Məhkəmə qərarları › İş №2(001)-6722/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6722/2023

12.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6722/2023 12.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh nəzarətçisi Zəngəzurlu Ehtiram tərəfindən iddiaçının evinin qapısına yerləşdirdiyi "qazdan istifadəyə dair yekun borcu bildirən bildiriş-xəbərdarlıq" sənədinə əsasən məlum oldu ki, əvvəlki ay üzrə qaz sərfiyyatı üzrə 3,24 manat, qalıq borcu üzrə isə 51,84 manat olmaqla ümumilikdə 55,08 manat borcu yaranmışdır. Halbuki, xx.xx.2023-cü il tarixinə iddiaçının 2,96 manat borcu var idi və onu xx.xx.2023-cü il tarixdə ödəmişdir. Məsələni aydınlaşdırmaq üçün iddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdeh Binəqədi rayon ərazi idarəsinə yaxınlaşdı. İddiaçıya heç bir izah olmadan bir neçə sənəd təqdim edildi. Bununla bağlı iddiaçı qaynar xəttə yığdı və ona bildirildi ki, bununla bağlı məhkəməyə müraciət edə bilər. Ona təqdim edilmiş sənədlərdən iddiaçı müəyyən etmişdir ki, 23 yanvar 2023-d ildə cavabdeh "Azəriqaz" İstehsal Birliyinin əməkdaşları tərəfindən iştirakı olmadan mülkiyyətində olan evin (küçədə yerləşən) qaz sayğacının "növbəti yoxlama" səbəbi ilə çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli Akt tərtib edilib və əvəzində yeni sayğac yerləşdirilmişdir. Akt tərtib olunan zaman iddiaçı iştirak etməmiş, ümumiyyətlə sayğacın dəyişdirilməsi haqqında məlumatın bu sənədləri əldə etdiyi anda məlum olmuşdur. Qeyd olunan aktda "sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar edilməsi haqqında" heç bir qeyd olmamışdır. Bu şəxslər bu plomblan tanıyır, çünki yeni sayğacada plomb yerləşdirirlər. Digər tərəfdən sayğac "Azəriqaz" X2 rayon əməkdaşları tərəfindən 10 ildən çoxdur ki, küçədə yerləşdirilmiş və mühafizəsi iddiaçının məsuliyyətimdə deyil. "Azəriqaz" İB Binəqədi QİS xx.xx.2023-ri il tarixdə təqdim etdiyi xx.xx.2023-cü il tarixli "qaz sayğacının yoxlanması barədə" AKT № MSK-14-2-2/3-5-1392-1 göstərilib ki, iddiaçının ünvanında olan ******* nömrəli məişət qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən ünvanınızdan çıxarılmış sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olundu, sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. "Azəriqaz" İB Binəqədi QİS xx.xx.2023-d il tarixdə təqdim etdiyi yenə də iddiaçının iştirakı olmadan xx.xx.2023-cü il tarixdə "Təbii qazdan istifadəyə qaydalarının pozulmasına" dair (AKT № 0383587) əvvəlki rəy əsasən akt tərtib edilib, ancaq heç bir məlumat verilməyib. "Dəymiş ziyanın hesablanması üzrə" qeyd edilir və hesablanması üçün "itirilmiş təbü qazın dəyərinin hesablanması" üçün növbəti sənəddə göstərilən komissiya ünvanlanır . Ancaq həmin aktın sol hissəsində təsadüfən və ya sifarişlə hesablanacaq qazın m3 "21600" rəqəmlə bir yerə yazılır. Əgər bu hesablamanı növbəti qurum aparırsa bu rəqəm necə olur ki, 4 nəfərin yığışıb qərar verdiyi rəqəmlə eynilik daşıyır. Bu da onu göstərir ki, rəqəm sifarişlidir. xx.xx.2023-cu ildə Bakı Regional Qaz Satışı Departamentində Kommissiya formalaşdırılaraq əvvəlcədən göndərilmiş "21600=10(m3)x24 (saat)x90(gün)" olmaqla sifariş olunmuş rəqəmə çıxarılaraq 2592 manat borc yazılır. Həmin ünvanda təbii qazdan istifadəyə görə sayğac üzrə ödənişləri vaxtında ödənilmiş və iddiaçı tərəfindən qaz sayğacına heç zaman müdaxilə olunmayıb. Məktubdan belə başa düşülür ki, guya iddiaçının mənzilində quraşdırılmış əvvəlki qaz sayğacı işlək deyil, mənşəyi olmayan plomb aşkar olunub. Buna görə də cavabdeh qurum sayğacı istismara yararsız kimi qiymətləndirir. Halbuki, sayğac ondan əvvəlki aylar da işləyib və iddiaçı ödəniş etmişdir. Hər ay nəzarətçi tərəfindən evin qapısına taxılmış bildiriş əsasında sadəcə ödəniləcək rəqəmə baxılıb ödəniş edilmişdir. Sayğacın dəyişməsi və yenisinin əvəz olunması, hər hansı borcun yazılması haqqında yalnız iddiaçı xx.xx.2023-cü il tarixində bildirişin araşıdırlması məqsədilə "Azəriqaz" İB Binəqədi QİS-nə və qaynar xəttə zəng etməklə məlumat əldə etmişdir. xx.xx.2023-ci ilə qədər iddiaçının mənzilində əvvəlki qaz sayğacı olub və həmin tarixə qədər həmin sayğac işləyib, sayğacın göstəriciləri əsasında iddiaçı təbii qaza görə haqq ödəmişdir. Əgər həmin sayğac işlək deyilsə, o halda iddiaçı o sayğacı necə işlədə bilərdi və mənzilinə təbii qaz necə gələ bilərdi. xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə qədər yeni quraşdırılmış sayğacın göstəricisi 206 m3 kimi göstərilir. İddiaçı evdə tək yaşayır və 21600 m3 hansı məntiqə əsaslandığı anlamır. Digər tərəfdən, həmin sayğacda plomblar haqqında da məlumatı yoxdur, "mənşəyi bəlli olmayan plomb" anlayışı nədir? Plomb var və yoxdur? Həmin sayğac yeni qaz sayğacı ilə əvəz olunarkən, cavabdeh qurumun əməkdaşları bu faktı aşkar edə bilərdi və tərtib edilmiş Aktda bu barədə müvafiq qeyd apara bilərdilər. Aktdan görünür ki, orada belə qeyd aparılmayıb. Bunlar necə aşkarlaya bilməyib 3 aydan sonra plomb fərqli çıxıb. Plombunun vurulmasında iddiaçının hər hansı təqsiri yoxdur. Həmin plomblar qaz idarəsinin əməkdaşları tərəfindən həmin sayğac quraşdırılarkən vurulub. İddiaçı ümumiyyətlə həmin plombların necə vurulması prosedurundan məlumatlı deyil və bunu bacarmır. Hətta indi üzərinə vurulan plombunda mənşəyi haqqında məlumatı yoxdur. Belə çıxır ki, bir neçə ildən sonra qaz sərfiyyatını az görüb onun da mənşəyi məlum olmayan kimi qeyd edəcəklər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plombun aşkar edilməsi aktlaşdırılmışdır. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plombun aşkar edilməsinə görə xx.xx.2023-cü il tarixdə 21600 m3 qaz itkisi hesablanmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, abonent kodu **********70000 olan İddiaçı məxsus ünvan 1 ünvanına 2023-cü ilin aprel ayına 2592 manat məbləğində qalıq və aktlar üzrə borc hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafıəsindən istifadə etmək hüququna malikdirlər. "İstehlakçıların hüquqlarının müdafıəsi haqqında" Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə müvafiq olaraq, öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2.11-ci bəndinə əsasən, qaz paylayıcısının işçiləri müayinənin nəticəsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. İstehlakçı tərəfindən qaz qurğuları, qaz xətləri və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində nöqsan və (və ya) pozuntular aşkar edildikdə istehlakçının müraciəti əsasında təkrar müayinə qaz paylayıcısı tərəfindən 3 (üç) iş günündən gec olmayaraq aparılmalıdır. İstehlakçı təkrar müayinə üçün il ərzində 1 (bir) dəfədən çox müraciət edərsə növbəti müayinə ödənişli keçirilir. Ödənişin məbləği qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilə ilə müəyyən edilir. Müayinə nəticəsində texniki xidmətin göstərilməsi zərurəti yarandıqda, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-3-cü maddəsi ilə müəyyən edilmiş tədbirlər görülməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə görə, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə müvafiq olaraq, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə görə, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Həmin Qaydaların 5.4-cü bəndinə müvafiq olaraq, qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəməyə təqdim olunmuş sübutlarda iddiaçının hər hansı hüquq pozuntusuna yol verdiyi halı öz əksini tapmamışdır. Beləliklə, qaz sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı sübut iş materiallarında mövcud deyil. Sayğaca vaxtlı-vaxtında baxış keçirilməsi isə birbaşa cavabdeh tərəfin vəzifəsidir və həmin vəzifə lazımi qaydada icra edilmədiyindən baş vermiş nəticələrə görə məsuliyyət də cavabdehə aiddir. İddiaçının mülkiyyətində olan evdə öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə borc hesablamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı (abonent kodu: **********70000) əsassız hesablanmış 2592 manat məbləğində borc silinməlidir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı (abonent kodu: **********70000) əsassız hesablanmış 2592 (iki min beş yüz doxsan iki) manat məbləğində borc silinsin. 45,92 (qırx beş manat doxsan iki qəpik) manat məbləğində ödənilməli olan dövlət rüsumu Cavabdehndən dövlət gəlirlərinə alınsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar