Məhkəmə qərarları › İş №2(001)-6987/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6987/2021

16.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6987/2021 16.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərər və borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərər və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə bağlanmış 16 oktyabr 2020-ci il tarixli MAS-2902 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Cavabdeh həmin müqaviləyə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 18 aprel 2021-ci il tarixə 752,90 manat gecikdirilmiş əsas, 309,04 manat gecikdirilmiş mükafat, 313,18 manat dəbbə pulu, 1.150 manat dəymiş zərər, ümumilikdə 2.525,12 manat məbləğində borc və ödənilmiş 30.4 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 16 oktyabr 2020-ci il tarixli MAS-2902 saylı “Daxili lizinq” müqaviləsinə əsasən cavabdehin istifadəsinə 2020-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil 13.280 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Lizinq ödəniş cədvəlinə əsasən cavabdeh illik 19% hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 395,89 manat, ümumilikdə isə 17.352 manat məbləğində pulu iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 17.352 manatın 13.900 manatı əsas məbləğ təşkil edir. İddiaçının mülkiyyətində olan cavabdehin müvəqqəti istifadəsinə verilmiş avtomobil 18 aprel 2021-ci il tarixdə lizinq şirkətinin Bakı şəhərində yerləşən müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 1.150 manat məbləğində ziyan dəymişdir. Cavabdeh tərəfindən sonuncu ödəniş 03 mart 2021-ci il tarixdə 400 manat məbləğində olmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Həmçinin verilmiş suallara cavab olaraq bildirdi ki, cavabdeh tərəfindən lizinq predmeti olan avtomobil təhvil verildikdən dərhal sonra duracağa yerləşdirilmiş və istifadə edilməmişdir. Qüsur aktında göstərilənlər cavabdeh tərəfindən avtomobilin lazımi qaydada istismar edilməməsi nəticəsində əmələ gəlmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 185.5-ci maddələrinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AD seriyalı, 885935 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Khazar LX” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İddiaçıdir; İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16 oktyabr 2020-ci il tarixli MAS-2902 saylı Daxili lizinq müqaviləsinə, 1 saylı əlavəyə və 3 saylı ödəniş cədvəlinə əsasən lizinq verən lizinq alanın sifariş etdiyi əmlakı (“Khazar LX” minik markalı nəqliyyat vasitəsini) müqavilənin şərtlərinə əsasən muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, lizinq alan Cavabdeh isə lizinq obyektini qəbul etməyi və 36 ay müddətində illik 19% həcmində mükafat hesablanmaqla müqaviləyə əlavə edilmiş ödəniş cədvəli üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 7.2-ci bəndinə əsasən gecikdirilən lizinq ödənişi məbləğinə gündəlik 0.3 % dəbbə pulu hesablanır və lizinq alan tərəfindən lizinq verənə ödənilir. Həmin müqavilənin 9-cu bəndinə əsasən lizinq alan lizinq obyektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edilir. Müqaviləyə 1 saylı əlavəyə əsasən, lizinq predmetinin dəyəri 13.900 manat məbləğində müəyyən edilmişdir; 16 oktyabr 2020-ci il tarixli təhvil-təslim aktına əsasən lizinq obyekti olan “Khazar LX” minik markalı nəqliyyat vasitəsi İddiaçı tərəfindən “Lizinq Alan” Cavabdeh təhvil verilmişdir; İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 30 iyun 2021-ci il tarixli xəbərdarlıq (pretenziya) məktubuna əsasən cavabdehə daxili lizinq müqaviləsi üzrə borcunun yarandığı bildirilmiş və həmin məbləğ və dəymiş zərər dərhal ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir; İddiaçı tərəfindən verilmiş 04 oktyabr 2021-ci il tarixli arayışa əsasən X2 16 oktyabr 2020-ci il tarixli MAS-2902 saylı “Daxili lizinq” müqaviləsi üzrə 18 aprel 2021-ci il tarixə əsas borcu 752,9 manat, mükafat borcu 309,04 manat, cərimə 313,18 manat, cəmi 1.375,12 manat məbləğində borcu var; 18 aprel 2021-ci il tarixli “Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə” 18 aprel 2021-ci il tarixli aktın surətindən görünür ki, X3 ilə Cavabdeh arasında “Khazar LX” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin kredit borcu ödənilmədiyi üçün təhvil-təslimi aparılmışdır. İddiaçı MMC Servisi tərəfindən verilmiş 26 may 2021-ci il tarixli qüsur aktından görünür ki, “Khazar LX” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 1.150 manat təşkil edir (təmir və dəyişdirmə xidmətinə görə - 370 manat, ehtiyat hissələrinə görə - 780 manat); 25 avqust 2021-ci il tarixli mədaxil qəbzinə əsasən İddiaçı tərəfindən iddianın qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu, 0,4 manat məbləğində xidmət haqqı ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında 16 oktyabr 2019-cu il tarixli MAS-2902 saylı “Daxili lizinq” müqaviləsi bağlanmış və həmin müqavilə üzrə iddiaçı lizinq obyekti olan “Khazar LX” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobili cavabdehə 36 ay müddətinə illik 19% mükafat hesablanmaqla lizinqə vermiş, lakin cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Nəticədə iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən onun iddiaçıya 752,9 manat məbləğində əsas, 309,04 manat məbləğində mükafat, 313,18 manat məbləğində hesablanmış cərimə borcu yaranmışdır. Həmçinin müəyyən edilmişdir ki, cavabdeh 18 aprel 2021-ci il tarixdə lizinq predmetini iddiaçıya geri qaytarmış, iddiaçı tərəfindən 26 may 2021-ci il tarixdə qüsur aktı tərtib edilərək lizinq predmetin olan nəqliyyat vasitəsinə 1.150 manat məbləğində zərər dəydiyi müəyyən edilmişdir. Hazırda iddiaçı lizinq müqaviləsinin ləğv edilməsini, cavabdehdən lizinq müqaviləsi üzrə yaranmış borcu, habelə lizinq predmetinə dəymiş zərərin əvəzinin ödənilməsini cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; 748-1.12-ci maddəsinə əsasən lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır; 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir; Məhkəmə aparılmış araşdırmanın nəticələrini rəhbər tutub, bu münasibətləri tənzimləyən maddi hüquq normaların tələblərini əsas götürüb belə qənaətə gəlir ki, cavabdeh lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də sonuncu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, iddiaçıya olan əsas və mükafat borcunu ödəməlidir. Bununla yanaşı, cavabdeh lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədiyindən, tərəflər arasında bağlanmış lizinq müqaviləsi vaxtından əvvəl ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Eyni zamanda, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, yuxarıda qeyd olunan lizinq müqaviləsi üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh dəbbə pulunu ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin lizinq müqaviləsində öz əksini tapmışdır. Hazırda da iddiaçı lizinq müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 313,18 manat məbləğində dəbbə pulunun ödənilməsini tələb edir. Məhkəmə işin hallarını nəzərə alıb belə qənaətə gəlir ki, dəbbə pulu müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış dəbbə pulu azaldılmalı və 100 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “1.150 manat məbləğində dəymiş zərərin tutulması” hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən lizinq obyekti iddiaçıya qaytarılarkən 18 aprel 2021-ci il tarixli akt tərtib edilmiş, həmin aktda lizinq predmetinə hər hansı zərərin dəydiyi göstərilməmişdir. Bundan xeyli müddət sonra, yəni 26 may 2021-ci il tarixdə iddiaçı qüsur aktı tətrib etmiş və həmin akta əsasən lizinq predmetinə 1.150 manat məbləğində zərərin dəydiyi göstərilmişdir. Halbuki, həmin qüsur aktı tərtib edilərkən cavabdehin iştirakı təmin edilməmiş, qüsur aktı yalnız iddiaçının əməkdaşları tərəfindən imzalanmışdır. Ona görə də məhkəmə hesab edir ki, lizinq predmetinə məhz cavabdeh tərəfindən hər hansı zərərin vurulması iş materialları ilə təsdiq olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16 oktyabr 2020-ci il tarixli, MAS-2902 nömrəli “Daxili lizinq” müqaviləsi ləğv edilməli, cavabdehdən 16 oktyabr 2020-ci il tarixli, MAS-2902 nömrəli “Daxili lizinq” müqaviləsi üzrə 752,9 manat məbləğində əsas borc, 309,04 manat məbləğində mükafat və 100 (bir yüz) manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 1.161,94 manat məbləğində borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 14 manatı iddiaçının xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16 oktyabr 2020-ci il tarixli, MAS-2902 nömrəli “Daxili lizinq” müqaviləsi ləğv edilsin. Cavabdeh 16 oktyabr 2020-ci il tarixli, MAS-2902 nömrəli “Daxili lizinq” müqaviləsi üzrə 752,9 (yeddi yüz əlli iki manat, doxsan qəpik) manat məbləğində əsas borc, 309,04 (üç yüz doqquz manat, dörd qəpik) manat məbləğində mükafat və 100 (bir yüz) manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 1.161,94 (bir min bir yüz altmış bir manat, doxsan dörd qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 14 (on dörd) manatı İddiaçı xeyrinə tutulsun. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar