Məhkəmə qərarları › İş №2(001)-655/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-655/2024

31.01.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-655/2024 31.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə İddiaçı X5 Şirkətinin Cavabdeh qarşı şirkətin ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılmasına, özbaşına tikilinin cavabdehin hesabına sökülməsinə və torpaq sahəsinin boşaldılaraq iddiaçının istifadəsinə qaytarılmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı X5 Şirkəti Cavabdeh qarşı şirkətin ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılmasına, özbaşına tikilinin cavabdehin hesabına sökülməsinə və torpaq sahəsinin boşaldılaraq iddiaçının istifadəsinə qaytarılmasına dair iddia ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Cavabdeh tərəfindən X5 şirkətinin saziş üzrə istifadəsinə verilmiş kontrakt sahəsinin ərazisində 1 saylı mədənin 5-ci sahəsində və şirkətin saziş ərazisi hüdudları daxilində lazımi icazələr almadan, şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikili inşa edilmişdir. Cavabdehin inşa etdiyi özbaşına tikili şirkətin həmin ərazidə neft-qaz əməliyyatlarını həyata keçirməsinə ciddi maneə yaratdığından, X5 şirkətinin qanunla qorunan hüquqları və dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozulmuşdur. Məlum olduğu kimi xx.xx.2004cü il tarixdə Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ("xxxx"), X8 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti (“Podratçılar”) arasında Saziş (“Saziş”) imzalanmış və 29 aprel 2005-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən saziş qanun statusunu almışdır. Qeyd olunan Qanunun 4-cü bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Eyni zamanda qeyd olunan Qanunda Qanunun Azərbaycan Respublikasının Konstitusiyasına tam uyğun olduğunun nəzərə alınması xüsusi vurğulanır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 150 nömrəli xx.xx.2004-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişin 5-ci əlavəsində qeyd olunmuş Azərbaycan Respublikası Hökümətinin təminatı və öhdəlikləri təsdiq edilmişdir. Sazişin 2 və 8-ci maddələrinin və X8 Bi.Vi., ARDNŞ-in Ortaq Neft Şirkəti (Podratçı Tərəflər) və X5 şirkətləri arasında imzalanmış X3 5-ci maddəsinin müddəalarına əsasən, Sazişin 2-ci Əlavəsində göstərilən koordinat perimetrləri daxilində ayrılmış Kontrakt sahəsində, Əməliyyat şirkəti qismində fəaliyyət göstərən X5 şirkətinə (Şirkət) neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün müstəsna hüquq verilmişdir. Azərbaycan Respublikası Hökuməti tərəfindən (Hökumət) Saziş üzrə verilən Təminat və öhdəliklərin 1 (a) bəndində Hökumət Saziş üzrə ARDNŞ-in verdiyi hüquqlara, o cümlədən, Neft-qaz əməliyyatları üçün podratçıya gərək olan torpaq sahələrindən istifadə etməsinə təminat verir; 1 (e) bəndində isə Hökumətin aşağıda sadalanan təminatı öz əksini tapmışdır: Podratçı Tərəflərin heç bir hüququ, mənafeyi və ya əmlakı Azərbaycan Respublikasının hər hansı hakimiyyət orqanlarının hər hansı hərəkətləri nəticəsində qəsb edilə bilməz, milliləşdirilə bilməz və ya başqa şəkildə özgə tərəfindən mənimsənilə bilməz. Cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin olduğu torpaq sahəsinin cavabdehin istifadəsinə ayrılması barədə bələdiyyə qərarının olması mübahisələndirilən özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılaraq iddiaçının istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasına mane olmur. “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” (xx.xx.2005-ci il tarixli 901-İİQD M-li) Azərbaycan Respublikası Qanununun 4-cü bəndində göstərilir ki, bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökümət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökümət təminatı və Əlavələr qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökümət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə əsasən isə bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafıq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. Beləliklə sözügedən Saziş qanuni qüvvəsini aldığı 15 may 2005-ci il tarixdən sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilən bilən bütün hüquq və vəzifələr ləğv edilir. Bundan başqa, cavabdeh tərəfindən dövlətin müstəsna mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsi zəbt olunaraq üzərində özbaşına tikili inşa edilməklə qanunvericiliyin tələbləri pozulmuşdur. Ona görə də, iddia ərizəsinin təmin edilərək Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.2 və 111.3-cü maddələrinin, Yerin təki haqqında Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinin tələblərinə əsasən, Cavabdeh 1 saylı mədənin 5-ci sahəsində və şirkətin saziş ərazisi hüdudları (1. 398340.457 4478759; 2. 398350.197 4478761.201; 3. 398352.561 4478743.523; 4. 398342.990 4478742.059 koordinatlar) daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılmasına, özbaşına tikilinin cavabdehin hesabına sökülməsinə və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılmasına, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən şirkətin xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iddiaçı X5 Şirkətinin nümayəndəsi X4 iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib iddia ərizəsinin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə məlum ünvanı üzrə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. İİİ hissə. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) özistədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 22.2. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddənin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ aktlarla tənzimlənir. Maddə 66. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 67. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yer quruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Yerin təki haqqında Azərbaycan Respublikası Qanunu: Maddə 23. Faydalı qazıntılar yerləşən sahələrdə yaşayış məntəqələrinin, sənaye komplekslərinin və digər təsərrüfat obyektlərinin layihələşdirilməsinə və tikintisinə dair işlərin aparılmasına, eləcə də həmin sahələrdə yeraltı qurğuların yerləşdirilməsinə faydalı qazıntıların çıxarılmasının mümkünlüyünü və tikinti işlərinin iqtisadi cəhətdən məqsədəuyğunluğunu, habelə dağ-mədən işlərinin təhlükəsiz aparılmasını və yerli şəraiti nəzərə almaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilir. Yuxarıda göstərilən obyektlərin inşasına tikinti işləri aparılacaq sahənin altındakı yerin təkində faydalı qazıntılar olmadığı halda da müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilir. Faydalı qazıntılar yerləşən sahələrdə özbaşına aparılan tikinti işləri, onlara qoyulan vəsait, tikililərin sökülməsinə və sahənin rekultivasiyasına çəkilən xərclər ödənilmədən dayandırılır. Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında (xx.xx.2005-ci il tarixli 901-İİQD №-li) Azərbaycan Respublikası Qanunu: Bənd 4. Bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökümət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökümət təminatı və Əlavələr qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökümət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Bənd 5. Bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. X8 Bi.Vi. şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında 29 sentyabr 2004-cü il tarixdə bağlanmış, 15 may 2005-ci il tarixindən qüvvəyə minmiş Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmai, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişdən müəyyən olunur ki, Saziş üzrə Əməliyyat şirkəti qismində X5 şirkəti fəaliyyət göstərir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan cavabdehin inşa etdiyi tikilinin yerləşdiyi torpaq sahəsinin coğrafi kordinatlarından müəyyən olunur ki, həmin torpaq sahəsi 901-İİQD №-li xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli № 296 Sərəncamı əsasında iddiaçıya ayrılan torpaq sahəsində yerləşir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, X8 Bi.Vi. şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında xx.xx.2004-cü il tarixdə Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmai, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında» saziş («Saziş») imzalanmış, Saziş xx.xx.2005-ci il tarixdən qüvvəyə minmişdir. Saziş üzrə Əməliyyat şirkəti qismində X5 şirkəti fəaliyyət göstərir. Daha sonra araşdırma zamanı tədqiq olunmuş sübutlarla cavabdehin dövlətin müstəsna mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsində, iddiaçının isə saziş üzrə istifadəsində olan torpaq sahəsində, yəni 1 saylı mədənin 5-ci sahəsində və şirkətin saziş ərazisi hüdudları (1. 398340.457 4478759; 2. 398350.197 4478761.201; 3. 398352.561 4478743.523; 4. 398342.990 4478742.059 koordinatlar) daxilində lazımi icazələr almadan özbaşına tikili inşa etməsi müəyyən olunmuşdur. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Jidov və başqaları Rusiya Federasiyasına” qarşı iş üzrə 16 oktyabr 2018-ci il tarixli qərarında Məhkəmə qeyd etmişdir ki, “...ev həmin məqsədlər üçün ayrılmayan torpaq sahəsində inşa olunmuş, bunun üçün müvafiq icazə əldə edilməmiş və tikinti işləri tikinti və şəhərsalma qaydaları və normalarının kobud pozuntusu ilə aparılmışdır. Məhkəmə razılaşmışdır ki, hakimiyyət orqanları bu hallardan xəbərdar olmuşlar, ictimai təhlükəsizlik və sağlamlıq üçün təhlükə yaradan bu cür vəziyyətin qalmasına imkan yaratmışlar. Lakin hakimiyyət orqanlarının belə vəziyyətə dözümlülüyü ərizəçi Jidov tərəfindən ona qarşı hər hansı iddia qaldırılmayacağı kimi qiymətləndirilə bilməzdi. Birincisi, onun inşa etdiyi ev Mülki Məcəllənin 222-ci maddəsinin tələbləri baxımından məqsədəuyğun hesab oluna bilməzdi. İkincisi, bu cür iddia qaldırılması üçün müddət məhdudlaşdırılmamışdır. Odur ki, ərizəçi Jidov onun əmlak hüquqlarına müdaxilədən əziyyət çəkməmişdir. Beləliklə, onun hər hansı hüquqları pozulmamışdır”. Avropa Məhkəməsi həmin qərarda Kosenkonun şikayəti üzrə göstərmişdir ki,“...ərizəçi anlamalı idi ki, torpaq sahəsi neft kəmərlərinin yaxınlığında yerləşir. Bundan başqa, ərizəçi, heç bir vaxt Baş plandan çıxarışla tanış ola bilmədiyini qeyd etməmişdir. Həmçinin, o, boru kəmərlərini qoruyan torpaq təpəsinin mövcudluğundan xəbərdar olmaya bilməzdi. Belə ki, torpaq təpəsi onun əldə etdiyi torpaq sahəsinin yaxınlığında idi və ərizəçi heç olmazsa, bunun nə olduğu barədə maraqlanmalı idi və kooperativin sədri və ya yerli hakimiyyət orqanlarından bu haqda məlumat almalı idi. Ona görə də, sarayın və yardımçı sahələrin özbaşına tikinti olmaları əsası ilə sökülməsi barədə qərar ərizəçinin üzərinə tənasübsüz öhdəlik qoymurdu. Bundan belə nəticə çıxır ki, onun hüquqları pozulmamışdır”. Avropa Məhkəməsinin “Əhmədova Azərbaycana qarşı” qərarının da məzmunundan göründüyü kimi, Avropa Məhkəməsi ərizəçinin yaşadığı tikilinin milli qanunvericiliyə əsasən özbaşına tikili olması baxımından onun sökülməsinə dair qərarın qəbulunda İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmişdir. Avropa Məhkəməsi qərarında Konvensiyanın 8-ci maddəsi baxımından qiymətləndirmə apararkən işə baxan məhkəmələr tərəfindən iddianın təmin edilməsinin qarşıya qoyulan məqsədə münasibətdə mütənasibliyinin qiymətləndirilməsi istiqamətində zəruri araşdırmanın aparılmadığını göstərmişdir. Qərarda qeyd edilmişdir ki, mütənasiblik aidiyyəti orqanların geri almaq istədiyi torpağın hansı məqsədlə istifadə ediləcəyi ilə ayrılmaz şəkildə bağlıdır. Nə iddiaçı milli məhkəmələrdə qaldırdığı iddiasında, nə də hökumət öz təqdimatlarında torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğunu iddia etməmişdirlər. Digər tərəfdən, alternativ mənzilin ərizəçi üçün əlçatan olduğunu hesab etmək üçün prosedurun olması da müəyyən edilməmişdir. Hökumət sosial sığınacaqda müvəqqəti qalmağın alternativ yaşayış imkanlarının araşdırılıması üçün hər hansı prosedur olmadığı halda hazırkı şəraitdə mütənasiblik tələbini ödəyən həll yolu kimi qəbul edilə biləcəyini bildirməmişdir. Belə şəraitdə ərizəçiyə müdaxilənin mütənasibliyinə, yəni şəxsi şəraiti nəzərə alınmaqla onun sözügedqn evdən çıxarılmasına adekvat baxış əldə etməyə imkan verən prosedur təmin edilməmişdir. Buna görə də Məhkəmə, köçürülmə qərarı belə bir yoxlama olmadan icra olunduğu halda Konvensiyanın 8-ci maddəsinin pozulacağını hesab etmişdir. Məhkəmə qeyd edir ki, neft quyusu strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan və mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqaladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirə və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. İnşa edilən tikili həm cavabdehin, həm də digər şəxslərin həyat və sağlamlığı üçün olduqca təhlükəlidir. Artıq bu halda mübahisəli özbaşına tikilinin sökülməsi cavabdehin fərdi maraqlarına ziddi deyil, əksinə onun özünün də təhlükəsizliyinin qorunmasını özündə ehtiva edir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, cavabdehin iddiaçının istifadəsində olan torpaq sahəsində, yəni 1 saylı mədənin 5-ci sahəsində və şirkətin saziş ərazisi hüdudları (1. 398340.457 4478759; 2. 398350.197 4478761.201; 3. 398352.561 4478743.523; 4. 398342.990 4478742.059 koordinatlar) daxilində lazımi icazələr almadan özbaşına tikili inşa etməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddia tələbləri əsaslıdır və ona görə tam həcmdə təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh X5 Şirkətinin istifadəsində olan torpaq sahəsində, 1 saylı mədənin 5-ci sahəsində və şirkətin saziş ərazisi hüdudları (1. 398340.457 4478759; 2. 398350.197 4478761.201; 3. 398352.561 4478743.523; 4. 398342.990 4478742.059 koordinatlar) daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılsın. X5 Şirkətinin istifadəsində olan torpaq sahəsində, 1 saylı mədənin 5-ci sahəsində və şirkətin saziş ərazisi hüdudları (1. 398340.457 4478759; 2. 398350.197 4478761.201; 3. 398352.561 4478743.523; 4. 398342.990 4478742.059 koordinatlar) daxilində yerləşən özbaşına tikili X2 hesabına sökülməklə torpaq sahəsi boşaldılaraq X5 Şirkətinin istifadəsinə qaytarılsın. Cavabdeh dövlət rüsumuna görə 100 manat X5 Şirkətinin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar