Məhkəmə qərarları › İş №2(001)-6550/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6550/2021

19.08.2021 · Şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6550/2021 19.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, Ərizəçi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti maraqlı şəxs qismində Maraqlı şəxs qeyd etməklə, şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsinə dair ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1976-cı il təvəllüdlü Maraqlı şəxs 11.10.2019-cu il tarixli ərizə-anketlə Dövlət Miqrasiya Xidmətinə müraciət edərək onun Almaniya Federativ Respublikasının vətəndaşlığını əldə etməsi barədə məlumatın qeydə alınmasını xahiş etmişdir. Ərizə-anketdə Maraqlı şəxs Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etməsi əsası ilə onun 11.04.2018-ci il tarixdə həmin dövlətin vətəndaşlığını əldə etməsi barədə məlumat öz əksini tapmışdır. Təqdim olunmuş sənədlərə əsasən Maraqlı şəxs 17.04.2018-ci il tarixdə Almaniya Federativ Respublikasının vətəndaşlığını əldə etməsini təsdiq edən sənədlə təmin edilmişdir. Dövlət Miqrasiya Xidməti tərəfindən şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata başlanılması haqqında 28.04.2021-ci il tarixli 08/12Q nömrəli qərardad qəbul edilərək, şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı əmlak öhdəliklərin olub-olmaması barədə araşdırma aparılması ilə əlaqədar səlahiyyətli orqanlara sorğu göndərilmişdir. Sorğu ilə əlaqədar Azərbaycan Kredit Bürosundan daxil olmuş 18.05.2021 -ci il tarixli D-321/21 nömrəli cavabda “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinə istinad edilməklə qeyd olunmuşdur ki, sorğu edilmiş məlumatlar bank sirri təşkil edir və yalnız “Kredit büroları haqqında" Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsində qeyd olunmuş məlumat istifadəçilərinə təqdim olunur. Sorğuya cavab olaraq Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsindən daxil olmuş 19.05.2021-ci il tarixli **********731400 nömrəli məktuba əsasən Maraqlı şəxs vergi orqanında vergi ödəyicisi kimi qeydiyyatda olması və AVİS proqram təminatı məlumat bazasına əsasən vergi borcunun olması barədə məlumat müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İcra baş idarəsinin 07.06.2021-ci il tarixli 04/11-6496 nömrəli məktubundan görünür ki, Maraqlı şəxs tərəf olduğu hər hansı icra sənədi icra qurumlarının icraatında yoxdur. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə”nin 25-5-ci hissəsinə uyğun olaraq toplanmış sənədlər rəy verilməsi üçün Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə və Daxili İşlər Nazirliyinə göndərilmişdir. Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti və Daxili işlər Nazirliyi Maraqlı şəxs Azərbaycan Respublikası vətəndaşlığını itirməsinə etiraz etmirlər. Beləliklə, şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraat nəticəsində müəyyən edilmiş hallar nəzərə alınaraq, onun Azərbaycan Respublikası vətəndaşlığını itirməsi məqsədəuyğun hesab edilir. Məhkəmə iclasında iştirak edən ərizəçi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X2 ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin elektron ünvanına daxil olmuş məktubun məzmunundan görünür ki, hazırkı ərizənin təmin edilməsi Maraqlı şəxs özünün də maraqlarına xidmət edir. Maraqlı şəxsə qeydiyyatda olduğu ünvan üzrə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilmiş, lakin həmin bildirişin Maraqlı şəxs çatdırılmasına dair iş materiallarında hər hansı məlumat yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-10.2-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə salır. Ərizəyə baxılmasında vətəndaşlığın itirilməsi halları ilə bağlı araşdırmanı aparmış dövlət orqanının nümayəndəsinin iştirakı məcburidir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaçı tərəfindən bu barədə məlumatın verilməsi üçün” ərizə-anketdən görünür ki, Maraqlı şəxs 17.04.2018-ci il tarixdə Almaniya Federativ Respublikasının vətəndaşlığını əldə etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin 26.05.2021-ci il tarixli və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin 20.05.2021-ci il tarixli və cavab məktublarından görünür ki, Maraqlı şəxs xarici dövlətin vətəndaşlığını qəbul etməsi ilə bağlı vəsatətinin təmin edilməsinə mane ola biləcək məlumatlar qeydə alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 12.06.2021-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, “ ... xx.xx.1976-cı il tarixdə anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı Quliyeva (Quliyeva, Xasayeva, Khasayeva) Nəzakət (Nayakat) Rizvan qızının xarici dövlətin vətəndaşlığını qəbul etməsi barədə müraciətinə baxılmışdır. Bildiririk ki, adı çəkilən şəxsin məhkumluğuna, axtarışa elan olunmasına, barəsində cinayət təqibinə dair, habelə "Giriş-çıxış və qeydiyyat” İAMAS-m məhdudiyyət siyahısında məlumat yoxdur. Daxili İşlər Nazirliyi Quliyeva (Guliyeva, Xasayeva, Khasayeva) Nəzakət (Nayakat) Rizvan qızının xarici dövlətin vətəndaşlığını qəbul etməsi ilə əlaqədar, Azərbaycan Respublikası vətəndaşlığının itirilməsinə etiraz etmir”. İş materiallarında olan Maraqlı şəxs Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata dair Dövlət Miqrasiya Xidmətinin rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə”nin 25-5-ci hissəsini rəhbər tutaraq Maraqlı şəxs Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı məsələyə baxılması üçün məhkəməyə müraciət edilməlidir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə görə, Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə”nin 25-2-ci hissəsinə müvafiq olaraq, Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin vətəndaşlığını könüllü qəbul etməsi haqqında məlumat daxil olduqda Dövlət Miqrasiya Xidməti şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata başlayır. Həmin Əsasnamənin 25-5-ci hissəsinin tələbinə görə, Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin və Daxili işlər Nazirliyinin rəyləri və şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı əmlak öhdəliklərinin olub-olmaması barədə müvafiq məlumat alındıqdan sonra 1 ay müddətində Dövlət Miqrasiya Xidməti əsaslandırılmış rəy hazırlayır və həmin rəyi, habelə toplanmış digər sənədləri təqdim etməklə şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı məsələyə baxılması üçün məhkəməyə müraciət edir. Mülki Prosessual Məcəllənin 355-8.1-ci maddəsinə görə, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə əlaqədar məhkəməyə müraciət edir. Mülki Prosessual Məcəllənin 355-8.2-ci maddəsinə əsasən, şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı ərizə müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yer üzrə verilir. Mülki Prosessual Məcəllənin 355-10.1-ci maddəsinə müvafiq olaraq, şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə əlaqədar ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətində baxılır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1976-cı il təvəllüdlü Maraqlı şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikası vətəndaşlığı itirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 355-8 -355-10 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1976-cı il təvəllüdlü Maraqlı şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikası vətəndaşlığı itirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar