Məhkəmə qərarları › İş №2(001)-702/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-702/2023

19.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-702/2023 19.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evində yaşayır. Qeyd edilən yaşayış evi ona məxsusdur, həmin evə Cavabdeh tərəfindən qaz xətti çəkilmiş və onunla “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” imzalanmışdır. Qeyd edilən müqavilənin şərtlərinə əsasən onun ünvanında Smart-kart tipli sayğac quraşdırılmışdır. Sayğac quraşdırıldıqdan sonra ona məlum olmuşdur ki, sayğacın üzərində 11700 manat borc vardır. Həmin borcun ona necə hesablanması barədə məlumatı olmamışdır. Cavabdeh tərəfindən iddiaya etiraz “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının yaşadığı Bakı şəhəri, ünvan 1 ünvana Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə baxış keçirilən zaman dəfələrlə qeyri-qanuni sayğacdan kənar qeyri-qanuni qaz xətti ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. Qaz təminatının dəfələrlə qaynaq vasitəsilə dayandırılmasına baxmayaraq təkrar olaraq vətəndaş qanunsuz qaz xəttini bərpa etmişdir. Təbii qazdan qeyri-qanuni istifadə hallarının kütləvi xarakter daşıması dövlət müəssisəsi olan Birliyin maliyyə dayanıqlığına mənfi təsir göstərməklə yanaşı, dövlət əmlakının talanmasına və mövcud qaz təsərrüfatında təmir-bərpa və yenidənqurma işlərinin məhdud daxili imkanlar hesabına aparılması üçün vəsait çatışmazlığına səbəb olur. Qeyd olunan qanunsuz istehlak formaları nəinki Birliyə maddi ziyan vurmaqla nəticələnir, eləcə də istehlakçıların həyatı və sağlamlığı üçün ciddi təhlükə yaradır. Qazdan qanunsuz istifadə faktı ilə əlaqədar İddiaçı barəsində qanunvericiliyə uyğun tədbir görülməsi üçün sənədlər aidiyyəti üzrə Bakı şəhər prokurorluğuna göndərilmişdir. Bununla əlaqədar itirilmiş qazın bərpa edilməsi məqsədi ilə abonent İddiaçı 11715 manat məbləğində dəymiş ziyan hesablanaraq cərimə yazılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, ona aid ünvana dair Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında müqavilə xx.xx.2022- ci il tarixdə bağlanmış, həmin müqaviləyə güya o, imza etmiş, lakin onun əlində “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin arayışı var ki, o, xx.xx.2022-ci – xx.xx.2022-ci il tarixlərdə “Neft Daşları” Neft və Qazçıxarma İdarəsində iş növbəsində olmuşdur. Ona aid ünvanda heç vaxt sayğacdan kənar xətt olmayıb, olsaydı belə, abonentin saldosundan görünür ki, Cavabdeh tərəfindən yay ayları üçün qış aylarından çox sərfiyyat qeyd edilib. Bütün bunlar cavabdehin fəaliyyətində ona qarşı qərəzliliyin və qeyri-obyektivliyin olmasının təsdiqidir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli, ******* saylı; xx.xx.2020-ci il tarixli, ******* saylı; xx.xx.2020-ci il tarixli, ******* saylı; xx.xx.2020-ci il tarixli, ******* saylı; xx.xx.2020-ci il tarixli, ******* saylı; xx.xx.2020-ci il tarixli, ******* saylı; xx.xx.2020-ci il tarixli, ******* saylı; xx.xx.2020-ci il tarixli, ******* saylı; xx.xx.2020-ci il tarixli, ******* saylı; xx.xx.2020-ci il tarixli, ******* saylı; xx.xx.2021-ci il tarixli, ******* saylı; xx.xx.2021-ci il tarixli, ******* saylı; xx.xx.2021-ci il tarixli, ******* saylı; xx.xx.2021-ci il tarixli, ******* saylı; xx.xx.2021-ci il tarixli, ******* saylı; xx.xx.2021-ci il tarixli, ******* saylı; xx.xx.2021-ci il tarixli, ******* saylı; xx.xx.2021-ci il tarixli, ******* saylı; xx.xx.2021-ci il tarixli, ******* saylı; xx.xx.2021-ci il tarixli, ******* saylı; xx.xx.2021-ci il tarixli, ******* saylı; xx.xx.2022-ci il tarixli, ******* saylı; xx.xx.2022-ci il tarixli, ******* saylı; xx.xx.2022-ci il tarixli, ******* saylı; xx.xx.2022-ci il tarixli, ******* saylı; xx.xx.2022-ci il tarixli, ******* saylı; xx.xx.2022-ci il tarixli, ******* saylı aktlardan və aktlara əlavə edilmiş foto şəkillərdən görünür ki, Cavabdeh əməkdaşları tərəfindən iki il ərzində demək olar ki, hər ay iddiaçıya məxsus ünvana dair eyni məzmunlu aktlar tərtib edilmiş, aktlara eyni foto şəkillər əlavə edilmiş və hər dəfə sayğacdan kənar xəttin ləğv edilməsi aktlaşdırılmışdır. Cavabdeh etirazda qazdan qanunsuz istifadə faktı ilə əlaqədar İddiaçı barəsində qanunvericiliyə uyğun tədbir görülməsi üçün sənədlərin aidiyyəti üzrə Bakı şəhər prokurorluğuna göndərilməsini qeyd etsə də, buna dair yalnız xx.xx.2023-cü il tarixdə Bakı şəhər prokuroruna ünvanlanmış məktubu məhkəməyə təqdim etmiş, hər ay akt yazılan 2020-2022-ci illərdə hüquq-mühafizə orqanlarına müraciətin olmasına dair hər hansı sübut iş materillarında mövcud deyil. Həmçinin qeyd olunmalıdır ki, yuxarıda sadalanan aktlarda aktlar yazılan vaxt istehlakçının istifadəsində olan qaz sayğacının məlumatları göstərilməmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı Cavabdeh arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” Müqavilə xx.xx.2022-ci il tarixdə bağlanmış və həmin müqavilənin də legitimliyi belə iddiaçı tərəfndən şübhə altına qoyulmuşdur. Belə ki, iş materiallarında olan “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2022xx.xx.2022-ci il tarixlərdə “Neft Daşları” Neft və Qazçıxarma İdarəsində iş növbəsində olmuşdur. Belə olan halda xx.xx.2022-ci il tarixdə iddiaçının yerinə müqavilənin kimin tərəfindən imzalanması sualı ortaya çıxır. İş materiallarında olan abonent kodu **********00941 olan İddiaçı saldosundan görünür ki, abonentin ünvanında xx.xx.2022-ci il tarixdə Zenner G4T Smart tipli sayğac quraşdırılmış və onun “qalıq və aktlar” üzrə 2020-ci ilin dekabr ayından, 2022-ci ilin dekabr ayınadək 11715,84 manat borcunun olması qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/5765-9/5945 saylı ekspert rəyində göstərilmişdir ki, Cavabdehnə vurulmuş ziyan ümumilikdə 199,20 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafıəsindən istifadə etmək hüququna malikdirlər. "İstehlakçıların hüquqlarının müdafıəsi haqqında" Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə müvafiq olaraq, öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2.11-ci bəndinə əsasən, qaz paylayıcısının işçiləri müayinənin nəticəsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. İstehlakçı tərəfindən qaz qurğuları, qaz xətləri və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində nöqsan və (və ya) pozuntular aşkar edildikdə istehlakçının müraciəti əsasında təkrar müayinə qaz paylayıcısı tərəfindən 3 (üç) iş günündən gec olmayaraq aparılmalıdır. İstehlakçı təkrar müayinə üçün il ərzində 1 (bir) dəfədən çox müraciət edərsə növbəti müayinə ödənişli keçirilir. Ödənişin məbləği qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilə ilə müəyyən edilir. Müayinə nəticəsində texniki xidmətin göstərilməsi zərurəti yarandıqda, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-3-cü maddəsi ilə müəyyən edilmiş tədbirlər görülməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə görə, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə müvafiq olaraq, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə görə, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Həmin Qaydaların 5.4-cü bəndinə müvafiq olaraq, qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir Həmin Qaydaların 6.5-2-ci bəndinə görə, istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5-3-cü bəndinə əsasən, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5-4-cü bəndinə müvafiq olaraq isə, qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Beləliklə, cavabdeh etirazında “ ... qaz təminatının dəfələrlə qaynaq vasitəsilə dayandırılmasına baxmayaraq təkrar olaraq vətəndaş qanunsuz qaz xəttini bərpa etmişdir. ... Qazdan qanunsuz istifadə faktı ilə əlaqədar İddiaçı barəsində qanunvericiliyə uyğun tədbir görülməsi üçün sənədlər aidiyyəti üzrə Bakı şəhər prokurorluğuna göndərilmişdir” bildirsə də, sonuncu akt xx.xx.2022-ci il tarixdə yazıldığı təqdirdə Bakı şəhər prokuroruna müvafiq məktub xx.xx.2023-cü il tarixdə göndərilmişdir. Vətəndaş həqiqətən də 2 il ərzində hər ay yenidən qanunsuz qaz xəttini bərpa etdiyi halda Cavabdeh qeyd olunan müddət ərzində nə hüquq mühafizə orqanlarına, nə də ki, məhkəməyə müraciət etməməsi ağlabatan mühakiməyə tabe olmur. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/5765-9/5945 saylı ekspert rəyini nəzərə alaraq belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evinə (abonent kodu **********00941) Cavabdeh tərəfindən hesablanmış borc məbləğinin 11516,64 (* = 11715,84-199,20) manat hissəsi silinməlidir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evinə (abonent kodu **********00941) Cavabdeh tərəfindən hesablanmış borc məbləğinin 11516,64 (on bir min beş yüz on altı manat altmış dörd qəpik) manat hissəsi silinsin. 124,55 (yüz iyirmi dörd manat əlli beş qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 102 (yüz iki) manat məbləğində vəsait iddiaçı Cavabdehndən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar