Məhkəmə qərarları › İş №2(001)-6591/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6591/2021

12.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6591/2021 12.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 və onun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh2 mülkiyyətində olan “MAN Yük" markalı, 99NF903 dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə səlahiyyət verilmiş oğlu X17 ilə nisyə alqı satqı müqaviləsinə əsasən Emil Tağıyevin atası Zaur Tağıyev tərəfindən aldadılma nəticəsində almışdır. İddiaçı avtomobili Zaur Tağıyevin məsləhətinə əsasən o məqsədlə almışdır ki, sonradan həmin avtomobili satıb pulu Zaur Tağıyeva versin. Belə ki, Zaur Tağıyev iddiaçıya məxsus “Teatral” kooperativini onun adına sənədləşdirirdi. Zaur Tağıyev özünü iddiaçıya hüquq şirkətinin rəhbəri kimi təqdim etmiş və bununla bağlı iddiaçı ilə müqavilə bağlamışdır. İddiaçının nisyə alqı-satqı müqaviləsinə əsasən “MAN Yük" markalı, 99NF903 dövlət qeydiyyat nişanlı avtomobili satmaq səlahiyyəti olmadığından Zaur Tağıyev yenə də oğlu Emilə tapşırdı ki, oğlu Emil iddiaçıya avtomobili satmaq üçün etibarnamə versin. Emil Tağıyev atasının tapşırığı ilə iddiaçıya ümumi etibarnamə verdi və iddiaçı avtomobili 16500 manata satıb həmin pulu Zaur Tağıyeva vermişdir. Əslində iddiaçı avtomobili girov kimi başqa şəxsə vermiş, lakin qanuni olaraq alqı-satqı müqaviləsi bağlanmışdır. Zaur Tağıyev iddiaçıya bildirmişdir ki, 6500 manatı onun sənədlərinin rəsmiləşdirilməsinə görə götürmüş, digər 10000 manatı isə avtomobilin sahibinə verməli idi. Bu əsasla analoji olaraq torpaqla bağlı Zaur Tağıyevin digər oğlu Nümayəndələ formal olaraq İlkin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan torpağı güya ondan almışdır. Hal-hazırda torpağı 7500 manat müqabilində girov kimi başqa şəxsə verib. İddiaçı avtomobili və torpağı girov qoyub, pul götürmüş və Zaur Tağıyevə vermişdir. Bunu məcburiyyət qarşısında qalaraq etmişdir. Belə ki, Zaur Tağıyev ona demişdir ki, pulu tam ödəsə o da sənədləşməni bitirə biləcək. İddiaçı sonradan başa düşmüşdür ki, Zaurun niyyəti onu aldadaraq pulunu ələ keçirmək, iddiaçını müflis etmək və başqaları qarşısında borca salmaq olub. Zaur Tağıyev iddiaçıdan aldığı pulun müqabilində iddiaçıya hər hansı xidmət göstərməmişdir. Zaur Tağıyev iddiaçıya bildirmişdir ki, torpaqla bağlı sənədlər alınmasa pullar geri qaytarılacaq və o da avtomobili və torpağı geri qaytaracaq. 25 noyabr 2019-cu il tarixdə Cavabdeh2 ilə və 18 dekabr 2019cu il tarixdə Cavabdeh1 ilə aralarında bağlanmış müqavilələr formal sayılır. İddiaçı həmin müqavilələri aldanma nəticəsində bağlamışdır. Həmin müqavilələri bağlamağına səbəb Zaur Tağıyevin onu altatması olub. Zaur Tağıyev iddiaçının xeyli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirib, iddiaçını qəsdən övladları və ailəsi qarşısında borclu vəziyyətinə salıb. İddiaçının Zaur Tağıyevə pul ödəməsinə dair kifayət qədər sübutları və şahidləri var. Hal-hazırkı iddia ilə məhkəməyə müraciət etməyinin səbəbi Zaur Tağıyevin onun pulunu geri qaytarmaması və hal-hazırda ona qarşı oynanılmış bu çirkin oyunun davamı olaraq Cavabdeh2 ilə və Cavabdeh1 nümayəndələri, yəni Zaur Tağıyevin oğlanları Kənan və Emilin iddiaçıya qarşı əsassız pul tələbləridir. 26.08.2021-ci il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianın hüquqi əsasının dəyişdirilməsi barədə ərizəni məhkəməyə təqdim etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 25 noyabr 2019-cu il tarixli və 18 dekabr 2019-cu il tarixli alqı-satqı müqavilələri mahiyyət etibarı ilə mübahisələndirilən əqdlər deyil, özlüyündə əhəmiyyətsiz olan əqdlərdir. Belə ki, həmin müqavilələr ilkin olaraq iddianın hüquqi əsası kimi aldanma nəticəsində bağlanmış əqd kimi (Mülki Məcəllənin 339-cu maddəsi) göstərilsə də, əslində formal xarakterli olmaqla, uydurma ədqlərdir və həmin müqavilələrə uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, yalnız görüntü xarakterli bağlanmış, tərəflərin iradə ifadəsini əks etdirməyən əqdlərdir. Belə ki, tərəflərin həmin müqavilələri bağlamaqda məqsədi və niyyəti bundan ibarət olmuşdur ki, həmin müqavilələrin predmeti olan əmlakları İddiaçı girov qoymaqla pul əldə etməli, həmin əldə edilmiş pulları Zaur Tağıyeva verməli, öz növbəsində isə Zaur Tağıyev həmin pullar hesabma “Teatral” Kooperativinin sənədlərini İddiaçı adına müvafiq orqanlarda qeydiyyatdan keçirməklə rəsmiləşdirməli idi. Bu mənada həmin müqavilələr formal olmaqla girov müqaviləsinin ünsürlərini əks etdirməklə bağlanmış, nə satıcının həmin əmlakları satmaq niyyəti kimi iradə ifadəsi bəyan olunmamış, nə də alıcının həmin əmlakları almaq niyyəti olmamışdır. Bu halları təsdiq edən, birbaşa bütün proseslərdə iştirak etmiş şahidlər (X7, X4, X9) var kiŞ onlar məhkəmədə öz ifadələri ilə göstərilən xüsusatları təsdiq edəcəklər. Eyni zamanda qeyd etmək lazımdır ki, əqdin əsası təsadüfi məqsəd olmayıb, həmin əqd üçün tipik vər daimi xarakter daşıyır. Əqdin bağlanması üçün hər şeydən əvvəl tərəflərin arzusu, istəyi olmalıdır. Əqdin əsası həyata keçirilə bilən və qanuni olmalıdır. Əgər bağlanan vaxt əqdin məqsədi həyata keçirilə bilən deyildirsə, onda o, hüquqi əhəmiyyət kəsb etmir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında məhkəməyə bildirdi ki, tərəflər arasında bağlanmış müqavilələr mahiyyət etibailə mübahisələndirilən əqdlər deyil, özlüyündə əhəmiyyətsiz olan əqdlərdir. Belə ki, həmin müqavilələr bağlandıqda tərəflərin həmin müqavilələrə uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmamışdır. Müqavilələrin bağlanmasına əsas İddiaçı Zaur Tağıyevlə aralarında olan münasibətlər olmuşdur. Belə ki, X21 Əsgərova məxsus olan torpaq sahəsinin rəsmiləşdirilməsi üçün külli miqdarda pul tələb etmiş və İddiaçı həmin məbləği düzəldib verə bilmədiyində ona təklif etmişdir ki, ailə üzvlərinə məxsus olan əmlakları alıb sonradan onları girov qoyaraq pul götürüb ona versin. İddiaçı Zaur Tağıyevə inanmış və dediklərini edərək əldə etdikləri pulu Zaur Tağıyevə vermişdir. Qanunvericiliyin tələbinə görə, İddiaçı həmin əmlakları girov qoya və ya sata bilmədiyi üçün mülkiyyət sahiblərindən həmin əmlaklara dair üzərində bütün səlahiyyətlər, o cümlədən sərəncam vermək səlahiyyəti olan etibarnamələr almışdır. Yəni, Cavabdeh2 tərəfindən nəqliyyat vasitəsi iə bağlı 08.10.2019-cu il tarixli etibarnamə, Cavabdeh1 tərəfindən torpaq sahəsi ilə bağlı 2099-cu il tarixədək qüvvədə olan 18 dekabr 2019-cu il tarixli etibarnamə verilmişdir. Göründüyü kimi, İddiaçı əmlakları nisyə alqısatqılar əsasında deyil, məhz sözügedən etibarnamələr əsasında realizə etmiş və belə olan halda həmin alqı-satqı müqavilələri mahiyyət etibarı ilə öz əhəmiyyətini, məqsədli təyinatını itirmiş olur. Çünki əşyalar üzərində sərəncam vermək hüququ alqı-satqı müqavilələrinə görə hələ gələcəkdə yaranacağı təqdirdə, artıq verilmiş etibarnamələr əsasında həmin sərəncam vermək hüququnu İddiaçı artıq əldə etmişdir. Yəni əmlaklar üzərində sərəncam vermək hüququnu İddiaçı nisyə alqı-satqı müqavilələri əsasında deyil, etibarnamələr əsasında əldə etmişdir. Bu da onu göstərir ki, həmin müqavilələrin nəticələrinə gərək qalmamış, çünki artıq etibarnamələr həmin müqavilələrin hüquqi nəticələrini aradan qaldırmış olur. Göründüyü kimi, sözügedən müqavilələr özlüyündə əhəmiyyətsiz olan, yalnız görüntü xarakterli olmaqla uydurma əqdlərdir və əhəmiyyətsizdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında məhkəməyə bildirdi ki, “MAN Yük” markalı avtomobil onun atasının mülkiyyətində olmuş və atası elə öz sağlığında həmin avtomobili onun adına keçirmişdir. Atası öləndən sonra həmin avtomobil istifadəsiz qaldığına görə, onu satmaq qərarına gəlmişdir. Oğlu Emil gəlib ona dedi ki, avtomobili almaq istəyən var, amma pulunu bir dəfəyə ödəyə bilməyəcək, bir neçə aya verəcək. O da oğluna dedi ki, əgər qanunidirsə - olsun. Oğluna etibarnamə verdi və avtomobil İddiaçı nisyə alqı-satqı müqaviləsinə əsasən satıldı. O, İddiaçı tanımır, Zaur Tağıyevlə isə 2001-ci ildən ayrılıb. İddiaçı Zaur Tağıyevlə hər hansı münasibətlərin olubolmamasından məlumatı yoxdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, anası Cavabdeh2 özünə məxsus “MAN Yük” markalı avtomobili satmaq fikrinə gəlmiş, atası Zaur Tağıyev bundan xəbər tutaraq onlara bildirmişdir ki, İddiaçı adında iş gördüyü adam avtomobili almaq istəyir. Valideynləri 2001-ci ildən ayrılıb və ataları ilə münasibətləri o qədər də yaxşı deyil. Lakin anası avtomobili İddiaçı satmağa razılaşmış və qardaşı Emil Tağıyevə bunun üçün etibarnamə vermişdir. Avtomobilin qiyməti 55000 olaraq razılaşdırılmış və İddiaçı hissə-hissə müəyyən ödənişlər etmişdir. Bütün bunlar barədə o, müqavilə bağlandıqdan təxminən üç həftə sonra xəbər tutmuşdur. Eyni zamanda Cavabdeh1 ona borcu var idi və o, borcun əvəzi olaraq ona özünə məxsus torpaq sahəsini vermiş və o da həmin torpaq sahəsini həmin ərəfədə satmaq qərarına gəlmişdir. İddiaçı həmin torpaq sahəsini də almaq istəyini bilmiş və anası ilə bağlanmış müqavilə üzrə İddiaçı müəyyən ödənişlər etməsini görərək və ona inanaraq, torpaq sahəsini də ona nisyə olaraq satmağa razı olmuşdur. İddiaçı ona bildirmişdir ki, torpaq sahəsini əkinçiliklə məşğul olmaq üçün alır. Lakin sonradan ona məlum olmuşdur ki, İddiaçı torpaq sahəsini artıq özgəninkiləşdirilib. Anası Cavabdeh2 İddiaçı pulu vaxtında qaytarmadığını görəndən sonra iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmiş, məhkəmələr tərəfindən hazırkı mərhələdə İddiaçı tərəfindən 46800 manatın tutulması qət edilmiş, lakin həmin iş üzrə qəbul edilmiş yekun məhkəmə aktı hal-hazırda qanuni qüvvəsini almamışdır. Torpaq sahəsi ilə bağlı müqavilə üzrə pulun bu günədək tələb edilməməsinin səbəbi isə ondan ibarətdir ki, iddia Mingəçevir şəhərində qaldırılmalıdır, onun isə bunun üçün Mingəçevirə gedib-gəlməyə imkanı yox idi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan 3m-2799 saylı notariat işinin materiallarından görünür ki, 25.11.2019-cu il tarixli Avtomaşının nisyə alqı-satqı müqaviləsi Cavabdeh2 (nümayəndə X17) ilə İddiaçı arasında bağlanmış və həmin müqaviləyə əsasən, “MAN Yük” markalı, 99NF903 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 tərəfindən İddiaçı dəyəri hissə-hissə ödənilməsi şərtilə 55000 manata satılmış, alıcı ilkin olaraq 200 manat ödəmiş, 10000 manatı 5 gün müddətində, 44800 manatı isə 4 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Notariat işinin materiallarında olan mədaxil orderlərindən görünür ki, İddiaçı 24.01.2020-ci il tarixdə 3000 manat, 25.01.2020-ci il tarixdə 3000 manat, 13.02.2020-ci il tarixdə isə 5000 manat məbləğində pulu notariusun depozit hesabı vasitəsilə ödəmişdir. İş materiallarında olan notariat işinin materiallarından görünür ki, 18.12.2019-cu il tarixli İlkin alqı-satqı müqaviləsi Cavabdeh1 (Nümayəndə) ilə İddiaçı arasında bağlanmış və müqaviləyə əsasən, Cavabdeh1 Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,2717 ha torpaq sahəsinin 35000 manata İddiaçı satılması barədə müqavilənin gələcəkdə bağlanması öhdəliyini üzərinə götürmüş, alıcı ilkin olaraq 1000 manat məbləğində pulu notariusun depozit hesabı vasitəsilə ödəmiş, 4000 manatı 30.12.2019-cu il tarixdə, 30000 manatı isə 30.12.2020-ci il tarixdə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş İlkin alqı-satqı müqaviləsinin surətinin üzərində qeyd olunmuşdur ki, həmin müqavilə üzrə 18.02.2020-ci il tarixdə 4000 manat ödənilmiş və həmin qeydin altından pulu alan şəxs imza etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən məhkəməyə Cavabdeh1 (Nümayəndə) tərəfindən İddiaçı 18.12.2099-cu il tarixədək (torpaq sahəsinə dair bütün səlahiyyətlərin verilməsi barədə) 18.12.2019-cu il tarixli və Cavabdeh2 (nümayəndə X17) tərəfindən İddiaçı (avtomobilə dair bütün səlahiyyətlərin verilməsi barədə) 08.10.2020-ci il tarixədək verilmiş etibarnamələrin surətləri təqdim edilmiş, məhkəmə tərəfindən bunun əsasında Bakı şəhəri 43 saylı notariat ofisinə sorğu verilmiş və 22.10.2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə sorğuya cavab olaraq göndərilmiş sənədlərdən görünür ki, 18.12.2019-cu il tarixli, 7E18176 saylı reyestrlə 5 il müddətinə verilmiş etibarnamədə verilmə müddəti səhvən 14.11.2024-cü il əvəzinə 18.12.2099-cu il olaraq göstərilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14.09.2021-ci il tarixli, 2(107)-1373/2021 saylı qətnaməsində aşağıdakılar qeyd olunmuşdur: “ ... İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 25.11.2019-cu il tarixli “Avtomobilin nisyə alqı-satqısı” müqaviləsi üzrə 46800 manat borcun və həmin müqaviləni vaxtında icra etmədiyi üçün 5040 manat cərimə borcunun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun alınıb onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. ... Mingəçevir Şəhər Məhkəməsinin 17 fevral 2021-ci il tаrixli, 2(051)-293/2021 saylı qətnaməsi ilə (hakim H.Mirzəliyev) iddia qismən təmin edilmiş, İddiaçı 25.11.2019-cu il tarixli “Avtomobilin nisyə alqı-satqısı” müqaviləsi üzrə 46800 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul alınıb Cavabdeh2 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. ... Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarı maddi və prosessual normalar baxımından düzgün qəbul edilməmişdir. Qeyd edir ki, o iddiaçını şəxsən tanımamışdır. Onun əri X10 tanımışdır. Apelyator qeyd edir ki, avtomobilin alqısatqısına görə Zaur Tağıyevə bir dəfə 46000 (qırx altı min) manat, bir dəfə 10000 (on min) manat, birdəfə də 4500 (dörd min beş yüz) manat pul ödəmişdir. Beləliklə, qeyd edir ki, o “MAN” yük modelli 99NF-903 dövlət nişanli avtomabili ona etibarnamə ilə Emil Tağıyev anası Sahibə Ağayevin adından 25.11.2019-cu il tarixdə satmışdır. O isə avtomobilin pulunu tam şəkildə artıqlaması ilə ödəmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 17 fevral 2021-ci il tаrixli, 2(051)- 293/2021 saylı qətnaməsi ləğv edilməsi, iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. ... Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh İddiaçı vəkili X5 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsi və Mingəçevir Şəhər Məhkəməsinin 17 fevral 2021-ci il tаrixli, 2(051)-293/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir”. İş materiallarında olan Hüquqi xidmətlərin göstərilməsi haqqında 05.02.2018-ci il tarixli, 01 saylı və 15.02.2018-ci il tarixli, 02 saylı müqavilələrdən görünür ki, həmin müqavilələr "xxxx" MMC (direktor X18) ilə İddiaçı arasında bağlanmış və müqaviləyə əsasən, icraçı sifarişçinin təqdim etdiyi sənədlər əsasında Əzizbəyov rayon X11 İcraiyyə Komitəsinin 01.08.1989-cu il tarixli, 13 saylı Qərarına əsasən təsis edilmiş “Teatral” Kooperativinin dövlət qeydiyyatının bərpa edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi öhdəliyini, sifarişçi isə 05.02.2018-ci il tarixli müqavilə üzrə 50000 manat, 15.02.2018-ci il tarixli müqavilə üzrə isə 85000 manat məbləğində hüquqi xidmətlərin dəyərini ödəmək öhdəliyini üzərinə götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində məhkəməyə bildirdi ki, o, iddiaçı ilə eyni rayondandır. İddiaçı həbsdən çıxdıqdan sonra ona zəng edərək bildirdi ki, Şüvəlan ərazisində onun torpaq sahəsi var və həmin torpaq sahəsini sənədləşdirilməsi üçün pul lazımdır. Ondan sonra o, İldırımla və Zaur Tağıyev adlı şəxslə görüşdü. X12 torpaq sahəsinin sənədləşdirilməsi üçün 130000 manat pul istəyirdi. O, özü həmin pulun yığılıb Zaur Tağıyevə verilməsi üçün Xızıdakı 1 hektar torpaq sahəsini girov qoyaraq 43000 manat məbləğində pulu İldırıma vermişdir. Həmin dövrdə bilirdi ki, X20 cəmi 60500 manat məbləğində pul verib. Sonrakı məsələlər barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində məhkəməyə bildirdi ki, Əsgərov X2 yerləşən torpaq sahəsini sənədləşdirmək istəyirdi. Həmin torpaq sahəsini özəlləşdirib, orada onlar hamı bir yerdə iş görəcəkdirlər. Sənədləşdirmə işlərinin aparılması üçün X12 130000 manat pul istəmişdir. İldırıma köməklik məqsədilə hətta o da **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilini girov qoyaraq pul götürüb İldırıma vermişdir. İldırım onunla birlikdə X22 bazarının yanında 10000 manat pul vermiş, hətta Zaurun kiçik oğlu Emil də yanında idi. Bundan əlavə 4000 manat məbləğində pulu isə İldırım “Şamaxinka” ərazisindəki notariusdan çıxdıqdan sonra Zaurun kiçik oğlu Emilə vermişdir. X24 60500 manat məbləğində pul vermişdir. Sonra aralarında olan haqq-hesabdan xəbəri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində məhkəməyə bildirdi ki, o, İldırıma köməklik məqsədilə maşınını vermişdir. İldırım da onun maşınını girov qoyaraq 8000 manat pul götürüb Zaur Tağıyev adlı şəxsə vermişdir. X1 etmək məqsədilə ona nisyə aqı-satqı müqaviləsi əsasında “MAN Yük” markalı süd maşınını 55000 manata satmaq istədiyini bildirmişdir. O isə Zaurun İldırımı aldatdığını, həmin maşının dəyərinin 15-20 min manat olduğunu İldırıma bildirmişdir. Sonradan hətta Zaur İldırıma torpaq sahəsini də almağı təklif etmişdir. İldırımın Zaurun təklif etdiyi nə maşına, nə də ki, torpaq sahəsinə ehtiyacı yox idi. Zaur hətta maşını belə dəyərindən 4-5 dəfə baha qiymətə İldırıma satmışdır. İldırım da Zaurun ona satdıqlarını ucuz qiymətə satıb torpağın sənədləşdirilməsi üçün pulu Zaura verməli idi. Zaur torpaq sahəsini sənədləşdirmək üçün İldırımdan 130000 manat pul tələb edirdi. O və digər şəxslərdə İldırıma yardım edirdilər ki, sonradan sənədləşmiş kooperativi hamısı bir yerdə işlədəcəklər. Düşünürdülər ki, torpaq sahəsində ferma tikəcəklər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində məhkəməyə bildirdi ki, onunla (anasının nümayəndəsi qismində) İddiaçı arasında bağlanan 25 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən İddiaçı anasına olan borcunu 4 ay müddətində qaytarmalı idi. O, “MAN Yük” markalı olan süd maşınını İldırıma nisyə alqı-satqı müqaviləsi əsasında satan zaman, İldırım maşını özünün və yaxud oğlunun işlətməsi məqsədilə aldığını bildirmişdir. Lakin İldırım müqavilə üzrə üzrərinə götürdüyü öhdəlikləri icra etməkdən boyun qaçırırdı. Müqavilənin müddəti bitdikdən sonra borcunu ödəməsi məqsədilə o, İldırıma zəng etmiş, mesaj yazmış, lakin bunlar da bir fayda verməmişdir. Ondan sonra məhkəməyə müraciət etmək məcburiyyətində qalmlş və hal-hazırda həmin mübahisə məhkəmədədir. O, Zaur Tağıyevin oğludur. Satılmış maşın anasına məxsus idi, anası maşını satmaq istəyirdi, atası isə İldırım adlı şəxsin maşını almaq istədiyini bildirmişdir. İldırım maşını real qiymətindən aşağı almaq istəyirdi. Maşının real qiyməti 70000 manat idi. O, 18 dekabr 2019-cu il tarixli müqavilə bağlanarkən iştirak etməmişdir. Eyni zamanda həmin müqavilənin bağlanmağından xəbəri belə yox idi. Hüquqi yardım haqqında müqavilərdən təxminən 1 il sonra xəbəri olub. İldırım onunla bağlanan müqavilə üzrə borcunu 2020-ci ilin mart ayında qaytarmalı idi. O, borcunu ödəməkdən boyun qaçıran zaman, atası dedi ki, narahat olma, İldırımla birlikdə iş görürük, pulunu verəcək. Beləliklə, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər arasında müqavilələr bağlanandan sonra satıcılar tərəfindən alıcı İddiaçı müvafiq etibarnamələr verilməklə “MAN Yük” markalı, 99NF903 dövlət qeydiyyat nişanlı avtomobil və Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsi İddiaçı sərəncamına verilmiş, İddiaçı həmin müqavilələr üzrə müəyyən ödənişlər etmiş, lakin tam olaraq müqavilələr üzrə üzərinə götürülmüş öhdəlikləri icra etməmişdir. Cavabdeh2 ona qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş, İddiaçı həmin qətnaməni mübahisələndirmiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “ ... iddiaçını şəxsən tanımamışdır. Onun əri X10 tanımışdır. ... avtomobilin alqı-satqısına görə Zaur Tağıyevə bir dəfə 46000 manat, bir dəfə 10000 manat, bir dəfə də 4500 manat pul ödəmişdir. ... “MAN” yük modelli 99NF-903 dövlət nişanli avtomabili ona etibarnamə ilə Emil Tağıyev anası Sahibə Ağayevin adından 25.11.2019-cu il tarixdə satmışdır. O isə avtomobilin pulunu tam şəkildə artıqlaması ilə ödəmişdir”. Göründüyü kimi, həmin mülki iş çərçivəsində İddiaçı müqavilənin etibarlılığını sual altına qoymamış, onun etirazı yalnız ondan ibarət olmuşdur ki, avtomobilin pulunu artıqlaması ilə ödədiyi təqdirdə, ondan yenidən pul tələb edilir. İddiaçı iddia ərizəsində tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340 və 337.3-cü maddələrinə istinad edir. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Mülki Məcəllənin 340.2-ci maddəsinə müvafiq olaraq, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Qeyd edilməlidir ki, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Tərəflərin görünüş üçün bağladıqları müqavilədə göstərilən hüquqi nəticəni əmələ gətirmək niyyətləri olmur və bu cür pərdələmə müqavilə tərəflərinin hər ikisinin qəsdi ilə əhatə olunaraq üçüncü şəxsləri aldatmaq məqsədi daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilmişdir ki, “ ... Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. ... Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. ... Mülki qanunvericilikdə etibarsızlığa səbəb olan halların tabe olduğu hüquqi rejim və şərtlər də fərqli şəkildə tənzimlənir. Məsələn, əhəmiyyətsiz əqdin etibarlı hala gətirilməsi hüquqi baxımdan mümkün olmadığı halda, mübahisələndirilən əqdlərin müəyyən müddətlər ərzində mübahisə edilməklə etibarsız hala gətirilməsi mümkün olur, mübahisə edilmədikdə isə həmin əqdin bağlandığı andan etibarlı olan hüquqi vəziyyəti dəyişmir. Həmçinin mülki qanunvericiliyə nəzər yetirdikdə məlum olur ki, əqdin etibarsızlığına səbəb olan hallar yalnız əhəmiyyətsizlik və mübahisə edilən hallardan ibarət deyildir. Bəzi hallarda mütləq tələb olunan razılığın olmaması səbəbilə etibarsız halda olan əqdin sonradan ağlabatan müddət ərzində müvafiq şəxs tərəfindən bəyənilməsi ilə etibarlı hala gətirilməsinin mümkün olduğu qanunvericilk tərəfindən tənzimlənmişdir. Belə hallarda əqd başlanğıcda etibarsız olsa da, sonradan bu etibarsızlıq halı aradan qaldırılmaqla həmin əqdi etibarlı hala gətirmək hüquqi baxımdan mümkün olur. ... əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır”. İddiaçı iddia ərizəsində əqdlərin yalan əqd olmasını və əslində girov müqaviləsini pərdələmək üçün bağlanmasını göstərdə də, istinad etdiklərini sübut edə bilməmişdir. Belə ki, daşınar və daşınmaz əmlakların satıcıları ilə alıcı arasında hər hansı başqa münasibətlərin olması və bağlanmış əqdlərin hər hansı başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanması iş materialları ilə təsdiq olunmur. Satıcılar onlara məxsus əmlakı satmaq, alıcı isə həmin əmlakları almaq niyyətində idi. Alıcının satılan əmlakları hansı məqsədlə alması hazırkı vəziyyətdə əqdi əmələ gətirən iradənin mövcud olmaması anlamına gəlmir. Nəticə etibarilə satıcılar onlara məxsus olan əmlakları alıcının sərəncamına vermiş, alıcı da, özünün iddia ərizəsində də qeyd etdiyi kimi, pul əldə etmək üçün həmin əmlakları girov qoyaraq pul əldə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Eyni zamanda məhkəmə Cavabdeh1 (Nümayəndə) ilə İddiaçı arasında bağlanmış 18.12.2019-cu il tarixli İlkin alqı-satqı müqaviləsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 402.1-ci maddəsinə görə, ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Mülki Məcəllənin 402.4-cü maddəsinə müvafiq olaraq, ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Mülki Məcəllənin 402.5-ci maddəsinə əsasən isə, əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Həmçinin qeyd edilməlidir ki, qanunvericilikdə müqavilələrin mübahisələndirilməsi hüququ müddətlə məhdudlaşdırılmışdır. Mülki Məcəllənin 354.2-ci maddəsinə uyğun olaraq bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisələndirə bilər. Qanunun mənasına görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar