Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6509/2021 29.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X6 oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi və vəkili X4 iştirakı ilə İddiaçı (MMC) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 29 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 9 saylı notariat ofisi (kontoru) tərəfindən təsdiq edilmiş 12 avqust 2015-ci il tarixli, 3M-1876 saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alğı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi, torpaq sahəsinin İddiaçı MMC-nin əməli istifadəsinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, 12 avqust 2015-ci il tarixdə iddiaçının icarəsində olan Abşeron rayonu, Abşeron Donuzkökəltmə zavodu ərazisində yerləşən 30 ha. ölçülü torpaq sahəsinin 02 may 2006-cı ildən başlayaraq 99 il icarə hüquqlarından 3,4352 ha. torpaq sahəsinin icarə hüquqları iddiaçının təsisçisi Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi Cavabdeh2 tərəfindən iş üzrə digər Cavabdeh1 satılmışdır. Həmin alğı-satqı müqaviləsi qanunvericiliyin tələbinə uyğun olmamaqla bağlandığından bağlandığı andan etibarsız hesab edilməlidir. Belə ki, MMC-nin təsisçisi Cəmiyyətin idarə edilməsində heç bir rol oynamır. Cəmiyyətin mülkiyyətində olan əmlak üzərində təsisçinin sərəncam vermək hüququ yoxdur. Bu hüquq Cəmiyyətin qanuni təmsilçisi sayılan direktora məxsusdur. Müqavilədə sözügedən torpaq sahəsinin Cavabdeh1 35000 manata satılması göstərilsə də, həmin məbləğ ödənilməmişdir. İddiaçıya məxsus torpaq sahəsi eyni vaxtda hissə-hissə satılmışdır. Bununla bağlı digər məhkəmələrdə də iddiaya baxılmaqdadır və Cavabdeh2 Abşeron Rayon Məhkəməsində eyni məzmunlu işlə bağlı verdiyi izahatında alğı-satqı zamanı pulun ödənilmədiyini bildirmişdir. Digər tərəfdən, MMC-nin idarə edilməsi direktorlar şurasına və ya direktora məxsusdur. Cəmiyyətin adından əqdləri bağlamaq səlahiyyəti birbaşa olaraq direktora verilmişdir, təsisçinin adından heç bir əqd bağlamaq səlahiyyəti olmamışdır. İddia ərizəsinə əlavə edilmiş sübutlardan görünür ki, nə təsisçiyə, nə də əmlakın satılmasında birbaşa iştirak edən şəxsə Cəmiyyətin adından, yəni direktorun imzası və möhürü il təsdiqlənmiş qaydada etibarnamə verilməmişdir. Həmçinin, iddiaçının belə bir alğı-satqı müqaviləsinin mövcudluğundan xəbəri olmamışdır. Sonda Vəkil məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili X5 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.1-ci, yəni qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanmış əqdin etibarsızlığı və 337.1-ci, yəni bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqdin etibarsızlığı maddələrinə istinadən onunla əsaslandırılmışdır ki, MMC-nin təsisçisinin onun idarə edilməsinə heç bir rolu və əmlakı üzərində sərəncam vermək hüququ, MMC-nin adından hər-hansı əqd bağlamaq səlahiyyəti olmadığı, bu hüquq cəmiyyətin qanuni təmsilçisi sayılan direktora məxsus olduğu, təsisçiyə bununla bağlı cəmiyyətin adından direktorun imzası və möhürü il təsdiqlənmiş etibarnamə verilmədiyi və cəmiyyətin belə bir alğı-satqı müqaviləsinin mövcudluğundan indiyədək xəbəri olmadığı üçün, torpaq sahəsinin icarə hüquqlarının cavabdehə MMC-nin təsisçisi tərəfindən satılması qanunvericiliyin tələbinə uyğun olmamışdır. Halbuki, Mülki Məcəllənin 329.1 və 337.1-ci maddələrinə əsasən əqdin etibarsız sayılması üçün dispozitiv şərt odur ki, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, müqavilənin bağlanması zamanı ya qanunla, ya da tərəflərin razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət edilməmiş, yaxud bu Məcəllədə müəyyənləşdirilmiş şərtlər pozulmuş olsun. Hazırki işin faktiki hallarından görünür ki, mübahisələndirilən müqavilənin bağlanması zamanı əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblərə dair tərəfləri hər hansı razılaşması olmamışdır. Müqavilə onun məzmununu ifadə edən və əqdi bağlan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə, həmin növ müqavilə üçün qanunla nəzərdə tutulan yazılı notarial formada bağlanmış və tərəflər üçün məcburi şərtlərə və qaydalara uyğun gəlmişdir. Göründüyü kimi, mübahisə predmetini təşkil edən müqavilə bağlanarkən qanunvericiliklə müəyyən edilmiş forma və şərlərə riayət edilmiş və hər hansı pozuntuya yol verilməmişdir. İddia ərizəsinin digər əsası ilə bağlı, iş materiallarından görünür ki, iddiaçı 11 dekabr 2009-cu il tarixdə dövlət qeydiyyatına alınmaqla həmin vaxt, eləcə də mübahisələndirilən müqavilənin bağlandığı 12 avqust 2015-ci il tarixdə onun təkbaşına təsisçisi Cavabdeh3, direktoru (qanuni təmsilçisi) isə qardaşı Nicat Muxtarov olmuş və Cavabdeh3 13 noyabr 2020-ci il tarixdə müəssisədəki payını MMC-nin hazırki təsisçisi Yasəf Səmədova satmışdır. Nəzərə alaraq ki, mübahisələndirilən müqavilənin bağlanması zamanı Cavabdeh3 MMC-nin təkbaşına təsisçisi kimi cəmiyyətin ali idarəetmə orqanı olan ümumi yığıncağının səlaihyyətlərini də özü həyata keçirmişdir, nizamnaməyə əsasən ümumi yığıncağın səlahiyyətlərinə müstəsna səlahiyyətlərdən başqa, digər məsələləri də həll edə və nizamnamədə müəyyən edilib-edilməməsindən asılı olmayaraq, ümumi yığıncaq cəmiyyətin fəaliyyəti ilə əlaqədar istənilən məsələni müzakirə edə bilərdi, Mülki Məcəlləyə əsasən hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə də mülki hüquqlar əldə edə və öhdəsinə mülki vəzifələr götürə bilər. Belə olan halda, onun MMC-nin icarəsində olan torpaq sahəsinin icarə hüquqları üzərində sərəncam verməsi qanun pozuntusu kimi qiymətləndirilə bilməz. Çünki, həmin müqavilə hətta MMC-nin direktoru tərəfindən imzalanaraq bağlandığı halda belə, bunun təsisçi kimi Cavabdeh3 razılığı olmadan reallaşması mümkün deyildi. Dİgər tərəfdən, əgər fərz etsək ki, Cavabdeh3 bu müqaviləni bağlamağa səlahiyyəti olmamışdır, bu halda belə, həmin müqavilə əqdin digər tərəfi olan Cavabdeh1 bunu bilmədiyi və ya bilməli olmadığ üçün etibarsız sayıla bilməz. Əgər nəzərə alsaq ki, Mülki Məcəllənin 144.1 və 144.2-ci maddələrinə əsasən notarial qaydada təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlayır, sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir və müqavilənin qanunauyğunluğu notarial qaydada təsdiqləmə ilə təsbit olunur, belə olan halda, Cavabdeh1 Cavabdeh3 bu müqaviləni bağlamağa səlahiyyətli olub-olmadığını bilməmiş və bilməli də deyildi. Müqavilə onun bağlandığı tarixdən ötən 6 il ərzində MMC tərəfindən mübahisələndirilməmişdir ki, bu da həmin müqavilənin hazırda iddia edilən kimi guya səlahiyyətsiz şəxs tərəfindən bağlanmış olsa belə, sonradan MMC-nin bu müqaviləin bəyəndiyinə dəlalət edir. Belə olan halda isə, Mülki Məcəllənin 358.2-ci maddəsinə əsasən, əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Bütün bunlardan başqa, iddiaçı hazırki iddia ərizəsinin predmetini təşkil edən alğı-satqı müqaviləsini mübahisələndirlmək hüququnu itirmişdir. Belə ki, həmin müqavilə 12 avqust 2015-ci il tarixdə bağlanmasına baxmayaraq, iddiaçı onun etibarsızlığı barədə iddia ərizəsi ilə məhkəməyə 05 avqust 2021-ci il tarixdə müraciət etməklə, müqaviləni onun bağlanmasından 6 il keçdikdən sonra mübahisələndirmişdir. Halbuki, Mülki Məcəlləsinin 354.2-ci maddəsin əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. İddiaçı iddia edir ki, guya mübahisələndirilən alğı-satqı müqaviləsinin mövcudluğundan indiyədək xəbəri olmamışdır, halbuki, müqavilə bağlandığı tarixdə MMCnin təsisçisi Cavabdeh3, direktoru isə onun qardaşı Nicat Muxtarov olmuş və həmin müqaviləni direktor kimi Nicat Muxtarov bağlamış olsaydı belə, bunu təsisçi kimi Cavabdeh3 razılığı olmadan edə bilməzdi, ondan iddiaçı müqavilənin bağlanmasından ötən 6 il ərzində guya həmin əqd barədə məlumatının olmaması nə inandırıcı, nə də mümkün sayıla bilər. Sonda C. Alıyev məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan: - MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 30 ha. torpaq sahəsi icarə hüququnun alğısatqısı əsasında İddiaçı MMC-nin adına 22 iyul 2021-ci il tarixdə qeydiyyata alınmışdır. - 12 avqust 2015-ci il tarixli müqavilədən görünür ki, İddiaçı MMC adından Cavabdeh3 MMC-nin icarəsində olan Abşeron rayonu, Abşeron Donuzkökəltmə sovxozu ərazisində yerləşən 30 ha.torpaq sahəsinin 02 may 2006-cı ildən başlayaraq 99 il icarə hüquqlarından 3,4352 ha. torpaq sahəsinin icarı hüquqlarını Cavabdeh1 35000 manata satmışdır. Müqavilənin bağlanmasında Cavabdeh3 adından Cavabdeh2 iştirak etmişdir. - 452693 nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh3 tərəfindən Cavabdeh2 onun bütün əmlakını idarə etmək, əmlak üzərində sərəncam vermək və s. səlahiyyətləri etibar edilmişdir. - İddiaçı MMC-nin Nizamnaməsindən görünür ki, 11 dekabr 2009-cu ildə dövlət qeydiyyatına alınmış MMC-nin təsisçisi və tək payçısı Cavabdeh3 olmuşdur. - 13 noyabr 2020-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh3 İddiaçı MMC-də özünə məxsus bütün payını X1. Müqavilənin bağlanmasında Cavabdeh3 adından etibarnamə əsasında Cavabdeh2 iştirak etmişdir. - RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 3,4352 ha. torpaq sahəsi 20 avqust 2015-ci il icarə hüququnun alğı-satqı müqaviləsi əsasında 20 avqust 2015-ci il tarixdə 02 may 2006-cı ildən başlayaraq 99 il müddətinə Cavabdeh1 icarəsinə verilmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. - 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. - 354.2-ci maddəsinə əsasən, . maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Müraciətdə göstərilən Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş bir illik müddətin hansı tələblərə tətbiq edilməli olması ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir. Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Yuxarıda vurğulandığı kimi, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir.”. Yenə həmin Qərarda vurğulanmışdır ki, “Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur.”. İşin halları ilə müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında iddia tələbi ilə mübahisələndirilən müqavilə 12 avqust 2015-ci ildə bağlanmış, müqavilənin bağlanmasında İddiaçı MMC adından təsisçi Cavabdeh3 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi qismində Cavabdeh2 iştirak etmişdir. Həmin tarixdən hal-hazıradək iddiaçının icarə hüququ əsasında özünə məxsus torpaq sahəsindən 3,4352 ha. hissəsinə dair icarə hüquqlarının başqa şəxsin adına özgəninkiləşdirilməsindən məlumatsız olması məhkəmə tərəfindən inandırıcı qəbul edilmir, həmçinin, iddiaçının müqavilədən məlumatlı olmamasına dair də iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə də, məhkəmə hesab edir hazırki mübahisəyə iddia müddəti tətbiq edilməli, iddiaçı tərəfindən müqavilənin ləğv edilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulan bir illik iddia müddəti buraxıldığından iddia rədd edilməlidir. Bununla yanaşı məhkəmə iddiaçının cəmiyyətin mülkiyyətində olan əmlak üzərində təsisçinin sərəncam vermək hüququnun olmaması ilə bağlı dəlilinə dair onu qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 350-ci maddəsinə əsasən, əgər şəxsin əqd bağlamaq səlahiyyətləri müqavilə ilə və ya hüquqi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə etibarnamədə, bu Məcəllədə müəyyənləşdirilənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara çıxarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimat”ın 17-ci bəndinə əsasən notariat hərəkətlərini apararkən notariuslar hər bir halda notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya hüquqi şəxslərin nümayəndələrinin şəxsiyyətini müəyyən edirlər. Həmin Təlimatın 19-cu bəndinə əsasən əqdlər təsdiq edilərkən əqddə iştirak edən şəxslərin fəaliyyət qabiliyyəti aydınlaşdırılır və hüquqi şəxslərin hüquq qabiliyyəti yoxlanılır. Əqd nümayəndə tərəfindən aparıldıqda onun səlahiyyəti yoxlanılır. Yuxarıda qeyd olunan normalardan belə nəticəyə gəlinir ki, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi tələbi imperativ qaydada müəyyən olunmuş və bu zaman notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxslərin, onların nümayəndələrinin şəxsiyyətini müəyyən etmək, əqddə iştirak edən şəxslərin fəaliyyət qabiliyyətini aydınlaşdırmaq və hüquqi şəxslərin hüquq qabiliyyəti yoxlamaq tərəflərin deyil notariusun vəzifəsidir. Odur ki məhkəmə hesab edir ki, hazırkı halda Cavabdeh3 bu səlahiyyətinin olub-olmamasını Cavabdeh1 tərəfindən yoxlanılması zərurəti olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia rədd edilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Bakı şəhəri 9 saylı notariat ofisi (kontoru) tərəfindən təsdiq edilmiş 12 avqust 2015-ci il tarixli, 3M-1876 saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alğı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, torpaq sahəsinin İddiaçı MMC-nin əməli istifadəsinə verilməsi tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı MMC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-6509/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6509/2021
29.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver