Məhkəmə qərarları › İş №2(001)-6851/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6851/2023

27.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6851/2023 27.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətini cəlb etməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, “Алиев Надыр Гасан ог.” Adına Bakı şəhər X5 İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli, 234654 saylı orderin xx.xx.1965-ci il tarixdə verilmiş evlənmək haqqında, xx.xx.1966-cı il tarixdə verilmiş doğum haqqında, xx.xx.2007-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamələrdə göstərilənxx.xx.1928-ci ildə anadan olmuş X3 məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X4 onun atasıdır. Bakı şəhəri, “Səadət sarayı” tərəfindən xx.xx.1965-ci il tarixdə verilmiş evlənmək haqqında şəhadətnamədə atasının adı «Алиев Надыр Гасан Ага оглы» kimi, onun Bakı şəhəri, Oktyabr rayon VVAQ şöbəsinin xx.xx.1966-cı il tarixdə verdiyi doğum haqqında şəhadətnaməsində atasının adı- Ərizəçi, atası qrafasında ata adı-X1 göstərilmişdir. Atasının ölümü barədə Bakı şəhəri, Binəqədi rayonu VVADQ şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş şəhadətnamədə də adı-X4 göstərilmişdir. Bakı şəhəri X5 İcraiyyə Komitəsi tərəfindən xx.xx.1991-ci il tarixli, 234654 saylı order əsasında Bakı şəhəri, 11-ci Perevalnı küçəsi, ev 56, mənzil 27 də olan bir otaqlı yaşayış sahəsi atasına verilmiş, həmin orderdə atası X2 adı və soyadı “Алиев Надыр Гасан ог.” Kimi göstərilmişdir. Göründüyü kimi, atasının evlənmək haqqında, ölüm haqqında, onun doğum haqqında olan şəhadətnamələrdə və xx.xx.1991-ci il tarixli orderdə atası X2 ata adında fərq mövcuddur. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin məhkəmə icraatı mümkün deyildir. Belə ki, ərizənin bir hissəsinə ümumiyyətlə məhkəmədə baxıla bilməz, bir hissəsi isə forma və məzmun tələblərinə uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxılır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Plenum qərarında qeyd edilmişdir ki, Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. Bundan başqa həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Bundan başqa “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçinin doğum şəhadətnaməsində atasının adı X6, evlənmək haqqında şəhadətnamədə atasının adı «Алиев Надыр Гасан Ага оглы», Bakı şəhəri X5 İcraiyyə Komitəsi tərəfindən xx.xx.1991ci il tarixli, 234654 saylı orderin verildiyi şəxs isə “Алиев Надыр Гасан ог.” Kimi qeyd edilmişdir. Göründüyü kimi ərizəçinin atasının evlənmək haqqında və ölümü haqqında şəhadətnamələrində adı ilə, qeyd edilən orderdə adında fərqlilik mövcuddur. Yuxarıda göstərilən mövqeyə əsaslanaraq hesab edirəm ki, əvvəla vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlərin “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi qaydasında aradan qaldırılması mümkün deyildir. Belə ki, həmin səhvlər vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Bu səbəbdən ərizəyə həmin hissədə məhkəmədə baxıla bilməz. Ərizənin digər hissəsi isə, yəni orderin ərizəçinin mərhum atasına məxsus olması faktı isə ona görə qaytarılmalıdır ki, əvvəla ərizəçi iddia ərizəsində həmin faktın ərizəçiyə nə üçün lazım olduğunu əsaslandırmamış, ikincisi Binəqədi Rayon İcra hakimiyyətini maraqlı şəxs qismində niyə cəlb etdiyi aydın olmamış, üçüncüsü Bakı şəhəri X5 İcraiyyə Komitəsinin hüquqi varisinə sənəddə göstərilən uyğunsuzluğun aradan qaldırılması ilə bağlı müraciət edilməmişdir. Bu səbəbdən də hesab edirəm ki, ərizə müvafiq hissədə geri qaytarılmalı, digər hissədə isə ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətini cəlb etməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsinin “Bakı şəhər X5 İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli, 234654 saylı orderin X3 məxsus olması faktının müəyyən edilməsi” hissəsi geri qaytarılsın. Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətini cəlb etməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsinin vətəndaşlıq vəziyyəti akt qeydlərində göstəilən şəxsin X3 məxsus olması faktının müəyyən olunması hissəsində icraata qəbul edilməsindən imtina olunsun. Ərizəçiyə iddia ərizəsinin geri qaytarılması hissəsi ilə bağlı nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə, icraata qəbul edilməsindən imtina olunmuş hissəsi ilə bağlı yalnışlığın düzəldilməsi ilə müvafiq icra hakimiyyətinə müraciət etmək hüququnun olması izah edilsin. Ödənilmiş 100(bir yüz) manat məbləğində dövlət rüsumu yenidən məhkəməyə iddia verilmədiyi və ərizəçinin müraciəti olduğu halda ona geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar