Məhkəmə qərarları › İş №2(001)-6997/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6997/2025

21.10.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6997/2025 21.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rzayev Anar Nurəddin oğlu, İddiaçı Cavabdeh, maraqlı şəxs qismində cəlb edilmiş Bakı şəhəri 14 saylı Notarit ofisinə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ:

1. İddiaçın Cavabdeh qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia ərizəsində İddiaçı Bakı şəhər 14 saylı notariat ofisində Cavabdeh ilə onun arasında bağlanmış xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir.

4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 153.1. Məhkəməyə daxil olan ərizə hökmən daxil olduğu gün qeydiyyatdan keçməlidir. - Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa. - Maddə 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. - Maddə 153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. - Maddə 153.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və X1: “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 02/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli: - Əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin iddiaçı Cavabdeh (X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) cavabdeh İddiaçı qarşı iş üzrə xx.xx.2025-ci il tarixli qərarı: - 32. Qeyd edilənlərə əsasən, hazırki işin müəyyən edilmiş halları baxımından apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi 23 avqust 2023-cü il tarixli kredit müqaviləsinin etibarsızlığı üçün hər hansı bir hal aşkar olunmur.

7. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbində etibarsızlığını mübahisələndirdiyi kredit müqaviləsinə həm Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1210/2024 saylı, 11 sentyabr 2024-cü il tarixli qətnaməsində, həm də Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-1036/2025 saylı, xx.xx.2025ci il tarixli qərarında hüquqi qiymət verilmiş və əqdin etibarsızlığına dəlalət edən hər hansı bir hal aşkar edilmədiyindən pul tələbinə dair iddianın təmin edilməsinə dair qətnamə qüvvədə saxlanılmışdır.

8. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan ərizənin qəbul edilməsindən imtina edilməldir.

9. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbinin yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır.

10. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

1. İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin.

2. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.

Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar