Məhkəmə qərarları › İş №2(001)-6507/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6507/2021

16.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6507/2021 16.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 9 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 12 avqust 2015-ci il tarilxi, 3M-1872 saylı alğısatqı müqaviləsinin etibarsız hesab edilməsinə və həmin alğı-satqı müqavilələri əsasında cavabdeh Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsinə və torpaq sahəsinin İddiaçı MMC-nin əməli istifadəsinə verilməsinə dair qətnamə qəbul etməsini xahiş etmişdir. İddiaçı MMC-nin direktoru 03.11.2021-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək, 2(001)-6507/2021 saylı mülki iş üzrə iddiaçı və cavabdehlər arasında məhkəmədən kənar qaydada barışıq əldə edildiyi üçün hazırki iddiadan İddiaçı MMC tərəfindən imtina edildiyi və gələcəkdə hər hansı tələblərinin olmadığı bildirilmiş və məhkəmədən tərəflər arasında mübahisə predmeti barədə barışığı və iddiadan imtinanın nəzərə alınması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəni və mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən iddiadan imtina qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin -52.1-ci maddəsinin tələblərinə əsasən iddiaçı iddiadan imtina edə bilər və iddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. -52.5-ci maddəsinin tələblərinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. -191-ci maddəsinin tələblərinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. -261.0.4-ci maddəsinin tələblərinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. -262.1-ci maddəsinin tələblərinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. -262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. -262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 262, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı : İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə iddiadan imtina qəbul edilsin, 2(001)-6507/2021 saylı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar