Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6920/2021 03.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, Ərizəçi (maraqlı şəxs qismində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti cəlb edilməklə) “döyüşlərdə iştirak etmə və ağır yaralanma faktının təsdiq edilməsi” barədə ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, m ü ə y y ə n e t d i m: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 10 may 1991-ci ildən 1992-ci ilin avqust ayına kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni düşmənlərinə qarşı müharibədə könüllü olaraq Əfqan Batalyonunun tərkibində Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etməsi və həmin döyüşlər zamanı ağır yaralanması faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. -307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. -308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 14-cü bəndində göstərilmişdir ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Göründüyü kimi məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin. Hazırkı iş üzrə ərizəçi isə müəyyən edilməsini istədiyi faktla bağlı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmiş və həmin qurum tərəfindən ona bildirilmişdir ki, Xidmətin Binəqədi rayon idarəsinin mövcud (və arxiv) uçot sənədlərində onun Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçməsi (döyüş əməliyyatlarında iştirak etməsi) barədə heç bir məlumat yoxdur. Həmçinin, Xidmətin Aparatında mövcud olan hərbi əlillərin siyahısında onun adı keçmir. Əlavə olaraq isə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-1991-ci illərdə könüllü özünümüdafiə dəstələrinin tərkibində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin arxiv sənədləri yerli icra hakimiyyəti orqanlarının arxivində saxlandığı üçün aidiyyəti üzrə müraciət etməsi məqsədəuyğundur. Ərizənin məzmunundan müəyyən olunur ki, ərizəçi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun müraciətinə verilmiş imtina cavabından narazı qalmış, ona görə də hazırki ərizə ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin qeyd edilməlidir ki, inzibati orqanın hərəkəti yaxud hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) və ya inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aid olduğundan həmin məsələyə aidiyyət qaydaları üzrə ümumi məhkəmədə deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; -153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. -114.1. və 114.1.2-ci maddələrə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Beləliklə təsvir edilənlərə əsasən hesab edirəm ki, ərizəçinin könüllülər batalyonunda Qarabağ uğrunda döyüşlərdə iştirak etməsi və döyüşlərdə yaralanması faktının müəyyən edilməsi barədə ərizəsinə ümumi məhkəmə qaydasında baxılması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Ona görə də ərizənin qəbul edilməsindən imtina edilməli və ərizəçiyə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin imtinası ilə bağlı ərazi aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq qərara a l d ı m: Ərizəçi (maraqlı şəxs qismində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti cəlb edilməklə) “döyüşlərdə iştirak etmə və ağır yaralanma faktının təsdiq edilməsi” barədə ərizəsinin qəbul edilməsindən imtina olunsun, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, o, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin imtinası ilə bağlı ərazi aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər. Ərizəçi tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-6920/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6920/2021
03.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver