Məhkəmə qərarları › İş №2(001)-7097/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7097/2025

19.02.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7097/2025 19.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəsirov Murad Seyran oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, iddia ərizəsində qeyd edilmiş ünvanda yaşayır. **********B0019 nömrəli kod üzrə 2006-cı il tarixə kimi BARMEK elektrik şəbəkəsi tərəfindən evin keçmiş sahibinin adına 427.16 manat məbləğində borc olması ona məlum olmuşdur. Bu səbəbdən də, o, abonent kodunu "xxxx" ASC-nin “ASAN kommunal” mərkəzində öz adına qeydiyyatdan keçirə bilmir. Həmin borc bir vətəndaş kimi ona problem yaradır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, cavabdeh "xxxx" ASC tərəfindən həmin borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər və ya nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Lakin İddiaçı poçt xidməti vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini əsas gətirərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda cavabdeh "xxxx" ASC-nin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə müraciət edərək, məhkəmənin baxış iclasının iştirakları olmadan keçirilməklə, yekun məhkəmə aktının qəbul edilməsinə etiraz etmədiklərini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında məlumatdan məlum olur ki, Yaqub Hüseynovun 427.16 manat məbləğində borcu vardır. İş materiallarında olan "xxxx" ASC tərəfindən X2 ünvanlanmış məktubdan görünür ki, V.Hüseynovanın müraciətinə "xxxx" ASC tərəfindən baxılmış və ona bildirilmişdir ki, **********B0019 nömrəli kod üzrə yaşayış sahəsinin elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunarkən məlum olmuşdur ki, mənzildə istehlak edilmiş, lakin ödənişi təmin edilməmiş elektrik enerjisinə görə 2006-cı il tarixə kimi 427.16 manat məbləğində borc yaranmışdır. Bu borclar ödənişləri tələb olunmayan borclar qrafasına daxil edilmişdir. Qeyd olunan borcların ödənişi yalnız Abunə vərəqində ad dəyişdirilərkən, yaxud borcun olmaması barədə arayış alınarkən tələb olunur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 19 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.33-cü bəndinə əsasən, məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi, onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Həmin “Qaydalar”ın 8.31-ci bəndinə əsasən məişət abonenti müəyyən olunmuş gündən sonra 10 gün müddətində ödəniş sənədi üzrə sərf etdiyi elektrik enerjisinin haqqını ödəmədikdə, sonrakı hər bir gün üçün ödəniş aparılan günədək, ödəniş sənədindəki məbləğin 0,01 faizi miqdarında dəbbə (penya) verməlidir. Məişət abonenti bundan sonrakı 20 gün müddətində ödəniş sənədi üzrə elektrik enerjisinin haqqını ödəmədikdə dəbbə (penya) tutulması hüququndan asılı olmayaraq, enerji təchizatı müəssisəsi 3 gün əvvəl xəbərdar etməklə onu enerjiyə görə borc ödənilənədək elektrik şəbəkəsindən aça bilər. Elektrik şəbəkəsindən açıldığı müddətdə məişət abonentindən dəbbə (penya) tutulmur. “X1 Qaydaları”nın 7.11-ci bəndinə görə yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş abunə haqqında məlumatda iddiaçının faktiki sahibliyində və istifadəsində olan mənzilə hesablanmış 427.16 manat borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 19 saylı mənzildə elektrik enerjisi ilə bağlı yaranmış borc məbləği əvvəlki mülkiyyətçinin və ya mənzildən istifadə edən şəxsin borcu olmaqla yanaşı, cavabdeh təşkilat tərəfindən tələb edilməyən borclar sırasına daxil edilmişdir. Hazırda iddiaçı tələb edilməyən borca görə mülkiyyət hüquqlarını həyata keçirə bilmir, mülkiyyətində olan mənzilə dair elektrik enerjisi ilə bağlı müqavilənin və sayğacın onun adına rəsmiləşdirilməsində çətinliklərlə üzləşir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, ünvan 1, 19 saylı mənzilə (abonent kodu: **********B0019) dair hesablanmış 427.16 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı mülkiyyətində olan ünvan 1, 19 saylı mənzilə (abonent kodu: **********B0019) dair hesablanmış 427.16 manat borc məbləğini silmək vəzifəsi cavabdeh "xxxx" ASC-yə həvalə edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar