Məhkəmə qərarları › İş №2(001)-672/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-672/2024

06.03.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-672/2024 06.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı şirkətinin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Şirkətinin Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti cəlb edilməklə) qarşı “şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılma, özbaşına tikilinin cavabdеhin hеsabına sökülməsi və ərazinin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Şirkəti Cavabdeh qarşı “şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılma, özbaşına tikilinin cavabdеhin hеsabına sökülməsi və ərazinin boşaldılması “ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1 saylı mədənin 5-ci sahəsində və Şirkətin saziş ərazisi hüdudları (1.397978.019 4478466.721; 2.397985.255 4478467.357; 3. 397987.993 4478450.929; 4. 397980.121 4478451.320 koordinatlar) daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldırlaraq Şirkətin qanuni istifadəsinə qaytarılması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən Şirkətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 06 noyabr 2023-cü il tarixdə məhkəmə tərəfindən Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı Şirkəti iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdеh Cavabdeh tərəfindən İddiaçı Şirkətinin Saziş üzrə istifadəsinə vеrilmiş Kоntrakt sahəsinin ərazisində, 1 saylı mədənin 5-ci sahəsində və Şirkətin saziş ərazisi hüdudları daxilində lazımi icazələr alınmadan, şəhərsalma və tikinti nоrmaları və qaydaları ciddi surətdə pоzulmaqla özbaşına tikili inşa еdilmişdir. Cavabdеhin inşa еtdiyi özbaşına tikili Şirkətin həmin ərazidə nеft-qaz əməliyyatlarını həyata kеçirməsinə ciddi manе yaratdığından, İddiaçı Şirkətinin qanunla qоrunan hüquqları və Dövlət tərəfindən vеrilmiş təminatları kоbud surətdə pоzulmuşdur. 29 sentyabr 2004-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, X8 Bi.Vi. və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş (“Saziş”) imzalanmış və 29 aprеl 2005-ci il tariхdə Azərbaycan Rеspublikası Prеzidеntinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. Göstərilənlərə əsasən, cavabdeh 1 saylı mədənin 5-ci sahəsində və Şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılmalı, özbaşına tikili cavabdehin hesabına sökülməli və torpaq sahəsi boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılmalıdır. Сavabdeh Cavabdeh xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini qəbul etmədiyini, orada ev tikmədiyini, evi Biləcəri Bələdiyyəsi və Binəqədi Rayon İcra Hakimiyyətinin tikdiyi, evi sadəcə alıb yaşadığını və bu işdə cavabdehin onlar olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı şirkətinin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin ona verilmiş suala cavab olaraq bildirdi ki, Şirkət tərəfindən həmin ərazidə neft əməliyyatlarının aparılması tarixi dəqiq müəyyən edilməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək, izahatında göstərdi ki, o, mübahisəli ərazidə ev tikməmişdir. Həmin evi Biləcəri bələdiyyəsi və Binəqədi Rayon İcra Hakimiyyəti tikib və cavabdehdə həmin şəxslərdir. O, həmin evi satın alıb və orada yaşayır. Ona görə də iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Kontrakt sahəsinin coğrafi koordinatlarının xəritə üzərində düzgün göstərilməsini təsdiq edən” Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xəritəsindən və mübahisəli torpaq sahəsinin həmin ərazidə yerləşməsini təsdiq edən xəritədən çıxarışdan görünür ki, həmin tikilinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli, 901-İİQD nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşir. Qanunla Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, X8 Bi.Vi. və ARDNŞ-nin ortaq neft şirkəti arasında Sazişi qəbul və təsdiq etmiş, onun həyata keçirilməsinə icazə verilmişdir. Qanunun imzalanmasından sonra həmin Saziş qanun statusu almışdır. Saziş tərəfləri arasında imzalanmış Birgə əməliyyat sazişinin 5-ci maddəsinin müddəalarına əsasən İddiaçı əməliyyatçı təyin edilmiş və ona tərəflərin adından bütün Birgə əməliyyatları həyata keçirməyə və bu Birgə əməliyyatlara rəhbərlik etməyə müstəsna hüquq verilmişdir. İş materiallarında olan fotoşəkildə tikili əks olunmuşdur. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya sisteminin portalından olan çıxarışdan görünür ki, Cavabdeh adına Binəqədi rayonu ərazisində dövlət reyestrindən qeydiyyatdan keçmiş daşınmaz əmlak yoxdur. İş materiallarında olan 05 sentyabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 30 iyun 2021-ci il tarixli 65 №-li qərarından görünür ki, Bakı şəhəri Biləcəri bələdiyyəsinin 48 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə X2 adına alqı-satqı yolu ilə sənədləşdirilmiş 600 kv.metr torpaq sahəsindən 500 kv.metr torpaq sahəsi öz adında qalmaqla, 100 kv.metr torpaq sahəsinin notarial qaydada qarşılıqlı razılaşmaya əsasən fərdi yaşayış evinin tikintisi üçün ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh adına sənədləşdirilmişdir. İş materiallarında olan birinci tərəf X4 və ikinci tərəf Cavabdeh olmaqla aralarında bağlanmış xx.xx.2021-ci il tarixli ilkin alqı-satqı müqaviləsindən görünür ki, tərəflər xx.xx.2070-ci il tarixədək Bakı şəhəri,Binəqədi rayonu, Biləcəri Bələdiyyəsinin xx.xx.2005ci il tarixli 48№-li qərarına əsasən satıcı X4 ona ayrılmış Biləcəri Bələdiyyəsində yerləşən fərdi yaşayış evini inşa etmək üçün ayrılmış 100 kv.m torpaq sahəsinə və üzərində tikilmiş tikilini özəlləşdirdikdən, həbsdə və girovda olmaması barədə arayışı aldıqdan sonra 32500(otuz iki min beş yüz) manata alıcı Cavabdeh satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gələrək bu müqaviləni bağlamışlar. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)- 15912/2023 saylı qərardadından görünür ki, İddiaçı şirkətinin cavabdeh Bakı şəhəri Biləcəri bələdiyyəsinə qarşı (üçüncü şəxs X4 və Cavabdeh) “qərarların qanunsuzluğunun tanınması” tələbinə dair iddiası mümkün sayılmamışdır. Qərardad onunla əsaslandırılmışdır ki, yaşayış evinin tikintisi üçün Cavabdeh adına sənədləşdirilmişdir. 29 sentyabr 2004-cü il tarixində "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ("xxxx"), X8 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti ("Podratçılar") arasında Saziş ("Saziş") imzalanmış və 29 aprel 2005-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş Qanun statusunu almışdır. Qeyd olunan Qanunun 4-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. Beləliklə sözügedən Saziş qanuni qüvvəsini aldığı 15 may 2005-ci il tarixindən Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlər verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilmişdir. Göründüyü kimi, Sazişlə bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər və sonralar bağlanmış hər hansı qərar, sərəncam və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr qüvvədən düşmüşdür, həmçinin hazırkı iddia ilə mübahisə edilən qərarlar da bu qaydada artıq qüvvədən düşmüşdür. Məhkəmə qeyd edir ki, mübahisələndirilən qərarlar artıq qüvvədən düşdüyündən, həmçinin etibarsız hesab edildiyindən, inzibati mübahisə də mövcud deyildir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarına və işin hallarına istinad edərək hesab edir ki, hazırkı tələbdə göstərilənlər inzibati mübahisənin mövcudluğuna əsas deyildir. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdеhin hal-hazırda yaşadığı tikilinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində saxlanılan ərazidə yerləşməklə, sənaye təyinatlı torpaqlara aiddir. İnşa olunmuş tikili İddiaçı şirkətinin kontraktla istifadəsinə ayrılmış torpaq sahəsində yerləşməklə, nеft quyusunun mühafizə zоlağı daхilində оlduğu müəyyən еdilir, tikili şəhərsalma nоrma və qaydalarına uyğun inşa оlunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır və 158.4-cü maddəyə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən özbaşına tikili maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmçinin həmin maddənin 3-cü hissəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, özbaşına tikili cavabdehin hesabına sökülməli və ərazi boşaldılaraq iddiaçının qanuni istifadəsinə qaytarılmalıdır. Məhkəmənin bu qənaəti həm də ona görə əsaslıdır ki, tikinti aparılmış torpaq sahəsi cavabdehin mülkiyyətində və ya qanuni sahibliyində deyil və buna görə də özbaşına tutulmuş (zəbt edilmiş) hesab edilir, orada aparılmış tikili isə qanunvericiliyə əsasən qanunsuz tikilidir. Hazırkı iddianın təmin edilməsini istisna edən yeganə hal tikilinin və ya torpaq sahəsinin cavabdehin mülkiyyətində və ya qanuni sahibliyində olması və bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsidir. Hazırkı vəziyyətdə məhkəmədə belə bir sübutlar müəyyən edilmir. Eyni zamanda məhkəmə onu da hesab edir ki, hazırki mərhələdə tikilinin sökülməsi və cavabdehin həmin ərazidən çıxarılması tələbinin icrasının təcililiyinin zərurəti ilə əlaqədar iddiaçı tərəfindən məhkəməyə sübutlar təqdim edilmədiyindən, qətnamə həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh qətnamə icra edildiyi zaman yaşayış sahəsinə ehtiyacı olan aztəminatlı əhali kateqoriyasına aid olduğu halda, onun Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin Vİİ fəslində nəzərdə tutulmuş qaydada sosial kirayə müqaviləsi üzrə mənzil əldə etmək hüququndan istifadə imkanı vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi оlaraq 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı Şirkətinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 1 saylı mədənin 5-ci sahəsində və Şirkətin saziş ərazisi hüdudları (1.397978.019 4478466.721; 2.397985.255 4478467.357; 3. 397987.993 4478450.929; 4. 397980.121 4478451.320 koordinatlar) daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılsın, həmin tikili Cavabdeh hesabına sökülsün və torpaq sahəsi boşaldılaraq İddiaçı Şirkətinə qaytarılsın. Qətnamə həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi оlaraq 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı Şirkətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar