Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6816/2025 04.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-yə qarşı mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) X5 Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-yə qarşı “əsassız yazılmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:
1. İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-yə qarşı “əsassız yazılmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən əsassız hesablanmış 240 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ tərəfindən təbii sudan istifadə qaydalarının pozulması haqqında yaşadığı ünvan 1 ünvanında yerləşən evə məxsus su sayğacına əsassız olaraq borc hesablanmışdır. Sözügedən aktdan xəbəri olmamış, iştirakı olmadan tərtib edilmişdir. Cavabdeh tərəfindən su xəttinə göstərilən məbləğə münasibətdə müdaxilənin onun tərəfindən edilməsi sübuta yetirilmədən, yüksək məbləğdə cərimə hesablanmışdır. Hazırki iş üzrə sübutetmə yükü cavabdehi üzərinə düşür.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Onu evində kənar xətt olmayıb.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddiaya münasibət bildirilməsini məhkəmənin mülahizəsinə vermişdir.
5. Məhkəmə iclasında şahid qismində dindirilən Babaşov Anar Saleh oğlu ifadəsində bildirmişdir ki, iddiaçının sayğacına həyətində baxış keçirmişdir. Sayğacdan kənar krantın olduğunu, krantdan su gəldiyini görmüşdür. İddiaçı özü çıxıb bildirdi ki, kənar xətt yoxdur. Suyun təzyiqi çox idi və su kəsilmirdi. Buna görə də kənar xətt kimi aktlaşdırılmışdır. Lakin sonradan keçirilən baxışda müəyyən edildi ki, 5-6 dəqiqədən sonra krantdan axan su boru ilə evə gedir. Həmin xətt kənar xətt deyil.
b) Mülki işin materialları:
6. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ tərəfindən tərtib edilmiş 121579 saylı akta görə İddiaçı məxsus ünvan 2 ünvanda yoxlama aparılan zaman abonentin sayğacdan kənar sudan qanunsuz istifadə etməsi halı aşkar edilmişdir.
7. Abonent kartına əsasən müəyyən edilir ki, abonent kodu **********001 olan istehlakçı 2025-ci ilin may-iyun ayında 240 manat cərimə edilmişdir
8. Agentliyin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ Binəqədi rayon Sukanal İdarəsi tərəfindən verilən qanunsuz istifadə fakturasından görünür ki, ünvan 2 ünvanda abonentin saldosuna 240 manat cərimə hesablanmışdır.
c) Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
9. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçıya su sərfiyyatına görə borc hesablamışdır.
10. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
11. 19-cu maddəsinə əsasən dövlət hakimiyyət orqanlarının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və hüquqi şəxslərin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər.
12. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
14. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
15. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın:
17. 1.2.1. Su təchizatı və kanalizasiya müəssisəsi (bundan sonra - STKM) – mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, müəyyən ərazi (zona) hüdudlarında su təchizatını və tullantı sularının axıdılmasını təmin edən hüquqi şəxsdir.
18. 4.1.3. Bu Qaydaların tələblərinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək İstehlakçıların vəzifələrindən biridir.
19. 7.1. Suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir .
20. 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır.
21. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir.
22. “Sudan istifadə” qaydaları istehlakçıların hüquqlarına həsr olunmuş 5.1.5-ci maddəsinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüququ var.
23. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır.
24. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər.
Mülki Prosessual Məcəllənin:
25. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
29. İş materiallarından görünür ki, mübahisəli evə dair sudan əlavə sərfiyyata görə 240 manat borc hesablanmışdır. Məhkəmə iclasında dindirilən şahid akt üzrə aşkar edilmiş xəttin, sayğacdan kənar olmadığını təsdiq etmiş, bu hal cavabdeh tərəfindən mübahisələndirilməmişdir.
30. Bundan başqa məhkəmə tərəfindən yerində müayinə aparılarkən iddiaçı tərəfindən hər hansı bir qanunsuz qoşulma müəyyən edilmədi.
31. Məhkəmə hesab edir ki, nə qədər ki, cavabdeh tərəfindən iddiaçı-abonentin qeyri-qanuni su sərfiyyatı etməsinə və s. dair sübutlar məhkəməyə təqdim edilməmişdir, cavabdeh tərəfindən iddiaçıya su sərfiyyatı üzrə hesablanmış borc əsaslı hesab oluna bilməz. Buna görə su sərfiyyatı üzrə hesablanmış borcun silinməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.
32. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının iddia tələbində istinad etdiyi hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından iddia tələbi təmin edilməlidir.
33. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməli, cavabdeh tərəfindən əsassız hesablanmış 240 manat məbləğində borc silinməli, iddia qalan hissədə təmin edilməməlidir.
35. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır.
36. “Dövlət rüsumu” haqqında Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-yə qarşı “əsassız yazılmış borcun silinməsi” tələbinə dair iddia tələbi təmin edilsin. İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ tərəfindən əsassız hesablanmış 240 (iki yüz qırx) manat məbləğində borc (cərimə) silinsin. İddiaçının ödəməkdən azad olduğu dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində dövlət rüsumu “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-dən tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Lətifə Məmmədova