Məhkəmə qərarları › İş №2(001)-6580/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6580/2023

14.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6580/2023 14.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən hesablanmış 3110 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir. xx.xx.2023-cü il tarixdə Binəqədi qaz istismar sahəsinin əməkdaşları tərəfindən ******* nömrəli AKT tərtib edilmiş və mexaniki qaz sayğacı ilə əvəz olunmuşdur. Lakin xx.xx.2023-cü il tarixdə ******* nömrəli akt tərtib edilmiş və akta əsasən “Sayğac mexanizminin hesablama mexanizminin qoruyucu örtüyü Üst hissədən deşilməsi bildirilmişdir. Daha sonra isə həmin problemin olmasına əsasən ona qarşı 3110 manat cərimə kimi borc hesablanmışdır. Bildirmək istərdim ki, Binəqədi rayon Qaz İstismar İdarəsinin əməkdaşları qaz sayğacına baxış keçirdikdə evdə heç kim olmamışdır. Bundan başqa qeyd etmək istərdim ki, Binəqədi rayon Qaz istismar idarəsinin əməkdaşları qaz sayğacına baxış keçirdikdə evdə heç kim olmamışdır. Qaz sayğacı evin işərisində deyil, çöl ərazisində quraşdırılmışdır. Həmin əməkdaşlara qarşı öz şikayətimi bildirdikdə bütün bu kimi halları yalnız məhkəmə qaydasında məhkəməyə müraciət edərək həll olunmasını bildirmişlər. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, uzun müddətdir ki, həmin evdə yaşayırlar, evin hüquq müəyyən edici sənədi yoxdur. İddiaçı onun əridir, səhhəti imkan vermədiyinə görə nümayəndə kimi o iştirak edir. Onların yaşadıqları ev təbii qazla təchiz edilmiş, evdə kombi və.s avadanlıqlar quraşdırılmışdır. 2022-ci ilin iyun ayında onun mənzilinə quraşdırılan smart tipli sayğac dediklərinə görə istismar müddətinin bitməsinə görə çıxarılmış və yerinə smart tipli sayğac quraşdırılmışdır. Həmin vaxt onun barəsində hər hansı akt tərtib olunmamış, cərimə hesablanmamışdır. 2023-cü ilin yanvar ayının 19da sayğacda problem yarandığına görə qaz kəsilmiş və onlar Azəriqazın qaynar xəttinə müraciət etmişlər. Azəriqazın nümayəndələri gəlmiş və sayğacın elektron göstəricisinin elementinin bitdiyi bildirilmiş və nəsə düzəliş edildikdən sonra sayğac işləməyə başlamışdır. Bundan bir neçə saat sonra qazın kəsildiyini və yenidən ekranın göstərmədiyini telefon vasitəsilə azəriqazın işçilərinə bildirmişdir. Onlar telefon vasitəsilə ona izah etməyə çalışmış, lakin xəta aradan qalxmamışdır. Həmin telefon danışmasını vide olaraq çəkmiş və iş materiallarına əlavə etmişlər. Növbəti gün iş günü olmadığından azəriqazın işçiləri 21 yanvar 2023-cü il tarixdə gəlmiş və sayğacın elementinin bitdiyinə görə təmirinin mümkün olmadığı və yalnız mexaniki sayğacla əvəzlənməsinin mümkün olduğu izah edilmişdir. Həmin vaxt sayğac çıxarılmış və mexaniki sayğacla əvəz edilmişdir. Bu zaman Akt tərtib edilmiş və onlara təqdim edilmişdir. Daha sonra sentyabr ayında onlara gələn bildirişdə cərimə hesablandığını bilmişlər. Halbuki bu barədə nə onlara akt verilmiş, nə də ki sayğaca hər hansı müdaxilə edilmişdir. Halbuki sayğac çıxarılan zaman salamat olmuş və üzərində hər hansı deşik olmamışdır. Bundan əlavə onlar qış aylarında 80-100 manat, yay aylarında isə 20 manat ödəniş etmişlər.

4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəfindən müəyyən edilən işin faktiki halları:

5. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə təbii qazın verilməsi və alqı-satqısı ilə bağlı Cavabdeh ilə İddiaçı arasında müqavilə (abonent kodu: **********00000) münasibətləri vardır. xx.xx.2022-ci il tarixdə istismar müddətinin bitməsi ilə əlaqədar abonentin smart tipli sayğacı çıxarılmış və yerinə smart tipli digər sayğac quraşdırılmışdır. Yeni quraşdırılan sayğacın elektron göstəricisi 0.001 kub.m, sayğacın nömrəsi isə **********138 olmuşdur. Bu barədə ******* nömrəli akt tərtib edilmişdir.

6. 2023-cü ilin yanvar ayında sayğac işləməmiş və abonent cavabdehə müraciət etmişdir. Cavabdehin nümayəndələri sayğaca baxış keçirmiş və sayğacın elementinin bitdiyini bildirmiş və naməlum formada onu təmir etmişlər. Lakin bir neçə saat sonra yenidən sayğac işləməmiş, ekranda görüntü yox olmuşdur. Dolayısı ilə qazdan istifadə edilməsi mümkünsüz olmuşdur. Abonentin növbəti müraciətindən sonra xx.xx.2023-cü il tarixdə cavabdehin nümayəndələri sayğacı çıxarmış və mexaniki sayğac quraşdırmışlar. Bu barədə ******* nömrəli akt tərtib edilmişdir. Həmin akt abonentə təqdim edilmişdir. AKTda qeyd edilmişdir ki, çıxarılan Zenner tipli, G-4 markalı sayğacın nömrəsi **********138-dir, sayğacın ekranı, düymələri işləmir. Quraşdırılan mexaniki sayğacın markası, tipi də göstərilməmişdir.

7. Çıxarılan sayğac təxminən 5 ay sonra X2 Metrologiya Departamentinin laboratoriya yoxlamasına təqdim edilmiş və 31 may 2023-cü il tarixdə yoxlamadan keçmişdir. Yoxlamanın nəticəsinə görə MSK-14-2-2/3-5-2177 nömrəli akt tərtib edilmiş və müəyyən edilmişdir ki, sayğacın elementi bitib, müvəqqəti element quraşdırıldı, xx.xx.2019-cu il tarixə elektron göstərici 2223 kub.m olmuşdur, sayğacın mexaniki hesablama mexanizminin qoruyucu örtüyü üst hissədən deşilib, sayğac istismara yararsızdır, müdaxilə nəticəsində qaz itkisi.

8. Laboratoriya yoxlamasından sonra xx.xx.2023-cü il tarixdə Cavabdeh İB tərəfindən ******* nömrəli AKT tərtib edilmiş və sayğacın mexaniki hesablama mexanizminin qoruyucu örtüyü üst hissədən deşildiyinə görə dəymiş ziyanın hesablanması tələb edilmişdir. Bundan sonra eyni tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilmiş və qaz sayğacının maksimal qaz sərfi 6 kub.m, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın dəyəri kimi 25920 kub.m vurulmuş zərər hesablanmışdır. 2023-cü ilin may ayında abonentin hesabına akta görə 3110.4 manat borc yazılmışdır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

9. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun:

10. 13-cü maddəsinin 8-ci bəndində əsasən bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

11. Həmin maddənin 8-1-ci bəndinə əsasən Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

12. 9-cu maddəsinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

13. 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.

15. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

16. Həmin qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

17. Həmin qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

18. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

19. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

20. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

21. Həmin qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.

22. Həmin qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

23. Həmin qaydaların 6.5-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

24. 6.5-1.-ci maddəsinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: - sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; - əvvəlki dövrün orta gündəlik qaz sərfi; - istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası.

25. 6.5-2-ci maddəsinə əsasən İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.

26. 6.5-4-ci maddəsinə əsasən qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.

27. Məhkəmə göstərilən normaları və işin müəyyən edilmiş faktiki hallarını dəyərləndirərək o qənaətə gəlir ki, Cavabdeh tərəfindən abonentə hesablanmış 3110 manat məbləğində borc əsassızdır və silinməlidir.

28. Belə ki, birincisi sayğacın çıxarıldıqdan 4 ay sonra laboratoriya yoxlamasına təqdim edilməsi onun mötəbərliliyini şübhə altına alır. Çünki sayğac çıxarılan zaman onun üzərində hər hansı qüsurun olması müəyyən edilməmiş və sayğacın elementinin bitməsi səbəbindən sayğac işləməmişdir. Bundan əlavə laboratoriya yoxlamasının qaz paylayıcısının tabeçiliyində olan qurumda aparılması özlüyündə onun mötəbərliliyinə şübhə altına alır.

29. İkincisi xx.xx.2023-cü il tarixdə çıxarılan sayğac xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən quraşdırılmışdır.Buna baxmayaraq laboratoriya yoxlanışında sayğacın xx.xx.2019-cu il tarixə olan elektron göstəricisinə işarə edilmişdir. 2022-ci il tarixdə yeni kimi quraşdırılan sayğacın elektron göstəricisinin 2019-cu il tarixə olması həm yoxlamanın, həm də bununla bağlı aparılan proseslərin düzgünlüyünü şübhə altına alır.

30. Odur ki, sayğaca müdaxilə edilməsi işin müəyyən edilmiş halları ilə öz təsdiqini tapmır.

31. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, abonentə hesablanmış 3110 manat məbləğində borc məbləği əsassız olduğundan silinməlidir. Tətbiq edilən prosessual normalar

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

33. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

34. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir

35. 112.1.6-cı maddəsinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir

36. 112.1.7.-ci maddəsinə ödəmə ya xitam verilməsi haqqındakı iddialarda—qalan ödəmə və ya vermənin məcmusu ilə, lakin bir ildən artıq olmamaq şərti ilə

37. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir

38. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır

39. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır

40. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticə:

41. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən hesablanmış 3110 manat məbləğində borc İddiaçı abonent hesabından (abonent kodu: **********00000) silinməli və istehlakçının ödəməkdən azad olduğu 51 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

42. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qətetdi:

İddia təmin edilsin. Cavabdeh tərəfindən hesablanmış 3110(üç min yüz on) manat məbləğində borc İddiaçı abonent hesabından (abonent kodu: **********00000) silinsin. Cavabdehndən 51 (əlli bir) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar