etdirilmişdir. Oxşar hüquqi mövqey Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 12 mart 2020-ci il tarixli Qərarında da ifadə edilmişdir. İddiaçının müqavilənin bağlanmasından 6 il ərzində həmin əqd barədə məlumatlı olmaması da həm inandırıcı, həm də mümkün sayıla bilməz. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, ona torpaq sahəsi ilə bağlı müqavilə bağlanacağı barədə məlumat verilmiş və bu müqavilənin bağlanması üçün onun adına etibarnamə verilməklə Bakı şəhəri 9 saylı Notariat ofisinə gedilməsi tapşırılmışdır. O, da qeyd edilən Notariat ofisinə getmiş və orada ona təqdim edilmiş müqaviləni imzalamışdır. Lakin bu zaman ona hər hansı məbləğdə pul verilməmişdir. Ona satıcıdan hər hansı məbləğdə pulun qəbul edilməsi də tapşırılmamışdır. Ümumiyyətlə ilk olaraq, mübahisələndirilən müqavilənin predmetini təşkil edən torpaq sahəsinin ona məxsus olduğunu hesab etmişdir. Belə ki, həmin torpaq sahəsinin onun adına rəsmiləşdirildiyi barədə ona məlumat verilmişdir. Sonradan mübahisələndirilən müqaviləni ona verilmiş etibarnamə əsasında imzalayan zaman bu torpağın ona məxsus olmadığını bilmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilib-edilməməsi məsələsinə qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verilməsini və qanunvericliyin tələblərinə uyğun qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh3 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 9 saylı notariat ofisinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən bu cavabdeh məhkəmə iclasında iştirak etməmiş, üçüncü şəxs isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə həmin cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, məhkəmə iclasında iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı MMC 11.12.2009-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 30 ha torpaq sahəsinin icarə hüququ (02.05.2006-cı ildən başlayaraq 99 il müddətinə icarəyə verilmişdir) 23.06.2011-ci il tarixli icarə hüququnun alqı-satqı müqaviləsinə əsasən X3 tərəfindən İddiaçı MMC-yə satılmışdır. Bundan sonra aralarında bağlanmış 12.08.2015-ci il tarixli icarə hüququnun alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsinin 3.2756 ha ölçüdə hissəsinin icarə hüququ 33.000 manata iddiaçı tərəfindən Cavabdeh1 satılmışdır. Həmin vaxt cəmiyyətin təsisçisi (yeganə iştirakçısı və payçısı) Cavabdeh3 olmuşdur. Bu müqaviləni də iddiaçının adından onun təsisçisi (cavabdeh) Cavabdeh3 tərəfindən verilmiş etibarnamə əsasında Cavabdeh2 imzalamış və müqavilə Bakı şəhəri 9 saylı Notariat Kontorunun xüsusi notariusu X4 tərəfindən təsdiq edilmişdir. Müqavilə bağlandıqdan sonra Cavabdeh1 bu hüququ 20.08.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və o, hazırda da qeyd edilən hüququnun sahibidir. Aralarında bağlanmış 13.11.2021-ci il tarixli “Müəssisədəki payın alqı-satqı Müqaviləsi”nə əsasən Cavabdeh3 İddiaçı MMC-də ona məxsus olan 100 faiz payını 100 manat pula X1 və hazırda həmin cəmiyyətin (iddiaçının) təsisçisi (yeganə iştirakçısı və payçısı) X7r. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12.08.2015-ci il tarixli icarə hüququnun alqı-satqı müqaviləsinin onun həmin vaxt təsisçisi olan Cavabdeh3 tərəfindən imzalandığını, halbuki onun belə bir səlahiyyətinin olmadığını, qanunvericiliyin tələbləri baxımından və nizamnaməyə əsasən cəmiyyətin adından əqdləri bağlamaq səlahiyyətinin bir başa cəmiyyətin direktoruna (qanuni təmsilçisinə) verildiyini, həm təsisçiyə, həm də həmin müqaviləni imzalayan Cavabdeh2 cəmiyyətin adından etibarnamənin verilmədiyini, ümumiyyətlə cəmiyyətin belə bir alqı-satqı müqaviləsinin bağlanmasından məlumatlı olmadığını iddia edir və bu müqavilənin etibarsız hesab edilməsini, müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsini, torpaq sahəsinin iddiaçının istifadəsinə qaytarılmasını tələb edir. Cavabdeh1 iddianı qəbul etmir. Mübahisə predmetini təşkil edən müqavilə bağlanarkən qanunvericiliklə müəyyən edilmiş forma tələblərinə və şərtlərinə riayət edilərək, hər hansı pozuntuya yol verilmədiyini, müqavilənin bağlandığı 12.08.2015-ci il tarixdə Cavabdeh3 onun təkbaşına təsisçisi olduğunu, qanuni təmsilçi funksiyalarının isə onun qardaşı X9 tərəfindən icra edildiyini, Cavabdeh3 13.11.2020-ci il tarixdə cəmiyyətdə olan payının onun hazırki təsisçisi Yafəs Səmədova satdığını, müqavilə bağlanan zaman Cavabdeh3 cəmiyyətin təkbaşına təsisçisi kimi cəmiyyətin ali idarəetmə orqanı olan ümumi yığıncağın səlahiyyətlərini də həyata keçirdiyni, belə olan halda, onun MMC-nin icarəsində olan torpaq sahəsinin icarə hüquqları üzərində sərəncam verməsinin qanun pozuntusu olmadığını, bu baxımdan həmin müqavilə hətta cəmiyyətin direktoru tərəfindən imzalandığı halda belə bunun təsisçi kimi Cavabdeh3 razılığı olmadan reallaşması mümkün olmadığını, Cavabdeh3 bu müqaviləni bağlamağa səlahiyyətli olmadığı halda belə, həmin müqavilənin digər tərəfi olan Cavabdeh1 bunu bilmədiyini və ya bilməli olmadığını, Mülki Məcəllənin 144.1-ci və 144.2-ci maddələrinə əsasən notarial qaydada təsdiqləmə zamanı məhz notariusun əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalı olduğunu, belə olan halda, Cavabdeh1 Cavabdeh3 bu müqaviləni bağlamağa səlahiyyəti olub-olmadığını bilmədiyini və bilməli olmadığını, müqavilənin onun bağlandığı tarixdən ötən 6 il ərzində iddiaçı tərəfindən mübahisələndirilmədiyini, halbuki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən şəxsin əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində mübahisələndirməli olduğunu, bu baxımdan həmin müqavilənin hazırda iddia edilən kimi səlahiyyətsiz şəxs tərəfindən bağlanmış olsa belə, sonradan iddiaçının bu müqavilənin bəyənilməsinə dəlalət etdiyini və iddiaçının hazırki iddia ərizəsinin predmetini təşkil edən alqı-satqı müqaviləsini mübahisələndirmək hüququnu da itirdiyini bildirir və iddianın rədd edilməsini xahiş edir. Cavabdeh2 mübahisələndirilən müqaviləni ona verilmiş etibarnamə əsasında imza etdiyini, lakin ona hər hansı məbləğdə pul verilmədiyini, ona satıcıdan hər hansı məbləğdə pulun qəbul edilməsi də tapşırılmadığını bildirir və qanunvericliyin tələblərinə uyğun qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 90-1.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər; 90-1.2-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır. Xalis mənfəət ümumi yığıncağın qərarı qəbul edildikdən sonra bir ay müddətində ödənilməlidir; 91.1-ci maddəyə əsasən məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda, habelə ictimai əhəmiyyətli qurumlarda cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyası (müfəttiş) yaradılır. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır; 91.3-cü və 91.3.3-cü maddələrinə əsasən cəmiyyətin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək, onun mənfəətini və zərərini bölüşdürmək məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir; 91.1-7-ci maddəsinə əsasən bir iştirakçıdan ibarət olan cəmiyyətdə ümumi yığıncağın səlahiyyətlərinə aid olan məsələlər barəsində qərarlar həmin iştirakçı tərəfindən təkbaşına qəbul edilir və yazılı surətdə rəsmiləşdirilir; 91.2-ci maddəsinə əsasən cəmiyyəti idarəetmə orqanlarının səlahiyyətləri, habelə onların qərarlar qəbul etməsi və cəmiyyətin adından çıxış etməsi qaydası bu Məcəlləyə və cəmiyyətin nizamnaməsinə uyğun olaraq müəyyənləşdirilir; 91-2.1-ci maddəsinə əsasən cəmiyyətin icra orqanının fəaliyyəti və onun tərəfindən qərarların qəbul edilməsi qaydası cəmiyyətin nizamnaməsi və daxili sənədləri ilə müəyyən edilir; 91.4-cü maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir; 144.1-ci maddəsində aşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır; 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 354.2-ci maddəyə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər; 358.1ci maddəsinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır; 358.2-ci maddəsinə əsasən əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur; 360.1-ci maddəsinə əsasən əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin; 360.2-ci maddəsinə əsasən təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, 12.08.2015-ci il tarixli müqavilədə birinci tərəf, yəni satıcı qismində İddiaçı MMC göstərilsə də, bu müqavilə iddiaçının həmin vaxt təsisçisi olan Cavabdeh3 tərəfindən verilmiş etibarnamə əsasında digər Cavabdeh2 tərəfindən imzalanmışdır. Halbuki, cəmiyyətin nizamnaməsinin 4.5-ci maddəsinə əsasən cəmiyyətin fəaliyyyətinə cari rəhbərlik cəmiyyətin icraedici orqanı və qanuni təmsilçilik funksiyasına malik olan direktor tərəfindən həyata keçirilir və cəmiyyətin adından əqdlərin bağlanması səlahiyyəti də nizamnamə ilə məhz ona verilmişdir. Bu baxımdan Cavabdeh2 həmin əqdin rəsmiləşdirilməsində Cavabdeh3 öz adından verdiyi etibarnamə ilə deyil, iddiaçının, yəni onun qanuni təmsilçisinin adından verilən etibarnamə ilə çıxış etməli idi. Belə ki, Cavabdeh2 həmin münasibətlərdə Cavabdeh3 deyil, İddiaçı MMC-ni təmsil etməli və onun adından müqavilə bağlamalı idi. Cavabdeh3 həmin cəmiyyətin təsisçisi olsa da, belə bir müqavilə, xüsusilə də öz adından bağlamaq səlahiyyətinə malik deyildi. Bu baxımdan 12.08.2015-ci il tarixli müqavilə buna hər hansı səlahiyyəti olmayan (səlahiyyətləri mülki qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilməmiş) şəxs tərəfindən bağlanmışdır. Bu da həmin əqdin etibarsız olmasına dəlalət edir. Lakin nəzərə alınmalıdır ki, qüvvədə olan qanunvericiliyə əsasən alıcı (mövcud vəziyyətdə Cavabdeh1) həmin müqavilə üzrə satıcı qismində çıxış edən tərəfin səlahiyyətlərini yoxlamaq, habelə bu barədə sənədləri araşdırmaq vəzifəsi daşımır. Qanunverici daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməli olmasını imperativ qaydada təsbit etməklə, təsdiqləmə zamanı məhz notariusun (mövcud vəziyyətdə Bakı şəhəri 9 saylı Notariat ofisinin notariusu Rəşadət Sadıqovun) üzərinə sərəncam verən tərəfin (mövcud vəziyyətdə Cavabdeh3) sərəncam hüququnun və müqavilənin qanunauyğunluğunun yoxlanılması vəzifəsini qoymuş və notariusun təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşımasını təsbit etmişdir. Cavabdeh1 digər tərəfin (satıcının) bu müqaviləni bağlamağa səlahiyyəti olmayan şəxs olması barədə məlumatlı olması barədə də hər hansı sübut yoxdur. Eyni zamanda, nəzərə alınmalıdır ki, həmin müqavilə imzalanan tarixdən sonra müqavilədə göstərilən 3.2756 ha ölçüdə torpaq sahəsi iddiaçının sahibliyindən çıxmış və bu əmlaka olan icarə hüququ real olaraq Cavabdeh1 keçmiş və onun bu hüququ 20.08.2015-ci il tarixdə (müqavilə bağlanandan 5 gün sonra) yəni hazırki iddia qaldırılan tarixdən təxminən 6 il əvvəl daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Müqavilə bağlanan zaman satıcı qismində çıxış edən Cavabdeh3 həmin vaxt icarə hüququnun sahibi olan İddiaçı MMC-nin yeganə təsisçisi (təkbaşına iştirakçısı) və 100 faiz payının sahibi idi. Cəmiyyətin qanuni təmsilçisi isi onun qardaşı X9 olmuşdur. Ötən dövr ərzində cəmiyyət tərəfindən bu müqavilənin etibarsızlığı mübahisələndirilməmiş, ümumiyyətlə torpaq sahəsi ilə bağlı İddiaçı MMC ilə Cavabdeh1 arasında hər hansı mübahisə olmamışdır. Bu baxımdan Cavabdeh2 həmin əqdi İddiaçı MMC-dən (onun təsisçisindən və qanuni təmsilçisindən) xəbərsiz (onun tapşırığı olmadan) bağlanması da qeyri-mümkündür. Belə ki, 13.11.2020-ci il tarixdə İddiaçı MMC-nin payının alqı-satqı müqaviləsi də İddiaçı MMC-nin adından Cavabdeh3 əvəzinə məhz Cavabdeh2 tərəfindən imzalanmışdır. Həmçinin, bu hal da belə nəticəyə gəlməyə imkan verir ki, İddiaçı MMC (təsisçi və qanuni təmsilçi) 12.08.2015-ci il tarixli müqavilənin imzalanmasından birmənalı olaraq məlumatlı olmuş və Cavabdeh2 məhz İddiaçı MMC-nin iradəsinə uyğun və bu baxımdan real olaraq onu təmsil etmiş və məhz onun tapşırığı əsasında bu müqaviləni imzalamışdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə qeyd edir ki, 20.08.2015-ci il tarixli müqavilə satıcı olaraq buna səlahiyyəti olmayan şəxs, yəni Cavabdeh3 tərəfindən bağlansa da, sonradan buna səlahiyyətli olan İddiaçı MMC tərəfindən (hər bir halda, yenə də cəmiyyətin 100 faiz payının payçısı olan Cavabdeh3 şəxsində) bəyənilmiş və bu səbəbdən etibarsız hesab edilə bilməz. Bununla da etibarsızlıq hüquqi nəticə etibarı ilə sonradan bəyənmə ilə aradan qalxmışdır. Məhkəmə bəyənmənin mövcud olması ilə bağlı mülki məcəllənin 90-1-ci, 91.3-cü və 91.4-cü maddələrinə istinadən onu da vurğulayır ki, İddiaçı MMC-nin 2015-2019-cu illərdə fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı, yəni Cavabdeh3 tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilmiş və ya keçirilməli idi. Belə ki, mənfəətin və zərərini bölüşdürülməsi də məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aid edilmişdir. Həmçinin, cəmiyyət illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün 2015-2019-cu illərdə müstəqil (kənar) auditor cəlb etmişdir. Bu torpağa dair icarə hüququnun 12.08.2015-ci il tarixdən İddiaçı MMC-də olmaması və bu hüququn 20.08.2015-ci il tarixdə Cavabdeh1 adına rəsmi reyestrdə qeydiyyata alınması ən azı həmin maddələrin tələblərinə əməl edilməsi zamanı müəyyən edilmişdir və ya edilməli idi. Digər tərəfdən icarə hüququ əldə edilmiş torpaq sahəsinin ümumi ölçüsü 30 ha təşkil edir və nəzərə alınmalıdır ki, həmin torpaq sahəsinə dair icarə hüququ hissə-hissə ayrı-ayrı şəxslərin xeyrinə özgəninkiləşdirilmişdir. İddiaçı həmin müqavilələrin hər birini ayrı-ayrı icraatlarda mübahisələndirir. Başqa sözlə, yalnız 3.2756 ha ölçüdə torpaq sahəsinə olan icarə hüququ özgəninkiləşdirilməmişdir ki (halbuki, ölçü etibarı ilə bu sahə özü-özlüyündə iri sahədir), iddiaçı ümumi sahəsinin ölçüsü qarşısında (fonunda) bu halı müəyyən edə bilməsin və ya həmin sahənin onun sahəsindən kənarda yerləşdiyini ehtimal etsin. Demək olar ki, bütün torpaq sahəsinə olan icarə hüququ özgəninkiləşdirilmişdir ki, bu halın da mövcudluğunun (yəni hər hansı həcmi olmayan, əhəmiyyət kəsb etməyən və ya dəyəri olmayan əşyanın deyil, məhz böyük bir ölçüdə torpaq sahəsinin sahiblikdən çıxması halının) iddiaçıya məlum olmaması qeyri-mümkündür. Hər bir halda, özgəninkiləşdirmə bilavasitə təsisçilərdən biri deyil, məhz yeganə təsisçi və bu baxımdan cəmiyyətin bütün mənfəətinin sahibi olan Cavabdeh3, yəni İddiaçı MMC-nin maddi maraqları ilə bağlı məsələdir. Məhkəmə xüsusilə vurğulayır ki, Cavabdeh3 13.11.2020-ci ildən etibarən İddiaçı MMC-nin təsisçisi deyil. Belə ki, artıq müəyyən edildiyi kimi o, qeyd edilən tarixdə cəmiyyətdəki bütün payını X10 adlı şəxsə satmışdır. Hazırda da İddiaçı MMC-nin təsisçisi və 100 faiz payının sahibi bu şəxsdir. Hazırki iddia da məhz bu hadisədən sonra qaldırılmışdır. Cavabdeh3 hazırda da icarə hüququnu reallıqda özgəninkiləşdirmədiyini və ya bu müqavilə barədə məlumatlı olmadığını bildirmir. Halbuki, məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş və mübahisədən tam məlumatlıdır. Bu baxımdan məhkəmə iclasına gəlməklə bu barədə sərbəst izahat verə bilərdi. Bununla da belə nəticəyə gəlmək olur ki, iddia İddiaçı MMC tərəfindən, lakin bilavasitə onun yeni təsisçisi X5 təşəbbüsü ilə qaldırılmışdır. Başqa sözlə, müqaviləni İddiaçı MMC deyil, onun adından məhz yeni təsisçi mübahisələndirir. Bütün yuxarıda qeyd edilənlər də öz növbəsində iddia tələbinin “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” hissəsində əsassız olması qənaətinə gəlmək üçün əsas yaradır və bu tələbin rədd edilməsini şərtləndirir. Məhkəmə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirilmiş hüququ mövqeyə istinadən qeyd edir ki, bu tələbə Mülki Məcəllənin 354-cü maddəsinə uyğun olaraq kəsici müddət tətbiq edilə bilməz. Məhkəmə Cavabdeh2 müqavilədə göstərilən məbləğin ona verilməməsi barədə fikirləri ilə bağlı qeyd edir ki, müqavilənin birinci bəndinin məzmunu orada göstərilən məbləğin məhz ona ödənilməli olmasını özündə ehtiva etmir. Həmin məzmundan belə nəticəyə gəlmək olur ki, qeyd edilən məbləğ satıcı tərəfindən alıcıya ödənilmiş, yəni bu proses baş tutmuşdur. Digər tərəfdən bu şəxs özü də qeyd edir ki, ona satıcıdan hər hansı məbləğdə pulun qəbul edilməsi tapşırığı verilməmişdir. Nəzərə alınmalıdır ki, bu şəxs özü də həmin torpağa iddialı olmuşdur. Məhkəmə, iddia üzrə “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinin əsas tələb olduğunu, həmin tələbin təmin edilməməsi qənaətinə gəldiyini, iddia tələbinin “çıxarışın ləğv edilməsi və torpaq sahəsinin qaytarılması” hissəsinin törəmə tələb olduğunu və bu hissənin təmin-olunub olunmamasının bilavasitə “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” hissəsinin təmin olunub-olunmamasından asılı olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi “çıxarışın ləğv edilməsi və torpaq sahəsinin qaytarılması” hissəsində də əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və torpaq sahəsinin qaytarılması” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu İddiaçı MMC-yə aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və torpaq sahəsinin qaytarılması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı MMC-yə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar