Məhkəmə qərarları › İş №2(001)-702/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-702/2020

26.11.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-702/2020 26.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Şirkətinin Cavabdeh qarşı “cavabdehin 1 saylı mədənin 5-ci sahəsində yerləşən 151353 saylı neft quyusunun mühafizə zolağı və Şirkətin Saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı şirkəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 1 saylı mədənin 5-ci sahəsində yerləşən 151353 saylı neft quyusunun mühafizə zolağı və Şirkətin saziş ərazisi hüdudları daxilində, Binəqədi, DYP-nin alt hissəsi, 5-ci məhəllə 0006, mənzil 0385 ünvanında (1.397 504,230 4 478 280,173; 2. 397 505,338 4 478 253,889; 3. 397 480,530 4 478 255,291; 4. 397 479,791 4 478 280,764 koordinatları daxilində) inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən Şirkətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən İddiaçı Şirkətinin saziş əsasında istifadəsinə verilmiş kontrakt sahəsinin ərazisində, 1 saylı mədənin 5-ci sahəsində yerləşən 151353 saylı neft quyusunun mühafizə zolağı və Şirkətin saziş ərazisi hüdudları daxilində lazımi icazələr alınmadan, şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikili inşa edilmişdir. Cavabdehin inşa etdiyi özbaşına tikili şirkətin həmin ərazidə neft-qaz əməliyyatlarını həyata keçirməsinə ciddi maneələr yaratdığından, İddiaçı Şirkətinin qanunla qorunan hüquqları və Dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozulmuşdur. Məlum olduğu kimi, xx xxxxxxxx 2014-cü il tarixdə "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandag və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, X5 Bi.Vi. və ARDNŞin Ortaq Şirkəti arasında saziş imzalanmış və xx xxxxx 2005-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. Cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin olduğu torpaq sahəsinin cavabdehin istifadəsinə ayrılması barədə bələdiyyə qərarının və ya İcra Hakimiyyətinin sərəncamının olması, həmçinin cavabdehin özbaşına inşa etdiyi tikilidə pasport qeydiyyatında olması, mübahisələndirilən özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılaraq iddiaçının istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasına mane olmur. Belə ki, qeyd edilən məsələlərlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qanuni qüvvəyə minmiş qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri cənab Ramiz Rzayevin qanuni qüvvəsini almış qərardadı mövcuddur. Göstərilənlərə əsasən, cavabdeh 1 saylı mədənin 5-ci sahəsində yerləşən 151353 saylı neft quyusunun mühafizə zolağı və Şirkətin saziş ərazisi daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılmalı, özbaşına tikili cavabdehin hesabına sökülməli və torpaq sahəsi boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddianı tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsi 2005-ci ildə cavabdehə verilmiş və həmin torpaq sahəsində mübahisəli tikilini inşa etmişdir. Bu günədək heç bir orqan və ya şirkət tərəfindən tikilinin yerləşdiyi torpaq sahəsinin "İddiaçı" Şirkətinə aid olması barədə xəbardar edilməmişlər. Bundan əlavə, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. O, məhkəməyə iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə də təqdim etmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Kontrakt sahəsinin coğrafi koordinatlarının xəritə üzərində düzgün göstərilməsini təsdiq edən” Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xəritəsindən və mübahisəli torpaq sahəsinin həmin ərazidə yerləşməsini təsdiq edən xəritədən çıxarışdan görünür ki, həmin tikilinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikasının xx xxxxx 2005-ci il tarixli, 901-İİQD nömərli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşir. Qanunla Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, X5 Bi.Vi. və ARDNŞ-nin ortaq neft şirkəti arasında Sazişi qəbul və təsdiq etmiş, onun həyata keçirilməsinə icazə verilmişdir. Qanunun imzalanmasından sonra həmin Saziş qanun statusu almışdır. Saziş tərəfləri arasında imzalanmış Birgə əməliyyat sazişinin 5-ci maddəsinin müddəalarına əsasən İddiaçı əməliyyatçı təyin edilmiş və ona tərəflərin adından bütün Birgə əməliyyatları həyata keçirməyə və bu Birgə əməliyyatlara rəhbərlik etməyə müstəsna hüquq verilmişdir. İş materiallarında olan məhkəmənin mübahisələndirilən torpaq sahəsinə və tikiliyə dair cavabdehin adına hər hansı hüquqmüəyyənedici sənədin olub-olmaması ilə bağlı sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanan xx xxxxxx 2019-cu il tarixli, **********88 saylı məktubundan görünür ki, Cavabdeh adına Tərtər rayonu, Bəyimsarov kəndində JN-528 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən 0,30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyata alınmışdır. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin sədri tərəfindən verilmiş xx xxxxxx 2007-ci il tarixli, 90 nömrəli qərarın surətindən görünür ki, Biləcəri bələdiyyəsi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün 600,0 kv.m. torpaq sahəsi əlavə olunmuş cizgi əsasında ünvan 1 mənzil 56 ünvanda yaşayan vətəndaş Cavabdeh alqı-satqı yolu ilə ayrılmış, Cavabdeh torpağın müəyyən edilmiş satış qiymətinə görə bir kv.metri 2 manat 24 qəpik olmaqla, Biləcəri bələdiyyəsinin “Kapitalbank”ın 1 saylı Binəqədi filialında olan ********** saylı h/hesabına ödənilməsi və ödəmə barədə qəbzi Biləcəri bələdiyyəsinə təqdim edilməsi tapşırılmış, ayrılmış torpaq sahəsində tikinti işləri tikintinin layihəsi rayon (şəhər) memarlıq xidməti ilə razılaşdırıldıqdan və qanunla müəyyən olunmuş digər hallar nəzərə alındıqdan sonra aparılmış, müvafiq razılaşdırılmadan sonra tikinti aparılan zaman kommunikasiya xəttləri müəyyən edildikdə tikintinin inşası dərhal dayandırılmış və aidiyyatı üzrə xəbərdarlıq edilmiş, qanunla müəyyən edilmiş vergilərin vaxtlı-vaxtında yerli büdcəyə ödənilməsi Cavabdeh tapşırılmış, qərarın icrası qanunvericilikdə nəzərdə tutulmuş qaydada bələdiyyənin icra aparatına tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli, 10/2125 №-li rəyinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarət şöbəsinin məsləhətçisi Salman Hümbətlinin tərtib etdiyi mütəxəssis rəyi əsas götürülməklə: İddiaçı Şirkəti tərəfindən məhkəməyə təqdim olunmuş koordinatlara əsasən Bakı şəhəri, Binəqədi rayonu, 1 saylı mədənin 5-ci sahəsində yerləşən Cavabdeh yaşadığı tikilinin (Bakı şəhəri, Binəqədi rayonu, DYP-nin alt hissəsi, 5-ci məhəllə, 0006, mənzil 0385) yerləşdiyi torpaq sahəsi Dövlət mülkiyyəti olub, sənaye təyinatlı torpaq sahələrinə aiddir. İddiaçı Şirkəti tərəfindən məhkəməyə təqdim olunmuş koordinatlara əsasən Bakı şəhəri, Binəqədi rayonu, 1 saylı mədənin 5-ci sahəsində Cavabdeh yaşadığı tikilinin (Bakı şəhəri, Binəqədi rayonu, DYP-nin alt hissəsi, 5-ci məhəllə, 0006, mənzil 0385) yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikasının xx xxxxx 2005-ci il tarixli, 901- İİQD nömrəli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişdə nəzərdə tutulan konrtakt sahəsinin coğrafi koordinatlarına daxildir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-2605/2020 nömrəli qərardadının surətindən görünür ki, İddiaçı şirkətinin cavabdeh Binəqədi rayonu Biləcəri Bələdiyyəsinə qarşı Cavabdeh üçüncü şəxs qismində göstərilməklə “Biləcəri Bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli 90 saylı qərarı Sazişin qüvvəyə mindiyi xx xxx 2005-ci il tarixdən sonra qəbul olunduğundan, dövlətin müstəsna istifadəsində saxlanılan, sənaye təyinatlı torpaqlar kateqoriyasına aid olan və Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901-İİQD saylı, xx xxxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilərək, Qanun statusu almış “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişlə neft-qaz əməliyyatlarının aparılması üçün İddiaçı şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində, 1 saylı mədənin 5-ci sahəsində ayrılmış 600 kv.m torpaq sahəsinin Cavabdeh Əşrəf qızının istifadəsinə verilməsi barədə Binəqədi rayon Biləcəri Bələdiyyəsinin 90 saylı, xx xxxxxx 2007-ci il tarixli qərarının qanunsuzluğunun tanınması” barədə iddiası mümkün sayılmamışdır. Həmin qərardadda göstərilmişdir ki, Binəqədi rayonu Biləcəri Bələdiyyəsi həmin qərarı qəbul edərkən xx xxx 2005-ci il tarixdən qüvvəsini almış Sazişin tələblərini nəzərə almamış, Sazişə zidd, hüquqi qüvvəsi olmayan qərar qəbul etmişdir. Məhkəmə hesab etmişdir ki, artıq qəbul olunduğu andan qanuna zidd aktın yenidən məhkəmə qərarı ilə qanunsuzluğunun tanınmasına lüzum yoxdur. İş materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmədə tədqiq edilmiş sübutlarla, habelə iş üzrə keçirilmiş ekspertizasının rəyi ilə müəyyən edildi ki, Bakı şəhəri, Binəqədi rayonu, 1 saylı mədənin 5ci sahəsində Cavabdeh yaşadığı tikilinin (Bakı şəhəri, Binəqədi rayonu, DYP-nin alt hissəsi, 5-ci məhəllə, 0006, mənzil 0385) yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikasının xx xxxxx 2005-ci il tarixli, 901-İİQD nömrəli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişdə nəzərdə tutulan konrtakt sahəsinin coğrafi koordinatlarına daxildir. Cavabdeh İddiaçı şirkətinin icarəsində olan kontrakt sahəsinin hüdudları daxilində tikinti aparmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır və 158.4-cü maddəyə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən özbaşına tikili maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytanlmalıdır. Həmçinin həmin maddənin 3-cü hissəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, özbaşına tikili cavabdehin hesabına sökülməli və ərazi boşaldılaraq iddiaçının qanuni istifadəsinə qaytarılmalıdır. Məhkəmənin bu qənaəti həm də ona görə əsaslıdır ki, tikinti aparılmış torpaq sahəsi cavabdehin mülkiyyətində deyil və buna görə də özbaşına tutulmuş (zəbt edilmiş) hesab edilir, orada aparılmış tikili isə qanunvericiliyə əsasən qanunsuz tikilidir. Hazırkı iddianın təmin edilməsini istisna edən yeganə hal tikilinin və ya torpaq sahəsinin cavabdehin qanuni sahibliyində və ya mülkiyyətində olmasıdır. Hazırkı vəziyyətdə məhkəmədə belə bir sübutlar müəyyən edilmir. Əksinə sübut edilir ki, torpaq sahəsi cavabdehin mülkiyyətində və ya qanuni sahibliyində deyil, ona görə də iş üzrə mövcud olan sübutlar əsasında iddianın təmin edilməsini istisna edən hallar yoxdur. Məhkəmə cavabdehin “iddia müddətinin tətbiq edilməsi” barədə ərizəsi ilə bağlı isə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0 və 384.0.4-ci maddələrinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Ona görə də məhkəmə hesab edir ki, hazırki iş üzrə mübahisəli torpaq sahəsinin qanuni sahibi olan iddiaçının tələbinə iddia müddəti tətbiq edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 manat məbləğində pul Cavabdeh İddiaçı Şirkətinin xeyrinə tutulmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh Şirkətin Saziş ərazisi hüdudları, 1 saylı mədənin 5-ci sahəsində yerləşən 151353 saylı neft quyusunun mühafizə zolağı və Şirkətinin saziş ərazisi hüdudları daxilində, Binəqədi, DYP-nin alt hissəsi, 5-ci məhəllə 0006, mənzil 0385 ünvanında (1.397 504,230 4 478 280,173; 2. 397 505,338 4 478 253,889; 3. 397 480,530 4 478 255,291; 4. 397 479,791 4 478 280,764 koordinatları daxilində) inşa edilmiş özbaşına tikilidən çıxarılsın, özbaşına tikili cavabdehin hesabına sökülsün və torpaq sahəsi boşaldılaraq İddiaçı Şirkətinin qanuni istifadəsinə qaytarılsın. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 (on) manat məbləğində pul Cavabdeh İddiaçı Şirkətinin xeyrinə tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar